Məhkəmə qərarları › İş №2(106)-1369/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1369/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1369/2024 01.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli e-2(038)-275/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi əsas olmadan hesabdan çıxarılmış 1.988,45 manat, hüquqi əsas olmadan hesabdan çıxarılmış məbləğə hesablanmış 371,94 manat faiz borcu olmaqla, cəmi 2.357,41 manat borcun, o cümlədən 43,58 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli CLEE000728001 nömrəli bank hesabının açılması və xidmət göstərilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Texniki overdraft – müştəriyə overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartı - əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılmasıdır. xx.xx.2024-cü il tarixli hesabdan çıxarış sənədindən göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində hesabında 1,55 manat vəsait olduğu halda 1.990 manat ödəniş etmiş və özünə aid olmayan 1.988,45 manat vəsaiti mənimsəyərək əsassız olaraq varlanmışdır. xx.xx.2022-ci il tarixində balans 1.990 manat, xx.xx.2022-ci il tarixində 1,55 manat əlavə edilmiş və balans 1.991,55 manat olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixində 1.990 manat ödəniş edilmiş və balans 1,55 manat məbləğində olmuşdur. Növbəti olaraq xx.xx.2023-cü il tarixində balansda 1,55 manat vəsait olduğu halda 1.990 manat məbləğində ödəniş edilmişdir. Bankın Gənclik filialı tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka hüquqi əsas olmadan hesabdan çıxarılmış 1.988,45 manat, hüquqi əsas olmadan hesabdan çıxarılmış məbləğə hesablanmış 371,94 manat faiz borcu olmaqla, cəmi 2.357,41 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 43,58 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2-5571/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli e-2(038)-275/2024 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddianın qismən təmin edilməsi, 1.988,45 manat borc, 43,58 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onu faiz borcunun təmin edilməməsi hissədə ləğv edərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki araşdırılarkən bütün faktiki hallar araşdırılmalı idi. Cavabdeh həm əsas, həm də faiz borcunun olmasını əsaslandırır: Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli TL-EE000728001 saylı tam kart müqaviləsinin 13.3-cü maddəsində qeyd edilir: Müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tamkart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli TL-EE000728001 saylı tam kart müqaviləsinin 13.3.1-ci maddəsində qeyd edilir: Tam kartdan istifadə qaydası və şərtləri, o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, Müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) Hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi; Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin 1.11-ci maddəsində qeyd edilir: Texniki overdraft-Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsidir. Standart Şərtlərin kredit/kredit xəttinəaid müddəları Texniki overdraft üzrəkreditləşməyədə şamil edilir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli TL-EE000728001 saylı tam kart müqaviləsinin 13.6-cı maddəsində qeyd edilir: Müştəri təsdiq edir ki, Standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft başverdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 (bir) gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə Mülki Məcəllənin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Yuxarıda sadalananlardan əldə edilən nəticələrə daxildir: Müştəri "xxxx" ASC ilə Tam Kart müqaviləsi imzalamaqla Texniki overdraft baş verəcəyi halda yaranmış münasibətin kredit xətti kimi rəsmiləşdirilməsinə razılıq vermişdir; Kredit xətti mövcuddursa, yaranmış borca faiz borcunun hesablanması tamamilə qanunidir; Texniki overdraftla bağlı faiz borcunun hesablanması Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə əks olunmuşdur. Müqavilədə qeyd edildiyi kimi faiz borcu illik maksimal 30% dərəcəsi ilə hesablana bilər. Yardımlı Rayon Məhkəməsi tərəfindən qəbuledilmiş xx.xx.2024-cü il tarixli qətnamədə illik 24% dərəcəsi ilə hesablama aparılmasının, texniki overdraftla bağlı münasibətin müqavilədən kənarolması əsas hesab edilərək, qanunsuz olduğu bildirilmişdir. Gördüyümüz kimi məhkəmə tərəfindən bütün hallar kifayət qədər araşdırılmamışdır. Texniki overdraftın baş vermə ehtimalı ilə bağlı münasibətlər də müqaviləyə əsaslanır və baş verəcəyi haldatətbiq ediləcək şərtlər barədə Cavabdeh və "xxxx" ASC müqaviləni bağlamaqla razılıq əldə etmişlər. Məhkəmə tərəfindən faiz borcunun mövcud olmaması halı sübut edilməmişdir. İddiaçı tərəfindən faiz borcunun mövcud olduğunu təsdiq edən kifayət qədər sübut təqdim edilmişdir: Tam kart müqaviləsinin müddəaları, Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər (bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir) Mövcud sübutlar qarşısında faiz borcu rədd edilərkən məhkəmə tərəfindən sübutların əsassız olması və ya faiz borcunun mövcud olmamasını əks etdirən əlavə sübut rəhbər tutulmalı idi. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən faiz borcunun olmaması halı sübut edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin 1.11 və 13.3-cü bəndlərinə istinadən borc texniki overdraftdan yaranmışdır. Bu səbəbdən də, iddiaçıya maddi ziyan vurulmuşdur. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli e-2(038)-275/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: İşdə olan xx.xx.2022-ci il tarixli CLEE000728001 nömrəli bank hesabının açılması və xidmət göstərilməsinə dair müqavilədən görünür ki, Bank tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart verilmişdir. Müqavilə üzrə kredit xəttinin məbləği 4700 manat, kredit xəttinin müddəti 36 ay, kredit xətti üzrə illik faiz dərəcəsi 24 % müəyyənləşdirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh kart hesabının qalığından artıq əməliyyat apararaq 1988,45 manat əlavə pul mənimsəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli hökumət ödəniş portalı üzrə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 43,58 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 6-2-22/2-5571/2024 saylı bildirişdən müəyyən edilir ki, öhdəliyini 5 gün ərzində yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, apellyasiya şikayətində qətnamənin təmin edilməyən hissədə ləğv edilməsi xahiş edilməklə qətnamə faiz borcunun tutulmaması hissədə mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə faiz borcuna münasibətdə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1.2-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Birinci insansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı şikayət əsasında tələb edilən məbləğ müqavilə münasibətlərindən kənar, yəni texniki overdraft hesab edilməklə cavabdehin əsassız olaraq varlanmasına xidmət etmişdir. Məhkəmə tələb edilən 1.988,45 manat pulun müqavilə münasibətlərindən kənar yaranmış olmasını nəzərə alaraq həmin məbləğə müqavilə üzrə faizlər hesablanmasını əsassız hesab etmiş və iddia tələbinin faiz borcu hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mövqeyi ilə razılaşaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri formal və əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli e-2(038)-275/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 372, 384.0.1, 385.2, 389, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli e-2(038)-275/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar