Məhkəmə qərarları › İş №2(106)-1325/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1325/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1325/2023 04.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)579/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 106819-510754/3 nömrəli Kredit Müqaviləsindən yaranmış 12971,76 AZN əsas borcun, 1624,64 AZN faiz borcunun, ümumilikdə isə 14596,40 AZN məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 134,19 AZN Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106819-510754/3 nömrəli Kredit Müqaviləsinə əsasən bank kreditor olaraq borcalan cavabdehə 40 ay müddətinə, illik 20% faiz dərəcəsi ilə 13447 AZN məbləğində kredit vermiş, Cavabdeh xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 12971,76 manat əsas borc, 1624,64 manat faiz borcu, ümumilikdə isə 14596,40 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada daxil olmuş ərizə ilə müraciət edərək Cavabdeh qarşı mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Az. Resp. MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)579/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (Hakim: N.Bağırov), iddia tələbinin təmin olunması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106819-510754/3 nömrəli Kredit Müqaviləsindən yaranmış 12971,76 AZN əsas borc, 1624,64 AZN faiz borcu məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi 134,19AZN, ümumilikdə isə 14730,59 (on dörd min yeddi yüz otuz manat əlli doqquz qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Həsənov X1 Rayon Məhkəməsinin 2(056)579/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı ASC-nin cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)579/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)579/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 106819-510754/3 nömrəli Kredit Müqaviləsinin surətindən görünür ki, həmin Müqaviləyə əsasən bank kreditor olaraq borcalan cavabdehə 40 ay müddətinə, illik 20% faiz dərəcəsi ilə 13447 AZN məbləğində kredit vermiş, borc alan isə müqaviləyə əsasən qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri İddiaçı ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. . İstinad olunan Kredit Müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin bəndlərinə əsasən ödəniş cədvəlində və ya xəbərdarlıqda müəyyən edilən müddətlərdə öhdəliklər tam vaxtında icra edilmədikdə gecikdirilmiş hesab edilir. Borcverən əsas və hesablanmış faizin Borcalandan Borcverənin xeyrinə tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər. İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, Kredit Müqaviləsi üzrə götürdüyü pul vəsaitini qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə əsas və faiz borcu yaranmışdır. İş materiallarından görünür ki, bank tərəfindən borcluya pretenziya məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 106819-510754/3 nömrəli Kredit Müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə Banka 12971,76 AZN əsas borc, 1624,64 AZN faiz borcu, ümumilikdə isə 14596,40 AZN məbləğində borcu vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 106819-510754/3 nömrəli Kredit Müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı ASC tərəfindən öhdəliyini yerinə yetirərək, kredit müqaviləsi üzrə 13447 AZN kredit məbləğini cavabdehə vermiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə kredit təşkilatına tam qaytarmamışdır. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən ləğvini və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Kollegiya bununla əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Göründüyü kimi Cavabdeh hazırki iş üzrə kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC -nin ödənilməli olan əsas borc və borca görə hesablanmış faizləri ödəməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə mülki iş materiallarını tədqiq edərək qeyd edilən dəlilləri formal mülahizə hesab etməklə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan kredit borcu məbləğinin faiz dərəcəsi şişirdilmişdir. Bu səbəbdən tələb olunan faiz borcun məbləğinin dəqiq hesablanması üçün ekspertiziya təyin edilməsi zərurəti olduğunu qeyd edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıdakı dəlilləri ilə razılaşmır. Belə ki, işdə olan müqavilədən görünür ki, tərəflər müqavilə bağlayarkən müqaviləni irəli gələn öhdəliyin şərtlərinidə müəyyən etmişlər. Həmin şərtlərdən biri də xx.xx.2022-ci il tarixli, 106819-510754/3 nömrəli kredit müqaviləsinin 3.4-cü bəndidir. Həmin bənddə qeyd olunur ki, faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə 30 (otuz), illik isə 360 (üç yüz altmış) gün hesabı ilə gündəlik hesablanır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi bağlayarkən belə kredit müqaviləsi üzrə faizlərin hesablanma qaydası ilə tanış olmuş və müqavilə üzrə öhdəlikləri üzərinə götürmüşdür. O ki, qaldı faiz borcun şişirdilməsinə cavabdeh bununla bağlı hər hansı bir sübut nə birinci instansiya məhkəməsi nə də apellyasiya icraatı zamanı təqdim etməmişdir. Kollegiya apellyasiya şikayətinin ikinci dəlili yəni ekspertiza təyin edilməsi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilsə də o, birinci instansiya məhkəmə baxışı iclasında iştirak etməmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin “ekspertizanı təyin edilməsi” təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası yekun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Sabirabad Rayon Məhkəməsinin 2(056)579/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)579/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar