Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1307/2024 16.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-595/2023 saylı, 14 iyun 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(041)-595/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia tələbi təmin edilərək, Cavabdeh 7000 manat pulun və ödənilmiş 90 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh ilk dəfə 22 avqust 2023-cü ildə apellyasiya şikayəti vermişdir. Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(041)-595/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdehin növbəti apellyasiya şikayəti 27 sentyabr 2023-cü ildə məhkəməyə daxil olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 2(041)-595/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra 27 sentyabr 2023-cü ildə tarixində cavabdeh ilk dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 20 noyabr 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(106)-1878/2023 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-595/2023 saylı, 14 iyun 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh 11 iyun 2024-cü ildə yenidən apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayəti Kürdəmir Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh 25 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə növbəti dəfə apellyasiya şikayəti vermişdir. Mülki iş materialları 09 iyul 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırda iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən mübahisələndirilən qətnamədən ilk apellyasiya şikayəti 22 avqust 2023-cü ildə verilmiş, lakin həmin apellyasiya şikayəti geri qaytarılmış, bir neçə dəfə yenidən apellyasiya şikayəti verilmiş, hətta Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(106)-1878/2023 saylı qərardadı ilə də onun apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh sonuncu dəfə 25 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir və hazırda həmin apellyasiya şikayətinin mümkünlüyü yoxlanılır. Lakin müəyyən edilir ki, qətnamənin rəsmi qaydada verilməsi tarixindən təxminən 1 ilə yaxın müddət keçmiş, bununla da apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Müddətin ötürülməsinə baxmayaraq, cavabdeh tərəfindən apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə olunmamışdır. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-595/2023 saylı, 14 iyun 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1307/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1307/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver