Məhkəmə qərarları › İş №2(106)-1356/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1356/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1356/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin e- 2(020)-343/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, L-BK-0048952- F saylı kredit müqaviləsinə əsasən Cavabdeh 7376,18 manat məbləğində əsas məbləğ üzrə borc, 2382,51 manat faiz borcu, 58,50 manat cərimə borcu və 556,29 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 10373,48 manat məbləğində kredit borcunun və ödənilmiş 122 manat dövlət rüsumunun alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh BOKT "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında 04 oktyabr 2019-cu il tarixli, L-BK-0048952-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci və 6.1-ci bəndlərinə əsasən, torpaq almaq məqsədilə borcluya 15 ay müddətinə aylıq 3 %, illik 36 % olmaqla 9450 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni 04 oktyabr 2019-cu il tarixindən bugünə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2073,82 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1203,18 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 53 manat olmaqla, cəmi 3330 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 7376,18 manat məbləğində əsas məbləğ üzrə borcu, 2382,51 manat faiz borcu və 58,50 manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında 04 oktyabr 2019-cu il tarixli, L-BK-0048952-F saylı kredit müqaviləsinin 6.7-ci maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərərin (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 556,29 manat təşkil edir. Beyləqan Rayon Məhkəməsinin e-2(020)-343/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ramiz Nurullayev) iddia təmin edilmiş, Cavabdeh 04 oktyabr 2019-cu il tarixli, L-BK-0048952-F saylı kredit müqaviləsinə əsasən 7376,18 manat əsas məbləğ üzrə borc, 2382,51 manat faiz borcu, 58,50 manat cərimə borcu və 556,29 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 10373,48 manat məbləğində kredit borcunun və ödənilmiş 122 manat dövlət rüsumunun alınıb BOKT "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin e-2(020)-343/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnaməni aşağıda qeyd edəcəyi səbəblərdən əsassız hesab edir. Əvvəla, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Belə ki, kredit götürərkən bankdan ona kart, sənədlər və qızılların şəkilləri verilmişdir. Kredit götürərkən girov olaraq qızıllarını qoymuşdur. Krediti ödəmədiyindən ona zəng edərək qızıllarının satışa çıxarıldığı bildirilmişdir. Sonradan ona saxta olduğu deyilmişdir. Onunla bağlı cinayət işi olmuşdur. Müstəntiqə qızıllarla bağlı izahat vermişdir. Qızılların saxta olmasını polis şöbəsində ona bildirməmişlər. Bu barədə ona ancaq bank bildirmişdir. Ona qızılların onun yanında açılıb yoxlanılacağı deyilsə də, yoxlama olmamışdır. İşin faktiki halları ilə bağlı qeyd edir ki, ümumiyyətlə, məhkəmə qatnamə qəbul edərkən işi tam və hərtərəfli araşdırmamışdır, ona görə ki, o, qızılları qoyub kredit götürmüş, üstündən 3 ay keçdikdən sonra kredit təşkilatından ona zəng gələrək kreditini ödəməsini bildirdilər, əks halda qızılları müsadirə edəcəklərini bildirdilər, cavabdeh də banka qızılları pul ilə əvəzləşdirmələrini bildirmişdir. Üstündən 1 il keçdikdən sonra bankın zərgərini Nəsimi RPŞ tutmuş, cavabdehi də həmin yerə çağırmışdılar və cavabdeh orda da qızılları qoyub pul götürdüyünü bildirmişdir. Əgər saxta olsaydı, onun da barəsində cinayət işi açardılar. Hesab edir ki, iddiaçının zərgəri saxtakarlıq edib. Ona görə də qatnamə qanunsuz və əsassızdır. Məhkəmə qətnaməsində iddianı tam təmin etsə də, nə üçün, işin hansı hallarına görə, hansı əsasla bunu məhkəmə öz qətnaməsində əks etdirməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur, ona görə ki, o, qızılları qoyub pul götürmüşdür. O, pulu ödəmədiyi üçün qızıllar iddiaçı tərəfindən götürülmüş, lakin onu əsassız olaraq məhkəməyə vermişlər. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun çıxış edərək bildirdi ki, cavabdeh iddiaçıdan kredit götürərkən bibisinin qızıllarını girov qoymuşdur. İddiaçı cavabdehin kredit borcunu ödəyə bilmədiyi üçün girov predmetini satıb borcu bağlamalıdır. Hazırkı halda kredit üzrə cavabdehdən hər hansı məbləğdə pulun tutulması əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin bildirdikləri əsassızdır. Belə ki, onun tərəfindən MMC-yə girov predmeti kimi qızıla bənzər əşyalar verilmiş olsa da, sonradan həmin qızılların saxta olduğu aşkar olunmuşdur. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə təsdiq olunur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, həm də iddianın əsassız olduğunu bildirməklə, onun rədd edilməsini istəmiş, bununla da məhkəmə qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan kreditor Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış L-BK-0048952-F nömrəli, 04 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti kreditor tərəfindən borcluya torpaq alışı məqsədilə 15 ay müddətinə 9450 manat məbləğində kredit verilməsinə, borclunun isə krediti qəbul etməsinə, bu müqavilədə göstərilən məqsədlə istifadə etməsinə, bu müqavilədə göstərilən müddətdə və qaydada kreditin və kreditə görə hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq kreditora qaytarmasına dair borc pul öhdəliyidir. Kredit müqaviləsinin 6.1-ci bəndindən görünür ki, borclu kreditdən istifadə edilməsinə görə aylıq 3 faiz, illik 36 faiz götürülməklə kredit vəsaiti borcluya çatdırıldığı gündən etibarən qalıq məbləğinə gündəlik hesablanmaqla aylıq faiz ödəyir. İşdə surəti olan girov saxlayan Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə girov qoyan Cavabdeh arasında bağlanmış L-BK-0048952-F-1 saylı, 04 oktyabr 2019-cu il tarixli girov müqaviləsinin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında 04 oktyabr 2019-cu il tarixdə bağlanmış L-BK-0048952-F saylı kredit müqaviləsinə əsasən borclunun üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov qoyan girov saxlayana aşağıdakı əmlakı girov qoyur: 1) qiyməti 2850 manat olan 55,30 qramlıq 750 əyarlı sep və qolbaq; 2) qiyməti 1700 manat olan 33,30 qramlıq 750 əyarlı sep və 2 cüt sırğa; 3) qiyməti 1220 manat olan 23,80 qramlıq 750 əyarlı sep, klon və sırğa; 4) qiyməti 1390 manat olan 27,20 qramlıq, 750 əyarlı, 2 ədəd qolbaq; 5) qiyməti 2290 manat olan 44,40 qramlıq 750 əyarlı qolbaq – cəmi qiyməti 9450 manat. İşdəki 26 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 04 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə həmin tarixə olan borcu aşağıdakı kimidir: əsas məbləğ üzrə 7376,18 manat, faiz üzrə 2382,51 manat, cərimə üzrə 58,5 manat, əldən çıxmış fayda 556,29 manat, cəmi 10373,48 manat. İşdəki 27 dekabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə surəti olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-395/2022 saylı hökmündən görünür ki, həmin hökmlə digər xüsuslarla yanaşı, o da müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X5 öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə ünvan 1 ünvanda yerləşən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-də “qarşılıqlı əməkdaşlıq və xidmət göstərilməsi barədə” 1 iyun 2014-cü il tarixli müqavilə əsasında həmin tarixdən 2019-cu ilin dekabr ayına qədər olan müddət ərzində qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı zərgər-ekspert işlədiyi dövrdə vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə edib tanışlarına "xxxx" MMC-də işlədiyi üçün ona kredit verilməməsinə inandıraraq pula ehtiyacı olduğu üçün onlara qızıl-zinət əşyaları verəcəyinə, bunun müqabilində MMCuə onun verdiyi qızıl-zinət əşyalarını girov qoyaraq kredit götürməsini və kreditə götürdükləri pulları sonradan ona verməsini xahiş etmiş, həmçinin, ayrı-ayrı şəxslərlə kreditə pul götürülməsi müqabilində girov qoyması üçün qızıl-zinət əşyalarını verəcəyi və bunun müqabilində götürüləcək kreditdən müəyyən məbləğdə pulun ona verilməsi barədə razılığa gəldikdən sonra, digər şəxslərlə yanaşı, Cavabdeh qızıl olmayan bijuteriya əşyalarını yalandan qızıl məmulatları kimi təqdim edib sonuncuya həmin məmulatları girov qoyaraq MMC-dən kreditə pul götürə biləcəyinə inandırmış, Cavabdeh 4 oktyabr 2019-cu il tarixdə MMC-yə gəlib həmin qızıl bildiyi qızıl olmayan bijuteriya əşyalarını təqdim edərək kreditə pul götürmək istəmiş, o isə öz növbəsində qeyd olunan bijuteriya əşyalarını dəyərli qızıl kimi qiymətləndirib Cavabdeh həmin qızıl olmayan əşyaların girov qoyaraq bunun müqabilində MMC-dən 9450 manat kreditə pul götürməsinə nail olduqdan sonra sonuncudan 2250 manat məbləğində pulu götürərək, ümumilikdə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 229400 manat məbləğində pulunu ələ keçirdərək MMC-yə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşdə surəti olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-395/2022 saylı hökmündən görünür ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, X6 onun doğma dayısının arvadıdır, əvvəllər qohum kimi onunla münasibəti çox yaxşı olmuşdur. 2019-cu ilin təxminən avqustsentyabr ayında Kəmalənin yaşadığı Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən mənzili təmir etmək üçün Bakı şəhərinə gəlmişdir. Kəmalənin evində təmir işləri apardığı dövrdə arabir sonuncunun dərzi işlədiyi, “Laçın” Ticarət Mərkəzində yerləşən sexə gedibgəlmiş, X3 da orada görmüş, amma aralarında heç bir şəxsi münasibət olmamışdır. Kəmalənin evində təmir işləri ilə məşğul olduğu müddətdə bankdan kredit götürmək istədiyini, bunun üçün maraqlandığını bilmişdir. 4 oktyabr 2019-cu il tarixdə səhər saatlarında Kəmalə onun mobil telefonuna zəng edib onun adına bankda kredit olubolmadığını soruşmuşdur. O da adına kredit olmadığını demişdir. Kəmalə öz adına bankda kredit olduğuna görə əlavə kredit götürə bilmədiyini, kredit götürmək üçün adında kredit olmayan şəxs lazım olduğunu bildirmiş və onun adına kredit götürülməsinə razılaşmasını xahiş etmişdir. Kəmalə kredit götürülməsi üçün qızıl girov qoyacağını, əgər kredit ödənilməsə ona heç bir problem yaranmayacağını və qızılın satılıb kreditin bağlanacağını bildirmişdir. Bu səbəbdən də adına kredit götürülməsinə razılıq vermişdir. Bundan sonra Kəmalənin oğlu Rahillə birlikdə taksiyə əyləşib “Lotos” Ticarət Mərkəzinin yaxınlığına getmişlər. Çatdıqda Kəmalə və Kəbirənin onları gözlədiyini görmüşlər. Orada da Kəmalə onunla söhbət edib onu arxayınlaşdırmışdır ki, adına kredit götürülməsinə görə heç bir problem olmayacaq, ən pis halda qızıllar satılıb kredit ödəniləcəkdir. Bundan sonra onlar taksi sifariş vermişdir. Rahil taksidə qabaq sərnişin oturacağında, Kəmalə, Kəbirə və o isə arxada əyləşmişlər. O ortada, Kəbirə solunda, Kəmalə isə sağda əyləşmişdir. Yolda gedərkən Kəbirə qırmızı rəngli torbada olan boyunbağı, qolbaq, klon və üzükdən ibarət qızılları ona göstərmiş və həmin qızılları girov qoyacağını bildirmişdir. Kəbirə qızılları ona vermiş, o da götürmüşdür. Yolda gedərkən həm Kəmalə, həm də Kəbirə bankda veriləcək suallara necə cavab verməli olduğu barədə onu məlumatlandırmışlar. Onlar tapşırmışlar ki, kredit götürərkən guya “Laçın” Ticarət Mərkəzində paltar mağazasının olduğunu, qış sezonu üçün yeni paltarlar almaq istədiyini və kreditin də buna görə lazım olduğunu desin. Onlar həm də demişdilər ki, bankda özünü təmkinli aparsın, verilən suallara sakit cavab versin, həyəcanlanmasın. Onlar bankda öz adamlarının olduğunu ona bildirsələr də, adamlarının adının nə olması, xarici əlaməti barədə ona heç bir əlavə məlumat verməmişlər. Onlar taksi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 58 D ünvanında yerləşən "xxxx" MMC-nin yaxınlığına çatıb taksidən düşdükdən sonra Kəmalə və Kəbirə bankın yerləşdiyi yeri ona izah etmişlər, o da özü tək həmin yerə getmişdir. İçəriyə daxil olduqda bankın əməkdaşına yaxınlaşmış, kredit götürmək istədiyini bildirmişdir. Bankın əməkdaşı sənədləri yazıb onunla sorğu-sual apardıqdan sonra digər otağa keçmişlər, orada qızılları təqdim etmişdir. Qızıllar tərəzidə çəkilib qiymətləndirildikdən sonra girov kimi təqdim etdiyi qızıllara görə 9450 manat kredit ayrılacağı bildirilmişdir. Bundan sonra qızıllar zərfə qoyularaq möhürlənmiş, müqavilə tərtib olunmuş, ona müqavilənin 1 nüsxəsi və 1 ədəd bank kartı verilmişdir. Bankdan çıxdıqdan sonra Kəmalə ilə əlaqə saxlamış, onların yaxınlıqdakı parkda olduğunu öyrənib həmin yerə getmiş, müqaviləni və bank kartını Kəmaləyə vermişdir. Həmin vaxt Kəmalə ilə Kəbirənin arasında kartdakı pulun hansı formada bölünməsi barədə mübahisə yaranmışdır. O, kənara çəkilib Rahillə söhbət etdiyindən onların mübahisəsinin nə ilə nəticələndiyini bilməmişdir. Bir qədər sonra onlar taksi ilə geri qayıtmışlar. Kartdakı pulun nə zaman, kimin tərəfindən, harada nağdlaşdırılması, pulun kimin arasında və hansı formada bölüşdürülməsi barədə onun heç bir məlumatı yoxdur. Götürülən kreditə görə də aylıq ödənişləri o etməmiş, kimin tərəfindən edildiyini bilməmişdir. Kəbirə Əlilidən aldığı və girov kimi təqdim etdiyi qızıl əşyaların saxta olması barədə qətiyyən məlumatı olmamışdır. Əgər qızılların saxta olduğunu bilsəydi, bu işə razılaşmazdı. Girov qoyulan qızılların kimə məxsus olması barədə heç bir məlumatı yoxdur, ona qızılları Kəbirə Əlili vermişdir. Kredit götürülməsinə vasitəçilik etdiyinə görə Kəmalə Rəhimova, yaxud Kəbirə Əlili ona hər hansı məbləğdə pul ödəməmişdir, Kəmalə qohumu olduğundan və kredit götürülməsinin ona heç bir problem yaratmayacağını dediyindən bir qohum kimi köməklik etmək məqsədi ilə buna razılıq vermişdir. 4.10.2019cu il tarixli L-BK-0048952-F nömrəli kredit müqaviləsi və həmin tarixli L-BK-0048952-F-1 nömrəli girov müqaviləsi ona təqdim olunmuşdur. Göstərilən imzalar və əlyazmalar ona məxsusdur, özü icra etmiş, hər hansı kənar təzyiq olmamışdır. Ona qızılları Kəmalə vermişdir. Kəmalə qohumu olduğundan və ona etibar etdiyindən adına kredit götürməsinə razılıq vermişdir. İşdə surəti olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-395/2022 saylı hökmündən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2020-ci il tarixli 6/2494 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş məmulatların ümumi çəkisi 16198,14 qramdır. Onlardan 28,16 qramı 585 əyarlı qızıl, 138,69 qramı 925 əyarlı gümüş, 184,22 qramı üzərində 750 əyarlı qızıl təbəqə çəkilmiş əlvan metal ərintisi, 86,41 qramı qızıl-gümüş-mis-sink ərintisi, 106,60 qramı qiymətsiz əlvan metal və dəmir əsaslı ərinti qarışığı, 3780,42 qramı qiymətsiz əlvan metal ərintisi, 11873,64 qramı dəmir əsaslı ərintidən hazırlanmışdır. Məmulatlar üzərində olan qaşlar qiymətli qaşlar qrupuna aid deyildir. İşdə surəti olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-395/2022 saylı hökmündən görünür ki, həmin hökmlə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X2 tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 4 may 2021-ci il tarixdən hesablanması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 600 manatın X1 tutularaq dövlət nəfinə keçirilməsi, X2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübutların: -Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan "xxxx" MMC tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 28,16 qram 585 əyarlı qızıl, 138,69 qram 925 əyarlı gümüş, 184,22 qram üzərində 750 əyarlı qızıl təbəqə çəkilmiş əlvan metal ərintisi, 86,41 qram qızıl-gümüş-mis-sink ərintisinin hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə olunması və zərərçəkmiş şəxs "xxxx" MMC-yə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilərək icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan 106,60 qram qiymətsiz əlvan metal və dəmir əsaslı ərinti qarışığı, 3780,42 qram qiymətsiz əlvan metal ərintisi, 11873,64 qramı dəmir əsaslı ərintinin dəyəri olmadığı üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 1(103)-349/2023 saylı qərarından görünür ki, həmin qərarla məhkum olunmuş şəxs X2 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)- 395/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, hökmlə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 il 6 ay azadlıqdan məhrum etmə cəzasının müddəti 7 il 6 aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin apellyasiya şikayətindən də göründüyü kimi, onun yeganə dəlili iddiaçıdan kredit götürülərkən girov olaraq qızıl əşyalarının qoyulmasından, kredit borcunu ödəyə bilmədiyinə görə həmin əşyaların satılaraq borcun bağlanılmalı olmasından ibarətdir. Lakin artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 1(101)-395/2022 saylı hökmü ilə həmin əşyaların saxta olması müəyyən olunmuşdur. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Girov predmeti olaraq verilmiş əşyaların saxta olması müəyyən edildiyindən, şübhəsizdir ki, iddiaçı onlara tutma yönəltməklə, borcun ödənilməsini təmin edə bilməz. Bu baxımdan onun hazırkı iddia tələbi əsaslıdır. Cavabdeh qızılların ona bibisi tərəfindən verildiyini bildirsə də, məhkəmə hökmündə olan izahatından da göründüyü kimi, o, dayısı arvadı Kəmalə tərəfindən ona verildiyini qeyd etmiş, qızılların isə kimə məxsus olmasını bilmədiyini söyləmişdir. İddiaçı ilə bağlanmış kredit müqaviləsini özünün imzaladığını təsdiq edən cavabdeh bank tərəfindən verilmiş kartı da götürdüyünü, lakin sonradan onu Kəmaləyə verdiyini, pulun Kəmalə və Kəbirə arasında hansı qaydada bölüşdürüldüyündən xəbərsiz olduğunu bildirmişdir. Lakin bu sadalanan hallar cavabdehin məsuliyyət dairəsinə aid olmaqla, cavabdehin hər hansı üçüncü şəxsin xahişi və ya onu aldatması nəticəsində bankdan götürdüyü kreditə görə cavabdehlik daşımasını istisna edə bilməz. Çünki cavabdehin özünün də təsdiq etdiyi kimi iddiaçı ilə kredit müqaviləsini məhz onun özü bağlamışdır. Kredit müqaviləsi isə öhdəlik hüquq münasibətlərinin yaranma əsaslarından biri olmaqla, kreditor olan iddiaçının hüquqları birbaşa olaraq cavabdeh olan borclu tərəfindən təmin olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu 04 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında müqavilə münasibətləri yaranan zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Beləliklə, müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı hazırkı tələblə çıxış etmək üçün subyektiv hüququ mövcud olmuşdur. İddiaçı 04 oktyabr 2019-cu il tarixli, L-BK-0048952-F saylı kredit müqaviləsinə əsasən cavabdehdən 7376,18 manat məbləğində əsas məbləğ üzrə borc, 2382,51 manat faiz borcu, 58,50 manat cərimə borcu və 556,29 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 10373,48 manat məbləğində kredit borcunun tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Lakin cavabdeh apellyasiya şikayətində borcun məbləğinin mübahisələndirilməsinə dair hər hansı bir dəlil irəli sürməmişdir. Hazırkı iş materiallarında olan 26 dekabr 2023-cü il tarixli maliyyə arayışı isə cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş qalan borc məbləğlərini təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna dair hissədə də iddianı təmin etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin e-2(020)-343/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin e-2(020)-343/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar