Məhkəmə qərarları › İş №2(106)-136/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-136/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-136/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, Cavabdeh Ağaddin qızının iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) Cavabdeh Ağaddin qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: xx.xx.2016-cı il tarixli, 52-xx-xx-080737 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh Ağaddin qızına 60 ay müddətində, illik 29 faiz ödənilməsi şərtilə, 1985 manat məbləğində kredit verilmişdir. Hazırki tələbdə "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağaddin qızından 1.363,09 manat əsas borc, 885,71 manat faiz borcu, cəmi 2.248,80 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-yə ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh Ağaddin qızına şəxsi məqsədləri üçün illik 29 faiz olmaqla, 60 ay müddətinədək, 1.985 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh Ağaddin qızı kredit müqaviləsinin müddəalarını pozaraq müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilmiş borc yarandıqda hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,16 faizi miqdarında dəbbə (penya) ödənilir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc məbləği ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 58 faizi miqdarında cərimə ödəyir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək onun rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, kredit müqaviləsinə əsasən "xxxx" ASCdən 1.600 manat kredit götürmüş, kredit borcunu tam ödəmiş və banka kredit borcu qalmamışdır. Krediti ödəməsi barədə ödəmə qəbzləri də var. "xxxx" ASC tərəfindən ona qarşı borcun ödənilməsinə dair iddia tələbi əsassızdır. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh Ağaddin qızından əsas borca görə 1.091,09 manat, faiz borcuna görə 885,71 manat, cəmi 1.976,80 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, iş materiallarına əlavə edilmiş sənədlərə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh Ağaddin qızı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onun Banka borcu yoxdur. Birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilməmişdir və ona görə də, sübutları məhkəməyə təqdim edə bilməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh Ağaddin qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətinin təmin edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Sahil Şirzadlı məhkəməyə ərizə göndərərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında müvafiq kredit müqaviləsi bağlanmışdır. Belə ki, xx.xx.2016-cı il tarixli, 52-xx-xx-080737 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh Ağaddin qızına 60 ay müddətində, illik 29 faiz ödənilməsi şərtilə, 1985 manat məbləğində kredit verilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, borcun ödənilməsində pozuntular olduğuna, müqavilə şərtlərinə əməl edilmədiyinə görə, Bank əvvəlcə yazılı surətdə cavabdehdən borcunu tələb etmiş, borcun ödənilməsi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. İşin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı Banka borcunun olmadığını və birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən sübutlarını məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə bildirişi göndərilmiş, eyni zamanda cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmiş və onun sübutlarını məhkəməyə təqdim etmək imkanı olmuşdur. Bununla yanaşı, cavabdeh borcun ödənilməsi ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Apellyasiya baxışında cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərardadı əsasında iş üzrə ekspertiza keçirilmişdir. İş üzrə keçirilmiş, məhkəmə mühasibatlıq ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 9/9156 nömrəli rəyinə görə Cavabdeh Ağaddin qızının 06 iyul 2021-ci il tarixə banka olan borcu- əsas borc üzrə 1427,68 manat, faiz borcu üzrə 887,86 manat, ümumilikdə 2315,54 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda işə cavabdehin apellyasiya şikayəti həddində baxılır. Ekspert rəyində göstərilən məbləğ birinci instansiya məhkəməsində müəyyən edilən borc məbləğindən artıqdır. Ekspert rəyində göstərilən məbləğ cavabdehin ziyanına olduğundan, Kollegiya həmin məbləği əsas götürmür. Eyni zamanda apellyasiya baxışında cavabdeh tərəf hazırkı kredit müqaviləsi üzrə borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyünü qeyd etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına müvafiq sorğu verilmiş, Mərkəzi Bankın 21 dekabr 2022-ci il tarixli, 6-1.16-2-2022-18492 nömrəli məktubu ilə bildirilmişdir ki, borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Barəsində sorğu edilmiş şəxs- Cavabdeh Ağaddin qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Eyni zamanda ekspert rəyinin alınması ilə əlaqədar olaraq 150 manat məbləğində pul vəsaiti Cavabdeh Ağaddin qızından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəməsinin Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh Ağaddin qızının apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(041)-1600/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspert rəyinin alınması ilə əlaqədar olaraq 150 manat məbləğində pul vəsaiti Cavabdeh Ağaddin qızından tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəməsinin Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar