Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1361/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət məhkəmə tərkibində, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli e-2(050)-2180/2025 saylı qərardadından (hakim E.Hüseynov) iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 5 iyun 2025-ci il tarixli e-2(050)-2180/2025 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, Mülki Prosessual Məcəllənin 284-5.1 - 284-5.3-cü maddələrinə müvafiq olaraq tərəflərə, o cümlədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilməklə bildiriş göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli e-2(050)-2180/2025 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə hazırlıq iclası 10 iyul 2025-ci il tarixinə saat 11:00-a təyin olunmaqla tərəflərə, o cümlədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilməklə bildiriş göndərilmişdir. 10 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə baxışına hazırlıq iclasında iddiaçı nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmamış, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Masallı Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(050)-2180/2025 saylı qərardadı əsasında iş üzrə məhkəmə baxışı 31 iyul 2025-ci il tarixinə saat 14:30-a təyin olunmaqla tərəflərə, o cümlədən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin elektron kabinetinə yerləşdirilməklə bildiriş göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli e-2(050)-2180/2025 saylı qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsiə istinadla baxılmamış saxlanmışdır. Qərardaddan iddiaçı şikayət verərək ləğv olunmasını, iddianın mahiyyəti üzrə baxılaraq həll edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı rayonu üzrə məhkəmə iclaslarında bir qayda olaraq həmin ərazi üzrə nümayəndələri İdrak Bəşirov iştirak etsə də, əməkdaş 28 iyul 2025-ci il tarixindən 14 təqvim günü əmək məzuniyyətdə olduğu üçün üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmiş, hətta işdə olmaması barədə bankın məhkəmələrlə iş şöbəsinə də, məlumat verməmişdir. Həmçinin, həmin əməkdaş struktur olaraq, məhkəmələrlə iş şöbəsinin deyil, problemli kredit şöbəsinin əməkdaşı olaraq onun məzuniyyətə çıxması və olması barədə onların şöbəsi ilə razılaşdırılmır, hətta qəribə görünsə də, işçinin məzuniyyətdə olması barədə onların şöbəsinə məlumat da, verilməmişdir. Halbuki, məhkəmə orqanlarına daimi və Ali hörmətlərini, işin icra intizamı və iclaslarda iştirakın zəruri olmasını dərk etdikləri üçün bütün məhkəmə iclasları zamanı işçinin işdə olmadığı və ya üzrlü səbəbləri bildikləri halda iclas günündən əvvəl və ya elə proses günü məhkəmə iclasında iştirakları olmadan keçirilərək qərar qəbul edilməsi barədə məhkəmənin elektron pəncərəsinə tərəflərindən ərizə yüklənmiş olardı. Əlavə məlumat üçün bildirirlər ki, “e-məhkəmə” sisteminə giriş və müvafiq sənəd dövriyyəsi ilə bağlı əməliyyatlar LPO Amrahbank” ASC-nin Bakı şəhəri Xocalı prospektində yerləşən baş ofisindən icra edilir. Bu baxımdan əməkdaşın sistem girişi və istifadəsi üçün ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən heç bir ləğv prosesində olan bankların rayon üzrə nümayəndələrinə səlahiyyətlər verilməmişdir. Masallı Rayon Məhkəməsinin 1 avqust 2025-ci il tarixli e-2(050)-2180/2025 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 260.6.-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 17-ci bəndinə əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Həmin Qərarın 21-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsində nəzərdə tutulan vəsatət Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanmasına dair qərardadın ləğvi barədə tərəfin xahişidir. Odur ki, həmin vəsatət qərardadı mübahisələndirən şikayət sayılmır. Ərizənin baxılmamış saxlanılması haqqında (o cümlədən Azərbaycan Respublikası MPM-in 259.0.6 və 259.0.7-ci maddələrində nəzərdə tutulmuş əsaslarla çıxarılmış) qərardadın qanuni və əsaslı olması yalnız şikayət verilməklə mübahisələndirilə bilər. Şikayətə Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Kollegiya hesab edir ki, iş materiallarına əsasən MPM-in 259.0.7-ci maddəsinə istinadla ərizənin baxılmamış saxlanması üçün əsas 10 iyul 2025-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında mövcud olmuşdur, belə ki, iddiaçı həmin iclasda nümayəndəsi vasitəsilə təmsil olunmamış, hazırlıq iclasının iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Lakin nəqədərki, birinci instansiya məhkəməsi hazırlıq iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edib işi məhkəmə baxışına vermişdir, bu zaman MPM-in 259.0.6 və ya 259.0.7-ci maddələrinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün MPM-in 185.4-cü maddəsində nəzərdə tutulan təkrarlıq şərti mövcud olmalı idi. İşdən isə belə bir hal müəyyən olunmur. Belə ki, 31 iyul 2025-ci il tarixinə təyin olunmuş ilk məhkəmə baxış iclasında iddiaçı nümayəndəsi vasitəsilə təmsil olunmamış, iştirak edən cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş və məhkəmə həmin tarixli qərardadla iddianı baxılmamış saxlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, iddia ərizəsinin baxılmamış saxlanmasına dair birinci instansiya məhkəməsinin 31 iyul 2025-ci il tarixli e- 2(050)-2180/2025 saylı qərardadı ləğv olunmalı və iş materialları mübahisəyə mahiyyəti üzrə baxılması istiqamətində sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli e-2(050)-2180/2025 saylı qərardadı ləğv olunsun və iş materialları iddia ərizəsinə baxılması ilə bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsindən ötrü Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(106)-1361/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1361/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver