Məhkəmə qərarları › İş №2(106)-1338/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1338/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1338/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X8 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iş üzrə İmişli Rayon Məhkəməsinin 2 iyul 2025-ci il tarixli 2(036)-2165/2025 saylı qərardadından (hakim O.Mahmud) iddiaçı tərəfindən verilən şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, anası (xx.xx.2021-ci il tarixdə vəfat etmiş) X2 borc aldığı, öz etirazı ilə (borcun etiraf müqaviləsi əsasında) ödəmədiyi 7850 manat borc pulun, bu müddət ərzində həmin borca götürülmüş pul vəsaiti ilə 3%-ə hər hansı bir bank hesabına oturulsaydı, hər ilə 235,50 manat olmaqla 9 ilə 2119,50 manat vurduğu mənəvi ziyana görə, ümumilikdə 9969,50 manat məbləğində pulun valideynlərinin vərəsəsi olduğu üçün cavabdehdən tutularaq xeyrinə ödənilməsi və məhkəməyə ödədiyi dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh 2016-cı ilin oktyabr ayında X1ndan 8850 manat borc pulu qısa müddət ərzində qaytarmaq şərti ilə götürmüşdür. Aldığı borc pulu qaytarmadığı üçun 10 fevral 2017-ci il tarixdə İmişli rayon 2 saylı notariat kontorunda həmin borc pul tərəflərin iştirakı ilə rəsmləşdirilmiş, reyestrdə 3M-13 nömrəli qeyd ilə borcun etiraf müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh X2 8850 manat borc aldığını etiraf etmiş və borcu 10 fevral 2017-ci ildən 10 fevral 2021-ci ilə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh notariat ofisində bağlanmış borcun etirafı müqaviləsini verilmiş müddətə könüllü təmin etmədiyi üçün İmişli rayon 2 saylı notariat kontoru tərəfindən icra qeydi verilmiş və icrası təmin edilməsi üçün cavabdehin yaşayış yeri üzrə İmişli rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədi İmişli rayon İcra şöbəsinin icraatına qəbul edilmiş, şöbə tərəfindən 10 yanvar 2018-ci il tarixdə icraata başlanılmışdır. İcra şöbəsi tərəfindən ilk vaxtlar qanuna müvafiq icra tədbirləri görülməsinə baxmayaraq, sonradan hansısa səbəbdən işə səthi yanaşmış və ödənilməli olan pul vəsaitinin Cavabdeh məcburi qaydada ödətdirilməsini təmin etməmişdir. Yalnız Cavabdeh İmişli rayon İcra şöbəsinə İmişli RPŞ-nin əməkdaşları tərəfindən məcburi qaydada gətirildikdən sonra cavabdehin icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 18 noyabr 2019-cu il tarixli 3(036)-615/2019 saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Həmin müddət ərzində cavabdeh 8850 manat ödənilməli olan borc pul vəsaitindən cəmi 2019-cu ilə yalnız 1000 (min) manat ödəmişdir. O müddətdən bu günə qədər daha heç bir ödəniş edilməmişdir. X1 7 yanvar 2021-ci il tarixdə qəfildən vəfat etmişdir. Sonradan atam X3 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı müvafiq orqana müraciət etmiş və 1 mart 2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. İcra sənədinin icrası ilə bağlı atası dəfələrlə İmişli rayon İcra şöbəsinə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Sonradan İmişli rayon icra şöbəsindən bildirilmişdir ki, pul tələbi notariat kontorunun icra qeyd olduğu üçün cavabdeh şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi qeyri mümkündür. Ona görə də mülki qaydada məhkəməyə müraciət edib, məhkəmə qətnaməsi alınmalıdır. 13 sentyabr 2024-cü il tarixdə atası X3 dünyasın dəyişmişdir. Adına atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Hal-hazırda dünyasını dəyişmiş valideynlərinin qanun üzrə vərəsəsi olduğu üçün, İmişli rayon İcra şöbənin icraatında olan İmişli rayon 2 saylı notariat kontoru tərəfindən reyestrdə 3M-13 nömrəli qeyd ilə 10 fevral 2017-ci il tarixdə qeydə alınmış borcun etirafı müqaviləsi üzrə Cavabdeh X1na ödənilməli olan, bu günə qədər ödətdirilməmiş 7850 (yeddi min səkkiz yüz əlli) manat borc pulun xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini istəyir. İmişli Rayon Məhkəməsinin 2 iyul 2025-ci il tarixli 2(036)-2165/2025 saylı qərardadı ilə Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinadla ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv olunmasını, iddiasına mahiyyəti üzrə baxılıb həll edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə müəyyən etmişdir ki, ödənilməsini tələb etdiyi pul vəsaiti onun mərhum anası tərəfindən cavabdehə verilmiş borcdur. Borcun qaytarılması məqsədilə İmişli rayonu 2 saylı notariat kontoru tərəfindən 7 yanvar 2018-ci il tarixdə icra qeydi qəbul edilib İmişli rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydi üzrə cavabdeh barədə məcburi icra tədbirlərinin görülməsi mümkün olmadığı üçün, məcburiyyət qarşısında qalıb məhkəmə qaydasında qətnamə üzrə borcun tələb olunmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2 iyul 2025-ci il tarixli 2(036)-2165/2025 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Məhkəməyə müraciət hüququ mütləq hüquq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də iddia ərizəsinin qəbul edilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. Bu məhdudiyyətlər qanunda nəzərdə tutulduğu, eləcə də legitim məqsəd daşıdığı (məhkəmənin təyinatından artıq işlərlə yüklənməsinin qarşısının alınması) üçün məhkəməyə müraciət hüququnun pozulması kimi qəbul edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun : 6.1.1, 6.1.4-cü maddələrinə əsasən məhkəmə qərarları əsasında verilən icra vərəqələri, notariusun icra qeydləri icra sənədi sayılırlar; 20.1.3-cü maddəsinə əsasən icra sənədi üzrə icraata tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarı əsasında çıxarılmış icra sənədi ilə eyni statusda olan icra qeydinin artıq verilməsi, icra qeydinin mübahisələndirilməməsi və qüvvədə olması, həmin borcun etirafı müqaviləsi üzrə mübahisəyə yenidən baxılmasını istisna etdiyindən, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, prosessual hüquq normasının tətbiqində səhvə yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Beləliklə müəyyən olunur ki, prosessual qanunvercilikdə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2 iyul 2025-ci il tarixli 2(036)-2165/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar