Məhkəmə qərarları › İş №2(106)-1320/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1320/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1320/2025 24.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(032)-511/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: Şirvan Şəhər Məhkəməsinin 2(032)-1332/2019 saylı, 15 oktaybr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı müəyyən olunmuş aliment miqdarının artırılması barədə iddia ərizəsi qismən təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 13 sentyabr 2010-cu il tarixli, 2(032)-504/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2006-cı ildə anadan olmuş X2 və xx.xx.2008-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 125 manat, cərmi 250 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi hissəsinin xx.xx.2024-cü il tarixli, 1296 nömrəli arayışından görünür ki, Cavabdeh aylıq pul təminatı qanunvericiliklə nəzərdə tutulan vergilər çıxıldıqdan sonra 1661.30 manat təşkil edir. Əlavə olaraq il ərzində digər gəlirləri aşağıdakı kimidir: Məzuniyyətə çıxarkən ödənilən məzuniyyət pulu 1144.60 manat, maddi yardım pulu 1258.09 manat, birdəfəlik pul mükafatı 2516.18 manat. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 052 nömrəli Hərbi hissəsinin xx.xx.2025-ci il tarixli, 260/559 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh hal-hazırda N nömrəli hərbi hissənin hərbi qulluqçusu olaraq xidmət edir və onun aylıq əmək haqqı 1717 (min yeddi yüz on yeddi) manat 35 (otuz beş) qəpik təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1332/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyidirilərək artırılması, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutulmasını müəyyən edilməsi və mediasiya xərci olaraq ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını 2005-ci ildə rəsmi qeyd etdirmədən ailə qurmuş, birgə yaşadıqları müddətdə xx.xx.2006-cı il tarixdə X6 və xx.xx.2008-ci il tarixdə X7 adlı iki övladları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən tərəflər arasında olan nikah münasibətləri pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində uşağa görə 50 manat aliment qət edilmişdir. Daha sonra bir neçə dəfə Şirvan şəhər Məhkəməsinə müraciət edilməklə aliment məbləği artırılmış, sonuncu dəfə xx.xx.2019-cu il tarixli, 2(032)-1332/2019 saylı qətnaməsi ilə hər uşaq üçün 125 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış və uşaqların saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri maddi yardım göstərməmişdir. Uşaqların bütün qayğıını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqlarının təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmışdır. Şirvan şəhər Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləğin uşağın tələbatı üçün bugünki həyat şəraiti, uşağın saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatların alınması və s. ilə uyğunlaşmır. Ona görə də uşağın saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şirvan Şəhər Məhkəməsinin (Hakim: Ceyhun Mustafayev) 29 aprel 2025-ci il tarixli 2(032)- 511/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-1332/2019 saylı, 15 oktaybr 2019-cu il tarixli, qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin dəyişdirilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş olan mediasiya xərci olaraq 60 (altmış) manat Cavabdeh tutularaq İddiaçı verilməsi, Cavabdeh 71.51 (yetmiş bir manat əlli bir qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci ,Ailə Məcəlləsinin 76.1, 78.2, 112.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13, 19, 2 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü, həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndinə, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə, 8.11-1-ci bəndinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, Cavabdeh halhazırda N nömrəli hərbi hissənin hərbi qulluqçusu olaraq xidmət edir və onun aylıq əmək haqqı 1717 (min yeddi yüz on yeddi) manat 35 (otuz beş) qəpik təşkil edir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan təyin edilmiş miqdarda aliment müəyyən edilməsi, uşaqların maddi tələbatlarını təmin etmədiyi açıq-aşkardır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən onun halhazırda ikinci dəfə ailə həyatı quraraq iki övladının olmasını nəzərə almamışdır. Bundan əlavə qeyd etmək istəyir ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş digər övladı hal-hazırda onun himayəsindədir. 2025-ci ildə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 247 manat müəyyən edilmişdir. Onun iddiaçıya 429 manat aliment ödəyəcəyi halda digər övladlarının hüquqları pozulacaqdır. Birinci instansiya məhkəməsi bu halları nəzərə almadan iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İzahatında uşağın xəstə olduğunu, cavabdehin işləməsini və gəliri olduğunu bildirmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdeh tərəfin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etməklə, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin məbləğinin artırılması, yəni təmin olunması hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası iş üzrə materialları və tərəflərin mövqelərini nəzərdən keçirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunauyğun və əsaslı olmuş, cavabdehin apellyasiya şikayətində göstərilən arqumentlər isə əsassızdır. Əvvəla, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi və Ailə Məcəlləsinin 76.1-ci, 78.2-ci və 112.1-ci maddələri açıq şəkildə valideynlərin övladlarını saxlamaq vəzifəsini nəzərdə tutur. Bu öhdəlik valideynin ailə vəziyyətindən, yeni nikah bağlamasından və ya digər övladlarının mövcudluğundan asılı deyildir. Valideyn uşaqlarının normal həyat və inkişaf şəraitini təmin etməyə borcludur və bu öhdəlikdən heç bir halda azad edilə bilməz. İkincisi, iş materiallarından görünür ki, Cavabdeh hərbi qulluqçu olaraq sabit və dövlət tərəfindən təmin olunan aylıq əmək haqqı alır. Onun rəsmi gəlirinin qanunvericiliklə nəzərdə tutulan vergilər çıxıldıqdan sonra 1661.30 manat olması nəzərə alındığı halda, bir uşağın saxlanması üçün qazancın dörddə bir hissəsi miqdarında aliment müəyyən olunması nə ifrat maliyyə yükü, nə də qeyri-mütənasib müdaxilə hesab edilə bilməz. Əksinə, bu, uşağın təhsil, sağlamlıq, qida, geyim və digər zəruri ehtiyaclarının ödənilməsi üçün minimal təminatın yaradılması deməkdir. Üçüncüsü, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin artırılması üçün əsaslar yarandıqda məhkəmə əvvəlki qərarı dəyişməlidir. İnflyasiya, qiymətlərin yüksəlməsi, uşağın yaşının artması ilə tədris və inkişaf xərclərinin çoxalması bu əsaslardan sayılır. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, uşaqlar böyüdükcə onların maddi tələbatı artır və əvvəlki məbləğ bu tələbatlara adekvat deyildir. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Kollegiya qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehdən sabit məbləğdə aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı rəsmi iş yerinin və müntəzəm aylıq gəlirlərinin olmasını bildirərək alimentin alimentin onun qazancının bir hissəsi kimi tutulmasını xahiş edir. Qüvvədə olan qanunvericiliyə əsasən uşağın saxlanılmasında iştirak etməyən valideynin daimi iş yeri və müntəzəm qazancı olduğu halda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment şəxsin qazancının müəyyən hissəsi miqdarında tutulur. Bu qaydadan istisnalar Ailə Məcəlləsində öz əksini tapmışdır. Belə ki, Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “ikinci dəfə ailə qurması və iki övladının olması” arqumentinə gəlincə, məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik valideynlərin bütün övladları qarşısında bərabər məsuliyyət daşımasını nəzərdə tutur. Bir övladın hüquqlarının digər övladların hüquqları hesabına məhdudlaşdırılması yolverilməzdir. Cavabdehin digər arqumenti — 2025-ci il üçün yaşayış minimumunun 247 manat olması da əsaslı deyil. Belə ki, yaşayış minimumu dövlətin sosial təminat siyasəti ilə bağlı göstəricidir və konkret valideynin qazancına uyğun öhdəliklərin hesablanması üçün əsas ola bilməz. Əgər aliment yaşayış minimumu ilə məhdudlaşdırılsa, bu, uşaqların faktiki tələbatlarının təmin olunmamasına gətirib çıxarar. Halbuki uşaqların maraqları valideynlərin maddi maraqlarından üstün tutulmalıdır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beynəlxalq hüququn prinsipləri də bu mövqeyi dəstəkləyir. Azərbaycan Respublikasının qoşulduğu BMT Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsinə görə, uşaqlara aid bütün tədbirlərdə onların ən yaxşı maraqları üstün tutulmalıdır. Konvensiyanın 27-ci maddəsinə əsasən isə valideynlər uşaqlarına dolğun inkişaf üçün lazımi həyat şəraitini təmin etməyə məsuldurlar. Şahin Almaniya qarşı işində (2003) AİHM vurğulamışdır ki, uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur (66-cı bənd). Neylunger və Şuruk İsveçrəyə qarşı (2010) işində də AİHM qeyd etmişdir ki, hazırda beynəlxalq hüquqda da daxil olmaqla geniş konsensus mövcuddur ki, uşaqlara dair bütün qərarlarda onların ən yaxşı maraqları üstün tutulmalıdır (135-ci bənd). Göründüyü kimi, həm daxili qanunvericilik, həm də beynəlxalq öhdəliklər əsasında uşağın normal dolanışıq səviyyəsindən aşağı olmamaqla təmin edilməsi vacibdir. Cavabdehin göstərdiyi arqumentlər isə nə hüquqi, nə də faktiki baxımdan alimentin azaldılmasına əsas vermir. Kollegiya yekun olaraq qeyd edir ki, cavabdehin istinad etdiyi hallar hazırki iş üzrə alimentin artırılmasına mane olan hal deyil. Birinci instansiya məhkəməsi alimentin miqdarını ağlabatan və ədalətli miqdarda müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. (1661.30/4*12=4983.9) Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(032)-511/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar