Məhkəmə qərarları › İş №2(106)-1351/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1351/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1351/2024 12.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı F-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər : kredit müqaviləsi üzrə borcun tutulması, faiz borcuna dair hissədə dəyişdirildi. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), X1 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(057)- 794/2024 saylı qətnaməsindən (hakim Ağarza Səmədov) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı F rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdehlər Cavabdeh2 Əlövsət oğlu və Cavabdeh1 cəmiyyətin xeyrinə 4156.03 manat əsas, 1333.23 manat faiz, 0,01 manat məbləğində cərimə olmaqla, cəmi 5489.27 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 74.90 manat məbləğində pul vəsaitinin və 0,40 manat xidmət haqqının manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Əlövsət oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********53 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 21 % dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2021 -ci il tarixli, BPM**********53 saylı zaminlik müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlə yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdehə Cavabdeh2 Əlövsət oğlu iddiaya qarşı heç bir etirazının olmadığını qeyd etmişdir. İş üzrə digər Cavabdeh1 birinci instansiya məhkəməsində iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(057)-794/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 Əlövsət oğlu və Cavabdeh1 müştərək qaydada 4156.03 manat əsas, 1333.23 manat faiz, 0.01 manat məbləğində cərimə olmaqla, cəmi 5489.27 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 74.90 manat məbləğində pul vəsaitinin və 0,40 manat xidmət haqqının tutularaq F ASCnin hesabına keçirilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qətnamədən narazıdır. Müharibə veteranıdır, borcunu vaxtında ödəməməsinin səbəbi yaralanması və müalicə alması olmuşdur. Bank tərəfindən ona heç bir güzəşt edilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, əsas istəyi kredit üzrə faiz məbləğinin silinməsidir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək, icraatlarında olan işlərin çoxluğu səbəbindən səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə kollegiyaya heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən əsaslıdır və buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcuna dair hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021 -ci il tarixli, BPM**********53 saylı Kredit müqaviləsindən görünür ki, F ASC tərəfindən Cavabdeh2 Əlövsət oğluna 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 5000 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit götürən Cavabdeh2 Əlövsət oğlunun öhdəlikləri üçün bank qarşısında zamin kimi üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 Əlövsət oğlunun banka 4156.03 manat əsas, 1333.23 manat faiz, 0,01 manat məbləğində cərimə olmaqla, cəmi 5489.27 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər ərli Teymur Əlövsət oğlu və Cavabdeh1 banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə aidiyyatı orqanlara müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən tam təmin edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Onun veteran olduğunu və borc məbləğinin düzgün hesablanmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qisməndə olsa əsaslıdır. Belə ki, iddiaçı kredit müqaviləsi üzrə faiz məbləğini iddianın verildiyi tarixə yox, cavabdehə pretenziya xəbərdarlığını göndərildiyi tarixə tələb etməli idi. Belə olan halda da, birinci instansiya məhkəməsinin iddianı həmin hissədə təmin etməsi əsassız olmuşdur. Apellyasiya baxışında iddiaçı tərəfindən məhkəməyə yeni maliyyə arayışı təqdim edilmişdir. Həmin maliyyə arayışında faiz borcunun 608.35 manat olduğunu müəyyən olunur. Qeyd edilənlərə əsasən də, Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(057)-794/2024 saylı qətnaməsicavabdehlərdən faiz borcunun tutulmasına dair hissədə dəyişdirilməli, cavabdehlər Cavabdeh2 Əlövsət oğlu və Cavabdeh1 müştərək qaydada 608.35 (altı yüz səkkiz manat otuz beş qəpik) manat faiz borcu tutularaq F ASC-yə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamə ilə müəyyən olunan faiz borcunun məbləğinin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı iddia tələbi üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(057)-794/2024 saylı qətnaməsi- cavabdehlərdən 1333.23 manat faiz borcunun tutulmasına dair hissədə dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 Əlövsət oğlu və Cavabdeh1 müştərək qaydada 608.35 (altı yüz səkkiz manat otuz beş qəpik) manat faiz borcu tutularaq F-yə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar