Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-136/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-136/2025 Açar sözlər: pul tələbi X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(049)-852/2024 saylı qətnaməsindən (hakim M.Qasımov) iddiaçı Ləğv prosessində olan QSC “Bank Standart”ın nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 11101.03 manat əsas borc və 3680.60 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 14781.63 manat məbləğində pulun, 134.35 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyan Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında 0,0455 hektar yardımçı sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 241,4 kv.metr ümumi, 41,5 kv.metr yaşayış, 199,9 kv.metr yardımçı sahədən ibarət 20 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0455 hektar torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 22 faiz dərəcəsi ilə 23500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı 2018-ci ildə hazırki iş üzrə cavabdehlərə qarşı iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə 2900.65 manat əsas borc, 719.73 manat faiz borcu, 240.43 manat cərimə borcu - cəmi 3860.81 manat məbləğində borc, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat - cəmi 60 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında 0,0455 hektar yardımçı sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 241,4 kv.metr ümumi, 41,5 kv.metr yaşayış, 199,9 kv.metr yardımçı sahədən ibarət 20 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0455 hektar torpaq sahəsinə yönəldilməklə həmin əmlakların açıq hərracda satılması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən məcburi çıxarılmaları və həmin evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-157/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2900.65 manat əsas borc, 719.73 manat faiz borcu, 100 manat cərimə olmaqla - cəmi 3720.38 manat pulun və cəmi 60 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən kredit müqaviləsi üzrə borcun miqdarı ilə bağlı iddia ərizəsində yanlışlığa yol vermişdir. Belə ki, həmin iddia tələbində xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə tələb olunan məbləğlər tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/84839/14 saylı digər kredit müqaviləsi üzrə tələb olunan məbləğlərlə səhv salınaraq həmin iddia ərizəsində əsas borc, faiz borcu və cərimə məbləğləri faktiki miqdarından az yazılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-1536/2018 nömrəli qətnaməsi ilə də cavabdehin digər kredit müqaviləsi üzrə borcuna dair iddia tələbi də qismən təmin edilmişdir. hazırki vəziyyətdə tərəflər arasında mübahisəli münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onlar tərəfindən lazımınca icra edilməmişdir. Hazırda iddiaçı mövcud vəziyyətdə çıxış yolu kimi xx.xx.2014cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 11101.03 manat əsas borc və 3680.60 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu məbləğlərinin tutulması tələbi ilə yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müqaviləyə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müdd ətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi X5 məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmə baxış iclasında izahat verərək göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqavilələri üzrə o, kredit borcunun bir hissəsini ödəmiş, sonradan ailəsində yaranan problemlərlə bağlı maddi imkansızlıq üzündən borcunun qalan hissəsini ödəyə bilməmişdir. Cavabdeh2 onun əri olmuş və o, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, iddiaçının hazırki tələbini əsassız hesab edir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə məhkəmədə ona və ərinə qarşı 2018-ci və 2019-cu illərdə iddia tələbi qaldırmışdır. Lənkəran Rayon Məhkəməsində həmin tələblər üzrə mülki işlərə baxılaraq müvafiq qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamələr qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qətnamələrdən biri tam şəkildə icra edilmiş, digər qətnamə üzrə tutulmalar davam edir. 2018-ci və 2019-cu illərdə qəbul edilmiş və hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə onun hər iki kredit müqaviləsi üzrə iddiaçıya olan borcunun miqdarı müəyyən edilmiş və həmin vaxtdan sonra o, iddiaçının ona qarşı hər hansı tələbinin olmayacağına arxayın olmuşdur. xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsinin bağlandığı vaxtdan 10 ilə yaxın, həmin müqavilənin müddətinin bitdiyi vaxtdan isə 7 ilə yaxın müddət keçmişdir. Həmin müqavilə üzrə borcun tutulması ilə bağlı xx.xx.2019-cu il tarixli 2(049)-157/2019 nömrəli məhkəmə qətnaməsi qəbul ediləndən sonra keçən 5 ilə yaxın müddət ərzində də iddiaçının ona qarşı hər hansı tələb və ya iddiası olmamış, yalnız 2024-cü ilin yanvar ayında iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyindən hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassızdır. Ona görə də iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(049)-852/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart”-ın nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti verilərək, Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(049)-852/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan QSC "xxxx" KB 2018-ci ildə məhkəməyə müraciət edərkən məhkəmədə olan digər kredit müqaviləsi üzrə iddia tələbi ilə bağlı müraciət edildiyindən iddia ərizəsində yanlışlığa yol verilmişdir. Belə ki, Bankın iddia tələbi üzrə 25 iyun 2014-cü il tarixli 1xx/xx/74081/14 saylı kredit müqaviləsi üzrə tələb olunan məbləğlər 04 noyabr 2014-cü il tarixli 1xx/xx/84839/14 saylı kredit müqaviləsi üzrə tələb olunan məbləğlərlə səhv salınaraq həmin iddia ərizəsində 2900.65 manat əsas borc, 719.73 manat məbləğində faiz borcu, 240.43 manat məbləğində cərimə borcu, ümumilikdə 3860.81 manat borc olmaqla yanlış yazılmışdır. Texniki yanlışlıq səbəbi ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən tələb edilən məbləğlə, bankın tələb etməli olduğu məbləğ arasında 14.781,63 manat fərq mövcuddur. Belə olan halda bankdan hansı məbləğdə kredit götürdüyü, həmin kredit üzrə nə qədər ödəniş etdiyini bilən cavabdeh həmin kredit müqaviləsinə münasibətdə qat-qat aşağı məbləğdə olan tələblə razılaşmışdır. Bundan əlavə, məhkəmə qətnaməsinin 2019-cu ildə qəbul edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qətnamə üzrə borc tam ödənilməmiş, qətnamənin icrası cavabdeh tərəfindən gecikdirilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, onun məzmununa uyğun izahat vermiş, şikayətlərinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddialarının təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, əvvəllər qeyd edilən mübahisəli kredit müqaviləsi üzrə Lənkəran rayon məhkəməsinin 17 iyul 2019-cu il tarixdə qətnamə çıxarılmış olsada həmin vaxt yanlışlıqla cavabdehlərdən 2900.65 manat əsas borc, 719.73 manat məbləğində faiz borcu, 240.43 manat məbləğində cərimə borcu, ümumilikdə 3860.81 manat borc tələb edilərək, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi qət edilmişdir. Hazırda texniki yanlışlıq səbəbi ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən tələb edilən məbləğlə, bankın tələb etməli olduğu məbləğ arasında 14.781,63 manat fərq mövcuddur ki, hazırda da həmin məbləği cavabdehdən tələb edirlər. Kollegiyanın əvvəlki iclasında iştirak edən xx.xx.2020-ci il tarixdə vəfat etmiş digər cavabdeh (ipoteka qoyan) Cavabdeh2 hüquqi varisi (arvadı), həmçinin Cavabdeh1 apellyasiya şikayətini qəbul etməmiş, onu əsassız hesab etmiş, apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013- cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edə tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri iddiaçıya münasibətdə qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düz tətbiq etmişdir. İş materiallarına əlavə edilmiş elektron məlumat sistemindən olan çıxarışdan və Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 105578 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli ipoteka müqaviləsi, xx.xx.2014-cü il tarixli məxaric orderi, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli bildirişlər, Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışın, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-1536/2018 nömrəli və xx.xx.2019-cu il tarixli 2(049)-157/2019 nömrəli qətnamələrinin surətləri, notarial qaydada təsdiq olunmuş xx.xx.2014-cü il tarixli ərizə, Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 105578 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, xx.xx.2024cü il tarixli hesabdan çıxarış, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, xx.xx.2024-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 müraciəti əsasında onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 22 % dərəcəsi ilə 36 ay müddətinə 23500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında 0,0455 hektar yardımçı sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 241,4 kv.metr ümumi, 41,5 kv.metr yaşayış, 199,9 kv.metr yardımçı sahədən ibarət 20 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0455 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etmədiyinə görə 2018-ci ildə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbi qismən (cərimə məbləği azaldılmaqla) təmin edilmişdir. İddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 134,35 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından da görünür ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə borc gecikdirildiyi üçün həmin müqavilə üzrə əsas borc və faiz borcu məbləğlərinin tutulması ilə bağlı iddiaçı tərəfindən 2018-ci ildə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli 2(049)-157/2019-cu il nömrəli qətnaməsi ilə iddia tələbinin əsas borc və faiz borcu məbləğlərinin cavabdehdən tutulmasına dair hissələri, habelə, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissəsi tam şəkildə, yəni iddiaçının iddia tələbində qeyd etdiyi şəkildə, həmin iddianın yalnız 240.43 manat cərimə məbləği tələbinə dair hissəsi qismən - 100 manat həddində təmin edilmişdir. Başqa sözlə, iddiaçının xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə qalıq borcunun miqdarı ilə bağlı məhkəməyə təqdim etdiyi sənəd (sübut) məhkəmə tərəfindən də olduğu kimi qəbul edilməklə borcun qəti miqdarı kimi qətnamədə təsbit edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəyə minmişdir. İşdə olan, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9347 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 1xx/xx/47081/14 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2017-ci il tarixə(müqavilənin bitdiyi tarix) əsas borc üzrə 14.691,89 manat, faiz borcu üzrə 4832,18 manat; xx.xx.2024-cü il tarixə(iddia tələbində göstərilən tarix) əsas borc üzrə 12.095,75 manat, faiz borcu üzrə 2432,18 manat, əldən çıxmış fayda borcu üzrə 4192,14 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh məhkəməyə iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü bildirmiş və bu barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddia müddətinin tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı isə öz iddia tələbinin əsası kimi istinad etdiyi halı - 2018-ci ildə məhkəməyə müraciət edilərkən xx.xx.2014-cü il tarixli, 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə tələb olunan məbləğlərin digər kredit müqaviləsi üzrə tələb olunan məbləğlərlə səhv salınaraq yanlış yazıldığı ilə bağlı sübut etmə yükü də məhz iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunun səbəbini mötəbər sübutlarla izah edə bilməmişdir. Həmçinin, iddiaçı tərəfindən belə bir yanlışlığa texniki səhv olaraq yol verilmiş olsa da, 2018-2019-cu illərdə həmin iddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə iddiaçı tərəfindən tələbin həcminin artırılması və dəqiqləşdirilməsi üçün müraciət olunmamışdır. Cavabdeh isə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə borcun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarı ilə razılaşaraq həmin məbləği ödəməyə başlamışdır. Hətta, həmin iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan sonra keçən 5 ilə yaxın müddət ərzində də iddiaçı cavabdeh(lər)ə qarşı hər hansı əlavə tələb irəli sürməmiş, bununla da iddia müddətini keçirmiş, yalnız xx.xx.2024-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə bildirmişdir ki, qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il təşkil etdiyindən və iddiaçı da öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayaraq həmin müddəti keçirməklə hazırki tələblərlə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçının iddia tələbində göstərdiyi xüsusatları hazırki iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi üçün yetərli əsas hesab etməmiş və iddia müddətinin keçməsi əsası ilə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı 2018-ci ildə məhkəməyə müraciət edərkən məhkəmədə olan digər kredit müqaviləsi üzrə iddia tələbi ilə bağlı müraciət edildiyindən iddia ərizəsində yanlışlığa yol verilmişdir. Belə ki, Bankın iddia tələbi üzrə 25 iyun 2014-cü il tarixli 1xx/xx/74081/14 saylı kredit müqaviləsi üzrə tələb olunan məbləğlər 04 noyabr 2014-cü il tarixli 1xx/xx/84839/14 saylı kredit müqaviləsi üzrə tələb olunan məbləğlərlə səhv salınaraq həmin iddia ərizəsində 2900.65 manat əsas borc, 719.73 manat məbləğində faiz borcu, 240.43 manat məbləğində cərimə borcu, ümumilikdə 3860.81 manat borc olmaqla yanlış yazılmışdır. Texniki yanlışlıq səbəbi ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən tələb edilən məbləğlə, bankın tələb etməli olduğu məbləğ arasında 14.781,63 manat fərq mövcuddur. Belə olan halda bankdan hansı məbləğdə kredit götürdüyü, həmin kredit üzrə nə qədər ödəniş etdiyini bilən cavabdeh həmin kredit müqaviləsinə münasibətdə qat-qat aşağı məbləğdə olan tələblə razılaşmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı isə öz iddia tələbinin əsası kimi istinad etdiyi halı -yəni, 2018-ci ildə məhkəməyə müraciət edilərkən xx.xx.2014-cü il tarixli, 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə tələb olunan məbləğlərin digər kredit müqaviləsi üzrə tələb olunan məbləğlərlə səhv salınaraq yanlış yazılması və bu tələblə məhkəməyə müraciət etməsi ilə bağlı məhkəməyə mötəbər və təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən isə sübut etmə yükü məhz iddiaçının üzərinə düşür. Həmçinin, iddiaçı tərəfindən belə bir yanlışlığa texniki səhv olaraq yol verilmiş olsa da, 2018-2019-cu illərdə həmin iddia ərizəsin məhkəmənin icraatında olduğu zaman iddiaçı tərəfindən tələbin həcminin artırılması və dəqiqləşdirilməsi üçün məhkəməyə hər hansı müraciət olunmamışdır. Bundan başqa iş materialları və işin 153-cü səhifəsində olan ekspert rəyi və ona əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, (səhifə 157) cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixindən sonra 3 il, 4 ay, 11 gün müddətində hər hansı ödəniş edilməmiş və bununla da iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddia müddətini ötürmüşdür. Həmin səndəddən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixindən 3 il, 4 ay, 11 gün sonra xx.xx.2023-cü ildən ödənişlər etməyə başlamışdır. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, e-2(049)-852/2024 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Apelyasiya baxışında aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-136/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-136/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver