Məhkəmə qərarları › İş №2(106)-1363/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1363/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1363/2023 19.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(036)-169/2023 saylı qətnaməsindən (hakim Ü.Qənbərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq Cavabdeh 2020-ci ilin noyabr ayında ondan 1 ay müddətində qaytarmaq şərti ilə cəmi 3000,0 manat borc aldığını və indiyədək cəmi 500, 0 manat qaytardığını göstərərək Cavabdeh 2500,0 manat əsas borc və 45 manat dövlət rüsumu tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının qayınıdır, o, 2020-ci ilin noyabr ayında iddiaçıya müraciət edərək ona təcili pul lazım olduğunu bildirmiş və iddiaçıya söz vermişdir ki, ən geci 1 ay müddətində həmin pulu ona qaytaracaqdır. İddiaçı da, cavabdehə inanaraq ona Kapital bank vasitəsi ilə xx.xx.2020-ci ildə onun adına olan kart nömrəsinə 67991 saylı qəbz əsasında 800 manat və həmin tarixli 67993 saylı qəbz əsasında isə 2200 manat məbləğində pul göndərmişdir. Cavabdehə dəfələrlə etdiyi müraciətdən sonra həmin puldan yalnız 500 manat pulu iddiaçıya geri qaytarmış və onun iddiaçıya 2500 manat borcu qalmışdır. Dəfələrlə həmin pulu istəsə də, o, pulu iddiaçıyaqaytarmamışdır, buna görə də iddiaçı məcburiyyət qarşısında qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun qardaşı X5 aldatma və etibardan sui-istifadə etmək yolu ilə X7 məxsus olan 81.414,6 manat məbləğində əmlakı ələ keçirərək ona külli miqdarda maddi zərər vurduğuna görə AR CM-nın 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Barasində cinayət işi başlanandan sonra X4 məxsus olan avtomobil arvadı İddiaçı tərəfindən satılaraq 2020-ci ilin noyabr ayında 3000,0 manat pul zərərçəkmiş şəxs X7 dəymiş zərərin ödənilməsindən ötrü ona göndərilmiş və o, öz adına bankdan 2000,0 manat ktedit götürüb həmin pula əlavə edərək X6 qardaşı X8 5000,0 manat vermişdir. Bundan sonra X9 ona dəymiş maddi zərərin tam şəkildə ödənildiyinə dair ərizə vermiş və X1 şikayətçi olmamışdır. İddiaçı ona hər hansı bir məbləğdə borc verməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İmişli Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(036)-169/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı cavabdehə 3000 manat pulu 2 dəfəyə xx.xx.2020-ci il tarixdə 87993 saylı ödəmə qəbzi ilə 2200 manat, 87991 nömrəli qəbzlə 800 manat göndərmişdir və o, da həmin pulu qəbul etmişdir. Bu işin mübahisə olunmayan halıdır. Cavabdehə həmin pulu kiminsə borcuna görə ödəməsi vəzifəsini həvalə etməmişdir və aralarında belə bir razılaşma olmamışdır. X5 iddiaçının ailə üzvü deyildir, iddiaçı onunla 1999-cu ildə boşanmışdır. Onun kimlərəsə borcunun olub-olmamasının iddiaçıya hər hansı bir aidiyyəti yoxdur, lakin məhkəmə qarşı tərəfin izahatına istinad etməklə əsaslı olan iddia tələbini rədd etmişdir. Mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPMnin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə işdə olan mötəbər sübutları-ödəmə qəbzlərini nəzərə almamış və iddiaçı haqlı olduğu halda iddiaçını haqsız çıxarmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsində verdiyi izahata oxşar məzmunda izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı qardaşı Məhyədinin arvadıdır. Qardaşı tutulana qədər iddiaçı ilə birlikdə Sumqayıtda yaşamışlar. Qardaşı Məhiyədinin köhnə “Opel Astra” markalı avtomobili olmuşdur. Məhyədinin tapşırığına əsasən arvadı Təranə avtomobili satmış və pulundan vurulmuş ziyanı ödəmək üçün 3000 manat onun kartına pul göndərmişdir. Təranə özü ona zəng edərək Məhyədinin ziyanını ödəmək üçün onas pul göndərmək istədiyini demişdir. O da kart nömrəsini Təranəyə atmışdır. Təranə bu işləri qardaşı Məhiyədinin tapşırığına əsasən etmişdir. Hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və ədalətlidir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. MM-nin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-nin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-nin 778.1-ci maddəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. MM-nin 778.2-ci maddəssinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. MM-nin 778.3-cü maddəsinə əsasən Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. [ Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş üzrə şahid X10 göstərmişdir ki, X5 aldatma və etibardan sui-istifadə etmək yolu ilə onun qardaşı X7 məxsus olan 81.414,6 manat məbləğində əmlakı ələ keçirdiyinə görə AR CM-nın 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X5 həbs edildikdən sonra Cavabdeh zərərçəkmiş şəxs X7 dəymiş zərərin ödənilməsindən ötrü ona 5000,0 manat vermiş və o da həmin pulu X7 çatdırmışdır. Bundan sonra X7 ona dəymiş maddi zərərin tam şəkildə ödənildiyinə dair ərizə vermiş və X1 şikayətçi olmamışdır. İşdə olan AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)1586/2021 saylı Qərarının surətinə əsasən X5 aldatma və etibardan sui-istifadə etmək yolu ilə X7 məxsus olan 81.414,6 manat məbləğində əmlakı ələ keçirərək ona maddi zərər vurduğuna görə AR CM-nın 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X7 ona dəymiş maddi zərərin tam şəkildə ödənildiyinə dair ərizə vermiş və X1 şikayətçi olmamışdır. İşdə olan xx.xx.2020-ci il tarixli 87993 nömrəli ödəmə qəbzinin surətinə əsasən həmin tarixdə "Kapitalbank” ASC-nin Sumqayıt filialından Cavabdeh ******************** | nömrəli plastik kart hesabına 2200,0 manat köçürülmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli 87991 nömrəli ödəmə qəbzinin surətinə əsasən həmin tarixdə Kapitalbank” ASC-nin Sumqayıt filialından Cavabdeh ******************** nömrəli plastik kart hesabına 800,0 manat köçürülmüşdür. Məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də hazırkı işə tapşırıq müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət işi üzrə zərərçəkmiş şəxs X7 dəymiş maddi zərərin ödənilməsindən ötrü məhz X3 tapşırığı ilə xx.xx.2020-ci il tarixdə onun arvadı İddiaçı tərəfindən Cavabdeh 3000 manat pul göndərilmiş, həmin məbləğ X7 çatdırılmışdır. Cavabdeh İddiaçı 3000 manat borc alması öz təsdiqini tapmamışdır. İddiaçı apellyasiya şikayətində X1 1999-cu ildə boşandığını iddia etsə də bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan AZ 558263 saylı doğum şəhadətnaməsindən müəyyən olunur ki, X3 və İddiaçı birgə nikahlarından xx.xx.2004-cü il tarixdə Fatimə adında uşaqları doğulmuşdur. Bütün bunlar cavabdehin arqumentlərinin daha inandırıcı olması qənaətinə gəlməyə imkan verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(036)-169/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar