Məhkəmə qərarları › İş №2(106)-1337/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1337/2023

06.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1337/2023 06.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İmranov Orxan Fərman oğlunun katibliyi, İddiaçı, cavabdeh X5 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(048)-166/2023 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, sonuncu Mercedes Vito CDİ 111 markalı ** RB *** dövlət qeydiyyat nömrəli avtomobili iddiaçıya satmış, avtomobilin dəyəri 26.000 manat müəyyən edilmişdir. İddiaçı avtomobilin dəyərindən 4000 manat ödəmiş, qalan 22000 manatı isə hər ay 1000 manat olmaqla 22 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər avtomobili idarə etmək üçün iddiaçıya etibarnamə vermişlər. İddiaçı avtomobili 6 ay idarə etmiş, sonra ona verilmiş etibarnamə ləğv edildiyindən avtomobil ondan alınaraq cavabdehlərə qaytarılmışdır. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Lerik Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 9410 (doqquz min dörd yüz on) manat və ödənilmiş 115 (bir yüz on beş) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Lerik rayon Günəşli kənd sakini X7 ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur.Rafiq özünə məxsus olan 99-Rb-543 Dövlət Qeydiyyat nömrəli, Mercedess Vito CDİ 111 markalı avtomobili satması haqqında ondan məlumat almış, bu səbəbdəndə Rafiqlə telefon vasitəsi ilə danışığı və WhatsApp sosial şəbəkəsi vasitəsi ilə yazışmaları olmuşdur.xx.xx.2022-ci il tarixdə Rafiq ona avtomobilin olduğu yerin lokasiyasın atmış və ona avtomobilə baxmağa gəlməsini soruşmuşdur.O, Rafiqə avtomobilə baxmağa gələcəyini bildirmişdir.Daha sonra o, Rafiqin dediyi yerə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi adlanan yerə gedərək avtomobilə baxmış, avtomobilin xarici görnüşünün normal olduğunu görmüş, amma avtomobili nağd pula ala bilməyəcəyini, pulunun olmadığını bildirərək avtomobili lizing vasitəsi ilə ala biləcəyini bildirmişdir. Daha sonra onlar avtomobili TBC bank olmayan Lizing təşkilatında yoxlatdırmışlar.Orda avtomobildə heç bir qüsur olmadığını ona bildimişlər.Daha sonr o, Rafiqlə öz aralarında sövdələşərək avtomobili 20000 manat qiymətində dəyərləndirərək əlavə üstünə faiz gəlməklə avtomobilin qiyməti 26000 manat, ilkin ödəniş 4000 manat olmaqla qalan 22000 manat pulun hər ay 1000 manat olmaq şərti ilə 22 ay ərzində ödənilməsi şərti ilə razılaşmışlar.O, Rafiqlə bir yerdə Nərimanov rayonunda yerləşən hüquq məsləhətxanasına gedərək avtombilə dair alqı- satqı müqaviləsi bağlanmışdır.O, avtomobilin Rafiqin qardaşı Muradov Fəcaddinin mülkiyyətində olduğunu Rafiqlə sonralar aralarında olan yazışmalardan sonra bilmişdir.Rafiq qardaşı Fəcaddin ilə arasında narazılıq olduğunu ona bildirmişdir.Qardaşı ondan pul tələb edir.Ona satdığı avtomobilin qardaşı ilə şərik olduğunu bildirmişdir.Şifahi razılaşma ondan irəli gəlirdi ki, o, avtomobili heç bir ustaya göstərməmiş, sadəcə Rafiqin sözlərinə görə avtomobilin tək bir kristovinası xarab olduğunu bilmiş ona görə də avtomobil hərəkətdə olarkən avtomobildə silkələnmə və uğultu səsi olmuşdur.O, avtomobili Rafiqdən aldığı gün avtomobilə 4 ədəd təkər almışdır.Daha sonra kristovinanın dəyişmək üçün ustaya getmiş orada məlum olmuşdur ki, cavabdeh ondan qabaq X2 icarəyə vermiş, həmin şəxs avtomobili idarə etmiş, avtomobilə heç bir texniki baxış keçirməmiş, dəyişməli olan detalların hamısı Mercedess Vito CDİ 111 markalı avtomobilin yox, başqa avtomobilin detalları ilə əvəzlənmişdir.Daha sonra avtomobil idarə olunduqca artıq bütün nasazlıqlar üzə çıxmış, avtomobilə ümumilikdə 5280 manat məbləğində pul xərcləmişdir.O, cavabdehə avtomobilin təmirinə xərclənmiş pulunu maşının pulundan çıxmasını bildirsə də cavabdeh ona bildirmişdir ki, maşını əvvvəl icarəyə verdiyi şəxs bu hala salmış və avtomobilin qardaşı ilə şərikli olduğunu və avtomobilin pulundan yalnız 500 manat keçə biləcəyini bildirmişdir.O, cavabdehə avtomobilə xərclədiyi 5280 manat pulu ona verərək avtomobili qaytarmasını, ya da ki, ilkin olaraq ödənməsi nəzərdə tutulmuş 4000 manat pulun ona ödəyə bilməyəcəyini bildirmişdir.Sonradan cavabdeh ona zəng edərək qardaşı ilə şərik olduğunu onun yanında pis vəziyyətdə qaldığını bildirmişdir.O, da humanistlik edərək avtomobilin ona məxsus olmağını düşünüb cavabdehlə sövdələşərək 3000 manat ilkin ödəniş olmaqla 22 ay müddətində hər ay 1000 mana ödəmək şərti ilə 22000 manat pul ödəyəcəyini bildirmişdir. By minvalla o, cavabdehə 4 ay ərzində 4130 manat ödəniş etmişdir.May ayının 20-də cavabdehə ödəniləsi olan pulu üzürlü səbəbdən ödəyə bilməmişdir.Daha sonra o, Rafiqə may ayının 21-də zəng edərək pulu hansı səbəbdən ödəyə bilməyəcəyini bildirmişdir.Cavabdeh ona ilkin ödənişin nə vaxt ödənilməsini soruşaraq qardaşı ilə arasında narazılıq olduğunu və qardaşının ondan pul tələb etdiyini bildirmişdir.O, cavabdehə alacağı pul olduğunu bildirərək pul alan kimi ilkin ödəniş edəcəyini bildirmişdir.Cavabdehin qardaşı Fəcaddin Rafiqi sıxışdıraraq may ayının 28-də avtomobilə verilən etibarnaməni ləğv elətdimişdir.Bundan sonra cavabdeh ondan iyun ayı ərzində 400 manat bir, 200 manat bir olmaqla cəmi 600 manat pul istəmişdir.O da cavabdehin tələb etdiyi 600 manat pulu göndərmişdir.Hazırda avtomasının etibarnaməsi ləğv edilmiş, avtomaşın ondan alınaraq cavabdehlərə verilmişdir.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xahiş edir avtomaşın üçün ödədiyi 4130 manat pul və maşının təmirinə sərf olunmuş 5280 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılsın. Birinci instansiya məhkəməsində cavabdeh X5 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının söylədikləri yalandır. Onlar avtomobili iddiaçıya satarkən iddiaçı servisdə avtomobilə baxış keçirmiş və avtomobilin saz vəziyyətdə olduğunu bildirmişdir. İddiaçı ilə qarşılıqlı razılıq əsasında ilkin ödəniş 4000 manat olmaqla hər ay 1000 manat ödəmək şərti ilə 22 ay ərzində iddiaçı onlara ümumilikdə 26000 manat pul ödəməsini öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı onlara zəng vuraraq avtomobilin kristovinasında problem olduğunu bildirmişdir. Halbuki, iddiaçı özu avtomobili alarkan avtomobilə baxış keçirərək onu yoxlatdırmış və avtomibilin heç bir problemi olmadığını özü də təsdiq etmişdir.Onun avtomobilin saz olmasını təsdiq edən səs yazısı da mövcuddur. Həmin səs yazısı təqdim edilmişdir. İddiaçı avtomobili 6 ay idarə etmiş, yetərincə qazanc əldə etmişdir. Belə olan halda avtomobilin altı ay ərzində yaranan problemlərini də iddiaçı özü qarşılamaladır. İddiaçı onlara cəmi 4130 manat ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Lerik Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(048)-166/2023 nömrəli qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 4130 (dörd min bir yüz otuz) manat və 115 (bir yüz on beş) dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə ödənilmiş 4130 (dörd min bir yüz otuz) manat cavabdehlərdən alınıb iddiaçıya verilməli, iddiaçının maşına çəkdiyi 5280 (beş min iki yüz səksən) manat xərc isə məhkəmədə öz təsdiqini tapmadığından iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh X5 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması olaraq Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərini pozulmuşdur. Belə ki, Cavabdeh1 ona verilmiş Mercedes Vito CDİ 111 markalı ** RB *** dövlət qeydiyyat nömrəli avtomobil vasitəsilə 9000 manatdan artıq pul qazanmışdır ki, həmin pul məbləği onun əlindən çıxmış faydadır, lakin birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini icraata götürməmişdir. İddiaçı hüquq və vəzifələrini vicdanla yerinə yetirməmiş, hərəkət və hərəkətsizliyi ilə hüquqlarından sui-istifadə etmiş, məqsədi ona ziyan vurmaq olmuşdur, nəticədə Mülki Məcəllənin 5.3, 15.2, 425.1, 560.1- 560.2, 560.3.2-ci maddələrinin tələblərini pozmuş, ona kifayət qədər ziyan vurmuşdur. İddiaçı tərəfindən Mülki Məcəllənin 445-ci maddəsinin tələbi pozulmuş – iddiaçı gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıdığı halda ona aylıq ödənişləri etməmişdir. Məhkəmə tərəfindən prosessual hüquq norması olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9,1, 9.3-cü maddələrinin tələbləri pozularaq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün düzgün araşdırma aparmamışdır. Məhkəmə, MPM-nin 14.1, 77.1-ci maddələrinin tələblərini pozaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. MPM-nin 155.2-ci maddəsinin tələbləri pozulmuşdur, Belə ki, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı iclasında əmələ gəldiyindən – iddiaçı avtomobillə qismən də olsa qazanc əldə etdiyini etiraf etdiyindən qarşılıqlı iddia ərizəsini növbəti məhkəmə iclasında təqdim etmiş, lakin məhkəmə geri qaytarmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi MPM-nin 217.1-217.2-ci maddələrinə uyğun olaraq qanuni və əsaslı olmamış, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi MPM-nin 175-ci maddəsinin tələblərini də pozaraq iş üzrə sübutları bilavasitə və düzgün tədqiq etməmiş və tərəflərin izahatlarını düzgün dəyərləndirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək Lerik Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(048)- 166/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Lerik Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(048)-166/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini və iş materialını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız hesab edir və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İstinad edilən Məcəllənin 77.1-ci maddsəinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(048)-166/2023 nömrəli qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş X3 özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384. 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(048)-166/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu X3 özünə aid edilsin. Qətnamədən apellyasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar