Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1319/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin e-2(050)-955/2023 saylı, 20 iyun 2025-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11329.96 manat məbləğində sığorta ödənişinin, 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat məbləğində bank xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, e-2(050)-955/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 11329.96 manat sığorta ödənişi, 124 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh 18 iyun 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(050)-955/2023 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(050)-955/2023 saylı qərardadı ilə prosessual müddət ötürüldüyündən ərizə baxılmayaraq Cavabdeh geri qaytarılmışdır. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(050)-955/2023 saylı qərardadını ləğv etməklə qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, e-2(050)-955/2023 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün e-2(050)-955/2023 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(050)-955/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş qətnamənin tərəfə təqdim edilməsini təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(050)- 955/2023 saylı qiyabi qətnaməsini 02 iyun 2023-cü il tarixdə cavabdehin nümayəndəsi kimi qeyd edilmiş Hüseynova soyadlı şəxs imza etməklə almışdır. Eyni zamanda, iş materiallarına əlavə edilmiş vətəndaş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 09 oktyabr 2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, sözügedən qətnamə ilə bağlı verilmiş icra sənədi əsasında başlanmış icra icraatı zamanı vətəndaş İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərarla tanış olaraq, barəsində qətnamə çıxarılmasından həmin vaxt məlumat aldığını göstərmişdir. Göründüyü kimi, həm qəbul edilmiş qətnamə onun ünvanına rəsmi qaydada göndərilmiş və onun ailə üzvü tərəfindən poçt xəbərnaməsi imzalanaraq əldə edilmiş, həm də həmin qətnamədən xx.xx.2024-cü il tarixdə məlumatlı olduğunu özü şəxsən məhkəməyə ünvanladığı ərizəsində qeyd etmişdir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə işin hallarına və tətbiq olunan qanunvericiliyə tam uyğun olmuşdur. Kollegiya şikayətin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir: Masallı Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2(050)-955/2023 saylı qiyabi qətnaməsi 02 iyun 2023-cü il tarixində cavabdehin yaşayış ünvanına təqdim edilmiş və Hüseynova soyadlı bir şəxs tərəfindən imza edilməklə qəbul olunmuşdur. Həmin poçt bildirişi iş materiallarına əlavə olunmuşdur və bu sənəd rəsmi təqdimatı təsdiqləyən qanuni sübutdur. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, sənədlər tərəfin özü və ya yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən qəbul edilə bilər. Həmçinin məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, poçt xəbərnaməsinin Hüseynova soyadlı şəxs tərəfindən imzalanması, cavabdehon soyadının da Hüseynov olması nöqteyi-nəzərindən həmin sənədin cavabdehin ailə üzvü tərəfindən qəbul edildiyi qənaətinə gəlmək üçün əsaslı hüquqi ehtimal yaradır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində məhkəməyə ünvanlanmış ərizədə açıq şəkildə qeyd olunur ki, Masallı rayon İcra və Probasiya Şöbəsinə dəvət olunduqdan sonra barəsində qətnamə çıxarıldığını həmin gün öyrənmişdir. Bu, onun 2024-cü ilin oktyabr ayında qətnamədən məlumatlı olduğunu sübut edir. Əgər o, bu tarixdən etibarən qiyabi qətnamənin ləğvini tələb edirdisə, MPM-in 244-cü maddəsinə əsasən Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Halbuki cavabdeh bu prosessual müddətə riayət etməmiş və bununla yanaşı heç bir vəsatətlə həmin müddətin bərpasını da istəməmişdir. Cavabdeh öz şikayətində bildirir ki, savadsız olduğu üçün prosesin nəticələndiyini düşünmüşdür. Lakin kollegiya qeyd edir ki, hüquqi savadsızlıq prosessual müddətin ötürülməsi üçün əsas sayılmır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə “qanunu bilməmək məsuliyyətdən azad etmir” (İgnorantia legis non excusat) prinsipi mövcuddur. Yəni hər bir şəxs -istər hüquqi biliyi olsun, istər olmasın qanunla müəyyən olunmuş müddətlərə və qaydalara riayət etməlidir. Prosessual müddətin ötürülməsi yalnız fövqəladə və aradan qaldırılması mümkün olmayan hallar (məsələn, ağır xəstəlik, təbii fəlakət və s.) ilə əsaslandırıla bilər. Buna görə də, cavabdehin irəli sürdüyü arqumentlər Masallı Rayon Məhkəməsinin e-2(050)- 955/2023 saylı, 20 iyun 2025-ci il tarixli qərardadının ləğvi üçün hüquqi əsas yaratmır. Çünki Cavabdeh istinad etmiş olduğu halların heç biri şikayətin qanunla müəyyən edilmiş müddət çərçivəsində verilməsi üçün mütləq maneə xarakteri daşımır və tərəfin hüququnu həyata keçirməsinə obyektiv səbəbdən mane olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Prosessual müddətlər hüquq sisteminin əsas dayaqlarından biridir və ədalətin təmin olunmasında, hüquqi müəyyənlik və sabitlik prinsiplərinin qorunmasında və məhkəmə proseslərinin effektivliyinin artırılmasında mühüm rol oynayır. Onlar hüquqi münasibətlərin sabitliyini təmin edir, hüquqi süründürməçiliyin qarşısını alır, hüquq subyektlərinin gözləntilərini qoruyur və məhkəmə qərarlarının icrasının keyfiyyətini artırır. Bu səbəbdən, prosessual müddətlərin düzgün tətbiqi və onlara riayət olunması hər bir hüquq sistemində əsas prioritetlərdən biri olmalıdır. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Hüquqi müəyyənlik hüququn əsas prinsiplərindən biridir və prosessual müddətlərin tətbiqi ilə bilavasitə bağlıdır. Əgər hüquqi proseslər qeyri-müəyyən müddət ərzində davam edərsə, bu, hüquqi xaosa və qeyri-sabitliyə səbəb ola bilər. Müddətlərin müəyyən edilməsi, hüquq subyektlərinə nə vaxt və necə hərəkət edəcəklərini əvvəlcədən bilməyə imkan verir. Bu, həm fiziki, həm də hüquqi şəxslərin qanuni gözləntilərini qoruyur və onların hüquqlarının müdafiəsini təmin edir. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X1rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir. (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. (bax Raihani Belçikaya qarşı qərarına, §38) Göründüyü kimi, bu qərarında Məhkəmə prosessual müddəti ötürmüş şəxsin qərardan şikayət vermək üçün xüsusi diqqətlə, yəni qərarın mövcudluğundan xəbərdar olduğu andan dərhal hərəkət etməli olduğunu qeyd etmişdir. Odur ki, cavabdeh X2 şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(050)-955/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, e-2(050)-955/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1319/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1319/2025
18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver