Məhkəmə qərarları › İş №2(106)-1350/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1350/2025

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1350/2025 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: ##.##.2024-cü il tarixli sazişdən, kredit müqaviləsindən və ödəniş planından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh aylıq 1.5833% olmaqla 48 ay müddətinə ödəmək şərti ilə, 13500 manat kredit məbləği ayrılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh ***A********** saylı kredit razılaşması üzrə iddiaçı banka 10.461,64 manat məbləğində kredit borcu, 988,34 manat məbləğində faiz borcu və 221,4 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11.671,38 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** saylı ekspert rəyi ilə müəyyən olunur ki, cədvəl məlumatlarından göründüyü kimi, cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixədək 6681,87 manat məbləğində ödənişlər edilimişdir. Ödənilmiş 6681,87 manat məbləğində pul vəsaitinin 3189,66 manat məbləğinin əsas borcuna, 3492,21 manat məbləğinin isə faiz borcuna silinməsi müəyyən olunur. Hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2023-cü il tarixli, ***A********** saylı kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh Cavabdeh iddiaçı İddiaçı QSC-yə borcu aşağıdakı kimi müəyyən edilir: ##.##.2025-ci il (sualda göstərilən tarixə) borcu 11.153,02: əsas borc üzrə-10.310,34 AZN, faiz borcu üzrə - 842,68 AZN. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, ##.##.2025-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsini təklif edərək əks təqdirdə kredit müqaviləsini vaxtından əvvəl ləğv edilməsi və banka borclu olduğu 11671.38 AZN məbləğin (10461,61 AZN təşkil edən əsas məbləğ, 988.34 AZN faiz məbləği və 221, 4 AZN cərimə məbləği), həmçinin ##.##.2025-ci il tarixdən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İddiaçı QSC-nin xeyrinə 10.461,64 manat məbləğində kredit borcu, 998,34 manat məbləğində faiz borcu və 221,4 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11.671 (on bir min altı yüz yetmiş bir) manat 38 (otuz səkkiz) qəpik məbləğində borcun və ödənilmiş 125,02 manat manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh İddiaçı QSC ilə ##.##.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5833% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan * saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13.500 (on üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları ##.##.2024-cü il tarixli ***A**********S saylı, ##.##.2024-cü il tarixli ***A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, ##.##.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3.038,36 manat ödəniş etmiş və onun iddiaçıya 10.461,64 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün ##.##.2025-ci il tarixə 192 gün üçün hesablanmış faiz borcu 998,34 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. ##.##.2025-ci il tarixə 192 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 221,4 manat təşkil edir. Lənkəran Rayon Məhkəməsinin (hakim Anar Pənahov) ##.##.2025-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, ##.##.2024-cü il tarixli ***A********** saylı sazişə dair 10.461,64 manat məbləğində kredit borcu, 998,34 manat məbləğində faiz borcu və 221,4 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 11.671 (on bir min altı yüz yetmiş bir) manat 38 (otuzsəkkiz) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125,02 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 448, 445.2.1, 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3cü maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh İddiaçı QSC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayətləri vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla iddiaçı İddiaçı QSC arasındasaziş və kredit müqaviləsi ##.##.2024-cü il tarixində 48 ay müddətinə bağlanmışdır. Üzrlü səbəbdən (anasının xəstəliyi, müalicə və müayinə xərcləri ilə əlaqədar) bir müddət gecikmələri olmuşdur (həmin sənədlər apelyasiya şikayətinə əlavə edilir). Qeyd etmiş olduğu səbəbdən birinci instansiya məhkəməsinin iclaslarında da iştirak edə bilməmişdir. Iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsinin müddəti ##.##.2028-ci il tarixində bitir. Buna baxmayaraq iddiaçı vaxtından əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, üstəlik müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı məsələ qoymadan birbaşa borcun ödənilməsini tələb etmişdir. Halbuki iddiaçı müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğvi barədə tələb qoyaraq onu əsaslandırmalı, məhkəmə isə ilk olaraq bu məsələni həll etməli idi. Ona görə də hesab edir ki, iddia ərizəsi məzmun tələblərinə cavab vermədiyindən təmin edilməməlidir. Maliyyə arayışında 988,34 manat məbləğində faiz borcu və 221,4 manat məbləğində cərimə borcunun olması göstərilmişdir. Qeyd edilən faiz məbləği ilə razı deyildir, bu məbləğ şişirdilmişdir. Cərimə məbləğinin isə silinməsini məhkəmədən xahiş edir. Belə ki, hazırda anasının onkoloji (xərçəng) xəstəliyi və Azərbaycan Beynəlxalq Bankından götürdüyüm 32090,39 manat məbləğində kredit borcu ilə bağlı maddi durumu kifayət qədər ağırdır. Əlavə tətbiq edilən cərimələr və şişirdilmiş faiz borcları vəziyyətini daha da ağırlaşdıracaqdır. Ona görə də iddia ərizəsində onun məzmunu ilə bağlı tələblərə cavab verməməsi nəzərə alınmayacağı təqdirdə, şişirdilmiş faiz borclarının, habelə əsas borcun müvafiq ekspertiza təyin edilməklə azaldılması və cərimənin silinməsi ilə bağlı qeyd etdiyim halların nəzərə alınmasını xahiş etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı tərəfin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə apellyasiya şikayətinə qarşı etiraz göndərmiş, qeyd etmişdir ki, сavabdeh Cavabdeh apellyasiya şikayəti yalnız mühasibatlıq ekspertizasının keçirilməsindən ibarət olsa da maliyyə arayışında göstərilən rəqəmlərin yəni 10.461,64 manat məbləğində kredit borcu, 998,34 manat məbləğində faiz hesablanmasının düzgün olmaması barədə heç bir dəlil gətirməmiş, bu barədə nə nə apellyasiya şikayətinə, nə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, cavabdeh iş Lənkəran rayon məhkəməsinin icraatında olan zaman məhkəmə iclaslarından xəbərdar olmuş və məhkəmə mühasbatlıq ekspertizasının keçirilməsi barədə məhkəməyə heç bir vəsatət verməmişdir. Bundan başqa məhkəmə mühasibatlıq ekspertizası təyin olunduğu halda ekspert vəsatət təqdim edərək sübutlar tələb edəcək, bank tərəfindən bütün sübutlar məhkəməyə təqdim olunduğu halda cavabdeh tərəfindən ekspertizaya təqdim olunması üçün ödəniş qəbzləri iş materiallarına və apelyasiya şikayətinə əlavə olunmadığından qərardad ekspert tərəfindən icrasız olaraq geri qaytarılacaqdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə ilə təmsil olunmamışdır. Apellyasiya şikayətinə qarşı göndərmiş olduğu etirazda iddiaçı tərəfin nümayəndəsi məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh tərəf qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını və iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli ***A********** saylı sazişə əsasən cavabdehə aylıq 1.5833 faiz olmaqla 48 ay müddətinə qaytarılması şərti ilə 13.500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi hesab edilən ödəniş planına əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə uyğun olaraq kredit məbləğini və hesablanmış faizləri müəyyən edilmiş müddətlərdə hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçı bank məhkəməyə müraciət edərək cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini, ödənişlərin gecikdirildiyini və nəticədə onun banka 10.461,64 manat əsas borc, 998,34 manat faiz borcu və 221,4 manat cərimə olmaqla ümumilikdə 11.671,38 manat məbləğində borcunun yarandığını göstərmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2024-cü il tarixdən etibarən ödənilməsi nəzərdə tutulmuş aylıq ödənişləri tam və vaxtında həyata keçirməmiş, müqavilə şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş kredit müqaviləsini, maliyyə arayışını, hesabdan çıxarışları və digər yazılı sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, bunun nəticəsində iddiaçının məhkəmə qaydasında borcun tutulmasını tələb etmək hüququ yaranmışdır. Bu əsasla məhkəmə iddianı təmin etmiş, cavabdehdən 10.461,64 manat əsas borc, 998,34 manat faiz borcu, 221,4 manat cərimə və ödənilmiş dövlət rüsumunun tutulmasını qət etmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, kredit müqaviləsinin müddəti ##.##.2028-ci il tarixədək davam edir və iddiaçı müqavilənin vaxtından əvvəl ləğvi məsələsini qaldırmadan birbaşa borcun tutulmasını tələb etmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, anasının ağır xəstəliyi ilə əlaqədar maddi vəziyyəti çətinləşdiyindən müəyyən gecikmələrə yol vermiş, hesablanmış faiz məbləği şişirdilmiş, cərimə isə ağır maddi vəziyyəti nəzərə alınmaqla silinməlidir. O, borcun düzgün müəyyən edilməsi üçün ekspertiza keçirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinin yoxlanılması, ödənilmiş məbləğlərin dəqiq müəyyən edilməsi və borcun real məbləğinin hesablanması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixədək ümumilikdə 6681,87 manat məbləğində ödəniş edilmişdir. Həmin ödənişlərin 3189,66 manat hissəsinin əsas borca, 3492,21 manat hissəsinin isə faiz borcuna silindiyi müəyyən olunmuşdur. Ekspertiza rəyi ilə həmçinin müəyyən edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin şərtləri, ödəniş planı və aparılmış ödənişlər nəzərə alınmaqla cavabdehin ##.##.2025-ci il tarixə iddiaçı banka 10.310,34 manat əsas borc və 842,68 manat faiz borcu olmaqla ümumilikdə 11.153,02 manat borcu mövcuddur. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut hesab edir və onun nəticələrini qəbul edir. Belə ki, ekspertiza tədqiqatı yalnız tərəflərin izahatları əsasında deyil, iş materiallarında mövcud olan ilkin maliyyə sənədləri, hesabdan çıxarışlar, kredit müqaviləsi, sazişlər, ödəniş planı və ödəniş qəbzləri əsasında aparılmışdır. Cavabdeh tərəfin təqdim etdiyi qəbzlərdə göstərilən ödənişlərin iddiaçı bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında da öz əksini tapdığı müəyyən olunur. Bu isə ekspert tərəfindən aparılmış hesablamaların obyektiv, tam və işin faktiki hallarına uyğun aparıldığını təsdiq edir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik olmasa da, digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hazırkı iş üzrə ekspert rəyinin qeyriobyektiv olmasını, hesablamaların yanlış aparılmasını və ya iş materiallarına uyğun olmamasını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Əksinə, ekspert rəyi işdə olan digər yazılı sübutlarla, xüsusilə hesabdan çıxarışlarla uyğunluq təşkil edir və tərəflərin təqdim etdiyi sənədlərlə təsdiq olunur. Məhkəmə kollegiyası cavabdehin kredit müqaviləsinin müddətinin bitməməsi və müqavilənin vaxtından əvvəl ləğvi barədə ayrıca tələb irəli sürülmədən iddia qaldırılmasının mümkün olmaması barədə dəlillərini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər dövri ödənişlər şəklində müəyyən edilmiş və cavabdehin həmin ödənişləri vaxtında həyata keçirmədiyi iş materialları ilə təsdiq olunmuşdur. Müqavilə şərtlərinə əsasən borclunun ödənişləri gecikdirməsi kreditora məhkəmə qaydasında borcun tutulmasını tələb etmək hüququ verir. Bu səbəbdən cavabdehin həmin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə borc verən pul vəsaitini borcalana verir, borcalan isə həmin vəsaiti qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə borcalan alınmış məbləği və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarmalıdır. Mülki Məcəllənin 448-ci maddəsinə əsasən isə öhdəlik lazımınca icra edilmədikdə borclu bunun nəticələrinə görə məsuliyyət daşıyır. Hazırkı iş üzrə cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiyi, ödənişləri gecikdirdiyi və bunun nəticəsində banka borc yarandığı iş materialları ilə təsdiq olunur. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş əsas və faiz borcu məbləği faktiki borc məbləği ilə tam uyğunluq təşkil etmir. Qeyd olunmalıdır ki, bank tərəfindən cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi (##.##.2025-ci il tarixdən) sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 10.310,34 manat əsas borc və 842,68 manat faiz borcu tutulmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilmiş maddi hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Iş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı QSC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləğinin 10.310 (on min üç yüz on) manat 34 qəpik, faiz borcunun məbləğinin isə 842 (səkkiz yüz qırx iki) manat 68 qəpik olması müəyyən olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** saylı ekspertiza tədqiqinin dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar