Məhkəmə qərarları › İş №2(106)-1304/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1304/2024

14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1304/2024 14.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-208/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3320 manat və dövlət rüsumu olaraq ödədiyi 53,20 manat olmaqla, cəmi 3373,20 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Kürdəmir rayonunun Qaraqocalı kəndində yaşayır. 30 oktyabr 2023-cü ildə saat 17:00 radələrində mülkiyyətində olan “Kia Cerato” markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomobili Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu istiqamətində idarə edərkən 3 baş inək yolun sağından yolun hərəkət hissəsinə çıxmış, onlardan biri asfalt qatında iddiaçının avtomobilinə dəymiş və avtomobil yararsız hala düşmüşdür. İddiaçının avtomobilinə 3320 manat maddi ziyan dəymişdir. O, cavabdehlə işin məhkəmədənkənar qaydada həll olunmasını istəsə də, cavabdeh onunla razılaşmamışdır. Kürdəmir Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(041)-208/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi təmin edilmiş, Cavabdeh 2320 manatın və 53,20 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinin tutularaq dövlət bücəsinə Büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP(XİİS) HESABİ, X1, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** nömrəli hesaba keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(041)-208/2024 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 30 oktyabr 2023-cü il tarixdə idarə etdiyi avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunda yüksək sürətlə hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq cavabdehə məxsus bir baş boğaz inəyi vurub öldürmüş və cavabdehə maddi ziyan vurmuşdur. İddiaçı ona vurduğu zərəri ödəmək əvəzinə cavabdehdən əsassız olaraq pul tələb edir. Cavabdehin şəxsi təsərrüfatında dörd baş iri buynuzlu mal-qarası var idi. Həmin mal-qaranı hər səhər tövlədən çıxararaq, təxminən 1 kilometr yaxınlıqdakı örüş sahəsinə aparıb kəndin çobanına təhvil verirdi və hər axşam saat təxminən 17:00 radələrində çoban mal-qaranı gətirib kəndin girişindəki meydançadan öz başına buraxdığı üçün heyvanlar təxminən 700-800 metr məsafəni özləri özbaşına həyətə kimi gəlirdilər. 30 oktyabr 2023-cü il tarixdə həmişəki kimi səhər saatlarında mal-qaranı çobana təhvil vermişdir. Axşam saat 17:00 radələrində həyətində olarkən küçədə avtomobil toqquşması səsi eşidərək dərhal küçəyə çıxdıqda “Kia Cerato” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapının yanında, yəni Ağsu- Kürdəmir-İmişli yolunun asfalt qatında ona məxsus bir baş inəyi vurduğunu görmüşdür. Hadisə yerində cavabdehə məxsus bir baş boğaz inək tələf olmuş və ona maddi ziyan vurulmuşdur. O, qanunazidd heç bir hərəkət etməmişdir. Sürət həddini aşaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozan iddiaçının barəsində heç bir tədbir görülməmiş, qeyriqanuni olaraq cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. İddiaçı sürət həddini aşmaqla hər hansı bir şəxsin də ölməsinə səbəb ola bilərdi. İddiaçı cavabdehə 2 inəyi keçirdiyini, 3-cü inəyə çatdıqda vurub keçdiyini bildirmişdir. Buradan aydın olur ki, iddiaçı sürət həddini aşdığına görə ümumiyyətlə avtomobili idarəetməni itirmişdir. Hadisə ilə bağlı X2 İdarəsinə məxsus avtomobilin kamerası vasitəsi ilə çəkilmiş videogörüntü polis əməkdaşları tərəfindən saxlanılır, görüntülər məhkəməyə təqdim olunarsa, hər şey aşkara çıxmış olar. İddiaçı öz qanunsuz əməlini ört-basdır etmək üçün cavabdehdən öncə məhkəməyə müraciət etmişdir. Halbuki, cavabdehin boğaz inəyini vurub öldürən iddiaçıdır. Həmin ərazidə yerləşdirilmiş təhlükəsizlik nişanı da məhz iddiaçının özü tərəfindən götürülmüşdür. İddiaçının bu iddiası qanunsuz və əsassızdır, təmin olunmamalıdır. Odur ki, birinci instansiya məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(041)-208/2024 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan apellyasiya qaydasında ləğv edilməlidir. İşin hallarını araşdırmaq üçün hüquqi imkanlar olduğu halda, məhkəmə onları nəzərə almamış və nəticədə natamam qətnamə qəbul etmişdir. Odur ki, bu hal nəzərə alınmalı idi. Məhkəmə nəzərə almalı idi ki, işə düzgün hüquqi qiymət vermək son nəticədə pozulmuş hüquqların bərpa edilməsinə rəvac verə bilərdi. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir. Məsələ ondan ibarətdir ki, işin hallarının öyrənilməsi zəruri olan məsələdir. Məhkəmə isə bunun ziddinə, cavabdehin fikrini soruşsa da, həmin arqumentləri öyrənməyə zərurət hiss etməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, onun şəxsi təsərrüfatında 4 baş iribuynuzlu mal-qarası var idi və onları otarması üçün çobana təhvil verirdi. 30 oktyabr 2023-cü ildə təxminən axşam saat 17:00 radələrində çoban örüşdən qayıdanda onun heyvanlarını kəndin girişində özbaşına buraxmış, heyvanlar da əsasən ara yolla olmaqla, yalnız son 100 metrdə asfalt yolla həyətinə doğru gəlmişdir. Lakin iddiaçı avtomobilini yüksək sürətlə idarə etdiyinə görə onun 1 baş boğaz inəyini vurmuş, bununla da inəyi tələf olmuşdur. İddiaçı inəyini tələf etməklə, ona maddi ziyan vursa da, indi ona qarşı əsassız iddia qaldırmışdır. Hesab edir ki, hadisənin baş verməsinə səbəb iddiaçının avtomobilini yüksək sürətlə idarə etməsi olduğundan onun tələbi təmin edilə bilməzdi. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 30 oktyabr 2023-cü ildə təxminən axşam saat 17:00 radələrində avtomobili ilə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu istiqamətində hərəkət edərkən qarşısına 3-4 baş nəzarətsiz qalmış inək çıxmış, o, həmin inəklərin bir neçəsi ilə toqquşmadan yayına bilsə də, sonda biri ilə toqquşmuşdur. Bu toqquşma nəticəsində onun avtomobilinə maddi zərər dəymişdir. Sonradan öyrənmişdir ki, həmin nəzarətsiz heyvanların sahibi cavabdehdir. Ona görə də ona qarşı hazırkı iddianı qaldırmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin, qeyd etdi ki, toqquşma baş verən zaman sürət həddini aşmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(041)-208/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən də görünür ki, o, iddia tələbinin rədd edilməsinə yönəlmişdir. Beləliklə də, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İşdə surəti olan AC 447847 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato minik” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Hazırkı işin hallarından görünür ki, iddiaçı cavabdehdən onun avtomobilinə dəymiş ziyanın əvəzi olaraq 3320 manat məbləğində pulun tutulmasını tələb edir, tələb isə onunla əsaslandırılır ki, avtomobilə cavabdehin nəzarətsiz buraxdığı inəyin onun avtomobili ilə toqquşması nəticəsində zərər vurulmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi bildirir ki, avtomobilə zərər vurulmasının səbəbi iddiaçının avtomobili yüksək sürətlə idarə etməsi olmuşdur. İşdə surəti olan Kürdəmir Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(041)- 990/2023 saylı qərarının məzmunundan görünür ki, Kürdəmir RPŞ-dən daxil olmuş 31 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh 30 oktyabr 2023cü il tarixdə bir baş inəyi Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu, Mürtülü kəndi ərazisindən keçən avtomobil yolunun asfalt qatına buraxmış, nəticədə İddiaçı idarə etdiyi “Kia Cerato” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanı vurmuş, nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə surəti olan Kürdəmir Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(041)- 990/2023 saylı qərarından görünür ki, həmin qərarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsinə əsasən, at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 1) mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 2) mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 3) işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 4) at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 5) mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə qırx manat məbləğində cərimə edilir. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(041)- 990/2023 saylı qərarı ilə cavabdehin İXM-in 338.7-ci maddəsini pozması halı öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh mal-qaranı yolda nəzarətsiz qoymaqla və mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməklə zərərçəkmiş şəxs olan iddiaçıya maddi zərərin vurulmasına səbəb olmuşdur. Həmin inzibati xəta haqqında iş üzrə aparılan araşdırma zamanı iddiaçının sürət həddini aşması halı isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası sözügedən halları hazırkı iş üzrə sübuta yetirilmiş hesab edir və bunu onunla izah edir ki, cavabdehin inzibati xəta törətməsini təsdiq edən Kürdəmir Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 3(041)-990/2023 saylı qərarı mübahisələndirilməmiş və qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas təşkil edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüuqunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Qeyd edilən müddəaları hazırkı iş üzrə tətbiq edən məhkəmə kollegiyası bildirir ki, cavabdehin mal-qarasını yolda nəzarətsiz qoyması qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq olunduğundan, həmin heyvanın vurduğu zərərin əvəzi onun sahibi olan cavabdeh tərəfindən ödənilməlidir. Avtomobilə vurulmuş zərərin məbləğinin təsdiq edilməsi üçün iddiaçı Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsinin 04 nömrəli, 30 oktyabr 2023-cü il tarixli ziyan aktını təqdim etmişdir. Həmin ziyan aktına əsasən dəyişdirilməli olan hissələrin dəyəri və təmir-bərpa xərcləri də daxil olmaqla, “Kia Cerato” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi ziyan məbləği 3320 manat müəyyən edilmişdir. Lakin cavabdeh həmin zərər məbləği ilə razılaşmamış, vəsatət verərək, zərərin müəyyən edilməsi üçün ekspertiza keçirilməsini xahiş etmişdir. Bundan sonra iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdəki 15 aprel 2024-cü il tarixli, 9/2059 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Kürdəmir şəhər avtomobillərə texniki xidmət məntəqəsi” tərəfindən tərtib edilmiş 30 oktyabr 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Kia Cerato” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3340 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzi olaraq 3320 manat tələb etmiş, ekspert rəyi ilə isə təmir-bərpa xərci iddia tələbindən də artıq olmaqla, təxminən 3340 manat olaraq müəyyən edilmiş, birinci instansiya məhkəməsi isə öz qətnaməsində iddia tələbinin təmin edildiyini qeyd etməsinə baxmayaraq, cavabdehdən tutulub iddiaçıya verilməli olan pul məbləğini 2320 manat olaraq göstərmişdir. Ehtimal olunur ki, məhkəmə cavabdehdən tutulmalı olan pulun məbləğinə dair hissədə texniki yanlışlığa yol vermişdir. Lakin nə qədər ki hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır, apellyasiya şikayətinin əsas arqumenti cavabdehdən ümumiyyətlə pulun tutulmaması ilə bağlıdır və cavabdehin apellyasiya şikayətinin həmin dəlili isə əsassızdır, bu halda tutulmalı olan məbləğdə birinci instansiya məhkəməsi tərəfindən yanlışlığa yol verilib-verilməməsi hazırda cavabdehin apellyasiya şikayətinin apellyasiya baxışı çərçivəsində əhəmiyyət daşımır. Məhkəmə kollegiyası cavabdehin qəza nəticəsində inəyinin ölməsi ilə ona da ziyan dəyməsi barədə bildirdiklərinə dair onu da qeyd etməyi zəruri sayır ki, 30 oktyabr 2023-cü ildə baş vermiş qəza nəticəsində cavabdehin bir baş inəyinin də ölməsi onun mülki hüquqi məsuliyyətini aradan qaldıran hal kimi çıxış etmir. Cavabdehin sadəcə müvafiq sübutları təsdiq etməklə heyvanının ölməsi nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı ayrıca qaydada iddia qaldırmaq imkanı mövcuddur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş 53,20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi və 50 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutulması hissəsində də düzgün nəticəyə gəlmişdir. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(041)-208/2024 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar