Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1368/2023 04.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair İmişli Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(036)-1602/2023 saylı qətnaməsindən (hakim T.Quliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 6 mart 2020-ci il tarixli 2(036)-857/2020 saylı qətnaməsi əsasında cavabdehlə birgə nikahlarından 15 sentyabr 2008-ci ildə doğulmuş Damla və 20 iyun 2010-cu ildə doğulmuş Zaman adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə görə təyin olunmuş 100 manat, cəmi 200 manat aliment məbləğinin artırılaraq, hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat müəyyən edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(036)-1602/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, İmişli Rayon Məhkəməsinin 6 mart 2020-ci il tarixli 2(036)- 857/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşağın saxlanması üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını və alimentin əmək haqqının üçdə bir hissəsi miqdarında müəyyən olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti nəzərdən keçirilərkən məlum oldu ki, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) tələblərinə cavab vermir. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı mümkünlüyü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat qrafasına yanlış məlumat, yəni apellyasiya şikayətinin iddiaçı tərəfindən verilməsi daxil edilərək, qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə yalnız iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. MPM-in 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda, iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki halda qüvvədə olan məhkəmə qətnaməsi ilə 2 uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği 200 manat təşkil edir, iddiaçı həmin məbləğin artırılması, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat müəyyən edilməsini xahiş edir. Göründüyü kimi ödəmənin artırılması tələb edilən hissədə iddianın qiyməti (440-200=240; 240X12=2880) 2880 manat təşkil edir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə müvafiq olaraq tələb üzrə ödənilməli olan Dövlət rüsumunun məbləği 48.8 manat müəyyən olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən qanunla müəyyən olunan qaydada və məbləğdə (Hökumət ödəniş portalı üzərindən Şirvan Apellyasiya Məhkəməsinə 24.4 manat məbləğində) dövlət rüsumu ödənilməli olduğu halda, ödənilməmişdir. MPM-in 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşə baxan birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq, yalnız həmin normanın tələblərinə cavab verən apellyasiya şikayətini, ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli olduğu halda, bunu etməmiş və apellyasiya şikayətini iş materiallarına tikərək göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(036)-1602/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o qəbul olunmamış hesab edilə bilər. MPM-in 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 402.2.1-ci və 403-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İmişli Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(036)-1602/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və MPM-in 363.1.2-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kasasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1368/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1368/2023
04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver