Məhkəmə qərarları › İş №2(106)-1323/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1323/2023

30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1323/2023 30.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı Göyçə oğlunun iştirakı ilə, İddiaçı Göyçə oğlunun Cavabdeh qarşı “yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(017)- 100/2023 saylı qətnaməsindən (hakim E.Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Göyçə oğlu Cavabdeh qarşı “yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən yetirilmiş maddi zərərin əvəzi olaraq 15280 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(017)-100/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh vurulmuş maddi zərərə görə 10900 manat, ödənilmiş dövlət rüsumuna görə 122.7 manat məbləğində pulun tutularaq İddiaçı Göyçə oğluna ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirlərkən məlum oldu ki, apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulan apellyasiya şikayətinin forma və məzmununa uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 361.1-ci maddəsində apellyasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (361.1.6) göstərilməli olması nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin forması isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 2”də göstərilmişdir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı həmin 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Göründüyü kimi apellyasiya şikayəti verilərkən şikayət yalnız formanın özünə deyil, həmçinin onun məzmununa uyğun olmalı və vəhdətlik təşkil etməlidir. Lakin, apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya şikayəti tələb olunan formaya və məzmuna uyğun tərtib edilməmişdir. Belə ki, apellyasiya şikayətində qeyd edilməsi zəruri olan maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasına dair Əlavənin 6-cı bəndində “Bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.” göstərilməsinə baxmayaraq, apellyasiya şikayətində həmin tələbə əməl edilməmişdir. Apellyasiya şikayətində maddi hüquq normalarının pozulmasına dair dəlillər hissəsində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin sabit pul məbləğinin miqdarının müəyyən edilməsinə və müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsinə dair 78.2-ci və 112.1-ci maddələrinin yalnış tətbiq edilməsi qeyd olunmuşdur. Halbuki mübahisənin predmeti deliktlə bağlı olmuş və birinci instansiya məhkəməsinin qətnaməsində gəlinən nəticələrin hüquqi əsaslandırılması üçün apellyasiya şikayətində istinad olunan maddi hüquq normalarına istinad edilməmişdir, edilədə bilməzdi. Bundan başqa apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində qətnamənin cavabdeh tərəfindən mübahisələndirilməsinə baxmayaraq, qətnamənin ləğvi və iddia tələbinin təımin olunması istənilir ki, bu da anlaşılan deyildir. Beləliklə sadalananlardan görünür ki, apellyasiya şikayəti qanunvericiliyə əsasən müəyyən edilmiş apellyasiya şikayətinin forma və məzmununa uyğun tərtib edilməmişdir. Bunlardan da savayı cavabdehin apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadı ləğv edilərək, iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 384.0.6, 361, 361.1-1, 402.2.5 və 403-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Göyçə oğlunun Cavabdeh qarşı “yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(017)- 100/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(106)-1323/2023 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Prosessual qanunvericiliyin tələblərinə cavab verməyən apellyasiya şikayətinin qaytarılması məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Samir Həsənov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar