Məhkəmə qərarları › İş №2(106)-1339/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1339/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1339/2024 22.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: pul tələbi, əsassız varlanma. X18 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(055)-242/2024 saylı qətnaməsindən (hakim Mirlətif Sadıqov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 6300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 6400 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və ailə üzvlərinin mülkiyyətinə Saatlı rayonu Qara Nuru kəndi ərazisindən 0,22 hektar həyətyanı torpaq sahəsi verilmişdir. X2 həmin torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini sonralar Cavabdeh, Cavabdeh isə 2005-ci ilin sentyabr ayında "9 paçka şirvan” müqabilində ona satmışdır. Həmin vaxtdan bu günə kimi həyətyanı torpaq sahəsindən və üzərində olan evdən öz mülkiyyəti kimi istifadə etmişdir. Lakin 2023-cü ildə X2 ona qarşı torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən qanunsuz istifadənin dayandırılaraq çıxarılması tələbinə dair iddia qaldırmış və iddiası Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsinə əsasən təmin edilmişdir. Cavabdeh aldığı həyətyanı torpaq sahəsindən və üzərində olan evdən məhrum olduğundan bu barədə Cavabdeh məlumat vermiş və pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh ona ona 1800-2000 manat pul verə biləcəyini bildirmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet saytından əldə edilmiş məlumata əsasən 2023-cü ilin noyabr ayında 2005-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 351 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 3,5 dəfə artmışdır. Bu da o dəməkdir ki, 2005-ci ildə "9 paçka şirvan” (9000000 AZM), yəni hazırkı manatla 1800 AZN istehlak qiymətlərinə nisbətən 2023-cü ildə 3,5 dəfə artaraq (1800 azn x 3,5) 6300 manat olmuşdur. Ona görə də hazırda Cavabdeh 6300 manat pul tələb edir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,22 hektar həyətyanı torpaq sahəsini Səbinə Alməmmədovanın mərhum əri Kamal xəstə olduğundan sonuncular satmaq qərarına gəlmişlər. Həmin vaxt mərhum anası Güldəstə həmin torpaq sahəsini və fərdi yaşayış evini almağı məsləhət gördüyü üçün təxminən 1997-1998-ci illərdə Səbinə Alməmmədova və ailə üzvlərinə şifahi alqı-satqı əsasında "15 paçka şirvan” verib torpaq sahəsini və fərdi yaşayış evini almış, 2005-2006-cı illərdə şifahi alqı-satqı əsasında "9 paçka şirvan” müqabilində deyil, təxminən 2000 manat müqabilində iddiaçıya satmışdır. İddiaçının hazırki tələbi ilə razı deyil. Çünki qeyd etdiyi kimi torpaq sahəsi "9 paçka şirvan” müqabilində satılmamışdır. Səbinə Aməmmədovanın mülki iddiası üzrə işə Saatlı Rayon Məhkəməsində işə baxılarkən sonuncu iddiadan imtina etsin deyə yalandan torpaq sahəsini "9 paçka şirvan” müqabilində hazırkı iddiaçılara satdığını bildirmişdir. Hazırda torpaq sahəsinə görə iddiaçıya 2000 manat ödməyə razıdır. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(055)-242/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 6300 manat məbləğində pul və ödənilmiş 100 manat dövlət rüsumu, cəmi 6400 (altı min dörd yüz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ona qarşı 6400 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddianı tamamilə təmin etmişdir. Məlumat üçün bildirir ki, o, X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.22 hektar həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini 15 paçka şirvan verib almışdır. Faktiki isə torpaq sahəsi 0.28 hektar olmuşdur. 2005-2006-cı illərdə həmin evi və torpaq sahəsini təxminən 2000 manat müqabilində İddiaçı satmışdır. Səlim də ondan aldığı 0.28 hektar torpaq sahəsindən 0.10 hektarını 1000 manata Maqsud Rəhimova satmışdır. Səlim ondan aldığı 0.28 hektar torpaq sahəsini ona qaytarsın, o da ondan aldığı təxminən 2000 manat pulu Səlimə qaytarsın. İddiaçı ilə mənim aramda olan əqd etibarsızdır. Tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni, İddiaçı ondan aldığını ona qaytardığdan sonra o də ondan aldığı pulu ona qaytarmalıdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh və onun vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, o iddiaçıya satmış olduğu torpaq sahəsini Səbinə Allahverdiyevadan almışdır. Belə ki, 2005-ci ildə Səbinəyə onun ərinin müalicəsi üçün borc pul vermiş, Səbinə borcunu qaytara bilmədiyindən qeyd edilən 0.22 ha torpaq sahəsini borcu qarşılığında ona vermişdir. O da həmin torpaq sahəsini “9 paçka şirvan” müqabilində iddiaçı Səlimə satmışdır. “9 paçka şirvan” həmin dövrdə 1800 manat edirdi. Hazırda 1800 manat pulu iddiaçıya qaytarmağa razıdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Cavabdehlərə münasibətdə tələb bölünməz tələb olduğundan, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə baxışı zamanı şahid X10 ifadəsində göstərdi ki, iddiaçı həyat yoldaşıdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN- 523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayonu Qara Nuru kəndi ərazisində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini Cavabdeh 2005-ci ilin sentyabr ayında "9 paçka şirvan” müqabilində onlara satmışdır. Alqı-satqı prosesində şəxsən iştirak etmişdir. İşdə olan JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi X9, X2, X5 və X3 mülkiyyətinə verilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X9, X2, X5 və Mahmudova(Alməmmədova) Züleyxa Kamal qızının ümumi birgə mülkiyyətinə verilmiş, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.22 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər İddiaçı, X10 və onların ailə üzvlərinin qanunsuz istifadələrinin dayandırılaraq çıxarılmaları qət edilmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)-805/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh izahatında mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evini 2005-2006-cı illərdə şifahi alqı-satqı əsasında "9 paçka şirvan” müqabilində iddiaçıya satdığını etiraf etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid X10 ifadəsində göstərmişdir ki, iddiaçı həyat yoldaşıdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayonu Qara Nuru kəndi ərazisində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini Cavabdeh 2005-ci ilin sentyabr ayında "9 paçka şirvan” müqabilində onlara satmışdır. Alqı-satqı prosesində şəxsən iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid X6 ifadəsində göstərmişdir ki, iddiaçı doğma qardaşıdır. Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayonu Qara Nuru kəndi ərazisində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsi sahəsini və üzərində olan fərdi yaşayış evini Cavabdeh 2005-ci ilin sentyabr ayında "9 paçka şirvan” müqabilində qardaşı Səlimə satmışdır. Alqı-satqı prosesində şəxsən iştirak etmişdir. Pul Sakitin evində sonuncuya təqdim edilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Cavabdeh Saatlı rayon X8 03 may 2002-ci il tarixli 02 saylı qərarı ilə JN-523A, KOD 90806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Saatlı rayonu Qara Nuru kəndi ərazisindən 0,22 hektar həyətyanı torpaq sahəsini 2005-ci ilin sentyabr ayında "9 paçka şirvan” müqabilində, yəni hazırkı məzənnə ilə 6300 manata iddiaçıya satmışdır. Lakin torpaq mülkiyyətçisi olan X2 hazırki iddiaçıya qarşı torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən qanunsuz istifadənin dayandırılaraq çıxarılma tələbinə dair iddia qaldırmış və həmin iddia Saatlı Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(055)- 805/2023 saylı qətnaməsinə əsasən təmin edilmişdir. İddiaçı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin alınmasına görə verdiyi və indiki məzənnə ilə 6300 manat məbləğində pulu cavabdehdən tələb etsə də, nəticə olmadığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin diqqətə çatdırmışdır ki, 2005-ci ildən sonra Azərbaycan manatının alıcılıq dəyəri müəyyən dəyişikliyə uğramış, infilyasiya və digər iqtisadi təsirlərə məruz qalmışdır. İş materiallarından olan Dövlət Statistika Komitəsindən infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi haqqında məlumatdan görünür ki, 2023-cü ilin noyabr ayında 2005-ci ilin oktyabr ayına nisbətən istehlak qiymətləri indeksi 351 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 3,5 dəfə artmışdır. Beləliklə, qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 6300 manat məbləğində pulu əsassız varlanma qaydalarına uyğun olaraq tələb etməkdə haqlıdır. Cavabdeh X11 məhkəmə baxışı zamanı verdiyi izahatında mübahisə predmeti olan torpaq sahəsini 2005-2006-cı illərdə şifahi alqı-satqı əsasında "9 paçka şirvan” müqabilində deyil, təxminən 2000 manat müqabilində iddiaçıya satdığını və Səbinə Aməmmədovanın mülki iddiası üzrə işə baxılarkən sonuncu iddiadan imtina etsin deyə yalandan torpaq sahəsini "9 paçka şirvan” müqabilində hazırkı iddiaçılara satdığını bildirdiyini göstərsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan hissədə sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmə cavabdehin izahatında göstərdiyi xüsusatları tələbdən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Cavabdeh qətnamədən şikayət vermiş, şikayətində əqdin etibarsız olduğunu, iddianın əsassız olduğunu qeyd etsə də, şikayətinə müvafiq sübutlarını əlavə etməmiş, tələblərini əsaslandırmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan çoxdur, buna görə də, hazırkı qətnamədən qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmuşdur. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(055)-242/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar