Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1328/2024 05.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: sabit pul məbləğində alimentin artırılması tələbi X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(055)-457/2024 saylı qətnaməsindən (hakim Mirlətif Sadıqov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(055)-150/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 22 avqust 2019-cu ildə anadan olmuş X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(055)-150/2022 saylı qətnaməsinə əsasən cavabdehlə birgə nikahlarından 22 avqust 2019-cu ildə anadan olmuş X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 manat sabit pul məbləğinin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş aliment uşağın ehtiyaclarını ödəmir və xərcləri artmışdır. Cavabdeh isə uşaqla maraqlanmır, maddi cəhətdən uşağın əlavə xərclərində ona köməklik göstərmir. Odur ki, məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Saatlı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(055)-150/2022 saylı qətnaməsinə əsasən iddiaçı ilə birgə nikahlarından 22 avqust 2019-cu ildə anadan olmuş X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hər ay məhkəmə tərəfindən müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Rəsmi iş yeri də yoxdur. Alimentin hər ay 170 manat müəyyən edilməsinə etiraz etmir.Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(055)-457/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(055)-150/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 22 avqust 2019-cu ildə anadan olmuş X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180(bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə ödənilməsi, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, ödənilmiş 50(əlli) manat mediasiya xərcinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, 22 avqust 2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq, hər ay 235 manat məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, övladı Mirayın 5 (beş) yaşı var. Övladı Miray böyüdüyü üçün, məsrəfləri yetərincə artmışdır. Ona verilən aliment uşağın saxlanması üçün kifayət etmir. Onu da qeyd etmək istərdi ki, Cavabdeh oğlu övladı ilə ümumiyyətlə maraqlanmır. Övladının bütün qayğısını və ehtiyaclarını tamamilə iddiaçı çəkir. Hal-hazırda işsizdir. Evi yoxdur. Övladı Miray xəstəliyə meyillidir. O tez-tez xəstələnir. Aliment övladının müalicəsinə çatmır. Birinci instansiya məhkəməsi 2024-cüildə uşaqlar üçün aylıq ehtiyac meyarını nəzərə almamışdır. Aylıq ehtiyac meyarı 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilib. Cavabdeh işləyir və yetərincə gəliri olur. Lakin məhkəmə bu halı nəzərə almadan,Cavabdeh oğlundan, hər ay cəmi 180 manat sabit pul məbləğində aliment tutulması haqqında qətnamə qəbul edib. Məhkəmə mənim və övladım Mirayın mənafeyini nəzərə almamış, haqqsız və ədalətsiz qətnamə qəbul etmişditr. Cavabdeh oğlu, işsiz olması barədə və ya sosial durumunun zəif olması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Bakı şəhərində restoranların birində işləyir. Aylıq 345 manat əmək haqqı alır. Uşağı ilə görüşür. Uşağının qayğıları ilə maraqlanır. Xəstələndikdə uşağı həkimə belə aparır. Alimenti vaxtıvaxtında ödəyir. Bəzi vaxtlarda işləri zəif olanda alimenti ödəmək üçün borc alaraq alimenti ödəyir. Uşağa baxmaqdan imtina etmir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunaraq, iddianın tam təmin edilməsini xahiş etməklə, mahiyyətcə qətnaməni iddianın təmin edilməyən hissəsini mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının şikayətinin dəlilləri üzrə, mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(055)-150/2022 saylı qətnaməsinə əsasən 22 avqust 2019-cu ildə anadan olmuş X5 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı aylıq 140 manat aliment məbləği ilə uşağının saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hər iki tərəfin və uşağın mənafeyini nəzərə alaraq, alimenti artırmış və 180 manat müəyyən etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş edir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, uşaq tez-tez xəstələnir, maddi tələbatı günü-gündən artır, cavabdeh işləyir və gəliri yüksəkdir. Eyni zamanda birinci instansiya məhkəməsi 2024-cü il üçün yaşayış minimumunu nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı uşağının xəstələnməsini bildirsə də, buna dair zəruri sübutlarını (həkim müayinəsində olması barədə arayış və s.) məhkəməyə təqdim etməmişdir. Cavabdehin işləyərək yüksək gəlir əldə etməsi barədə şikayətin dəlili ilə bağlı qeyd edilir ki, “AZEMİS” sistemindən çıxarışdan müəyyən edilir ki, Cavabdeh X1 yanında ixtisassız fəhlə kimi işləyərək cəmi 345 manat minimum əmək haqqı alır. Göründüyü kimi, iddiaçı cavabdehin yüksək gəlir əldə etdiyini bildirsə də, buna dair zəruri sübutlarını məhkəməyə təqdim etməmişdir. 2024-cü il üçün yaşayış minimumun nəzərə alınmaması ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edilir ki, birinci instansiya məhkəməsi iddiaçı və cavabdeh tərəfin və uşağın mənafeyini nəzərə alaraq, alimentin məbləğini 140 manatdan artıraraq 180 manata çatdırmışdır. Nəzərə alınmalıdır ki, alimentin artırılması tərəflərin mənafeyinə uyğun olmalıdır. Cavabdeh aldığı əmək haqqı ilə eyni zamanda öz tələbatlarını da, ödəməlidir. Eyni zamanda uşaqları saxlamaq vəzifəsi hər iki valideynin üzərindədir. Buna görə, iddiaçı da məsuliyyət daşıyır. Buna görə də Kollegiya alimentin artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırkı iş üzrə alimentin artırılması hissədə iddianın qiyməti 5000 manatdan çox deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(055)-457/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1328/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1328/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver