Məhkəmə qərarları › İş №2(106)-1338/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1338/2023

07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1338/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Azərbaycan Dəmir Yolları” QSC-nin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(071)-379/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Azərbaycan Dəmir Yolları” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-yə vurulmuş 5692,94 (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində zərərin və 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 19:58 radələrində 701 saylı Gəncə - Bakı marşrutu ilə hərəkət edən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-015 nömrəli sürətli sərnişin qatarı Padar-Qarasu mənzilinin 156-cı km piket 2-də hərəkətdə olarkən iribuynuzlu heyvanların (3 baş inək) dəmir yolunun üzərindən keçməsini görərək maşinist təcili tormozlama etsə də qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş və qatarın ön hissəsinə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində ADY-yə 5692,94 (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 Polis İdarəsi Yevlax Xətt polis şöbəsinin Hacıqabul Xətt polis bölməsində araşdırma aparılmışdır. Hacıqabul Xətt polis bölməsindən ADY-yə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-1315-1-51/292/2023 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixində Gəncə-Bakı marşrutu ilə hərəkətdə olan ADYyə məxsus STADLER EŞ2-015 sürətli elektrik qatarının Padar-Qarasu mənzilinin 156-cı km piket 2-də hadisəyə səbəb olan, iribuynuzlu heyvanların sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əhmədov X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Məlumat üçün bildirirlər ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh tərəfindən ADY-yə vurulmuş5692,94 (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində zərər və 77 (yetmiş yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5769,94 (beş min yeddi yüz altmış doqquz manat doxsan dörd qəpik) manat Cavabdeh tərəfindən ADY-yə ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh izahat verərək bildirmişdir ki, o heyvanları hadisə baş verən günü səhər saat 8-in yarısında çoban Zaur Babayevə təhvil vermişdir. İşdən gələndən sonra saat 19:00-da Zaurun evinə gedib heyvanının harada olduğunu soruşmuşdur. O isə heyvanların hamısını kəndə qədər apardığını demişdir. Sürüdən sadəcə onun heyvanı tələf olmuşdur. O heyvanını çobana etibar etmişdir. Hadisənin əsas səbəbkarı Zaur Babayevdir. Ona görə də həm qatara vurulmuş maddi zərərə, həm də heyvanın tələf olmasına görə o məsuliyyət daşımalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs qismində cəlb olunan X5 izahatında bildirmişdir ki, o, kənd sakinlərinin iri buynuzlu heyvanlarını otarmaqla çobanlıq edir və heyvan sahiblərindən buna görə günlük haqq alır. xx.xx.2022-ci il tarixdə 16:30 radələrində kənd sakinlərinə məxsus iribuynuzlu heyvanların hamısını kəndə qədər gətirmişdir. Heyvanların bəziləri gedəcəkləri evləri tanıdıqlarına görə özləri evə gedirlər. Bəzi heyvanların isə sahibləri hər gün kəndin girişində qabağına çıxır və heyvanını evinə aparır. Cavabdeh məxsus heyvan özü evə getmədiyinə görə bu barədə ona dəfələrlə bildirmiş və hər gün gəlib heyvanını qarşılamasını demişdir. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində bütün heyvanları dəmiryolunu keçirib kəndin girişinə qədər gətirib sonra evinə getmişdir. Təxminən bir saat sonra Cavabdeh onun yaşadığı evə gələrək heyvanının gəlmədiyini bildirmiş, o isə Cavabdeh bütün heyvanları kəndə gətirdiyini demişdir. Bundan təxminən bir neçə saat sonra məlum olmuşdur ki, həmin gün axşam saat 8 radələrində Cavabdeh məxsus heyvanı qatar vurmuşdur. Baş vermiş hadisəyə görə o məsuliyyət daşımır. Çünki, bir qayda olaraq kənd sakinləri ilə razılaşmışlar ki, heyvanları otardıqdan sonra kəndin girişinə qədər onları gətirəcəkdir. Hər bir heyvanı ayrılıqda yaşadığı evə aparmalı deyil. Həmin ərazilər yaşıllıq olduğuna görə ola bilsin heyvan otlaya otlaya dəmir yolunun kənarına gəlmiş və qatar onu vurmuşdur. Odur ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Hacıqabul Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(071)-379/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5692,94 manat (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77 (yetmiş yeddi) manat pulun alınaraq "Azərbaycan Dəmir Yollan” QSC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmırlar. Cavabdeh heyvanları hadisə baş verən gün səhər saat 8-in yarısında çoban Zaur Babayevə təhvil vermişdir. İşdən gələndən sonra saat 19:00-da Zaurun evinə gedib heyvanının harada olduğunu soruşmuşdur. O isə heyvanların hamısını kəndə qədər apardığını demişdir. Sürüdən sadəcə onun heyvanı tələf olmuşdur. Cavabdeh heyvanını çobana etibar etmişdir. Hadisənin əsas səbəbkarı Zaur Babayevdir. Ona görə də həm qatara vurulmuş maddi zərərə, həm də heyvanın tələf olmasına görə o məsuliyyət daşımalıdır. Lakin işə baxan məhkəmə əsassız olaraq cavabdehdən pul vəsaiti tutmuşdur. Hesab edir ki, iş üzrə əsas cavabdeh o, deyildir. Bundan əlavə məhkəmə qərar qəbul edərkən iş materiallarında olan foto şəkillərə və “Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatına əsaslanmışdır. Həmin məlumatda qeyd olunub ki, EŞ2-015 nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. Məhkəmənin gəldiyi nəticə tam olaraq əsassızdır. Belə ki, foto şəkillər və “Azərbaycan DəmirYolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E .Muradovunxx.xx.2022-ci il tarixli məlumatına əsasən dəymiş ziyan müəyyən oluna bilməz. Çünki həmin şəxs iş üzrə maraqlı şəxsdir və onun təqdim etdiyi məlumat mötəbər sübut qəbul oluna bilməz. Lakin məhkəmə həmin məlumatı mötəbər sübut kimi qəbul etmişdir. Belə çıxır ki, həmin şəxs hansı məbləği qeyd etsəydi, məhkəmə də həmin məbləği təmin edəcəkdir? İddiaçı tərəf qeyd edir ki, qatarın buferi dəyişdirilib. Ümumiyyətə qatarın buferinin dəyişdirilməsinə ehtiyac vardırmı? Əgər varıydısa o zaman həmin buferi hardan və hansı qiymətə almaları ilə bağlı rəsmi qəbzi iddiaçı tərəf məhkəməyə təqdim etməli idi. Məhkəmə bu halları araşdırmadan özünün qulluq mövqeyinə əsasən qərar qəbul edib ki, bu da qanunsuz və əsassızdır. Çünki məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Hesab edir ki, məhkəmə ən az iş üzrə ekspertiza təyin edə və dəymiş real zərəri müəyyən edə bilərdi. Əslində həmin sübutu iddiaçı tərəf məhkəməyə vaxtında təqdim etməli idi. Hesab edirəm ki, işə apellyasiya məhkəməsində baxılarkən bütün bunlar nəzərə alınmalı və iş üzrə ekspertiza təyin olunmalıdır. Çünki iddiaçının tələb etdiyi olunmalıdır. Çünki iddiaçının tələb etdiyi məbləğ ağılabatan deyil. İddiaçının məqsədi hüquqdan sui-istifadə edərək əsassız olaraq varlanmaqdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə izahatında qeyd etmişdir ki, cavabdehin təqsiri ucbatından zərər dəymiş qatarın ehtiyyat hissələri Azərbaycan yoxdur və onların satışı həyata keçirilmir. STADLER EŞ2-015 nömrəli sürətli sərnişin qatarı İsveçrə istehsalıdır. Bildirmişdir ki, həmin qatarın zədələnmiş hissəsini öz imkanları hesabına təmir etdirmişlər. Ziyanın məbləği də, həmin təmir xərclərinə görə müəyyən olunmuşdur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam olaraq apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, adhüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İş materiallarında olan inzibati xəta haqqında 28 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə özünə məxsus bir baş iri buynuzlu inəyi Padar-Qarasu mənzilində qatarın qaranlıq olduğu vaxtı dəmir yolu xəttinə buraxmışdır. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan foto şəkillərdən və "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun 15.11 2022-ci il tarixli məlumatından görünür ki, EŞ2- 015 nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. İş materiallarında olan Cavabdeh Hacıqabul st.XPB-də verdiyi izahatdan görünür ki, onun şəxsi təsərrüfatında 4 baş iri buynuzlu heyvanı vardır. Həmin heyvanları hər gün otarılması üçün naxıra göndərir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında ona məxsus bir baş inək kəndin kənarında dəmir yol xəttinin keçərkən qatar vurmuşdur. Bildirir ki, həmin hadisə onların səhlənkarlığından baş vermişdir. Səhvini başa düşür və bir daha belə hallara yol verməyəcək. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın və apellyasiya şikayətinin dəlillərinin əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş STADLER EŞ2-015 nömrəli sürətli sərnişin qatarının yararsız vəziyyətdə olmasını, həmin qatarın yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfin izahatı ilə yanaşı, həmçinin təqdim olunmuş sübutlara da əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edildi ki, cavabdehin baş verən hadisədə təqsirli olduğunu sübut edən məhkəmənin qanuni qüvvəyə minmiş inzibati xəta haqqında protokolu mövcuddur və həmin qərarda müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, cavabdehin təqsiri nəticəsində baş vermiş hadisə nəticəsində iddiaçının mülkiyyətində olan STADLER EŞ2-015 nömrəli sürətli sərnişin qatarına ziyan dəyməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2(071)-379/2023 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar