Məhkəmə qərarları › İş №2(106)-1326/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1326/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1326/2023 12.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun geri alınması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(056)-509/2023 saylı qətnaməsindən (hakim N.Bağırov) cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnamə qəbul edildi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə nəqd formada verdiyi 23 000 manat, kredit kimi götürərək verdiyi 4770 manat, cəmi 27770 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 174 manat pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin fevral ayının 8-də Qalaqayın kəndində yerləşən evində Cavabdeh 23000 manat nəqd formada pul vermişdir. Cavabdeh pulu ondan alan zaman cavabdehin anası X6 yanında olmuşdur. Cavabdehə verilən pulu o, qızına ev almaq üçün qızı ilə birlikdə yığmışdır. Cavabdeh və anası onu dilə tutaraq aldadıb pulu ondan almışlar. Həmin pulu razılaşmaya əsasən 3 ay ərzində qaytarmalı idilər. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulun geri qaytarılmasını yubatmışdır. Bundan əlavə o, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC- dən 4770 manat kredit götürərək cavabdehə vermişdir. Cavabdeh 48 ay müddətinə hər ay 143 manat ödəməni özü banka ödəməli idi. Cavabdeh anası Həqiqət Həsənova vəfat etdikdən sonra ümumiyyətlə pulu qaytarmaq istəmir. Cavabdehin pulu qaytarmaq üçün hər cür imkanı - maşını, evi, şəraiti və imkanı vardır. Cavabdeh ondan pulu almağa gələn zaman əri ağır dializ xəstəsi olduğundan onların evində çoxlu qonaqları olmuş, qonaqlar onun Əliyə pul verməsinin şahidi olmuş, həmçinin qonaqlardan pulu verdiyinə görə onu danlayanlar da olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbinə etiraz edərək şəxsən Elmiradan pul almadığını, onların ümumiyyətlə pula ehtiyyaclarının olmadığını və ailəlikcə onların Elmiraya borclarının olmadığını nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(056)-509/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqavilələri üzrə yaranmış 27770 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 174 manatın, ümumilikdə isə 27944 (iyirmi yeddi min doqquz yüz qırx dörd) AZN məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, bildirir ki, onun, yəni iş üzrə Cavabdeh İddiaçı heç bir borcu yoxdur. Ümumiyyətlə onlar ailəlikcə İddiaçı heç vaxt borc pul almamışlar və ona görə də ona heç bir verəcəkləri də, ola bilməzdi. Qeyd edir ki, iş üzrə İddiaçı tərəfindən məhkəmə iclasında dindirilən şahidlərin heç birini cavabdeh ümumiyyətlə tanımır və heç vaxtda görməmişdir. Bütün şahid izahatları hamısı yalandır. İş üzrə İddiaçı xx.xx.2022-ci il tarixdə, GTKR5986875A144 saylı kredit müqaviləsi əsasında 4770 manat kreditə pul götürməsi işdə olan sənədlərdən görünsə də, məhz həmin pulun cavabdehə şəxsən verilməsi demək deyil. Hesab edir ki, məhkəmə işin faktiki halları, iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməyən sübutlara və yalançı şahid izahatlarının hər birinə ayrı-ayrılıqda münasibət bildirməli idi. Bu halların məhz məhkəmə tərəfindən araşdırılmaması və onlara hüquqi qiymətin verilməməsi bir daha onu deməyə əsas verir ki, iş tam, obyektiv və hər tərəfli araşdırılmamışdır. Odur ki, yuxarıda göstərilən işin faktiki halları və sübutlar əsasında apellyasiya şikayətim əsasında araşdırma aparılmalı, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sübutlar və işin faktiki hallarına hüquqi qiymət verilərək, Sabirabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(056)-509/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Eyni zamanda məhkəmə qətnaməsindən görünür ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilərkən, iş öhdəliyin icrası və borc müqaviləsinə əsaslandırmışıdr. İşdən görünür ki, iş üzrə iddiaçı ilə cavabdehin arasında hər hansı bir, yəni şifahi və ya yazılı müqavilə bağlanmamışdır. İşdən görünür ki, iddiaçının cavabdehdən tələb etdiyi borc puldur. Bu müqavilnin predmeti pul olduğu üçün kredit müqaviləsi adlandırılır. Göründüyü kimi iş üzrə iddiaçı guya müstəqil şəkildə pul borca verməklə məşğuldur və əlavə olaraq kreditlər verilməsi haqqında müddəaları gözləməli olduğu təqdirdə, bunu gözləməmişdir. Bundan başqa iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi borc pul nə şifahi, nə də ki, yazılı olaraq aralarında bağlanmamışdır. Əgər həmin müqavilə şifahi və ya yazılı formada aralarında bağlanmışdırsa, o zaman həmin müqaviləni iş üzrə iddiaçı məhkəməyən təqdim etməyə borcludur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə prosesində iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı anasının dayısıqızıdır. İddiaçıdan heç bir pul vəsaiti almamışlar. Özlərinin imkanları yaxşı olub. Belə ki, anası Həqiqət təxminən 40 il rayonda “Cehizlik əyaları” satışı ilə məşğul olub. Heç vaxt Elmiragilə getməmişdir. İş üzrə dindirilmiş şahidlərin heç birini tanımır. Bildirmişdir ki, hazırda anası vəfat etmişdir. Heç kəsi yoxdur. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, əri dializ xəstəsi olduğundan onun müalicəsi üçün 23000 manat pul yığmışdır. Həmin pulların 13000 manatı qızı Vüsalənin, 5000 manatı qonşusu Fərqanənin, qalan 5000 manatı da özünün olmuşdur. Həkimlər ərinin yaşlı olmasını və buna görə də böyrəyinin dəyişdirilməsinin mümkün olmamasını bildirdikdən sonra ərini əməliyyat etdirməmişdir. Buna görə də qeyd etdiyi 23000 manat pul evində olmuşdur. 2022-ci ilin fevral ayında qohumu Həqiqət oğlu Əli ilə onlara gələrək ondan borca pul istəmişdir. Çox yalvar-yaxar etdikdən sonra 23000 manat pulu Həqiqətə deyil, Əliyə vermişdir. Həmçinin Bankdan da 4770 manat pul götürüb onlara vermişdir. Həqiqət demişdir ki, pulu mən verəcəm. Həmin vaxt qızı Vüsalə də onlarda olmuş və qızı ona aid olan 13000 manat pulu Həqiqətə verməməsini bildirsə də, o vermişdir. İndi çox peşmandır. Başqa-başqa adamlara da 1000, 1200 manat pul vermiş, lakin bunların müqabilində faiz almamışdır. Pulu verdikdən sonra Həqiqət vəfat etmişdir. Pulunu Əlidən istədikdə, o bundan imtina etmişdir. Buna görə də Polis Şöbəsinə müraciət etmişdir. Şöbədən isə bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəyə görə isə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini tələbin əsaslı və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşmadığını, Sabirabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(056)-509/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmiş və həmin sübutlara istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 göstərmişdir ki, iddiaçı onun bacısıdır, cavabdeh isə onların bibisi nəvəsidir. Bacısı Elmira, qızı ilə birlikdə qızına ev almaq üçün pul yığmışdır. 2022-ci ilin qış aylarında, bacısı Elmira, evində onun da iştirakı ilə ilkin olaraq 23000 manat pulu Həqiqətin xahişi ilə Həqiqətin oğlu Əliyə vermişdir. O, həmin vəsaitin borc olaraq Əliyə verməsinə etiraz edərək, bacısına öz iradlarını bildirmişdir. Sonradan o eşitmişdir ki, bacısı Elmira "xxxx" ASC-dən 4770 manat kredit götürərək, həmin pulu əlavə olaraq cavabdehə borc vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 göstərmişdir ki, o, təxminən 2022-ci ilin fevral ayında Elmiragilin evində sistem köçürtdürdüyü zaman görmüşdür ki, Elmira Əliyə borc pul verir. O, buna etiraz edərək, Əliyə pul verməməsini, Əlinin anası Həqiqətin çoxlu borcu olmasını bildirsə də, Elmira onun etirazına əhəmiyyət vermədən Əliyə 23000 manat pul vermişdir. Sonradan o eşitmişdir ki, Elmira "xxxx" ASCdən 4770 manat kredit götürərək Əliyə vermişdir. O, dəfələrlə Əlinin anası Həqiqətdən xahiş etmişdir ki, Elmiranın pulunu qaytarsın. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Elmiranın əri xəstə olduğu üçün o, həmin gün Elmiragilin evlərində olmuşdur. Əli anası Həqiqətlə birlikdə Elmiragilin həyətinə borc pul istəməsi üçün gəlmişdir. Pulun verilməsindən xəbəri olsa da, borcun hansı həcmdə olmasından xəbəri olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli GTKR5986875A144 saylı Kredit Müqaviləsinin və kredit müqaviləsinə əlavənin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 48 ay müddətinə illik 19,19% olmaqla 4770 manat məbləğində kreditin verilməsi barədə tərəflər arasında razılıq olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə işin faktiki halına uyğun gəlmir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, onun çıxarmış olduğu qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, iddiaçı iddia edir ki, o cavabdehə ayrı-ayrı vaxtlarda borc olaraq cəmi 27 770 manat pul vermişdir. İddiaçı bildirir ki, bununla əlaqədar onunla cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır. Cavabdeh isə öz növbəsində qeyd edir ki, iddiaçıdan hər hansı məbləğdə borc pul almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehə 27770 manat borc verdiyini və bununla bağlı aralarında şifahi borc müqaviləsi bağlanmasını qeyd etsə də, bunlarla bağlı hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki qanunvericilik imperativ olaraq müəyyən etmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu hallarda borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Lakin iddiaçı tələb etdiyi məbləğlə bağlı məhkəməyə hər hansı yazılı qəbz, iltizam və ya notarial razılaşmanı təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrini mötəbər sübut kimi qiymətləndirmir və onların verdikləri ifadələrə tənqidi yanaşır. Belə ki, şahidlərdən X4 iddiaçının bacısıdır və o vermiş olduğu ifadəsində iddiaçı tərəfindən 23000 manat pulun cavabdehə verilməsini göstərsə də 4770 manat pulun Əliyə verilməsini eşitdiyini göstərmişdir. X7 da eyni məzmunlu ifadə vermişdir. X1 isə cavabdehə pul verildiyini görsə də, onun hansı miqdarda olmasını bilməmişdir. Həmçinin işin apellyasiya instansiyası icraatı zamanı iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. Müəllimə işləməklə ayda 352 manat əmək haqqı alır. Bildirmişdir ki, uzun müddət işləməklə 13000 manat pul yığmışdır. Atasının müalicəsi ilə bağlı həmin pul məbləğini iddiaçı olan anasına vermişdir. Lakin həkimlər atasının yaşlı olmasını və müalicəsinin mümkün olmamasını dedikdən sonra da pul vəsaiti anasında qalmışdır. Göstərmişdir ki, 2022-ci ilin may ayında anasıgildə olan zaman qohumları Həqiqət onlara gəlmiş və anasından pul istəmişdir. O anasına ona məxsus pulu Həqiqətə verməməsini bildirmişdir. Lakin anası Həqiqətə pul vermişdir. Həmin vaxt o evdə otaqda olmuş, Həqiqət və oğlu Əli isə bayırda həyətlərində olmuşdur. Anasının Həqiqətə nə qədər pul verməsini görməmişdir. Lakin sonradan bilmişdir ki, anası Həqiqətə 27770 manat pul vermişdir. Həmçinin bildirmişdir ki, Həqiqət onlara dəqiq olaraq 2022-ci ilin may aylarında gəlmişdir. İddiaçının və digər şahidlərin deməsinə görə iddiaçı pulu Əliyə 2022-ci ilin fevral ayında vermişdir. Hazırda iddiaçının qızı V.Əzizova isə pulun Həqiqətə 2022-ci ilin may ayında verildiyini bildirir. Göründüyü kimi onun ifadəsi digər şahidlərin ifadəsi ilə ziddiyyət təşkil edir. Bütün qeyd edilənlərə əsasən kollegiya şahidlərin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, həm birinci instansiya məhkəməsində həm də apellyasiya məhkəməsində ifadəsi alınmış şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 87 (səksən yeddi) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməli, idddiaçı tərəfindən ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu isə onun özünə aid edilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti 5000 manatdan yuxarıdır. Buna görə də çıxarılmış qətnamədən apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(056)-509/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cəmi 27 770 (iyirmi yeddi min, yeddi yüz yetmiş) manat borc pulun geri alınması tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 87 (səksən yeddi) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilsin. İdddiaçı tərəfindən ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar