Məhkəmə qərarları › İş №2(106)-1309/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1309/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1309/2023 14.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Zaur Mirzağa oğlu Allahyarov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, kreditor "AG Bank” Açıq Səhdar Cəmiyyətinin (ASC-nin) borclu X3 qarşı borc tələbinə dair iş üzrə Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadından borclu X4 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq müəyyənetdi: Kreditor “AG Bank" ASC ərizə ilə məhkəməyə müraciət edərək borclu Adıgözəlov İlyas Mehdiqulu oğlundan 2483,57 manat borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmiş, Yardımlı Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli, 2(038)-297/2015 nömrəli məhkəmə əmrində borclu X1, cəmi 2483,57 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi nəzərdə tutulmuşdur. Əmrdən qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilməmiş, əmr icra olunması üçün Yardımlı rayon İcra və probasiya şöbəsinə göndərilmiş və Yardımlı rayon İcra və probasiya şöbəsinin rəisi Vasif Novruzov 26 iyul 2021-ci il tarixdə icra sənədinin ərazi aidiyyəti üzrə Bakı şəhərinin Xəzər Rayon İcra şöbəsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Əmrə qarşı borclu X4 18 aprel 2023-cü il tarixdə yazılı etiraz vermiş, etirazında məhkəmə əmrinin surətinin ona təqdim edilmədiyini göstərmişdir. Yardımlı Rayon Məhkəməsinin (H.Bəhmənov) 18 aprel 2023-cü il tarixli qərardadı ilə Yardımlı Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsinə dair borclu X2 etirazı təmin edilməmiş və geri qaytarılmışdır. Borclu İ.Adıgözəlov Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadından şikayət vərərək, qərardadın ləğv edilməsini, məhkəmə əmrinin ləğv edilib, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə əmri çıxarılarkən borclu X4 məhkəməyə çağırılmamış və məhkəmə prosesində iştirak etməmişdir. Həmçinin onun məhkəmə əmri üzrə olan borcunun bir hissəsi silinmiş, borcun bir hissəsini isə ödəmişdir. Hesab edir ki, iş düzgün araşdırılmamış və işə onun iştirakı ilə baxılmalıdır. Ona görə də iş üzrə məhkəmənin 18 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılmasını xahiş edir. Şikayətə baxılmış, Yardımlı Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 07 avqust 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlilləri üzrə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi, 06 avqust 2015-ci il tarixli məhkəmə əmrinə verilmiş etirazı geri qaytarmaqda haqlı olmuşdur. İş materiallarından görünür ki, borclu, əmrə qarşı etiraz vermə müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Müəyyən edilir ki, əmrin surəti borcluya 06 avqust 2015-ci il tarixdə göndərilmiş, məktub borclu İ.Adıgözəlovun ailə üzvü olan anasına xx.xx.2015-ci il tarixdə xəbərnaməyə imza etdirilməklə təqdim edilmişdir. Borclu İ.Adıözəlov isə Yardımlı Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli əmrinə qarşı etiraz ərizəsini 18 aprel 2023-cü il tarixdə, əmrin göndərildiyi vaxtdan 8 ildən çox müddət keçdikdən sonra təqdim etmiş, bununla da etirazı qanunla müəyyən edilmiş müddəti ötürməklə vermişdir. Borclu müddətin ötürülməsini əmrin surətinin ona çatdırılmaması ilə əlaqələndirsə də müəyyən edilir ki, borclunun əmrdən məlumatı əvvəldən olmuşdur. Belə ki, o, Yardımlı rayon İcra qrupuna yazdığı məktubda icra sənədinin aidiyyəti üzrə Bakı şəhərinin Xəzər Rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, borclu əmrdən etiraz etmək müddətini ötürmüş, müddətin ötürülməsini üzrlü saymaq üçün hər hansı əsas göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Ona görə də Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən, borclu İ.Adıgözəlovun şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.2-ci madəsinin tələbinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qanunda digər qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Borclu X2 şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(038)-297/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar