Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1343/2024 21.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(056)-975/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş 21 oktyabr 2018-ci il təvəllüdlü X6 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09 fevral 2018-ci ildə rəsmi nikah münasibətlərinə girərək evlənmiş və Salyan rayon Qeydiyyat şöbəsində 31 saylı nikah akt qeydi ilə qeyd etdirərək rəsmiləşdirmişlər. Birgə nikah dövründə 21 oktyabr 2018-ci ildə X6 adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsinə əsasən nikahın pozulması, uşağın anasının himayəsində saxlanılması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh 150 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Son illərdə gedən inflyasiya nəticəsində göstərilən məbləğlə uşağı saxlamaq qeyri-mümkündür. Hazırda uşaq böyüyür, iddiaçı isə uşağın ehtiyaclarını ödəyə bilmir və heç bir yerdə işləmədiyinə görə uşağın saxlanılmasında çox çətinlik çəkir. Cavabdeh isə əlavə heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)- 698/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını istəyir. Sabirabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(056)-975/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(056)-975/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsi qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci və 112.1-ci maddələrinin tələblərini birinci instansiya məhkəməsi pozaraq tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almamış, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutmamışdır. Halbuki, Sabirabad Rayon Məhkəməsinin 30 aprel 2024cü il tarixli, 2(056)-975/2024 saylı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indiki vəziyyətdə 21 oktyabr 2018-ci il təvəllüdlü X1 üçün yetərli olmadığını, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşağın həmin vaxt onun tələbatının da hazırkı tələbatından olduqca aşağı olduğunu, uşağın böyüdükcə geyinməyə, yeməyə və maddi tələbatının artırılmasının zəruri olduğunu, hal-hazırda uşağın məktəbəqədər hazırlıqda təhsil almasını, hazırkı bazar iqtisadiyyatı şəraitində olduqca azlıq təşkil etdiyini, digər tərəfdən cavabdehin maddi durumunun yaxşı olmasını və aliment ödəməyə imkanının olduğunu nəzərə almamışdır. Bundan başqa, iddiaçı cavabdehdən ayrılıb valideynlərinin evinə gəldikdən sonra cavabdeh alimetdən başqa uşağına heç bir maddi yardım göstərməmişdir. İddiaçı işləmədiyi üçün xəstə uşağın saxlanmasında çətinlik çəkir. İddiaçının və uşağının bütün maddi təminatlarını onun valideynləri qarşılayır. Hal-hazırda uşaq iddiaçının himayəsindədir və xəstə olduğundan mütəmadi müalicə olunur. Uşağı müalicə və müayinə üçün “Uşaq nevrologiya və neyrometabolizma mərkəzi”nə mütəmadi aparır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi göstərilən maddi hüquq normalarının tələblərini pozaraq valideynlərin və uşaqların ailə və maddi vəziyyətini, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını və uşaqların saxlanması üçün yaranmış xərclərin ödənilməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 76-cı maddəsinin tələblərini pozaraq təqdim etdiyi sübutları nəzərə almamış və sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Birgə nikahdan doğulmuş 21 oktyabr 2018-ci il təvəllüdlü X3 bütün xərclərinin iddiaçı tərəfindən qarşılanması hallarını, uşağın xəstə olmasını, mütəmadi müayinə və müalicə olunmasını, həmçinin iddiaçının qadın olmasını və aliment miqdarının az olmasını məhkəmə aydınlaşdırmamışdır. Uşağın bütün xərclərini iddiaçı ödəyir, cavabdeh isə 150 manat alimentdən başqa heç bir yardım göstərmir. Məhkəmə iddia tələbini rədd edərkən uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almadan düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı çıxış edərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, cavabdehlə birgə nikahından doğulmuş 21 oktyabr 2018-ci il təvəllüdlü Mircəfər Abdullayevin xəstəliyi mövcuddur və mütəmadi olaraq müalicəyə ehtiyacı var. Bununla yanaşı, uşaq böyüdükcə onun saxlanılması üçün xərclər də artır və uşağın saxlanılması üçün zəruri olan şeylərin qiymətlərində də artım mövcuddur. Bütün bu xərcləri cavabdehin ödədiyi 150 manat alimentlə çatdırıb ödəyə bilmir. Sabirabad Rayon Məhkəməsi isə bu halları nəzərə almadan iddiasını təmin etməmişdir. Heç olmasa, məhkəmə uşağın saxlanılması üçün aliment məbləğini artıraraq 200 manat etsəydi, yaxşı olardı. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, "xxxx" MMC-də işləyir və əmək haqqı məbləği 345 manat təşkil edir. Onun kartına hər ay köçən məbləğ isə 320 manatdır. Onun başqa hər hansı bir gəliri yoxdur. O, uşağının saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Lakin hər ay maksimum 180 manat aliment ödəməyə imkanı çatar. Odur ki, iş üzrə ədalətli qərarın qəbul edilməsini xahiş edir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İşdəki AZ-İV 189439 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 oktyabr 2018-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası X5r. İşdə surəti olan Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)- 698/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X7 ilə Cavabdeh arasında 09 fevral 2018-ci il tarixdə 31 saylı Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş nikahın pozulması, 21 oktyabr 2018-ci il təvəllüdlü X3 anası X4 yanında qalması, 21 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh 28 fevral 2022-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq X4 xeyrinə verilməsi qət edilmişdir. İşdəki AZ-İ 425421 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 nikahı Salyan Rayon Məhkəməsinin 17 may 2022ci il tarixli qətnaməsinə əsasən pozulmuş, 21 iyun 2022-ci ildə nikaha xitam verilmişdir. Nikah pozulduqdan sonra ərə Abdullayev, arvada Rəhimli soyadı verilmişdir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzinin 11 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 25 aprel 2019-cu il tarixindən "xxxx" MMC-də Salyan rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. Cavabdeh aylıq əmək haqqı 345 manatdır. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 1439 nömrəli, 05 dekabr 2023-cü il tarixli arayışından görünür ki, 21 oktyabr 2018-ci il təvəllüdlü X2 RPX-nin 05 dekabr 2023-cü ildə Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş, onda yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları müşahidə olunmuşdur. Ona ambulator müalicə və kənar şəxsin nəzarəti zəruridir. İşdəki Cavabdeh barəsində məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanması nəticəsində müəyyən olunmuşdur ki, o, "xxxx" MMC-də sosial işçi (ictimai işlər) vəzifəsində çalışır və aylıq əmək haqqı 345 manat təşkil edir. Eyni zamanda, onun ümumi birgə mülkiyyətində Salyan rayonu, Seyidsadıxlı kəndində yerləşən 0,1483 ha əkin torpaq sahəsi mövcuddur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh 09 fevral 2018-ci ildə nikaha daxil olmuş, onların birgə nikahından 21 oktyabr 2018-ci ildə X6 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin nikahının pozulması, 21 oktyabr 2018-ci il təvəllüdlü X3 anasının (iddiaçının) yanında qalması, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün atasından (cavabdehdən) 28 fevral 2022-ci il tarixdən başlayaraq, hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Həmin aliment məbləğinin uşağın saxlanılmasına kifayət etmədiyini bildirən iddiaçı “alimentin artırılması tələbinə dair” hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 17 may 2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş 21 oktyabr 2018-ci il təvəllüdlü X6 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsi 30 aprel 2024-cü il tarixli, 2(056)-975/2024 saylı qətnamə ilə iddia tələbini rədd etmiş, öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarının artırılmasını tələb etsə də, qətnamənin qəbul edildiyi zamandan bugünə kimi keçən müddət ərzində cavabdehin maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübuta istinad edə bilməmiş və məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Lakin birinci instansiya məhkəməsi bu zaman maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işin müəyyən edilmiş hallarına əsasən yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, qanunvericilik alimentin miqdarının dəyişdirilməsi üçün yalnız cavabdehin ailə və maddi vəziyyətində dəyişikliyin olmasını deyil, tərəflərdən hər hansı birinin ailə və maddi vəziyyətində dəyişikliyin olmasını şərt kimi müəyyən etmiş, lakin birinci instansiya məhkəməsi həmin normanı düzgün tətbiq etməyərək, iddiaçının və uşağın mənafelərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. İş materialları və tərəflərin bildirdikləri ilə həmçinin o da müəyyən edilir ki, iddiaçı heç bir yerdə işləmir. Cavabdeh isə "xxxx" MMC-də sosial işçi olaraq çalışır və aylıq əmək haqqı məbləği 345 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2 və 112.1-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi uşağın böyüməsinə görə maddi xərclərinin artması və bununla da onun maddi vəziyyətinin ağırlaşması, onun xəstəliyinə görə mütəmadi olaraq müayinə və müalicə olunmalı olması, müəyyən edilmiş aliment məbləğinin isə artıq uşağın tələbatlarını ödəmək üçün kifayət etməməsinə dair dəlilini əsaslı hesab edir. Qeyd edilən hallar və uşağın böyüdükcə xərclərinin artması aliment məbləğinin artırılması üçün əsas hesab edilir. Məhkəmə kollegiyası uşağın maddi tələbatlarının artmasını onun himayəsində olduğu iddiaçının maddi vəziyyətinə təsir etməsi kimi qiymətləndirir və bildirir ki, bu cür təsir səbəbindən aliment məbləğinin dəyişdirilməyəcəyi halda uşağın üstün mənafeləri pozulmuş olacaq və onun minimum tələbatlarının ödənilməsinə imkan verməyəcəkdir. Lakin aliment məbləği yalnız iddiaçının deyil, həm də cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq halları nəzərə alınmaqla müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Hazırkı iş üzrə cavabdehin 345 manat əmək haqqı alması, həmin məbləğdən alimentin ödənilməsindən sonra onun gəlirlərinin özünü saxlaması üçün minimum tələbatını ödəyə bilməsi, eləcə də, cavabdehin ümumi birgə mülkiyyətində əkin torpaq sahəsinin olması halları nəzərə alınmalı, iddia tələbi qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, 21 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Bu zaman həm də nəzərə alınmalıdır ki, uşağın saxlanılması yalnız cavabdehin deyil, valideynlərin ümumi vəzifəsidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək bildirir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(056)-975/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 21 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməli, artırılmış alimentin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz və o, çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(056)-975/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(057)-698/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 21 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1343/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1343/2024
21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver