Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1334/2023 16.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 23 may 2023-cü il tarixli qərardadından (hakim R.Məmmədov) iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələbinə dair idda ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə 2268.64 manat əsas borc, 885.03 manat faiz borcu, 1423.12 manat cərimə, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla ümumilikdə 4923.35 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 20 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, 885.03 manat əsas borc, 100 manat cərimə olmaqla ümumilikdə 985.03 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KBnin xeyrinə ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 20 noyabr 2020-ci il tarixli qətnaməsi iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1516/2021 saylı 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nın nümayəndəsi X4 qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, qətnamənin təsviri-əsaslandırıcı və nəticəvi hissələrində yol verilmiş yanlışlığın bankın tələbinə uyğun şəkildə düzəldilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 20 noyabr 2020-ci il tarixli qətnaməsinin “müəyyən etdi” və “qət etdi” hissələrinin birinci sətrində tələb olunan və qət edilən məbləğlər 885.03 manat əsas, 1423.12 manat cərimə, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz, ümumi borc isə 4923.35 manat olmaqla yanlış yazılmışdır. Belə ki, bankın iddia tələbi əsas borc üzrə 2268.64 manat, faiz borcu üzrə 885.03 manat, cərimə 1423.12 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz 346.56 manat olmaqla, ümumi tələb 4923.35 manat olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 23 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçının nümayəndəsi X3 şikayəft verərək ləğv olunmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlər siyahısında maliyyə arayışı və hesabdan çıxarış təqdim olunaraq, əsas, faiz və cərimə borclarının hesablanma dövrü və hansı məbləğin hansı borc məbləğinə silindiyi sübut kimi təqdim edilmişdir. Bankın tələbi 2268.64 manat əsas borc, 885.03 manat faiz borcu olduğu halda, məhkəmə qətnamədə faiz borcunu əsas borc kimi qeyd etmiş, faiz borcunun tutulmaması əsasları göstərilməmişdir. Həmçinin, məhkəmə faiz borcunun hansı əsasla təmin etməməsinə münasibət bildirməmiş, ona heç bir hüquqi qiymət verməmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 14 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olnmamış və iş materitalları aidiyyəti üzrə şikayətə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, mövcud durumda şikayətin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 228.1 - Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir. Maddə 228.2 - Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Maddə 228.3 - Düzəlişlər etmək barəsində məhkəmə qərardadından şikayət verilə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin tədqiqindən müəyyən olunur ki, məhkəmə əsas borc məbləği hissədə tələbi düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçının tələbi 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə 2268.64 manat əsas borc, 885.03 manat faiz borcu, 1423.12 manat cərimə, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla ümumilikdə 4923.35 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulmasından ibarət olduğu halda, məhkəmə qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində bankın tələbinin 885.03 manat əsas borc, 1423.12 manat cərimə, 346.56 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 4923.35 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasından ibarət olduğu qeyd edilmişdir. Qətnamə ilə bankın tələb etdiyi borc məbləğləri kimi müəyyən olunan rəqəmlərinin cəminin 4923.35 manat təşkil etmədiyi aşkar görünsə də, məhkəmə bankın əsas borcun qalığı kimi 2268.64 manat pul vəsaitini tələb etdiyini müəyyən etməmiş, ümumiyyətlə həmin tələbə qiymət verilməmişdir. Qətnamədə bankın tələb etdiyi müqavilə müddəti ərzində əsas borca hesablanan faiz məbləği isə əsas borc kimi qeyd edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi artıq apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanıldığından, qətnamələrdə isə iddiaçının 2268.64 manat əsas borc məbləğinin tutulması tələbinin irəli sürülməsi müəyyən olunmadığından, yaranmış problem həmin məbləğlə bağlı yol verilmiş yanlışlığın aradan qaldırılması formada həllini tapa bilməz. Bundan başqa problemin əlavə qətnamənin çıxarılması ilə həllini tapmasına da qanunvericilik yol vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Hazırki halda qeətnamə qanuni qüvvəyə mindiyindən əlavə qətnamənin çıxarılması məsələsinə baxılması mümkün deyildir. Hətta baxılması mümkün olsa belə, əlavə qətnamənin çıxarılması yolverilməz olardı, çünki birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçının əsas borc olaraq 2268.64 manat pul vəsaitinin tələbini irəli sürməsini müəyyən etməmişdir, ümumiyyətlə qətnamədə belə bir tələbin mövcudluğundan bəhs edilmir. Odur ki, kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Bununla yanaşı kollegiya mövcud durumda çıxış yolunu 18 avqust 2014-cü il tarixli 1xx/xx/78399/14 saylı kredit müqaviləsi üzrə 2268.64 manat əsas borc tələbinin ayrıca icraatda irəli sürülməsində görür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayığ şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X1 şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2119/2020 saylı 23 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Müşfiq Həsənov
Məhkəmə qərarları › İş №2(106)-1334/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1334/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver