Məhkəmə qərarları › İş №2(106)-1369/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1369/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1369/2023 01.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-487/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona satılmış otun dəyəri kimi 4500 manat, 8000 manat əldən çıxmış fayda və 126 manat dövlət rüsumu olmaqla, cəmi 12626 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin yanvar-mart aylarında uzun müddətdir tanıdığı Cavabdeh dəyəri 6000 manat olan ot bağlaması satmışdır. Cavabdeh otun pulundan 1500 manatı ödəsə də, qalan 4500 manatı bugünədək ödəməmiş, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)-9/2022 saylı hökmündə Cavabdeh və oğlu X4 ifadələri öz əksini tapmışdır. Həmin hökmün surətini iddia ərizəsinə əlavə etmişdir. İddiaçının əsas dolanışıq mənbəyi yay mövsümündə ot satışından əldə etdiyi gəlirdir. Cavabdehin onun pulunu vaxtında ödəməməsi səbəbindən növbəti ot yığımını təşkil etmək üçün (otu biçdirib bağlamaq üçün texnika icarəyə götürmək, fəhlə qüvvəsi cəlb etmək və s.) dövriyyəsində pul olmamış, buna görə də 2021-ci və 2022-ci illərin yay mövsümlərində ildə azı 4000 manat olmaqla, son 2 ildə 8000 manat gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Hacıqabul Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(071)-487/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zaur Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh 2500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25,80 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(071)-487/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. İşin faktiki halları ilə bağlı cavabdeh bildirir ki, Hacıqabul Rayon Məhkəməsinin icraatında olmuş xx.xx.2022-ci il tarixli, 1(071)-9/2022 saylı cinayət işi üzrə o, zərərçəkmiş şəxsdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 1.16-cı və 9.1-ci bəndlərinə əsasən azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən digər şəxs X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 127.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X6 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuşdur. Lakin cavabdeh hökmlə, daha doğrusu, X6 yüngül cəza verilməsi ilə razı deyil. Belə ki, o, əvvəllər müxtəlif maddələrlə məhkum edilmiş təhlükəli cinayətkardır. Onun törətdiyi əməl çox təhlükəlidir. O, əslində daha ağır maddələrlə məsuliyyətə cəlb edilməli, daha ağır cəza almalıdır. Bundan əlavə, hadisə zamanı onunla birlikdə olan və onunla birlikdə köməkləşərək oğlu X7 bıçaqla xəsarət yetirmiş, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər yetirmiş digər 4 şəxs – İddiaçı, X2, X11 və X8 da məsuliyyətə cəlb edilməli olduğu halda, istintaq tərəfindən onlar kənarda qalmış, Hacıqabul Rayon Məhkəməsi də buna göz yumaraq onların məsuliyyət məsələsini həll etməmiş, cinayət işini istintaqa qaytarmamışdır. Bundan əlavə, Z.Ə.Rəfiyev və digər 4 nəfər şəxs qrup halında quldurluq və hədə-qorxu ilə cavabdehdən külli miqdarda, yəni 8500 manat pul tələb etmələrinə görə də məsuliyyət daşıyırlar. Bu səbəbdən də iş yenidən istintaqa qaytarılmalı, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci və 182-ci maddələri ilə quldurluq və hədə-qorxu ilə pul tələb etməyə görə barələrində cinayət işi qaldırılmalı, məhkəməyə verilməli, öz cəzalarını almalıdırlar. Xahiş edir ki, apellyasiya məhkəməsi işə ədalətli baxaraq onun bu şikayətini təmin etsin. Bundan əlavə, cinayət işi üzrə təqsirləndirilən şəxs Ziya Rəfiyev hadisə zamanı istifadə etdiyi, oğluna xəsarət yetirdiyi soyuq silah olan bıçağı da istintaqa, məhkəməyə təqdim etməmiş, əvəzində istintaqı aldadaraq mətbəx bıçağını təqdim etmişdir. Səbəbi də ondan ibarətdir ki, soyuq silah olan bıçağa görə əlavə maddə və cəza verilməsin. Cavabdeh və oğlu Xəyyam Qasımov istintaq və məhkəmə zamanı vəsatətlər qaldıraraq Z.Rəfiyevin cinayət zamanı istifadə etdiyi əsl bıçağın tapılaraq istintaqa, məhkəməyə təqdim edilməsini tələb və xahiş etsələr də, bu vəsatətlərinə baxılmamış, heç müzakirə də edilməmişdir. Sübut üçün apellyasiya məhkəməsindən xahiş edir ki, istintaqa, məhkəməyə hadisə yerindən çəkilmiş və təqdim edilən disklərə baxış keçirilsin. Onda bir daha məlum olar ki, Z.Rəfiyev həmişə üzərində gəzdirdiyi kustar üsulla düzəldilən soyuq silah hesab edilən bıçaqdan istifadə etmişdir. Şirvan Apellyasiya Məhkəməsindən əlavə olaraq xahiş edir ki, oğlu X7 dəyən maddi ziyanın ödənilməsini təmin etsin. Belə ki, xx.xx.2021-ci il tarixdə Z.Rəfiyev digər 4 nəfər yoldaşının köməyi ilə oğlunu bıçaqladıqdan sonra oğluna əvvəlcə Hacıqabul rayon Xəstəxanasında tibbi yardım göstərilmiş, xəsarət ağır olduğuna görə xüsusi təcili tibbi yardım maşını ilə Bakı şəhərinə Topçubaşov adına “Damar Cərrahiyyəsi” eksperimental xəstəxanasına aparılmış, orada əməliyyat olunmuş, 8 sm uzunluğunda bud nahiyyəsində damara tikiş düşmüş, 5 gün reanimasiyada qaldıqdan sonra çıxarılmış, evə gətirilmiş (oğlunun xəsarəti ağır və ciddi olduğuna görə onu xəstəxanadan buraxmamışlar, cavabdeh məsuliyyəti öz üzərinə götürərək ərizə yazıb oğlunu Hacıqabula evə gətirmişdir), Hacıqabul rayonunda xəstəxana və ev şəraitində Bakı həkimlərinin nəzarəti altında müalicə olunmuşdur ki, o indi də yeriyə bilmir, ayağında problem var, müalicəsi bugün də davam edir. Ümumilikdə oğlu Xəyyam Qasımovun bugünə kimi müalicəsi üçün ən azı 8000 manat xərc çəkilmişdir. Vəsatət və tələb irəli sürsələr də, heç bir orqanda bu işə baxılmamış, təqsirləndirilən şəxs Z.Rəfiyev və digərləri, eləcə də Z.Rəfiyevin valideynləri tərəfindən maddi ziyandan heç bir manat da ödənilməmişdir. Xahiş edir ki, onlara dəyən maddi ziyanın da ödənilməsi təmin edilsin. Qeyd edilən cinayət işi üzrə guya Cavabdeh öz izahatında aşağıdakı şəkildə izahat vermişdir: “Hacıqabul şəhəri, Ə.Şıxlinski küçəsi, ev 50-də daimi qeydiyyatda olmaqla yaşayır. X15 şəhər sakini kimi tanıyır. Ziya ilə heç bir düşmənçilik və ədavəti yoxdur. Onun fermer təsərrüfatı var. 2021-ci ilin martında İddiaçı 4000 manat dəyərində 200 ədəd ot presi almışdır. 1700 manatını ödəmiş, 2300 manat borcu qalmışdır. Bəhruza olan borcunu 2021-ci ilin iyun ayına kimi ödəməli idi”. Halbuki, qeyd edilən ifadə tamamilə yanlışdır. O, belə bir ifadə verməmişdir. Məhkəmə qətnaməsində iddianı qismən təmin etsə də, nə üçün, işin hansı hallarına görə, hansı əsasla iddianın qismən təmin edilməsini qətnamədə əsaslandırmamışdır. Bu da mülki prosessual normalara, həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 04 nömrəli Qərarının 6.2-ci, 6.3-cü, 6.5-ci və 9.3-cü bəndlərinə ziddir. Yuxarıda qeyd edilən hökmdən və adından qeyd edilmiş ifadənin yanlış olması barədə apellyasiya, sonra isə kassasiya şikayəti vermişdir. Bundan əlavə, baxılan cinayət işi üzrə istintaq aparılarkən qeyd edilən borc məbləğinin yaranma mənbəyi barədə izahatlar alınmışdır. Lakin Hacıqabul Rayon Məhkəməsi ədalətsiz şəkildə işə baxaraq mötəbər sübutlara istinad etmədən qətnamə qəbul etmişdir. İddiaçının istinad etdiyi iddia tələbində göstərilənlərə dair heç bir sübut mövcud deyil. Məhz iddiaçının tələbinin bu hissədə haqlı olması qənaətinə gələrək məhkəmə həmin hissədə iddianın təminini mümkün hesab edir. Hacıqabul Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, sübutlar tam və obyektiv qiymətləndirilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Cavabdeh sonradan apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Hacıqabul Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(071)-487/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və hazırkı iş üzrə mübahisənin mahiyyəti ilə əlaqədar bildirdi ki, Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)-9/2022 saylı hökmündə onun özünün və oğlu Xəyyam Qasımovun ifadələri təhrif olunmuşdur. Belə ki, o, iddiaçıdan heç vaxt ot bağlaması almamışdır və onun iddiaçıya hər hansı məbləğdə borcu yoxdur. O, cinayət işinə məhkəmədə baxılarkən iddiaçıdan ot alması və ona borcunun olması barədə ifadə verməmiş, bu barədə hər hansı sənədə imza etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, 2020-ci ildə heyvandarlıqla məşğul olmaq qərarına gəlmişdir. Bu məqsədlə də bir xeyli ot bağlaması alaraq tədarük etmişdir. Lakin sonradan “COVİD-19” pandemiyasının başlaması səbəbindən o, heyvanlarlıqla məşğul olmaq fikrindən daşınmış, tədarük etdiyi otu isə satmaq qərarına gəlmişdir. O, 2021-ci ilin yanvar-mart aylarında ümumi dəyəri 6000 manat məbləğində olan ot bağlamasını hazırlayaraq cavabdehə nisyə vermişdir. Cavabdeh borcundan hissə-hissə olmaqla, cəmi 1500 manat pul ödəmişdir. Qeyd etmişdir ki, cavabdehin ondan ot bağlaması almaması ilə bağlı bildirdikləri həqiqətə uyğun deyil. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)- 9/2022 saylı hökmündən görünür ki, həmin hökmlə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndlərinə əsasən X13 təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilmiş, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X6 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, X1 dəymiş zərərin aradan qaldırılması üçün çəkdiyi xərcin əvəzinin ödənilməsi ilə bağlı X6 qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdə surəti olan Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)- 9/2022 saylı hökmünün məzmunundan və Hacıqabul Rayon Məhkəməsinin 1(071)-9/2022 saylı cinayət işi üzrə 31 yanvar 2022-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, təqsirləndirilən şəxs X13 məhkəmə iclasında verdiyi ifadəsində həmçinin onu da göstərmişdir ki, Hacıqabul şəhəri, Ə.Şıxlinski küçəsi, ev 50-də daimi qeydiyyatda olmaqla yaşayır. X15 şəhər sakini kimi və qonşusu kimi tanıyır. Ziya ilə heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində evdə olan zaman atası Cavabdeh telefonla əsəbi halda danışdığını görmüşdür. Telefonu atasının əlindən alıb danışmış və danışanın kim olduğunu soruşmuşdur. Telefondakı şəxs adının Famil olduğunu, atası Qasımın İddiaçı borcu olduğunu bildirmişdir. O, Familə telefonu Bəhruza verməsini demişdir. Bəhruz telefonda bildirmişdir ki, o, pulun alınmasını Familə və Ramilə həvalə etmişdir. Atası Cavabdeh Bəhruzdan 4000 manat dəyərində ot almışdı və Bəhruza 1700 manat ödəmişdir. 2300 manat borcu var. İşdə surəti olan Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)- 9/2022 saylı hökmünün məzmunundan və Hacıqabul Rayon Məhkəməsinin 1(071)-9/2022 saylı cinayət işi üzrə 31 yanvar 2022-ci il tarixli məhkəmə baxışı iclasının protokolundan görünür ki, zərərçəkmiş şəxs Cavabdeh məhkəmə iclasında ifadə verərək həmçinin onu da bildirmişdir ki, Hacıqabul şəhəri, Ə.Şıxlinski küçəsi, ev 50-də daimi qeydiyyatda olmaqla yaşayır. X15 şəhər sakini kimi tanıyır. Ziya ilə heç bir düşmənçilik və ədavəti yoxdur. Onun fermer təsərrüfatı var. 2021-ci ilin martında İddiaçı 4000 manat dəyərində 200 ədəd ot presi almışdır. 1700 manatını ödəmiş, 2300 manat borcu qalmışdır. Bəhruza olan borcunu 2021-ci ilin iyun ayına kimi ödəməli idi. İşdə surəti olan Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)- 9/2022 saylı hökmünün məzmunundan görünür ki, şahid İddiaçı məhkəmə iclasında verdiyi ifadəsində həmçinin onu da bildirmişdir ki, o, Cavabdeh uzun müddətdir ki, ot alveri ilə məşğul olan şəxs kimi tanıyır, X9 və X10 isə hadisə günü xx.xx.2021-ci tarixdə görmüşdür. O, istixanada işləyir. 2021-ci ilin yanvar-mart aylarında Cavabdeh 6000 manat dəyərində nisyə ot satmışdır. Qasım otun pulundan 1500 manatını ödəmişdir, qalan hissəsini isə xx.xx.2021-ci ilə kimi verəcəyini bildirsə də, qalan 4500 manatı hazırkı vaxta kimi ödəməmişdir. İş materiallarının 41-42-ci vərəqlərinə əlavə edilmiş şahidlər Cavabdeh və İddiaçı 12 noyabr 2021-ci il tarixli üzləşdirmədə dindirmə protokolunun surətindən görünür ki, üzləşdirmə zamanı Cavabdeh aşağıdakı məzmunda ifadə vermişdir: “Qarşımda oturan şəxsi tanıyıram, qarşımda oturan əvvəlcədən tanıdığım ot alveri etdiyim Bəhruzdur. Onunla aramızda düşmənçilik ədavətim yoxdur. xx.xx.2021-ci il tarixdə sən mənə zəng edərək Rövşənin işlətdiyi “Nur” kafesində əyləşdiyini və məni gözlədiyini bildirdin. Bundan başqa sən mənə aramızda olan pul məsələsini Ziyaya həvalə etdiyini və olan borcumu Ziyaya verəcəyimi bildirdin. Bu vaxt Ziya telefonu götürüb mənə dedi ki, tez bura gəl yoxsa mən evinizə gələcəm. Bundan sonra mən sənə zəng edərək hal-hazırda pulumun olmadığını, bir nəfərin mənə borcu olduğunu və pulu alan kimi borcumu verəcəyimi bildirdim. Sən isə mənə dedin ki, mən səni həvalə elədim Ziyaya onunla söhbət edərsən. Bundan sonra biz kafeya gəldik və mənim oğlumu sən bıçaqlatdın. Ziyanı sən gətirmisən mənim üstümə”. Cavabdeh Qasımov X3 Rayon Məhkəməsinin 2(071)-487/2023 saylı, 13 iyun 2023cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində hazırkı məhkəmə baxışının predmetinə aid olmayan dəlillərə istinad edərək, hazırkı iş üzrə araşdırılması və hüquqi qiymət verilməsi mümkün olmayan tələblər iləri sürmüşdür. Belə ki, cavabdeh apellyasiya şikayətində Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)-9/2022 saylı hökmü ilə qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş X5 cəzası ilə razı olmadığını, həmin cinayət işi üzrə 4 şəxs – İddiaçı, X2, X11 və X8 da məsuliyyətə cəlb edilməli olduğu halda, məhkəmənin bu hala qiymət verməyib, cinayət işini yenidən istintaqa qaytarmadığını, Z.Ə.Rəfiyev və digər 4 nəfər şəxsin qrup halında quldurluq və hədə-qorxu ilə cavabdehdən külli miqdarda, yəni 8500 manat pul tələb etmələrinə görə də məsuliyyət daşıdıqlarını, bu səbəbdən də işin yenidən istintaqa qaytarılmalı olduğunu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci və 182-ci maddələri ilə quldurluq və hədə-qorxu ilə pul tələb etməyə görə onların barələrində cinayət işi qaldırılmalı olduğunu, həmin cinayət işi üzrə Z.Ə.Rəfiyev tərəfindən istifadə edilmiş əsl bıçağın aşkarlanmasını, cinayət hadisəsi nəticəsində oğlunun müalicə xərcləri üçün sərf olunmuş maddi zərərin təqsirkarlardan tutulmasının təmin edilməsini xahiş etdiyini bildirmişdir. Göründüyü kimi, qeyd edilən hallar hazırda İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə araşdırma predmetinə aid deyil və bu səbəbdən də cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilləri hazırkı iş üzrə əsaslı sayıla bilməz. Cavabdehin apellyasiya şikayətinin hazırkı işlə əlaqəsi olan yeganə dəlili ondan ibarətdir ki, əlaqəli cinayət işi üzrə məhkəmə iclasında verdiyi ifadə təhrif olunmuşdur. Qeyd edilən arqumentin aydınlaşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 221.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi materialları tələb edilərək tədqiq edilmişdir. Cinayət işi materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, hazırda apellyasiya şikayətində həmin cinayət işi üzrə ifadəsinin Hacıqabul Rayon Məhkəməsi tərəfindən təhrif olunduğunu bildirən Cavabdeh həmin cinayət işi üzrə Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)-9/2022 saylı hökmündən verdiyi apellyasiya şikayətində, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-351/2022 saylı iş üzrə 26 iyul 2022-ci il tarixində keçirilmiş iclasında verdiyi izahatında, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 1(106)-351/2022 saylı qərarından verdiyi kassasiya şikayətində və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-512/2023 saylı iş üzrə 5 aprel 2023-cü il tarixində keçirilmiş iclasında verdiyi izahatında bu hal barəsində hər hansı fikir bildirməmiş, Hacıqabul Rayon Məhkəməsi tərəfindən həmin cinayət işi üzrə onun ifadəsinin təhrif edilməsinə dair hər hansı arqument irəli sürməyərək bu halı mübahisələndirməmiş, Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq ifadəsinin təhrif edildiyini iddia etdiyi protokola qeyd verməmişdir. Bütün bunlar isə məhkəmənin hökmündə və məhkəmə iclas protokolunda cavabdehin (zərərçəkmiş kimi) verdiyi ifadənin təhrif olunmamasını, ifadənin düzgün əks etdirilməsini və şübhəyə yer verməməsini deməyə əsas verir. Həmçinin, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs Cavabdeh apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli, 1(106)-351/2022 saylı qərarı ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 5 aprel 2023-cü il tarixli, 1(102)-512/2023 saylı qərarı ilə təmin edilməmiş, Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)-9/2022 saylı hökmü ilə gəlinən nəticə zərərçəkmiş şəxs Cavabdeh şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin cinayət işi üzrə onun ifadəsinin təhrif olunması ilə bağlı bildirdikləri əsaslı hesab edilə bilməz. Hazırda cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(071)-487/2023 saylı qətnaməsi ilə isə iddia qismən təmin edilərək, Cavabdeh 2500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25,80 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin iclaslarında cavabdeh iddiaçıdan ot bağlaması almadığını və ona hər hansı borcunun olmadığını bildirsə də, cavabdehin bu barədə bildirdikləri iş materiallarına əlavə edilən yuxarıda göstərilmiş sübutlarla təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işi üzrə 1(071)-9/2022 saylı, 31 yanvar 2022-ci il tarixli məhkəmə iclas protokolunda və Hacıqabul Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 1(071)-9/2022 saylı hökmündə olan zərərçəkmiş şəxs qismində dindirilmiş cavabdehin özünün və təqsirləndirilən şəxs qismində dindirilmiş oğlu Xəyyam Qasımovun ifadələrindən müəyyən olunur ki, iddiaçı cavabdehə 2021-ci ilin əvvəllərində ot bağlamalarını nisyə satmış və bunun nəticəsində cavabdehin iddiaçıya borcu yaranmışdır. Bundan əlavə, həmin cinayət işi üzrə üzləşdirmədə dindirmə haqqında 12 noyabr 2021-ci il tarixli protokoldan da göründüyü kimi, cavabdeh iddiaçıya hazırda pulunun olmamasını, başqa adamın ona borcu olmasını və həmin şəxs borcunu verən kimi iddiaçıya olan borcuna ödəyəcəyini bildirməklə, iddiaçıya borcunun olmasını qəbul etmişdir. Həmçinin, həmin üzləşdirmədə dindirmə protokolu Cavabdeh tərəfindən imzalanmış, o, öz ifadəsini təsdiq etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Qeyd edilən normalara əsasən məhkəmə kollegiyası bildirir ki, cavabdehin apellyasiya məhkəməsinin iclasında bildirdikləri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunur. Bununla yanaşı, iddiaçının cavabdehə ot bağlamalarını nisyə olaraq satması və bu səbəbdən cavabdehin iddiaçıya borcunun yaranması halı da işdəki sübutlarla öz təsdiqini tapır. İddiaçı öz tələbində cavabdehin ona nisyə olaraq satılmış ot bağlamalarına görə 6000 manat dəyərində borcunun olmasını qeyd etsə də, Cavabdeh və onun oğlu Xəyyam Qasımov cinayət işi üzrə verdikləri ifadələrdə İddiaçı 4000 manat dəyərində ot bağlaması aldıqlarını bildirmişlər. Lakin cavabdeh və onun oğlu həmin cinayət işi üzrə verdikləri ifadələrdə ot bağlamasının nisyə alınmasına görə yaranmış borcdan iddiaçıya 1700 manat qaytardıqlarını bildirsələr də, cavabdeh həmin halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı isə iddia ərizəsində cavabdeh tərəfindən nisyə alınmış ot bağlamalarına görə cavabdeh tərəfindən cəmi 1500 manat ödənildiyini göstərmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, tərəflər arasında şifahi qaydada bağlanmış ot bağlamalarının nisyə alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə ot bağlamalarını nisyə olaraq satmış, cavabdeh isə həmin əşyaların dəyərinin bir hissəsini iddiaçıya ödəmişdir. İddiaçı cavabdehə iddia ərizəsində göstərilən 6000 manat məbləğində ot bağlamasını nisyə satmasını sübut edə bilməmişdir. Cavabdeh isə cinayət işi üzrə ifadəsində göstərdiyi 1700 manat məbləğində iddiaçıya ödəniş etməsini sübut edə bilməmişdir. Bununla belə, cavabdeh həmin ifadəsində iddiaçıdan 4000 manat dəyərində əşyanı almasını bildirdiyindən və iddiaçı cavabdehin ona 1500 manat pul vəsaitinin ödənilməsini etiraf etdiyindən, iddia tələbi mövcud sübutlar əsasında qismən təmin edilmiş, nisyə satılmış əşyaların (ot bağlamalarının) dəyərindən ödənilməmiş məbləğ kimi 2500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən təmin edildiyindən, birinci instansiya məhkəməsi təmin edilmiş iddia tələbi məbləğinə mütənasib olaraq cavabdehdən 25,80 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi ilə bağlı hissədə də düzgün nəticəyə gəlmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(071)-487/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2500 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(071)-487/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar