Məhkəmə qərarları › İş №2(106)-1321/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1321/2025

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1321/2025 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmiyyətin əmlakına (maddi qiymətlərə) vurulmuş ziyana görə ödənilməmiş 21342,91 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi ilə o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2019-cu il tarixli, 486-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla “X2 haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində İddiaçı MMC-nin OBA 4 MKR 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 27379,05 manat məbləğində müəyyən edilmişdir. Maliyyə araşdırmasından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 4114,44 manat hissəsi şirkət tərəfindən güzəşt edilmiş, 1921,70 manat hissəsi isə şirkətdən alacağı vasitə ilə qarşılanmışdır. Beləliklə cavabdehin hal-hazırda İddiaçı MMC-nə ümumilikdə 21342,91 manat borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsində icraat Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia təmin edilmiş, dəymiş zərərin əvəzi 21342,91 (iyirmi bir min üç yüz qırx iki manat doxsan bir qəpik) AZN və iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, ümumilikdə isə 21372,91 (iyirmi bir min üç yüz yetmiş iki manat doxan bir qəpik) AZN məbləğində pul vəsaitinin Cavabdeh tutulub <<X3» MMC-yə ödənilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 9/8775№-li məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat pul vəsaitinin Cavabdeh və iddiaçı «X3» MMC- dən bərabər qaydada tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. 03 mart 2025-ci il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadı ilə, Cavabdeh Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi haqqında vəsatətinin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. İşin apelyasiya baxışı zamanı Sabirabad Rayon Məhkəməsini tərəfindən göndərilmiş 29 aprel 2025-ci il tarixli məktuba əsasən Sabirabad rayon Məhkəməsinin 13 mart 2025-cü il tarixli, 2(056)-46/2022 saylı qərardadından iddiaçı Oba Market MMC tərəfindən şikayət verilmiş və şikayətə baxılması ilə əlaqədar mülki iş materiallarının Sabirabad Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 789/2025 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)789/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş materiallarının Sabirabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-46/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instasiyası məhkəməsinə göndərilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 1236/2025 saylı qərardadı ilə şikayəti təmin edilməmiş,Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-46/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək Cavabdeh administrator vəzifəsinə işə qəbul olunmuş və işəgötürənlə X2 haqqında Müqavilə bağlamış, xx.xx.2019-cu il tarixli, 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 27379,05 manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 9/8775№-li məhkəmə-mühasibatlıq ekspertizası rəyində tərtib olunmuş maliyyə arayışı məlumatlarından, xx.xx.2017-ci, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli “Oba-4MKR” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlıq 21342,91 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı “X3” MMC ilə Cavabdeh arasında əmək müqaviləsinə əsasən Cavabdeh administrator vəzifəsinə işə qəbul olunmuş və X2 haqqında Müqavilə əsasında işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürərək ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, zamanında müəssisəyə heç bir səbəbdən zərər vurmaması və ziyanlılığa qarşı mübarizə aparılması vəzifələrinin icra etməsi üzrə öhdəlik götürmüş, xx.xx.2019-cu il tarixli, 269-K saylı əmrlə işdən azad edilmişdir. Lakin onun xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində İddiaçı MMC-nin – OBA 4 MKR 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən Cavabdeh ümumilikdə 27379,05 AZN məbləğində zərər vurması müəyyən edilmiş və həmin zərərdən hazırda ümumi qalıq borc 21342,91 manat təşkil edir. Məhkəmə iddiaçı təşkilatın ona vurulmuş ziyanın məhz cavabdehin əmək fəaliyyəti zamanı Əmək Məcəlləsi, Mülki Məcəllə və X2 haqqında Müqavilənin şərtlərini pozmaqla üzarina götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində yarandığı barədə sənədləri və vurulmuş zərərin həcmi ilə bağlı ekspert tədqiqatının rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan tam həcmdə təmin edilməli və dəymiş zərərin ödənilməmiş qalıq 21342.91 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 200 manat məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab etmişdir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi isə tam təmin olunduğu halda 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməli, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat tərəflərdən bərabər qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191 (1), 194 (1,2), 199, 202 (1)-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Sabirabad şəhəri, H.Aslanov küçəsində qeydiyyatda olsa da, hal-hazırda faktiki olaraq Sabirabad şəhəri, 1 saylı Peşə yataqxanasında yaşayır. Belə ki, xx.xx.2016-cı il tarixli əmək müqaviləsi ilə o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli, 486-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla "X2 haqqında müqavilə imzalanmışdır. O, mağaza admisintratoru vəzifəsinə keçdikdən sonra isə sistem olaraq mal qəbulu gəlmişdir. Misal üçün mal 5 ədəd göndərilməlidir. Elə vaxt olmuşdur ki, mal gönədilir və ya göndərilmir. Elə vaxt olmuşdur ki, 5 ədədi yazılan mal əvəzinə 1 ədədi göndərilmişdir. Məsələn malın 5 ədədini mail formasında deyilmiş və o da yazmışdır. Ordan sistemdən çıxılacaqdır. Mail formasında yazmış, çox vaxt sistemdən mallar çıxmamışdır. Mallar gələn zaman qəbul etmiş və bundan başqa gəlməyən malların üzərinə yazmışdır. Formal olaraq gəlmiş kimi qeydiyyat aparılmışdır. Elə vaxt olmuşdur ki, 500 (beş yüz) kiloqram fındıq yazılmışdır ki, gələcək, lakin orta fındıqdan əsər əlamət olmamışdır. O vaxt gələn gəlməyən mallar formal olaraq plus işarəsi qoyulmuşdur. İmza edib şirkətə yollamışdır. Mal gələndə fakturada imzaları olmuşdur. Gəlməyən mallar da gələn mallar da olmuşdur. Bölgə müdiri tərəfindən marketdən çıxarılan mallar da olmuşdur. Çox vaxt mallar gələn zaman bölgə müdiri özü bölüşdürmə aparmışdır. Hər dəfə demişdir ki, siz qarışmayın. Onlarda ona tabe olmuşdurlar. Bir aydan sonra bölgə müdiri işdən çıxarılmışdır. Soruşduqda malların aqibəti ilə kimlə maraqlanaq, cavabında demişdirlər ki, gedin özünüz araşdırın. O da demişdir ki, bölgə müdiri var və ona cavabdeh şəxsdir. Bu məsələdə yenə də etiraz və mülahizəsi cavabsız qalmışdır. Hətta bölgə müdirinə olmaz dedikdə, ona əsassız olaraq töhmət vermişdirlər. O isə dəfələrlə bölgə müdirinin göstərişi ilə hərəkət etmiş, ona yüklənən 21342 manat puldan ümumiyyətlə xəbəri olmamışdır. Məhkəmədə keçirilən iclaslar barədə ona hər hansı rəsmi və ya şifahi xəbərdarlıq edilməmişdir. O, özü İİ Qarabağ müharibəsi iştirakçısıdır. Ayda 80 manat müavinat alır. Lakin bu günə kimi bu qətnamədən xəbəri olmamışdır. Lakin müavinatından bu fevral ayından 41 manat tutulduqdan sonra Kapital Bank ASC-nin qaynar xəttinə zəng edib xəbər aldıqda ona bu barədə Sabirabad Rayon İcra va Probasiya Şöbəsinə müraciət etməyini bildirdilər. O isə həmin orqana müraciət etdikdən bu məsələni sonra bilmişdir. Həmin tarixə kimi isə qətnamədən ümumiyyətlə xəbərsiz olmuşdur. Müharibədə olduğu üçün yaddaş problemi yaşamışdır. Ona görə də işdən çıxdığı tarix dəqiq yadına düşmür. Lakin, qətnamədə göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə işdən ayrılmışdır. Onun isə işdən ayrılmağının əsaslıca səbəbi bölgə müdiri ilə əvvəlki kimi qeyd etdiyi malların düzgün təlimat üzrə dağıdılmaması olmuşdur. Həm də malların fakturasız və rəsmi göndərişsiz çıxartmasına görə iradlar tutmuşdur. O da özünü sığorta məqsədi ilə ona belə şər böhtan ataraq işdən azad etmişdir. Başqa onun heç bir qanun pozuntusu olmamışdır. İşini də ədalətli aparmışdır. Qətnamədə göstərilən xx.xx.2017, xx.xx.2018, xx.xx.2018 va xx.xx.2019-cu il tarixli «İnventarizasiya Nəticələrinə dair aktlardan ümumiyyətlə xəbəri olmamışdır. O, sadəcə olaraq orda iştirak etdiyi sayın nəticəsində yəni 8 nəfərin gəlib məhsulları saymasını bildirə bilər. O da həmin faktı imzası ilə təsdiq etmişdir. Məhsulların sayımı da orada qeyd olunmuşdur. Oradakı bundan əvvəl və yaxud bundan sonrakı çıxarılan məhsulları dedikdə, faktura üzrə səhv gələn malları dedikdə, onların heç birisinin ona aidiyyatı olmamışdır. Onun problemi olmamışdır. Bütün öhdəlikləri bölgə müdiri daşıyır. Çünki ən son mallar onun əlindən gəlib keçmişdir. Oranın məsuliyyətçisi şəxsən bölgə müdiri sayılardı. Depodan gələn mallar səhv göndərilmişdir. Məsələn: şəkər əvəzinə un gəlirdi. Soruşduqda cavab olaraq bildirilmişdir ki, hələlik bu maldan var sat, digər məhsullarda gələcəkdir. Onun ümumiyyətlə "X3" MMC-ə heç bir borcu olmamışdır. Borcu olması barədə də əsas yoxdur. Çünki işdən ayrılan zaman ona borclu qaldığı rəsmi və ya şifahi olaraq bildirilməmişdir. İşdən də çıxan zaman malları bölgə müdirinə təhvil verib, işdən ayrılmışdır. Sayım zamanı şirkətin rəhbərləri gəlim sayım etmişdirlər. O tək, onlar isə 9 nəfərdən ibarət idi. Orada sayılan ədədli mallar var idi. Məsəl üçün 500 ədəddirsə, onu sayan zaman onların ayrı-ayrı yanlarına dayana bilməmişdir ki, bu mal həqiqətən dəqiq sayılmışdır. Həmin mallar satışa çıxılmışdır. Ona orada güzəşt olunacağı belə deyilməmişdir. Qısası o, işlədiyi dövr üzrə əmək haqqını almış və şərt üzrə də pulunu götürmüşdür. Göründüyü kimi onun "X3" MMC ilə arasında heç bir öhdəlik yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanıılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə, tam həcmdə maddi məsuliyyət daşıyır. 203-cü maddəsinə əsasən vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 206-cı maddəsinə əsasən Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsinin qətnaməsinin tam ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-dəymiş zərərin əvəzi 21342,91 (iyirmi bir min üç yüz qırx iki manat doxsan bir qəpik) AZN və iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, ümumilikdə isə 21372,91 (iyirmi bir min üç yüz yetmiş iki manat doxan bir qəpik) AZN məbləğində pul vəsaitinin Cavabdeh tutulub <<X3» MMC-yə ödənilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı yanlış olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “X3” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilərək Cavabdeh administrator vəzifəsinə işə qəbul olunmuş və işəgötürənlə X2 haqqında Müqavilə bağlamış, xx.xx.2019-cu il tarixli 269-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh xx.xx.2017-ci, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 27379,05 manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli 9/8775№-li məhkəmə-mühasibatlıq ekspertizası rəyində tərtib olunmuş maliyyə arayışı məlumatlarından, xx.xx.2017-ci, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli “Oba-4MKR” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlıq 21342,91 manat məbləğində müəyyən edilir. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı tərəfindən İddiaçı mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, apellyasiya icraatında iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma məqsədilə hesablama aparılması üçün xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertiza keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 18 dekabr 2025-ci il tarixli, 9/4250 nömrəli ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqat zamanı iş materiallarında olan sənədlərlə və təqdim olunmuş əlavə sənədlərlə tanışlıq zamanı 30 avqust 2017-ci il tarixli, 02 fevral 2018-ci il tarixli, 25 dekabr 2018-ci il tarixli və 01 dekabr 2019-cu il tarixli "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt"ları mövcuddur. Həmin aktlarda çatışmazlıq 27.379,00 manat göstərilmişdir. Lakin 09 mart 2018-ci il tarixli və 24 noyabr 2018-ci il tarixli "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt"larda aşağıda göstərilən qaydalara uyğun olaraq aparılmalı idi. Yəni ki, "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt Malların inventarizasiyası Qaydaların 12-ci bölməsi ilə tənzimlənir (həmin qaydalar məhkəmə-mühasibatlıq ekspertizasının rəyində də qeyd edilmişdir. İş materiallarından göründüyü kimi 09 mart 2018-ci il tarixli və 24 noyabr 2018-ci il tarixli "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun "Aktlar Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin iş materiallarında Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. Bundan başqa iş materiallarında və təqdim olunmuş əlavə materiallarda yaranmış çatışmazlıqla bağlı hər hansı mühasibatlıq sənədləri də tam şəkildə mövcud deyildir. Belə ki, iş materiallarında və təqdim olunmuş materiallarda malların hərəkəti hesabatı (gündəlik, həftəlik və aylıq), o cümlədən xarab olmuş və istifadə müddəti bitmiş mallar barədə mühasibat sənədləri və kassanın "Z" hesabatı mövcud deyildir. Beləliklə iş materiallarında yuxarıda göstərilən qaydalara uyğun olaraq tələb olunan sənədlər mövcud olmadığından hazırkı tədqiqatla Cavabdeh "X3" MMC-yə olan çatışmazlığının olub-olmamasını müəyyən etmək mümkün olmadı. Rəyin nəticə hissəsində ümumiləşmə aparılaraq qeyd edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt" Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun olmadığından eləcə də mühasibatlıq sənədləri tam şəkildə olmadığından hazırki tədqiqatla Cavabdeh "X3" MMC-yə olan çatışmazlığının olub-olmamasını müəyyən etmək mümkün olmadı. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də göründüyü kimi, inventarizasiya aktları Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilməmiş, habelə çatışmazlığın yaranmasını təsdiq edən zəruri mühasibatlıq sənədləri iş materiallarına təqdim edilməmişdir. Bu səbəbdən Cavabdeh iddiaçı “X3” MMC-yə hər hansı məbləğdə maddi zərər vurmasının və onun hesabında çatışmazlığın mövcud olmasının obyektiv qaydada müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçının tələbinin əsasını təşkil edən ziyanın mövcudluğu, həmin ziyanın cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulması və bu hərəkətlə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmədiyindən, iddianın təmin olunması üçün zəruri olan hüquqi şərtlərin mövcudluğu müəyyən edilmir. Bundan əlavə məhkəmə tərkibi hazırkı mərhələdə əldə olunmuş rəylə birinci instansiya məhkəməsində əldə olunmuş rəyi qarşılıqlı tədqiq edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ilkin 15 mart 2022-ci il tarixli, 9/8775 nömrəli ekspert rəyindən görünür ki, həmin tədqiqat zamanı da eynilə hazırkı mərhələdə əldə edilmiş rəydə qeyd edilən faktlar mövcud olmuş, lakin bununla yanaşı iş materiallarında olan mövcud aktlara istinad edərək, həmçinin həmin yekun aktların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh hesabında olan çatışmazlığının 21.342,91 manat məbləğində olması müəyyən olunmuşdur. Məhkəmə tərkibi ilkin ekspert rəyinə istinad edərək birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməsi ilə razılaşmır. Belə ki, həmin rəy iş materiallarında mövcud olan inventarizasiya aktlarının düzgünlüyünün məhkəmə tərəfindən nəzərə alınması şərti ilə aparılmış hesablamalara əsaslanmışdır. Halbuki apellyasiya instansiyasında aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, sözügedən inventarizasiya aktları Malların inventarizasiyası Qaydalarının tələblərinə uyğun tərtib edilməmiş, habelə çatışmazlığın yaranmasını təsdiq edən zəruri mühasibatlıq sənədləri iş materiallarında mövcud olmamışdır. Bu səbəbdən həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz və onların əsasında cavabdehin hesabında çatışmazlığın mövcudluğu barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsində əldə olunmuş 15 mart 2022-ci il tarixli ekspert rəyində də hazırkı mərhələdə aparılmış ekspertiza rəyində göstərilən hallara dair qeydlər mövcud olmuşdur. Lakin həmin rəy inventarizasiya aktlarının düzgünlüyünün şərti qəbul edilməsi əsasında nəticəyə gəlmişdir. Hazırkı mərhələdə əldə edilmiş ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibi izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə tərkibi bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı tərəfindən İddiaçı mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi qeyd olunan ekspert rəyini iş üzrə araşdırılmış və tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş birtərəfli, əhatəli olmayan sənədlərə əsasən iddiaçının tələb etdiyi məbləğin cavabdehdən tutulması əsaslı hesab edilə bilməz. Bundan başqa məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, cavabdehin İddiaçı MMC qarşısında maddi məsuliyyət daşıması X2 haqqında müqavilə ilə öz təsdiqini tapsa da, İddiaçı MMC tərəfindən aparılan inventarizasiya nəticələrinə dair Aktda qeyd edilmiş əmlakların cavabdehin maddi məsuliyyət daşıdığı əmlaklar olması barədə iş materiallarına hər hansı sübutlar əlavə edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən maddi ziyanın cavabdeh tərəfindən vurulması sübuta yetirlə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələr). İşdən görünür ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya mərhələsində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ilkin mərhələdə ekspertiza xərci 200 manat, apellyasiya mərhələsində isə 100 manat olmuşdur. İddiaçının iddia tələbi rədd edildiyindən iş üzrə ekspertiza xərcini təşkil edən 300 manat İddiaçı MMC-dən tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-46/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 300 manat İddiaçı MMC-dəntutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar