Məhkəmə qərarları › İş №2(106)-1357/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1357/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1357/2023 02.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, tərəflərin iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 60000 manat borcun və ödənilmiş 270 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2009-cu ildən yaxşı münasibətləri olmuş, onlar uzun müddət birgə yüz minlərlə manat dəyərində mal alqı-satqısı ilə məşğul olmuş və bunun nəticəsində qazanc əldə edərək bərabər şəkildə bölüşdürmüşlər. Belə ki, o, öz hesabına topdan qızıl-zinət əşyaları almış, cavabdeh həmin qızıl-zinət əşyalarını müxtəlif ticarət obyektlərinə satmış və sonda əldə etdikləri qazancı maya dəyəri çıxılıb ona ödənilməklə, aralarında bərabər bölüşdürmüşlər. Sonuncu dəfə cavabdeh onun alıb gətirdiyi qızılları Moskva univermağına satmışdır. Lakin qızılları satdıqları mağaza onlara qızılların pulunu ödəməmişdir. Cavabdeh bu barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etsə də, bunun bir faydası olmamışdır. Bundan başqa avtomobil alışı üçün cavabdehə nağd pul vermişdir, cavabdeh də həmin pula Gürcüstandan avtomobillər alıb gətirmiş və sata bilmədiyi üçün icrayə vermişdir. Lakin daha sonra malların alqı-satqısından lazımi məbləğdə gəlir əldə edilməmiş və onun malların alınmasına çəkdiyi xərc ödənilməmiş, nəticədə Cavabdeh 2011-ci ildən ona 74000 manat borcu olmuşdur. Cavabdeh həmin borcdan 14000 manat ödəmiş, lakin qalan 60000 manat borcu ödəməmişdir. Hazırda həmin borc məbləği 60000 manatdır. Lakin cavabdeh borcunu ödəməkdən boyun qaçırmış, o da polis işləyən bacısı oğluna müraciət edərək cavabdehi axtarmasını xahiş etmiş, tapdıqdan sonra o cavabdehlə danışmış, daha sonra kafeyə gedərək orada cavabdeh ona 60000 manat borcunun olması ilə bağlı qəbz yazmışdır. O, cavabdehin qəbz yazmasını videoyazıya almışdır. Cavabdeh sonralar borcunun ödənilməsinə görə pensiya kartını ona vermiş, o da həmin kartdan dörd ay pul çəkmişdir. Həmçinin cavabdeh ona 60000 manat borcunun olması ilə bağlı yazdığı qəbzdən sonra özü və oğlu vasitəsi ilə müəyyən məbləğlərdə onun hesabına pul köçürmüş və ümumilikdə ona olan borcundan 5000 manat ödəmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, İddiaçı ilə 2009-cu ildən yaxın olmuşlar və aralarında yaxşı münasibət olmuşdur. Onlar uzun müddət birgə mal alqı-satqısı ilə məşğul olmuşlar. İddiaçı öz hesabına qızıl-zinət əşyaları almış, o, həmin qızıl-zinət əşyalarını müxtəlif ticarət obyektlərinə satmışdır. Avtomobil alışı üçün iddiaçı ona nağd pul vermişdir, o da həmin pula Gürcüstandan avtomobillər alıb gətirmiş və sata bilmədiyi üçün icrayə vermişlər. Həmin avtomobillərdən birinin motoru yandığı üçün təmirə verilmişdir. O, İ Qarabağ müharibəsi əlilidir, buna görə də bir çox yerlərdə ona etimad olunur. İddiaçı da bundan istifadə edərək onunla işlər görmüşdür. Sonuncu dəfə o, iddiaçının alıb gətirdiyi qızılları Moskva univermağına satmışdır. Lakin qızılları satdıqları mağaza onlara qızılların pulunu ödəməmişdir. O bu barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etsə də, bunun bir faydası olmamışdır. Satdıqları malları iddiaçı öz hesabına aldığı üçün satışdan əldə olunan gəlirdən əşyaların maya dəyəri iddiaçıya ödənilib çıxıldıqdan sonra əldə olunmuş qazancı birgə işlədikləri üçün öz aralarında bərabər bölüşdürmüşlər. Lakin hazırda iddiaçı birgə işlədikləri vaxtdan qalan zərər məbləğini bütövlükdə ondan tələb edir. İddiaçının istinad etdiyi qəbzi özü yazmışdır, lakin həmin qəbzi iddiaçı polis işləyən bacısı oğlu ilə birgə ona yazdırmışlar. O da borc məbləğini bütövlükdə hesablamadığı üçün iddiaçının dediyi məbləği qəbzə yazmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, həmin məbləğ onun iddiaçıya ödəməli olduğu və onun payına düşən zərər məbləği deyil, onların satışını həyata keçirdiyi malların dəyərinin ümumi məbləğidir. 2009-cu ildə qızılın qiyməti ilə hazırkı vaxtda olan qiyməti eyni deyildir. İddiaçı isə bunu nəzərə almadan şişirdilmiş məbləği ondan tələb edir. Onun pensiya kartı iddiaçıda olmuş, iddiaçı həmin kartdan 2023-cü ilin mart ayınadək pul çəkmişdir. Həmçinin o, yazdığı qəbzdən sonra ayrı- ayrı vaxtlarda özü və oğlu vasitəsi ilə iddiaçının hesabına pul köçürərək ümumilikdə borcundan 2500-5000 manat pul ödəmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 25000 (iyirmi beş min) manat alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə görə, iş üzrə müvafiq sübutlar təqdim edilmişdir, işdə cavabdeh tərəfindən etiraf barədə yazılı qəbz vardır. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Rusiyadan gəlib burada iş qurmuşdur: taxta-şalban və s. işləri ilə məşğul olmuşdur. Cavabdehlə tanış olandan sonra bir müddət birgə mal alqı-satqısı ilə məşğul olmuş və bunun nəticəsində qazanc əldə edərək bərabər şəkildə bölüşdürmüşlər. Sonra cavabdehin borcu yarandı. Cavabdehin borcu 74000 manatdan çox idi. Bu, gəlir deyil, onun tərəfindən qoyulmuş mayadır. Cavabdeh borcu ödəməsin deyə Rusiyaya qaçdı. Sonra ağsaqqallar yığışdı, müəyyən güzəştlər etdi. Borc ilə bağlı cavabdeh özü yazıb qeyd etmişdir, bununla bağlı qəbz də var. Onun xeyrinə kartdan 2500 manat çıxıb. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, onun iddiaçıya borcu yoxdur. Belə ki, 2009-cu ildə qızıl alveri edirdi. Qızılı “Moskva” univermağında Rövşən adında adama kreditlə vermişlər. Həmin şəxs bir müddət sonra yoxa çıxmışdır. Sonradan banditizmə şikayət olunmuşdur. Qızıla verilən pulun kötüyü alınıb qaytarılıb. Sadəcə olaraq iddiaçı ilə aralarında gəlirini sübut edə bilməmişdir. Cavabdeh izahatında onu da qeyd etmişdir ki, o, müharibə veteranı olduğu üçün müəyyən güzəştlərdən istifadə edirdi, ona görə iddiaçı vəsait qoyurdu, o da Gürcüstandan avtomobil alıb gətirir, onun satışından əldə edilən gəliri bölüşdürürdülər. Qızıllar da iddiaçının vəsaiti hesabına alındıqdan sonra, o satışını realizə edir, sonra gələn gəliri bölüşdürürdülər. Məhkəmə Kollegiyası izahatları, məruzəni dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul etmişdir. Ona görə aşağıdakılara əsasən, qətnamə ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Müəyyən edilir ki, İddiaçı vergi ödəyici olan fiziki şəxsdir, vergi ödəyicisi kimi 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Eyni zamanda, Cavabdeh vergi ödəyici olan fiziki şəxsdir, vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İzahatlardan bəlli olur ki, iddiaçı və cavabdeh mal alqı-satqısı ilə məşğul olmuş və bunun nəticəsində qazanc əldə edərək bərabər şəkildə bölüşdürmüşlər. Belə ki, iddiaçının qoyduğu vəsaitlə cavabdeh Gürcüstandan avtomobil alıb gətirmiş, onun satışından əldə edilən gəliri bölüşdürmüşlər. Qızıllar da iddiaçının vəsaiti hesabına alındıqdan sonra, cavabdeh satışını həyata keçirməyə başlamışdır. Bu hal da onu deməyə əsas verir ki, tərəflər arasındakı münasibətlər kommersiya fəaliyyəti ilə bağlıdır, cavabdeh tərəfindən qəbzin yazılması onların arasında yaranmış kommersiya fəaliyyətindən törəyir. Beləliklə, hazırkı mübahisədə tərəflər (iddiaçı və cavabdeh) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir; onların arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli əlir. Belə olan halda birinci instansiya məhkəməsində işə ümumi məhkəmədə baxılmalı deyildi. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmiş, işə səlahiyyəti olmayan hakim tərəfindən baxılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Azərbaycan Respublikasının MPM-nin 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 387.2.1-ci maddəsinə tələbinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan, işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır; ona görə də qətnamə ləğv edilməli, işə mahiyyəti üzrə baxılmaq üçün iş üzrə materiallar aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılmaq üçün iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(055)-445/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar