Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1345/2025 03.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-905/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3410 (üç min dörd yüz on) manat pul və 55 (əlli beş) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək göstərmişdir ki, qeydiyyatda olduğu ünvanda yaşamır. İddaçı ilə aralarında borc mübahisəsi yoxdur. Təqdim etdiyi səs yazısını isə qanunsuz hesab edir, çünki onun xəbəri olmadan yazılıb. İşə istirakı olmadan baxıb iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İddia ərizəsinə əsasən iddiaçı hazırda Cəlilabad rayonunun Sabirabad kəndində yaşayır. Cavabdehlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2023-cü ilin aprel ayında cavabdeh ona zəng vuraraq icra işi ilə bağlı “Aqrolizinq”ə 7 min manat borcu olduğunu və həmin pulun ödənilməli olduğunu bilirmişdir. O da cavabdehə həmin borcu tam yox, hissəhissə ödəyə biləcəyini bildirmişdir. Həmin vaxtdan başlayaraq hissə-hissə 5660 manat icra işi ilə bağlı Orxana pul vermişdir. Sonradan o bilmişdir ki, Orxan həmin pulu öz ehtiyacları üçün istifadə edərək “Aqrolizinq”ə ödəniş etməyib. Orxan həmin 5660 manat puldan ona 2250 manat qaytarmış, qalan 3410 manat pulu bu günə kimi yalan vədlər verərək qaytarmayıb. O, həmin pulları Orxana ayrı-ayrı vaxtlarda oğlu Nurqələm və tanışı Səxavətin yanında vermişdir. Bundan başqa, hadisəni əks etdirən Orxanla olan telefon danışıqları da var. Həmin pulu qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə bəhanələr gətirərək borcunu qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, cavabdeh icra məmuru işləyirdi. İcra vərəqəsi ilə bağlı özü ona zəng etmiş və borcun bağlanılması üçün ona ödənişlər etməli olmasını demişdir. O da Orxana inanaraq müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla pul vermişdir. Sonradan bilmişdir ki, cavabdeh onu aldadır və icra vərəqəsi üzrə ödəniş etmir. Hazırda cavabdehin barəsində prokurorluğa da şikayət etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddia ərizəsinə cavab olaraq qeyd etmək istəyir ki, onun iddaçıya heç bir borcu yoxdur, bundan əlavə, qeyd etdiyi səs yazısı isə onun icazəsi və xəbəri olmadan yazıldığı üçün sübut kimi qəbul edilməsi qanunvericiliyə ziddir. Əlavə olaraq, iddia ərizəsində adları qeyd olunan şəxsləri tanımır, onlar da onu tanımır, heç vaxt da heç bir məkanda bir araya gələməmişlər. İddianın təmin olunmamasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-905/2025 nömrəli qətnaməsi ilə (Hakim: Osman Vəliyev) iddia təmin edilmiş, Cavabdeh 3410 (üç min dörd yüz on) manat pul və 55 (əlli beş) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək bildirmişdir ki, iddiaçı öz ərizəsində göstərdiyi xüsusatları sübut etməmiş, məhkəmənin qətnaməsi mötəbər sübuta əsaslanmamışdır. Belə ki, iddiaçı ilə aralarında hər hansı bir borc mübahisəsi olmamış, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazısı isə qanunazidd olduğu üçün sübut əhəmiyyəti yoxdur. İş üzrə ifadə vermiş şahidləri tanımır, onlarla hər hansı bir məkanda bir araya gəlməmişdir, həmin şəxslər onun əleyhinə yanlış ifadələr verməklə onu pis vəziyyətə salmışlar. Məhkəmə işin hallarına uyğun olmayan, hərtərəfli və obyektiv araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Bu səbəbdən də apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-905/2025 nömrəli qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəməyə ərizə ünvanlyaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətlərinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-905/2025 nömrəli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisnaq olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-905/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış Şahid1 göstərmişdir ki, iddiaçı onun (şahidin) atasıdır. İşləri icraya verildikdən sonra Orxanın yanına gəliblər, Orxan onlardan 968 manat pul istəmiş, onlar da gətirib vermişlər. İddiaçı Orxana sonradan onun (şahidin) yanında 698 manat və 750 manat pul da verib. Pulu verdikləri vaxt Orxan icra məmuru işləyirdi. Hissə-hissə bir az pul qaytarıb. İddiaçının verdiyi və cavabdehin qaytardığı pulun məbləğini dəqiq bilmir. İddiaçının vəsatəti əsasında şahid qismində ifadəsi alınmış Şahid2 da verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun iş yoldaşı olmuşdur. İddiaçı ona (şahidə) deyib ki, “gedək mənimlə adam var ona pul verəcəm”. Onlar da bir yerdə getmişlər, iddiaçı pulu sayıb cababdehə vermişdir. Həmin adamın cavabdeh Orxan olduğunu bilir. Lakin iddiaçının nə qədər pul verdiyini, cavabdehin nə qədər qaytardığını dəqiq bilmir. Cavabdeh onlara neçə dəfə deyib ki, buralardayam, gəlin pulu qaytarım, lakin gedib onu (cavabdehi) tapmamışlar. 2 il olar ki, iddiaçı cavabdehə pul verib. Həmçinin iş materiallarına əlavə olunmuş 1 ədəd DVD diskdəki yazışmalardan və zənglərdən görünür ki, tərəflər 2024-cü il ərzində müxtəlif vaxtlarda bir-birilərinə səsli və mətnli mesajlar göndərməklə və zəng vasitəsilə danışaraq aralarında olan borca görə əlaqə saxlayıblar. İddiaçı cavabdehə 5660 manat borcunun olduğunu, həmin puldan 1895 manatın ödənildiyini bildirir və qalıq borcun qaytarılmasını tələb edir. Cavabdeh isə iddiaçıya borclu olduğunu etiraf edir və borcu qaytaracağını öhdəsinə götürür, bu barədə bir neçə dəfə vəd verərək yerinə yetirmir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçının əmlakını ələ keçirmiş və iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. Varlanmış əmlak – pulun məbləğinin isə iddia ərizəsində göstərildiyi miqdarda olmasını məhkəmə həqiqi hesab etmişdir. Belə ki, tədqiq edilmiş səsli mesajlarda və yazılı mətnlərdə iddiaçı cavabdehə 5660 manat borcunun olduğunu, bundan 1895 manat qaytarıldığını bildirmiş, cavabdeh isə borc məbləğini mübahisələndirməmiş, iddiaçıya borcunun olduğunu etiraf etmiş və borcu ödəməli olduğunu bildirmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, məhkəmənin qətnaməsi mötəbər sübuta əsaslanmamışdır. Belə ki, iddiaçı ilə aralarında hər hansı bir borc mübahisəsi olmamış, iddiaçının məhkəməyə təqdim etdiyi səs yazısı isə qanunazidd olduğu üçün sübut əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinə bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə edilməsi öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisələrin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Göründüyü kimi, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarının ona məxsus olmasını mübahisələndirməmiş, yalnız həmin yazıların onun (cavabdehin) xəbəri olmadan gizli yolla əldə edildiyini nəzərə almağı və sübut kimi qiymətləndirməməyi məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin bütün iclasları barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclaslarda iştirak etməmiş və ya iddiaya etiraz təqdim etməklə etirazını əsaslandırdığı halları məhkəməyə təqdim etməmişdir. Həmin səs yazısının sübut kimi nəzərə alınması qanunvericiliyin tələbləri daxilində olmaqla şəxsi toxunulmazlıq hüququna qəsd kimi nəzərə alına bilməz. Belə ki, həmin danışıq və yazışmalar birbaşa əlaqədar tərəflər arasında baş vermişdir və onların arasında olan pul öhdəliyinin icrası ilə bağlı olmuşdur. Yəni cavabdehin iddiaçıya borclu olması tərəflər üçün sirr deyildir və səs yazısı və yazışmaların sübut növü kimi qəbul edilməsi hər hansı mənada onların şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və onun gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-905/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-905/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1345/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1345/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver