Məhkəmə qərarları › İş №2(106)-1312/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1312/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1312/2025 28.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Bəşirzadə Turac Fəyyaz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-810/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən evdən satılmış daşınar əmlakın dəyəri 5000 manat, evdən götürərək özü ilə aparmış ona məxsus əmlakın dəyəri 3185 manat, mülkiyyətində olan fərdi yaşayış evinin təmiri üçün dövlət tərəfindən 2024-cü il tarixdə yardım məqsədi ilə ayrılmış 6000 manat olmaqla, cəmi 14185 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi və enerjinin isdifadəsinə görə yaranmış ümumillikdə 2800 manat borcun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və xx.xx.2014-cü il tarixində rəsmi nikahları pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə Hacıqabul rayonu, Nəvahi kəndində 0.015 ha. torpaq sahəsi üzərində 1957-ci ildə tikilmiş bir mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 140.6 kv.metr olan fərdi yaşayış evini alğı-satqı yolu ilə almışdır. Rəsmi nikahları pozulmamışdan qabaq 2013-cü il tarixində cavabdeh birgə nikah dövründə əldə olunmuş Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən 0.015 ha. torpaq sahəsi üzərində tikilmiş bir mərtəbəli, 3 otaq ümümi sahəsi 140.6 kv. metr olan fərdi yaşayış evini xx.xx.2013-cü il tarixli, 179 qeydiyyat nömrəli Bağışlama müqaviləsi ilə qeyd-şərtsiz iddiaçıya bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən ev onun adına mülkiyyət hüququ əsası ilə qeydiyyata alınmışdır. Cavabdeh 2013-cü il tarixində ona məxsus qiyməti təxminən 15.000 manatdan artıq dəyərində olan qızıl-zinət əşyalarını ondan xəbərsiz satmışdır. Bu səbəbdən cavabdehlə aralarında yaranmış dava-dalaş nəticəsində zəhər içərək intihar etməyə cəhd etmişdir. Zəhər içdiyi üçün xəstəxanaya aparılmışdır. Bu hadisədən sonra Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Lakin o, cavabdehə qarşı şikayət etmədiyindən iş üzrə icraata xitam verilmişdir. Cavabdeh satmış olduğu iddiaçıya məxsus qızıl-zinət əşyalarının əvəzinə birgə nikah dövründə əldə olunmuş evi xx.xx.2013-cü il tarixli, 179 qeydiyyat nömrəli bağışlama müqaviləsi ilə qeyd-şərtsiz ona bağışlamışdır. Cavabdehin həmin dövrdə iddiaçı ilə olan münasibəti daha da pisləşdiyi üçün 2018-ci ildə evdən çıxaraq Ələt qəsəbəsində kirayədə yaşamaq məcburiyyətində olmuşdur. Bu vəziyyətdən istifadə edən cavabdeh 2018-2023-cü illər tarixində evdən 3185 manat mənimsəmişdir. Bununla bağlı Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində vermiş olduğu izahatında ona məxsus təxminən 5000 (beş min) manat dəyərində olan əmlakı satdığını etiraf etmişdir. Bundan basqa, cavabdeh Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan fərdi yaşayış evinin təmiri üçün dövlət tərəfindən 2024-cü il tarixində yardım məqsədi ilə verilmiş 6000 (altı min) manat məbləğində pulu ondan xəbərsiz olaraq əldə etmişdir. Bu barədə yaxın vaxtlarda məlumatlı olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya məxsus olan evdə yaşamadığı dövrdə həmin ünvanda yaşamış elektirik sayğacına müdaxilə etməsi səbəbindən cərimə olunmuş və enerjidən istifadəyə görə borcu yaranmışdır. Bu səbəbdən ona məxsus evdə enerjinin istifadəsinə görə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat borc əmələ gəlmişdir. Hal-hazırda səlahiyyətli şəxslərin bildirdiyinə görə həmin borcun ödənilməməsinə görə evin enerji təczihatına qadağa qoyulacaqdır. Hacıqabul rayon Enerji İdarəsinin xəbərdarlığına əsasən borc yaxın günlərdə ödənilmədiyi halda enerji təczihatı dayandırılacaq və 2800 (iki min səkkiz yüz) manat enerji borcu cavabdehin evdə yasadığı dövrdə yarandığından həmin borc onun tərəfindən ödənilməlidir. Qeyd edilir ki, cavabdeh iddiaçıya məxsus olan bir çox əşyaları da evdən götürərək aparmışdır. Belə ki: 1 ədəd hamam vannası-Rusiya istehsalı. 300 manat: 1 ədəd dəmir stol - Azərbaycan istehsalıqiyməti 100 manat: 2 ədəd stul -Türkiyə istehsalı, qiyməti 125 manat: 4 ədəd hamam kalonkası- Rusiya istehsalı. 500 manat: Su borusu-Rusiya istehsalı. 50 metr. Qiyməti 200 manat: Kabel- 50 metr. Rusiya istehsalı. Qiyməti 150 manat: Qaz torbası-Rusiya istehsalı. 300 metr. Qiyməti 500 manat: 1 ədəd lom - Rusiya istehsalı. qiyməti 20 manat: 2 ədəd bel -Türkiyə istehsalı. qiyməti 30 manat: Cəmi: 3185 manat. Qeyd edilənlər nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-810/2024 saylı qətnaməsi (hakim O.Bayramov) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 7 (yeddi) manat pulun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli dublikat qəbzdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh 6000 manat məbləğində pul köçürülmüşdür. Ödənişin növü kimi “pensiya və müavinət ödənişi” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan müəyyən edilmişdir ki, İddiaçı DİN-nin 102 xidməti məlumatı əsasında toplanmış materialda heç bir cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X2 Filalı tərəfindən məhkəməyə göndərilmiş məktubdan müəyyən edilmişdir ki, xx.xx.2024- cü il tarixdə Hacıqabul rayonu, Nəvahi qəsəbə sakini Cavabdeh adına FHN-i tərəfindən 6000 (altı min) manat pul vəsaiti Sabirabad RPF-nin hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hacıqabul Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət zamanı Cavabdeh keçmiş həyat yoldaşı İddiaçı ilə birlikdə Nəvahı qəsəbəsində yaşamışdırlar. Qeyd edilən həmin yaşayış evi 2014-cü il tarixində Cavabdeh məxsus olmuşdur. Cavabdeh məxsus fərdi yaşayış evinin 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində zərər çəkdiyi üçün kompensasiya ayrılması və 6000 manat pul vəsaitinin kim tərəfindən təhvil alınması barədə icra hakimiyyətində heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan "xxxx" ASC X3 Təchizatı və Satış İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi yaşayış ünvanı **********00314 saylı kodla X1 Cavabdeh adına qeydiyyatdadır. İddiaçı iddia qaldırdığı vaxt ərzində **********00314 saylı kod üzrə abonentin 2784 manat borcu vardır. Həmin 2784 manat debitor borcun 635,87 manat hissəsi akt üzrə, qalan 2149 manat hissəsi isə istifadə olunmuş elektrik enerjisinin dəyəridir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh tərəfindən iddiaçıya məxsus dəyəri 5000 manat olan əşyaların evdən götürülməsi, habelə dəyəri 3185 manat olan əşyaların satılması qeyd edilməsə də, həmin əşyaların cavabdeh tərəfindən götürülərək satılmasını və ümumiyyətlə həmin əşyaların mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində zərər çəkdiyi üçün kompensasiya şəklində ayrılmış 6000 manat pulu götərərək evin təmiri üçün deyil, şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğin götürülərək təyinatı üzrə xərclənməməsi cavabdeh tərəfindən etiraf edildiyi üçün qeyd edilən hal işin mübahisəsiz halıdır. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində iddiaçı ilə cavabdehin birgə mülkiyyəti hesab edirən yaşayış evinə zərər dəydiyi üçün və həmin məbləğin dövlət tərəfindən evin təmirinə ayrıldığı üçün həmin məbləğ ər və arvadın ümumi mülkiyyəti hesab edilməli və məbləğin yarı hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində məhkəmə qeyd etmişdir ki, hazırki vəziyyətdə elektrik enerjisindən istifadə nəticəsində yaranmış borc məbləği nə iddiaçı nədə cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə hesab etmişdir ki, elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğinin iddiaçı tərəfindən tələb edilməsi üçün onun subyektiv hüququ mövcud deyil. Həmin borc məbləğinin tələbi barədə iddia ərizəsi elektrik enerjisinin satışını həyata keçirən qurum tərəfindən qaldırıla bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.3, 119.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisə predmeti olan əmlakın iddiaçının mülkiyyətində olduğunu nəzərə almamışdır. Eyni zamanda, məhkəmə dövlət tərəfindən 2024-cü il tarixində verilmiş mübahisə predmeti olan 6000 (altı min) manat pul vəsaitini birgə nikah müddətində əldə olunmuş vəsaiti hesab edərək cavabdehlə bərabər şəkildə bölməkdə əsaslı olmamışdır. Çünki həmin vəsait birgə nikah müddətində əldə olunmuş qazanc, gəlir deyil, Nəvahi kəndində yerləşən mülkiyyət hüquqi ilə ona məxsus olan və təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşən fərdi yaşayış evinin təmiri üçün dövlət tərəfindən verilmiş maddi yardımdır. Bu səbəbdən vəsait evin təmiri üçün tam şəkildə ona verilməlidir. Birinci instansiya məhkəməsi cavabdehin 2018-2023-cü illər tarixində evdə olan ona məxsus daşınar əmlakı satmaqla əldə etmiş olduğu 5000 (beş min) manat dəyərində vəsaitin qaytarılmasına dair iddia tələbini təmin etməməklə əsaslı olmamışdır. Belə ki, o bununla bağlı Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində vermiş olduğu izahatında ona məxsus təxminən 5000 (beş min) manat dəyərində olan əmlakı satdığını etiraf etmişdir. Eyni zamanda, 2023-cü illər tarixində evdən daimi olaraq gedərkən ona məxsus təxminən 3185 manat dəyərində daşınar əşyaları da götürərək özü ilə aparmışdır. Eyni zamanda, işdən görünür ki, 2018-2023-cü illərdə, adı çəkilən evdə yaşamadığı tarixdə cavabdeh həmin ünvanda yaşamış və elektirik sayğacına müdaxilə etməsi səbəbindən cərimə olunmuş və enrjidən istifadəyə görə borcu yaranmışdır. Bu səbəbdən ona məxus evdə enerjinin istifadəsinə görə ümumilikdə 2800 ( iki min səkkiz yüz) manat borc əmələ gəlmişdir. Bu səbəbdən də cavabdeh həmin borcu ödəməlidir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-810/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunmamış hissisində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Belə ki, birinci instansiya məhkəməsində polis əməkdaşının şahid qismində dindirilməsi ilə bağlı vəsatət irəli sürülmüş, vəsatət təmin edilməsinə baxmayaraq həmin şəxs dindirilməmişdir. Həmçinin cavabdeh satmış olduğu iddiaçıya məxsus qızıl-zinət əşyalarının əvəzinə birgə nikah dövründə əldə olunmuş evi xx.xx.2013-cü il tarixli, 179 qeydiyyat nömrəli bağışlama müqaviləsi ilə qeyd-şərtsiz ona bağışlamışdır. FHN tərəfindən evin təmiri məqsədilə ayrılmış 6000 manat pul cavabdeh tərəfindən əldə edilmiş, daha sonra pulu ondan xəbərsiz xərcləmişdir. Halbuki o pul tam olaraq ona çatmalı idi. İndiki vəziyyətdə o yenə də evin təmir edilməsi məqsədilə FHN-ə müraciət edir. Amma onlar müraciətinə cavab olaraq bildirirlər ki, onlara verilmiş pul qaytarıldıqdan sonra evin təmir işləri ilə bağlı vəsait ayrıla bilər və ya ev yararsızdırsa yenidən ev tikilə bilər. Həmin evdə əşyaların mövcud olmasına dair hər hansı bir sübutu yoxdur. İmkanı olmadığına görə elektrik borclarını ödəyə bilməmişdir. Ona görə də iddia tələbinin tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. İddiaçı 2018-ci ilədək həmin evdə yaşamış, övladı vəfat etdikdən sonra orada yaşamaq istəməmiş, evdən çıxaraq kirayədə yaşamışdır. Bu vəziyyətdən istifadə edən cavabdeh 2018-2023-cü illər tarixində evdən 3185 manat mənimsəmişdir. Bununla bağlı iddiaçı Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bildirir ki, sözügedən əmlaklarla bağlı hər hansı mötəbər bir sübut yoxdur. Bundan basqa, cavabdeh Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan fərdi yaşayış evinin təmiri üçün dövlət tərəfindən 2024-cü il tarixində yardım məqsədi ilə verilmiş 6000 (altı min) manat məbləğində pulu iddiaçıdan xəbərsiz olaraq əldə etmişdir. Bu barədə iddiaçı sonradan məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsi həmin məbləği tərəflər arasında bölüşdürməklə səhvə yol vermişdir. Bununla da iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Çünki həmin vəsait birgə nikah dövründə qazanılmış gəlir və ya əmlak deyil. İddiaçının mülkiyyətində olan evin təmir edilməsi üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitdir. Bundan başqa, cavabdeh iddiaçıya məxsus olan evdə yaşamadığı dövrdə həmin ünvanda yaşamış elektirik sayğacına müdaxilə etməsi səbəbindən cərimə olunmuş və enerjidən istifadəyə görə ümumilikdə 2800 manat borcu yaranmışdır. İddiaçının borcun yarandığı dövrdə həmin evdə deyil, başqa ünvanda yaşamasına dair arayış iş materiallarına əlavə edilmişdir. Həmin borc sırf cavabdehin iddiaçıya məxsus evdə yaşadığı dövrdə yaranmışdır. Hal-hazırda həmin borcun ödənilməməsinə görə evin enerji təczihatına qadağa qoyulmuşdur. Aydındır ki, həmin borc ödənilmədiyindən iddiaçının həmin borc pulu tələb etməyə subyektiv hüququ yoxdur. Lakin nəzərə alınmalıdır ki, iddiaçının maddi vəziyyəti yaxşı deyil və o borcu ödəmək iqtidarında deyil. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini qəbul etmir. İddiaçının heç bir əşyasını oğurlayıb mənimsəməmişdir. İddiaçının evindəki köhnə əşyaları satsa da, daha sonra öz pulu ilə dəyişib yenisi ilə əvəz etmişdir. FHN-i tərəfindən 6000 manat məbləğində onlara yardım verilmişdir. Həmin pulu evin təmirinə deyil öz xərclərinə, borclarına sərf etmişdir. Ona görə də həmin pulun yarısının iddiaçıya verilməsinə razıdır və icra mərhələsində ödənişlər edir. Elektrik enerjisindən istifadəyə görə yaranmış borc münasibətdə qeyd etmək istəyir ki, həmin evdə ikisidə yaşamışdır. Belə ki, iddiaçı həmin evdən həmişəlik getməmişdir. Müəyyən vaxtlarda gedib-gəlmişdir. Yəni ikisi də o işıqdan istifadə etmişdirlər. Həmin borcun ödənilməsi də onunla "xxxx" ASC arasında olan bir münasibətdir. Həmin pulu iddiaçı ondan tələb edə bilməz. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir (təmsil olunmamışdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(071)-810/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunmamış hissisində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-810/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən evdən satılmış daşınar əmlakın dəyəri 5000 manat, evdən götürərək özü ilə aparmış ona məxsus əmlakın dəyəri 3185 manat, mülkiyyətində olan fərdi yaşayış evinin təmiri üçün dövlət tərəfindən 2024-cü il tarixdə yardım məqsədi ilə ayrılmış 6000 manat olmaqla, cəmi 14185 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi və enerjinin isdifadəsinə görə yaranmış ümumillikdə 2800 manat borcun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh tərəfindən iddiaçıya məxsus dəyəri 5000 manat olan əşyaların evdən götürülməsi, habelə dəyəri 3185 manat olan əşyaların satılması qeyd edilsədə, həmin əşyaların cavabdeh tərəfindən götürülərək satılmasını və ümumiyyətlə həmin əşyaların mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində zərər çəkdiyi üçün kompensasiya şəklində ayrılmış 6000 manat pulu götərərək evin təmiri üçün deyil, şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Həmin məbləğin götürülərək təyinatı üzrə xərclənməməsi cavabdeh tərəfindən etiraf edildiyi üçün qeyd edilən hal işin mübahisəsiz halıdır. Eyni zamanda, leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində iddiaçı ilə cavabdehin birgə mülkiyyəti hesab edirən yaşayış evinə zərər dəydiyi üçün və həmin məbləğin dövlət tərəfindən evin təmirinə ayrıldığı üçün həmin məbləğ ər və arvadın ümumi mülkiyyəti hesab edilməli və məbləğin yarı hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qeyd edilməlidir ki, hazırki vəziyyətdə elektrik enerjisindən istifadə nəticəsində yaranmış borc məbləği nə iddiaçı nədə cavabdeh tərəfindən ödənilməmişdir. Elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğinin iddiaçı tərəfindən tələb edilməsi üçün onun subyektiv hüququ mövcud deyil. Həmin borc məbləğinin tələbi barədə iddia ərizəsi elektrik enerjisinin satışını həyata keçirən qurum tərəfindən qaldırıla bilər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. İlk növbədə vurğulanmalıdır ki, iddia tələbi dörd hissədən ibarətdir: 1) cavabdeh tərəfindən evdən satılmış daşınar əmlakların dəyəri, 2)cavabdehin evdən götürərək özü ilə apardığı iddiaçıya məxsus əmlakların dəyəri, 3) iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin təmiri üçün dövlət tərəfindən yardım məqsədi ilə ayrılmış məbləğ, 4) enerjinin isdifadəsinə görə yaranmış borc məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi. Qeyd edilməlidir ki, iddia tələbinin-cavabdeh tərəfindən evdən satılmış daşınar əmlakların dəyəri və cavabdehin evdən götürərək özü ilə apardığı iddiaçıya məxsus əmlakların dəyərinin iddiaçıya verilməsi hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq “sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ona məxsus əmlaklarının cavabdeh tərəfindən satıldığını, bir hissəsinin də aparıldığını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsindən göründüyü kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh tərəfindən satıldığı və aparıldığı iddia edilən əşyalarının dəyərinin qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Məhkəmə tərkibi apellyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və qeyd edir ki, iddiaçı əşyaların satıldığını və ya aparıldığını iddia edirdisə, a) həmin əşyaların mövcudluğunu (yəni real olaraq evdə olduğunu), b) həmin əşyaların özünə məxsusluğunu, c) və cavabdehin onları apardığını və ya satdığını sübut etməli idi. Lakin iddiaçı həmin əşyaların cavabdeh tərəfindən götürülərək satılmasını və ümumiyyətlə həmin əşyaların mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübutu (məsələn:qəbzlər, şahid ifadələri, foto/video materiallar, inventar siyahısı, qonşuların ifadələri və s.) məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin 2018- 2023-cü illər tarixində evdə olan ona məxsus daşınar əmlakı satmaqla əldə etmiş olduğu 5000 (beş min) manat dəyərində vəsaitin qaytarılmasına dair iddia tələbini təmin etməməklə əsaslı olmamışdır. Belə ki, o bununla bağlı Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsində vermiş olduğu izahatında ona məxsus təxminən 5000 (beş min) manat dəyərində olan əmlakı satdığını etiraf etmişdir. Lakin iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı heç bir əşyasına əl vurmadığını və satmadığı bildirmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, etiraf faktı təsdiqlənmədiyindən apellyasiya şikayətinin bu dəlili də əsassızdır. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Göründüyü kimi hazırkı mübahisədə iddianı bu hissədə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmiş, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını təsdiqləyən faktları nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə tərkibinə təqdim etməmişdir. Ona görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Daha sonra iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi dövlət tərəfindən 2024-cü il tarixində verilmiş mübahisə predmeti olan 6000 (altı min) manat pul vəsaitini birgə nikah müddətində əldə olunmuş vəsait hesab edərək cavabdehlə bərabər şəkildə bölməkdə əsaslı olmamışdır. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 179 qeydiyyat nömrəli Bağışlama müqaviləsindən görünür ki, 2013-cü il tarixində Cavabdeh birgə nikah dövründə əldə olunmuş Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən 0.015 ha. torpaq sahəsi üzərində tikilmiş bir mərtəbəli, 3 otaq ümümi sahəsi 140.6 kv. metr olan fərdi yaşayış evini qeyd-şərtsiz İddiaçı bağışlamışdır. İş materiallarında olan “Azərbaycan Respublikası Nikahın Pozulması haqqında Şəhadətnamə”dən görünür ki, tərəflər arasındakı nikah qeydi 11 avqust 2014-cü ildə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət zamanı Cavabdeh keçmiş həyat yoldaşı Cavabdeh ilə birlikdə Nəvahı qəsəbəsində yaşamışdırlar. Qeyd edilən həmin yaşayış evi 2014-cü il tarixində Cavabdeh məxsus olmuşdur. Cavabdeh məxsus fərdi yaşayış evinin 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində zərər çəkdiyi üçün kompensasiya ayrılması və 6000 manat pul vəsaitinin kim tərəfindən təhvil alınması barədə icra hakimiyyətində heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC X2 Filalı tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş məktubdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu, Nəvahi qəsəbə sakini Cavabdeh adına FHN-i tərəfindən 6000 (altı min) manat pul vəsaiti Sabirabad RPF-nin hesabına köçürülmüşdür. Göründüyü kimi təbii fəlakət 2009-cu ildə baş vermişdir. O dövrdə tərəflər nikahda olmuş və birlikdə həmin evdə yaşamışdırlar. Həmçinin də bağışlama müqaviləsinə əsasən 2013-cü ildən sonra ev iddiaçının adına mülkiyyət hüququ əsası ilə qeydiyyata alınmışdır. Dövlətin 2024-cü ildə vermiş olduğu 6000 manat kompensasiyanın hüquqi əsası da məhz 2009-cu ildəki fəlakət nəticəsində dəymiş zərərdir. Yəni pulun köçürülmə tarixi 2024 olsa da, onun mənşəyi və səbəbi nikah dövründə yaranmış zərərdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Qanunvericiliyin tələblərindən də aydın olur ki, dövlət tərəfindən verilmiş bu vəsait xüsusi təyinatı olan şəxsi mülkə yönəlmiş fərdi kompensasiya deyil, ailə mülkiyyətinə görə verilmiş maddi yardım xarakteri daşıyır. Təbii fəlakət nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün dövlət yardımı da əslində həmin dövrdə mövcud olan ailə əmlakına görə ödənildiyindən, ümumi əmlak xarakteri daşıyır. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, cavabdeh tərəf həm birinci instansiya məhkəməsində, həm apellyasiya icraatı mərhələsində 2009-cu il tarixdə leysan yağışları nəticəsində baş vermiş təbii fəlakət nəticəsində zərər çəkdiyi üçün kompensasiya şəklində ayrılmış 6000 manat pulu götərərək evin təmiri üçün deyil, şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Yəni həmin məbləğin götürülərək təyinatı üzrə xərclənməməsi cavabdeh tərəfindən etiraf edildiyi üçün qeyd edilən hal işin mübahisəsiz halıdır. Ona görə də birinci instansiya məhkəməsi həmin məbləği ər və arvadın ümumi mülkiyyəti hesab edərək məbləğin yarı hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qərarında haqlı olmuşdur. Bundan başqa iddiaçı 2018-2023-cü illərdə adı çəkilən evdə yaşamadığı tarixdə cavabdeh həmin ünvanda yaşadığını və enerjidən istifadəyə görə borcu yarandığı qeyd edərək ona məxus evdə enerjinin istifadəsinə görə ümumilikdə 2800 manat borcun cavabdeh tərəfindən ödənməli olduğunu bildirmişdir. Bu hissədə məhkəmə tərkibi qeyd edir ki, hazırki vəziyyətdə elektrik enerjisindən istifadə nəticəsində yaranmış borc məbləği nə iddiaçı nə də cavabdeh tərəfindən ödənilməmişdir. Məlumdur ki, elektrik enerjisinin satışını həyata keçirən qurum ("xxxx" ASC) müştəri ilə müqavilə bağlayır. Əgər ödəniş olunmazsa, tələb irəli sürmək hüququ yalnız həmin quruma məxsusdur. Elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğinin iddiaçı tərəfindən tələb edilməsi üçün onun subyektiv hüququ mövcud olmamışdır. Çünki bu halda onun zərəri və ya ödədiyi məbləğ yoxdur. Əgər iddiaçı həmin dövrdə faktiki olaraq elektrik borcunu özü ödəsəydi, o zaman reqres qaydasında cavabdehdən həmin məbləği tələb edə bilərdi. Çünki ödənilmiş borc iddiaçının zərərinə çevrilmiş olardı və o bu zərəri cavabdehdən geri ala bilərdi. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-810/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-810/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar