Məhkəmə qərarları › İş №2(106)-1369/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1369/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1369/2025 18.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 18 sentyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iş üzrə Beyləqan rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(020)- 707/2025 saylı qətnaməsindən (hakim Xatın Cabbarlı) iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5127,94 manat bundan 1502,76 manat əsas, 925,16 manat faiz, 2477,42 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222,60 manat faiz borcu və iş üzrə ödənilmiş 71,28 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30% dərəcəsi ilə 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 462/15 nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 4101,91 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. Daha sonra ********* nömrəli kredit müqaviləsinə 13 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1,4 AZN) 4154,86 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 60 ay olmaqla xx.xx.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Ə-41-880/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5127,94 manat təşkil edir. Bundan 1502,76 manat əsas, 925,16 manat faiz, 2477,42 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222,60 manat faiz borcu təşkil edir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil məhkəməyə vəsatət göndərərək, LPO "xxxx" ASC-nin Beyləqan filialı ilə Cavabdeh1 arasında bağlanılmış ********* nömrəli 10 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun məhkəməyə təqdim etmiş olduğu 25 fevral 2025-ci il tarixli iddia ərizəsində qeyd olunmuş rəqəmlər əslində olmayan rəqəmlərdir. Belə ki, iddia ərizəsində qeyd olunmuş ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə 462/15 nömrəli bağlanılmış Əlavə Sazişə görə Cavabdeh1 kreditora olan borcunun - kreditin qalıq məbləğinin 4101,91 ABŞ dolları olduğu vurğulanmışdır. Lakin 21 fevral 2015-ci il tarixinə olan vəziyyətə görə, yəni dolların kursunun artması ilə bağlı olaraq Cavabdeh1 kredit təşkilatına olan borcu 4416,13 ABŞ dolları təşkil etmişdir. Həmin vəziyyətə görə də 1104,03 manat görə cavabdeh - Cavabdeh1 kompensasiya hesablanmışdır. Bundan sonra yenə də 21 dekabr 2015-ci il tarixinə olan dövrdə dolların kursunun artması ilə əlaqədar olaraq cavabdeh - Cavabdeh1 borcu 3223,66 ABŞ dolları təşkil etmişdir. Həmin vəziyyətə görə Cavabdeh1 1934,20 manat kompensasiya hesablanmışdır. Bundan başqa iddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 25 fevral 2025-ci il tarixli iddia ərizəsində ********* saylı kredit müqaviləsinə 13 mart 2017-ci il tarixdə 02 nömrəli Əlavə bağlanılmış Sazişə görə Cavabdeh1 kreditora olan borcunun - kreditin qalıq məbləğinin 4154,86 manat olmasını qeyd etmişdir. Halbuki 13 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə bağlanılmış Sazişdən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İ.Əliyev tərəfindən ölkə üzrə vətəndaşların qarşılaşdığı problemli kreditlərlə bağlı məlum Fərman imzalamışdır. Azərbayacan Respublikası Prezidentinin Problemli Kreditlərin kompensasiyasına dair məlum fərmanından sonra 01 mart 2019-cü il tarixinə olan dövrə görə Cavabdeh1, cəmi hesablanmış kompensasiya məbləği 1543,06 manat, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 1495,17 manat, borcun ödənilməsinə yönəldilən hissə 1543,06 manat, vətəndaşa çatan hissə 0.00 manat olmuşdur. Restrukturzasiya məbləği isə 0.00 manatdır. Bunu Problemli Kreditlərin Kompensasiyasına dair çıxarış da təsdiq edir. Lakin buna baxmayaraq, iddiaçı LPO "xxxx" ASC hansısa səbəbdən görə Cavabdeh1 əsassız və qanunsuz olaraq 5127,94 manat pul tələb edir. İddiaçı LPO "xxxx" ASC-nin bu iddia ərizəsi ilə 5127,94 manat pulu Cavabdeh1 tələb etməsi Azərbayacan Respublikası Prezidentinin Problemli Kreditlərin kompensasiyasına dair məlum fərmanına əməl etməmək, Fərmanın icrasından məqsədli şəkildə boyun qaçırmaq, ən başlıcası da ölkə üzrə qəbul olunmuş Fərmanı qəbul etməmək və onu tanımaq istəməməsindən irəi gəldiyini açıq-aydın nümayiş etdirməkdir. Halbuki ********* nömrəli 10 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Azərbayacan Respublikası Prezidentinin Problemli Kreditlərin kompensasiyasına dair məlum fərmanından sonra Restrukturizasiya olunması təklif olulnan kredit borcu olmamış və bu barədə hər hansı bir təklif olunan məbləğ qalmamışdır. Məhz bu səbəbdən də 01 mart 2019-cu il tarixindən sonra Cavabdeh1 ilə iddiaçı LPO "xxxx" ASCnin Beyləqan filialı arasında illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1il güzəşt müddəti ilə) hər hansı bir müqavilə bağlanılmamışdır. Bu isə o deməkdir ki, Cavabdeh1 iddiaçı - LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna heç bir borcu yoxdur. Bütün bu yuxarıda qeyd olunanlara əsasən iddiaçı LPO İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və zamin Cavabdeh2 qarşı 5127,94 manat pulun, o cümlədən də 1502,76 manat əsas borcun, 925,16 manat faiz borcunun, 2477,42 manat cərimənin, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222,60 manat faiz borcunun və iş üzrə ödənilmiş 71.28 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO İddiaçı ASCyə ödənilməsi tələbinə dair iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 Novruz Yusif oğlunun nümayəndəsi (vəkili) Vəkil vəsatətinə etiraz ünvanlayaraq bildirmişdir ki, Bank ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə yaranmış əsas borcunun qalıq məbləği 1529,25 Manat təşkil etsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş, 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan, xarici valyutada əsas kredit məbləği 10000 ABŞ dollarından, milli valyutada isə 17000 manatdan çox olmayan kreditlər. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın müvafiq şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Bu səbəbdən kredit borcunun restrukturizasiya olunması da cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanının 8-ci bəndində qeyd olunur ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019- cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.4-cü bəndinə əsasən vaxtı keçmiş kredit borcu – fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclar mənasını ifadə edir. Cavabdeh1 ilə İddiaçı ASC arasında arasında bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün kredit müqaviləsi üzrə yaranmış borc vaxtı keçmiş kredit borcu hesab edilmir. Bu səbəbdən hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) Bank tərəfindən silinməmişdir. Belə ki, Fərmanın heç bir bəndində vaxtı keçməmiş kredit borcu üzrə yaranmış faiz və dəbbə pulu (cərimə, penya) borclarının silinməsi səlahiyyətləri banklara və ləğvetmə prosesində olan banklara verilməmişdir. Əsas və faiz borcları üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni cəmi 63 gün (46 (əsas borc üzrə gecikmə günləri) +17 (faiz borcu üzrə gecikmə günləri)) təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 5127,94 manat (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Cavabdeh1 xx.xx.2019-cu il tarixdən sonra əsas borc üzrə qalığı 1529.25 manat təşkil etsə də, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2429/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadına əsasən əsas borcundan xx.xx.2020-ci il tarixdə 26,49 manat məbləğində silinmə aparılmış və bundan sonra əsas borc üzrə qalıq məbləği o dövrdən hal-hazırki dövrədək 1502,76 manat təşkil etmişdir. Kompensasiya ödənişi edilən borcluların kredit təşkilatına qalıq borcu olduğu şəkildə borcların ödənişinə davam etdirilməsi qanunla hüquqi öhdəlik kimi müəyyən edilmişdir. Hal-hazırda kredit götürməsini təsdiq edən və etiraf edən şəxslər belə həmin kredit borcları üzrə ödənişləri Banka aybaay ödəməkdən yayınırlar. Mübahisə edilməyən haldır ki, heç kəs götürmədiyi kredit borcu ilə bağlı ödənişlər etməsinə hər hansı bir formada məcbur edilə bilməz. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X4rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və nümayəndəsi (vəkili) Vəkil vəsatətinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Beyləqan rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(020)-707/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 1502,76 manat (min beş yüz iki manat 76 qəpik) manat məbləğində əsas borc və 35,02 (otuz beş manat 02 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(020)-707/2025 saylı qətnaməsinin qismən – iddia tələbinin təmin edilməyən hissələrdə (faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu) ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “iddia tələbi Cavabdeh1 1502,76 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslıdır. Lakin iddiaçı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən faiz borcu, cərimə borcu və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunu tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 1529,25 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Ona görə də, məhkəmə iddianı faiz və cərimə borcunun tutulması hissəsində təmin etməmişdir.” Bununla da Beyləqan Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün şəkildə diqqət yetirməmişdir. Hesab etmişlər ki, iddia faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu hissələrdə də təmin olunmalıdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəmənin elektron kabinetinə ərizə göndərərək işlərinin çoxluğu ilə əlaqədar hazırkı iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin təmin edilməyən - faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını qismən yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranınınölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv edilərək iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında borcluya 24 ay müddətinə, illik 30 faiz olmaqla 5100 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit məbləğinin hər ay 285,24 ABŞ dollar olmaqla, xx.xx.2016-cı il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 462/15 №-li əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditin qalıq məbləği 4101,91 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci tarixədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əlavə olan kredit hesabı üzrə qrafik görünür ki, tərəflər kredit məbləğinin hər ay 234,62 ABŞ dollar olmaqla, xx.xx.2017-ci il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 №-li əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilmiş, kreditin qalığı olan və restrukturizasiya edilən 4154,86 manat təşkil edən kreditin müddəti xx.xx.2022-ci tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin əlavə saziş № 02 əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər kredit məbləğinin hər ay 105,51 manat olmaqla, xx.xx.2022-ci il tarixə kimi qaytarılması barədə razılaşmışlar. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1502,76 manat əsas borc, müqavilənin bitdiyi günə 925,16 manat məbləğində faiz borcu, 2477,42 manat cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 222,60 manat faiz borcu olmaqla, cəmi 5127,94 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, Bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. “Kreditor” İddiaçı ASC ilə “zamin” Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 470003035/ZM №-li Zaminlik Müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor Bank qarşısında xx.xx.2014-cü il tarixli ********* №-li Kredit Müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. xx.xx.2014-cü il tarixli 470003035/ZM №-li Zaminlik Müqaviləsinə xx.xx.2015-ci il tarixli 462/15 saylı əlavə sazişdən görünür ki, müqaviləyə əsasən kreditin qalıq məbləği 4101,91 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci tarixədək uzadılmasına zamin Cavabdeh2 razılığı alınmışdır. xx.xx.2014-cü il tarixli 470003035/ZM №-li Zaminlik Müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişdən görünür ki, zamin qismində öhdəlyi Cavabdeh2 öz üzərinə götürmüş və xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilərək, kreditin qalığı olan və restrukturizasiya edilən 4154,86 manat təşkil edən kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılmasına zamin Cavabdeh2 razılığı alınmışdır. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş problemli keditlərin kompensasiyası haqqında məlumatdan görünür ki, ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissədə Cavabdeh1 qalıq borcu 1529,25 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 20017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Göründüyü kimi iddia əsas borc hissədə təmin edilsədə - iddia faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 % faiz borcu hissələrdə, həmçinin zamin Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Cavabdehlər qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişlər. Lakin iddiaçı qətnamədən narazı qalmış və qətnaməni yalnız faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 % faiz borcu hissələrdə mübahisələndirmişdir. Apellyasiya şikayətinin dəlilləri də məhz iddianın təmin edilməyən hissələri olan faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 % faiz borcuun tutulmasının təmin edilməyən hissəsindəndir. Kollegiya iddianın təmin edilməyən hissəsi olan – faiz və cərimə məbləğlərinin tutulmasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissələrdə təmin etməməkdə haqlı olmuşdur. Lakin Kollegiya - kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 5 % faiz borcun (222.60 manat) tutulmasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə Plenum Qərarına əsasən 5 % olan 222.60 manat borcu cavabdehdən tutmamaqda düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarının qərara aldı hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Eyni mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli Plenum QƏRARİ-nın qərara aldı hissəsinin 5-ci bəndində də göstərilmişdir. Buna görə kollegiya hesab edir ki, kreditor - iddiaçı Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik beş faiz hesablanmış 222.60 mant faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Şərh edilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(020)-707/2025 saylı qətnaməsi “iddianın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222.60 mant faiz borcunun təmin edilməməsi hissəsində” ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməli, Cavabdeh1 222.60 (iki yüz iyirmi iki manat, 60 qəpik) manat məbləğində faiz borcu alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməli və Cavabdeh1 tutulmalı olan ümumi məbləğ 1502,76 manat əsas, 222.60 manat faiz və rüsum olaraq 35,02 manat olmaqla cəmi, 1760,38 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın mübahisələndirilən hissəsinin qiyməti 5000 manatdan çox deyil, buna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, e-2(020)-707/2025 saylı qətnaməsi “iddianın Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 222.60 mant faiz borcunun təmin edilməməsi hissəsində” ləğv edisin, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin edilsin. Cavabdeh1 222.60 (iki yüz iyirmi iki manat, 60 qəpik) manat məbləğində faiz borcu alınıb İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Cavabdehdən tutulmalı olan ümumi məbləğ 1502,76 manat əsas, 222.60 manat faiz və rüsum olaraq 35,02 manat olmaqla cəmi, 1760,38 manat müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar