Məhkəmə qərarları › İş №2(106)-1334/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1334/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1334/2025 26.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alğı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi barədə iddiası üzrə mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1088/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh 30000 manat (otuz min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 25000 (iyirmi beş min) manat məbləği isə xx.xx.2026-cı il tarixinədək ayda bir dəfə ödəniş olmaqla 1-ci ay 4000 ( dörd min) manat, sonrakı 5 ödənişi 300 manat, daha sonrakı 30 ödənişdə isə hər ay 650 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 12000 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq, pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2025-ci il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qənul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin notariat ofisinin notariusu Səma Ələkbərova ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, alqı-satqı müqaviləsi üzrə olan borcunu həmin bankda işləyən qohumu X1 vermiş və ödənişləri onun üçün edəcəyini bildirmişdir. Onun hesabı ilə onun borcu qalmamışdır. Lakin Ruhinin sonradan verdiyi pulu bankın hesabına köçürmədiyi məlum olmuşdur. O, həmin vaxt ödənişlərin edilməsi barədə qəbzləri tələb etməmişdir. Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1088/2025 nömrəli qətnaməsi ilə (Hakim: Coşqun Abdullayev) iddia təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023- cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Masallı Rayon Məhkəməsində araşdırma səthi aparılmış, onun prosessual və konstitusion hüquqları pozularaq qanunsuz, birtərəfli və ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəmə araşdırmaları iddiaçı bankın birtərəfli sənədləşməsi əsasında iştirakları olmadan keçirilmiş, heç bir ekspertizalar təyin edilməmiş və onun iddiaçı bankın əməkdaşları tərəfindən aldadıldığına heç bir hüquqi qiymət verilməmişdir. Bu səbəbdən Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə qətiyyən razı deyil. Masallı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(050)- 1088/2025 saylı qətnaməsini ləğv edərək, iddiaçı bankın iddia tələbinin tamamilə rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evi onun və ailə üzvlərinin yaşadığı yeganə evidir. Bu səbəbdən iddiaçı "xxxx" QSC-nin əməkdaşları tərəfindən onun başına bu cür oyun açılması, ona qarşı dələduzluq edərək pullarını mənimsəmələri kimi hallara səthi və birtərəfli yanaşılmamalıdır, onun konstitusion və prosessual hüquqlarının qorunmasını tələb edir. Cavabdeh iddiaçı "xxxx" QSC-yə borcunu tam ödəyib bağlaması üçün həmin dövr iddiaçı bankın rəhbərliyində yer almış X3 adlı şəxsə 17000 (on yeddi min) manat pulu alıb, evini girovdan azad olunması barədə məktubun hazırlanıb verəcəyi vədi ilə onu aldatması, cavabdeh də öz növbəsində iddiaçı bankın məsul şəxsi olduğundan üzərində olan pulu tam olaraq Ruhin Fətullayevə verməsi, həmin şəxsin pulu bankın hesabına ödəməməsi, öz şəxsi mənafeyi üçün istifadə etməsi, cavabdehi aldatması kimi hallar məhkəmə tərəfindən düzgün araşdırılmayıbdır. Həmçinin iddiaçı "xxxx" QSC tərəfindən özünün səlahiyyət həddini aşan təyin etdiyi işçi və əməkdaşlarına qarşı heç bir münasibət bildirilməmiş, cavabdehin düşdüyü vəziyyət ilə bağlı günahlandırılıb borclu olması ilə bağlı əleyhinə qanunsuz və ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəmənin mövqeyi birtərəfli, qanunsuz və ədalətsiz olmaqla bərabər, araşdırma ümumiyyətlə iddiaçının maraqlarına xidmət etməklə səthi aparılmış, çəkişmə və bərabərlik prinsiplərinə əməl olunmamış, cavabdehin bütün prosessual hüquqları pozulmaqla əleyhinə çıxarılan qətnamə tamamilə ləğv edilərək, iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətini təmin edib, Masallı Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(050)-1088/2025 saylı ədalətsiz, birtərəfli və qanunsuz qətnaməsini ləğv edib, iddiaçı "xxxx" QSC-nin iddia tələbinin tamamilə rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh etibarnamə ilə nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyinə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1088/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2-ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1088/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarında olan xx.xx.2023-cü il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh 30000 manat (otuz min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 25000 (iyirmi beş min) manat məbləği isə xx.xx.2026-cı il tarixinədək ayda bir dəfə ödəniş olmaqla 1-ci ay 4000 ( dörd min) manat, sonrakı 5 ödənişi 300 manat, daha sonrakı 30 ödənişdə isə hər ay 650 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Qeydiyyat tarixi və nömrəsi xx.xx.2023; **********; reyestr nömrəsi **********15-10301 olan çıxarışdan görünür ki, Masallı rayonu, Digah y/m kəndi, Digah küçəsi, ev mülkiyyət hüququ İddiaçı QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə "xxxx" QSC-nin hesabına 5000 manat ilkin ödəniş etmiş, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat, xx.xx.2024-cü il tarixdə 1002 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat, xx.xx.2025-ci il tarixdə 501 manat, xx.xx.2025-ci il tarixdə 300 manat cəmi 13215 manat ödəniş etmişdir. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli, 105705 nömrəli xəbərdarlıq məktubundan görünür ki, bank öhdəliyin icra edilməməsi səbəbindən müqavilənin ləğv edilməsinə dair təklif göndərmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, razılaşmaya əsasən cavabdeh əmlakın dəyərinin nisyə olmaqla ayrı-ayrı vaxtlarda ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilsə də, ödəniş cədvəlinə uyğun olaraq ödənişlər edilməmiş, nəticədə borcu qalmışdır. Cavabdeh tərəfindən 2025-ci ilin yanvar ayından etibarən isə ümumiyyətlə ödənişlər edilməmişdir. Mülki işə məhkəmədə baxılarkən cavabdeh 300 manat ödəniş etmişdir. Cavabdeh özü də üzərinə düşən öhdəliyi tam şəkildə icra etmədiyini etiraf etmişdir. O, əvvəl bankda işləyən tanışına ödəniş edilməsi üçün müəyyən məbləğdə pulu verdiyini, lakin sonuncunun verdiyi pulları bankın hesabına köçürmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli, AN-İ № ******* saylı saylı alqı-satqı müqaviləsinin müddəalarına riayət etməyərək, hesablaşma qaydasını pozaraq bəzi aylıq ödənişləri əskik ödəmiş, bəzi ayları isə ümumiyyətlə ödəməyərək icranı gecikdirmişdir. Bu səbəbdən də iddiaçı müqaviləyə xitam verilməsi hüququndan istifadə edərək əvvəlcə müqaviləyə xitam veriləcəyi cavabdehin nəzərinə çatdırılmış və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlamış, cavabdeh məktubları təhvil almasına baxmayaraq, pretenziyada qeyd edilənlərə öhdəliyin real icrasına yönələn cavab verməmiş, yaranmış borcların ödənilməsi ilə bağlı konkret addımlar atmamışdır. Göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alğısatqısına dair ANİ № ******* saylı müqaviləyə əsasən bank mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evini ilkin olaraq 5000 manat vəsaitin İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 25000 manat məbləği isə 36 ay müddətinə ayda bir dəfə olmaqla 1-ci ay 4000 (dörd min) manat, sonrakı 5 ödənişi 300 manat, daha sonrakı 30 ödənişdə isə hər ay 650 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəniş ödəmək şərti ilə cəmi 30.000 manata Cavabdeh nisyə şəkildə satmış, alıcı Cavabdeh nisyə şəkildə aldığı daşınmaz əmlakın dəyərindən ilkin olaraq 5000 manat ödəniş etmiş, sonrakı ödənişi xx.xx.2023-cü il tarixdə 4000 manat ödəməli olduğu halda, ilk ödənişi xx.xx.2024-cü il tarixdə 400 manat etmiş, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat ödəniş etmiş, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərdiyi zaman cavabdeh tərəfindən ümumilikdə həmin vaxtadək 16350 manat ödənilməli olduğu halda, 12400 manat ödəniş edilmiş, bundan sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 500 manat, məhkəmə prosesinin gedişi zamanı isə xx.xx.2025-ci il tarixdə 300 manat ödəniş edilmişdir. İddiaçı QSC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir. Şərh edilənlərə əsasən iddia təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi ləğv edilməli, Masallı rayonu, Digah y/m kəndi, Digah küçəsində yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evi boşaldılmalı və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməlidir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarədir ki, Cavabdeh iddiaçı "xxxx" QSC-yə borcunu tam ödəyib bağlaması üçün həmin dövr iddiaçı bankın rəhbərliyində yer almış X3 adlı şəxsə 17000 (on yeddi min) manat pulu alıb, evini girovdan azad olunması barədə məktubun hazırlanıb verəcəyi vədi ilə onu aldatması, cavabdeh də öz növbəsində iddiaçı bankın məsul şəxsi olduğundan üzərində olan pulu tam olaraq Ruhin Fətullayevə verməsi, həmin şəxsin pulu bankın hesabına ödəməməsi, öz şəxsi mənafeyi üçün istifadə etməsi, cavabdehi aldatması kimi hallar məhkəmə tərəfindən düzgün araşdırılmayıbdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, cavabdehin göstərdiyi hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdehin qeyd etdiyi “X3” müqavilə tərəfi olmamaqla işə aidiyyəti olmayan şəxsdir. Müqavilə üzrə borclu şəxs cavabdehdir. Cavabdeh də kreditor olan "xxxx" QSC qarşısında öhdəliyini yerinə yetimədiyindən iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh isə qeyd etdiyi hallarla bağlı sözügedən şəxsə qarşı ayrıca iddia irəli sürmək hüququna malikdir.Ona görə də apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1088/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-1088/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar