Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-135/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(073)-1410/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı BOKT MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli 1622 nömrəli Kredit Müqaviləsi üzrə əsas borc məbləği 8458.04 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 1309.16 manat olmaqla, cəmi 9767.20 manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq birdəfəlik şəkildə İddiaçı BOKT MMC-yə ödənilməsinə, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi yüklülüyü Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********06-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri 28 may küçəsində yerləşən 0,0601 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, ipoteka predmeti olan həmin daşınmaz əmlakın ilkin satış qiymətinin 20.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməsinə, ipoteka predmeti olan həmin daşınmaz əmlakın satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsinə, iddia tələbi üzrə tutma ipoteka predmeti olan Cəlilabad şəhəri, 28 may küçəsində yerləşən 0,0601 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 yetkinlik yaşma çatmayan uşaqları - X3 və X4 ilə birlikdə həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə, həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarına və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1622 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 10000 manat məbləğdə kredit verilmişdir. Müqavilə üzrə öhdəliyin təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 64.8 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.2 kv.m köməkçi sahədən ibarət 26 saylı fərdi yaşayış evi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında ödəniş cədvəli tərtib olunmuş və cavabdeh xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək hər ay 392.33 manat ödəməklə aldığı krediti ona hesablanmış faizi ilə birlikdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçıya hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixli 24 saylı maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya kredit borcu gecikdirilmiş borc 8458,04 manat, gecikdirilmiş faiz borcu 1309,16 manat olmaqla, cəmi 9767,20 manat təşkil edir. Cavabdehə kredit öhdəliyini icra etməsi barədə xx.xx.2023-cü il tarixli 32 saylı məktub ünvanlanmışdır. Cəlilabad Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(073)-1410/2023 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 8458.04 manat məbləğdə əsas borc, 1309.16 manat məbləğdə faiz borcu, cəmi 9767.20 manat məbləğdə borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi, tələbin ipotek predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 0.0601 ha torpaq sahəsinə və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 0.0601 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri ilə) 25500 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı BOKT MMC-yə olan cəmi 9767.20 manat borcu və 120 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borcun Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin evdən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, ipoteka predmeti olan əmlakının qiymətləndirilməsinə görə ödənilməli olan 350 manat xidmət haqqının Cavabdeh1 tutularaq “X7” MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı BOKT MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1622 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC ilə tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 24 faiz olmaqla 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı BOKT MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1622 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək hər ay 392.33 manat ödəməklə aldığı krediti ona hesablanmış faizi ilə birlikdə İddiaçı BOKT MMCyə ödəməyi öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 64.8 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 nömrəli fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Cəlilabad şəhəri 28 May küçəsində yerləşən 64.8 ha torpaq sahəsi və onun üzərində yerləşən 26 nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, 1622 saylı kredit müqaviləsinin öhdəliyinin təminatı kimi İddiaçı BOKT qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı BOKT MMC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı BOKT MMC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsinə başlanıldığına dair cavabdehlərə xəbərdarlıq etmişdir. Müstəqil qiymətləndirici “X7” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Cavabdeh1 məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 25500 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli 9/3096 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli 1622 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı BOKT MMCyə olan borcu aşağıdakı kimidir: xx.xx.2022-ci il tarixə əsas borc üzrə 7.235,52 manat, faiz borcu üzrə 1.241,43 manat. xx.xx.2023-cü il tarixə əsas borc üzrə 6.845,52 manat, faiz borcu üzrə 1,241,43 manat. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, krediti götürdükdən sonra xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi aylıq ödənişlər etmişdir. xx.xx.2022-ci il tarixə kimi 7990 manat məbləğdə ödənişləri olmuşdur. Lakin sonradan devolvasiya nəticəsində maddi vəziyyətinin pisləşməsi səbəbinə görə bu günə kimi gecikmələr baş vermişdir. Buna baxmayaraq kreditin böyük bir hissəsini ödəmişdir, qalan hissəsini də qısa müddət ərzində hissə-hissə ödəməkdən boyun qaçırmır. Əlavə olaraq, iddiaçının iddia ərizəsinə əlavə etdiyi müstəqil qiymətləndirici “X7” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ona məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv. ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinnin likvid dəyəri 25500 manat məbləğ təşkil edir. O, bu rəylə razı deyil və həmin müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ona məxsus olan Cəlilabad şəhəri 28 May küçəsində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv.m ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin likvid dəyəri hazırkı dəyərindən aşağı qiymətləndirilmişdir. Ona məxsus məxsus Cəlilabad şəhəri 28 May küçəsində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 64.8 kv. ümumi, 44.6 kv.m yaşayış, 20.1 kv.m köməkçi sahədən ibarət 26 nömrəli fərdi yaşayış evinin likvid dəyəri torpaq sahəsi daxil olmaqla hazırda 40000-45000 manat təşkil edir. Cəlilabad Rayon Məhkəməsində isə işə baxılarkən onun hüquqları izah olunmadığından, o, əlavə ekspertiza təyin olunub-olunmaması bilməməsi ilə bağlı məlumatsız olduğundan əlavə ekspertiza təyin edilməmişdir. Mənzilin dəyərinin tələbin ödənilməsinə kifayət edibetməməsi məsələsinin hazırki mərhələdə müəyyən edilməsi qeyri-mümkündür. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlillərini mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740-cı maddəsinə görə isə borc müqaviləsi şifahi bağlanır, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Bundan başqa, MM-in 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. MM-in 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). “İpoteka haqqında” Qanunun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməli və ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, ipoteka predmeti olan əmlakların likvid qiymətinin hazırkı dəyərinin daha yüksək olması barədə apellyasiya şikayətində göstərilən dəlil hər hansı sübutla təsdiq edilmir. Habelə hüquqları və vəzifələri ona tam olaraq izah edilsə də, birinci instansiya məhkəməsində həmin halı mübahisələndirməmişdir. Bununla yanaşı, məhkəmə tərkibi iş materiallarına nəzər salarkən qiymətləndirmənin aparılmasını zəruri hesab etmiş və bu məqsədlə məhkəmənin öz təşəbbüsü əsasında xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirmə təyin edilmişdir. Həmin qərardadla qiymətləndirici qarşısında ipoteka predmeti olan fərdi yaşayış evlərinin təmiri, yerləşdiyi yer, yaxşılaşdırmalar və onun qiymətinə təsir edən sair kimi hallar nəzərə alınmaqla hazırkı bazar və likvid dəyərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Bu zaman mübahisəli fərdi yaşayış evlərinə baxış keçirilməsi üçün lazımi şəraitin yaradılması vəzifəsi mülkiyyətçiyə həvalə edilmişdir. Qiymətləndirici tərəfindən müvafiq rəyin verilməsi üçün edilməsi zəruri olan ödənişin aparılması barədə məhkəməyə təqdim edilən vəsatət Cavabdeh1 göndərilərək ona MPM-in 97.5-ci maddəsinin tələbləri tam olaraq izah edilsə də, sonuncu adıçəkilən rəyin əldə edilməsi üçün heç bir addım atmamışdır. Beləcə, sübutun əldə edilməsi tərəfin üzərinə düşdüyü üçün məhkəmə tərkibi mövcud sübutlar əsasında qərar qəbul etməyi mümkün hesab etmişdir. Bundan başqa, işin apellyasiya baxışı zamanı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli 9/3096 saylı ekspert rəyinə görə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli 1622 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı BOKT MMC-yə olan xx.xx.2022-ci il tarixə əsas borc 7.235,52 manat, faiz borcu 1.241,43 manat, xx.xx.2023-cü il tarixə əsas borc 6.845,52 manat, faiz borcu 1,241,43 manat müəyyən olunmuşdur. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə tərəfindən iş üzrə zəruri olan və mühüm əhəmiyyət kəsb edən bütün hallar düzgün qiymətləndirilməmişdir. Belə ki, işdən də göründüyü kimi, birinci instansiya məhkəməsi əsas və faiz borcunun tutulması hissədə düzgün qənaətə gəlməmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi tərəfindən əsas borcun məbləğinin 8458.04 manat və faiz məbləğinin 1309.16 manat olaraq təmin edilməsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli 9/3096 saylı ekspert rəyindən də göründüyü kimi, Cavabdeh1 İddiaçı BOKT MMCyə xx.xx.2022-ci il tarixə əsas borcu 7235,52 manat, faiz borcu isə 1241,43 manat təşkil edir. Məhkəmə tərklibi eyni zamanda hesab edir ki, yuxarıda qeyd olunan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli 9/3096 saylı ekspert rəyində əksini tapmış məbləğlər hər hansı şübhə doğrmadığı üçün yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi zərurəti yoxdur. Bundan başqa, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2025-ci il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(073)-1410/2023 saylı qətnaməsi mübahisələndirilən - “ipoteka predmetinə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları X1 və X2 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin evdən məcburi qaydada çıxarılması və fərdi yaşayış evinin boşaldılması” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bununla da, məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən - əsas və faiz borclarının tutulması hissələrdə dəyişdirilməli üçün kifayət qədər əsaslar mövcuddur. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli 9/3096 saylı ekspert rəyinə görə 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi Cavabdeh1, 50 manat hissəsi isə İddiaçı BOKT MMC-dən Mərkəzin xeyrinə tutulmalıdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(073)-1410/2023 saylı qətnaməsi baxışın predmeti olan hissədə qismən - əsas və faiz borcunun tutulması hissədə dəyişdirilsin: Əsas borc 7235 (yeddi min iki yüz otuz beş) manat 52 (əlli iki) qəpik, faiz borcu 1241 (min iki yüz qırx bir) manat 43 (qırx üç) qəpik məbləğində müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2025-ci il tarixli 9/3096 saylı ekspert rəyinə görə 100 (yüz əlli) manat məbləğində pul vəsaitinin 50 (əlli) manat hissəsi Cavabdeh1, 50 (əlli) manat hissəsi isə İddiaçı BOKT MMC-dən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-135/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-135/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver