Məhkəmə qərarları › İş №2(106)-1358/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1358/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1358/2023 07.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(055)-436/2023 saylı qətnaməsindən (hakim İ.Abuşov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1359,47 manat əsas borc, 1,01 manat faiz borcu, cəmi 1360,48 manat borcun, ödənilmiş 33,61 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh əsaslandırılmış etirazına əsasən Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(055)-436/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun 1950,27 manat qalıq məbləğini 60 ay müddətinə illik 1% ödəmək şərti ilə Cavabdeh vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmış və nəticədə onun banka 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə 1359,47 manat əsas borcu, 1,01 manat faiz borcu, cəmi 1360,48 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 1359,47 manat əsas borcun, 1,01 manat faiz borcunun, cəmi 1360,48 manat borcun, ödənilmiş 33,61 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti mülki işin hazırlıq iclasının keçiriləcəyi 25 may 2023-cü il tarixində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq Cavabdeh qarşı qaldırılan iddia tələbində cavabdeh tərəfindən ödənişlər edildiyinə görə dəyişiklik olduğunu və 25 may 2023-cü il tarixə cavabdehin iddiaçıya 1221,46 manat əsas borcunun, 0,41 manat faiz borcunun, cəmi 1221,87 manat borcunun olduğu bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 07 oktyabr 2019-cu il tarixdə iddiaçı ilə aralarında bağlanmış 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən onun iddiaçıya ödəməli olduğu kredit "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunmuş və ona iddiaçı tərəfindən 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1950,27 manat məbləğində kredit verilmişdir. Hazırda onun iddiaçı ilə bağladığı müqavilənin müddəti bitməmişdir və o bir sıra vaxtlarda borcunu ödəməyi gecidkirsə də, hazırki vaxtadək borcundan ödənişlər etmişdir və bundan sonra da edəcəkdir. Lakin iddiaçı müqavilə müddəti bitmədən ona qarşı məhkəmədə iddia qaldırmış və onun hazırki vaxtadək ödəməli olduğu bütün borcu deyil, müqavilə müddətinin bitdiyi vaxtadək olan borcu, yəni müqavilənin bitdiyi 07 oktyabr 2024-cü il tarixədək hesablanmış borcun ödənilməsini tələb edir. O hesab edir ki, müqavilə müddəti bitmədiyi üçün iddia əsassızdır. Həmçinin iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia müddətini ötürdükdən sonra ona qarşı məhkəmədə iddia qaldırmışdır. Saatlı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(055)-436/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcu daxil olmaqla, ümumilikdə 534 (beş yüz otuz dörd) manat 03 (üç) qəpiyin alınaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat 61 (altmış bir) qəpik dövlət rüsumunun və 40 (qırx) qəpik bank xidmət haqqının Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, "xxxx"KB ASC ilə Cavabdeh arasında bağlanmış 423rstS LY /19saylı xx.xx.2019-cu il tarixli Güzəştli kredit və bank hesabı müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitsə də, müqavilənin 3.5.1 və 3.5.6-cı bəndlərinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərərək qalıq əsas borcu və həmin tarixə hesablanmış faiz borcunun 3 iş günü müddətində ödənilməsini tələb etməklə kredit müqaviləsini də ləğv etməyi xahiş etmişdir. Həmin bildirişin göndərilməsindən 3 aydan artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, o cümlədən 423rstS LY/19 saylı xx.xx.2019-cu il tarixli Güzəştli kredit və bank hesabı müqaviləsinə, borcun tam qaytarılmasına və müqavilənin ləğv edilməsinə dair bildirişə hərtərəfli və tam baxmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Tərəflər arasında bağlanmış 423rstS LY/19 saylı xx.xx.2019-cu il tarixli Güzəştli kredit və bank hesabı müqaviləsinin 3.5.1-ci və 3.5.6-cı bəndlərində nəzərdə tutulmuş müqavilənin ləğvi qaydasını araşdırardısa iddiaçının müqavilə üzrə qalıq əsas borcunu tam məbləğdə tələb etməsində haqlı olduğunu müəyyən edə bilərdi, cavabdehə göndərilmiş xx.xx.2022ci il tarixli bildirişdə qalıq əsas borcun və həmin tarixə hesablanmış faiz borcunun 3 iş günü müddətində ödənilməsini tələb etməklə kredit müqaviləsini də ləğv etmək barədə təklifini qiymətləndirə bilərdi, iddiaçının müqaviləni vaxtından əvvəl ləğv etmək barədə qarşı tərəfə məlumat verməsini və vaxtı çatmamış əsas borcu tələb etməyini mahiyyətcə müqaviləni vaxtından əvvəl ləğv etmək kimi qiymətləndirə bilərdi. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Mirzağ oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın tam təmin olunmasını istəməklə, mahiyyətcə qətnaməni iddianın təmin edilməməsinə dair hissədə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə iddianın təmin edilməyən hissəsinə münasibətdə yoxlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq olunan hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(055)-436/2023 saylı qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas və faiz borcunun) cavabdehdən alınması barədədir. İşdə olan və məhkəmə iclasında elan edimiş iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqaviləyə görə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilədə göstərilən qalıq məbləği müştərinin mülkiyyətinə verilir və ona bank hesabları açılır, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürür. Kreditin məbləği 1950,27 manat təşkil etmiş və həmin kredit 07 oktyabr 2024-cü il tarixədək 12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla, illik 1% ödəmək şərti ilə cavabdehə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 25 may 2023-cü il tarixli məktubdan görünür ki, 423rstSLY/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" X2 Səhmdar Cəmiyyətinə 1221,46 manat əsas borcu, 0,41 manat faiz borcu, cəmi 1221,87 manat borcu vardır. İşdə olan 22 noyabr 2022-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi barədə xəbərnamədən görünür ki, iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə öhdəliyinin icra edilməsi tələb edilmiş, həmçinin borclarının ödənilmədiyi halda aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsini təklif etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 17 aprel 2023-cü il tarixli etiraz ərizəsindən görünür ki, Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin iddia müddəti ötürüldükdən sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmiş, etiraz ərizəsinin qəbul edilməsini və mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 25 may 2023-cü il tarixli hesab üzrə çxıarışdan və ödəniş qəbzlərindən görünür ki, 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu dəfə cavabdeh tərəfindən 19 may 2023-cü il tarixdə ödəniş edilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun 1950,27 manat qalıq məbləğini 60 ay müddətinə illik 1% ödəmək şərti ilə Cavabdeh vermiş və cavabdehə bank hesabları açmışdır. Cavabdeh həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmış və nəticədə onun banka 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə 1221,46 manat əsas, 0,41 manat faiz borcu yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin öhdəliyini vaxtında yerinə yetirməməsini müəyyən etmiş və 07 iyun 2023-cü il tarixinə onun banka ödənilməmiş qalmış 534.03 manat pul vəsaitini bankın xeyrinə tutulmasını qət etmiş, həmin tarixdən müqavilənin bitdiyi xx.xx.2024-cü il tarixinə qalmış 687,84 manat kredit borcunun isə tutulmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 687.84 manat hissədə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 423rstSLY/19saylı xx.xx.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinin 3.5.1-ci bəndində göstərilir ki, müştəri krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda; Həmin müqavilənin 3.5.6-cı bəndlərinə əsasən isə bu müqavilə üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə müqavilə üzrə kredit qalığını vaxtından əvvəl tələb edə biulər. İş materialları ilə müəyyən olunur ki, cavabdeh krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox olmaqla pozmuş, həmçinin müqavilə üzrə ödənişləri vaxtında və lazımı qaydada icra etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın təmin edilməyən hissəsi olan 687.84 manat pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(055)-436/2023 saylı qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmalı, Cavabdeh 687,84 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq 17.01 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti 5000 manatdan çox olmadığından qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(055)-436/2023 saylı qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 687,84 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq 17.01 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar