Məhkəmə qərarları › İş №2(106)-137/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-137/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-137/2023 22.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı X1, Cavabdeh Əliheydar qızının iştirakları ilə, İddiaçı Cavabdeh Əlihyedar qızına qarşı "pul" tələbinə dair mülki iş üzrə Kürədmir Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(041)-1329/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh Əlihyedar qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 27070 manat və dövlət rüsumu olaraq ödədiyi 197 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi Kürdəmir rayonunda Lombardı vardır. Belə ki, fiziki şəxslər qanuna uyğun olaraq lombarda qızıl-zinət əşyaları qoyub lombarddan pul götürürlər. Hazırki iş üzrə Cavabdeh Əliheydər qızını əvvəldən tanımış və aralarında münasibətləri olmaqla bir-birinə etibar etmişlər. Aralarında olan dostluq münasibətlərinə görə cavabdeh dəfələrlə lombarda qızıl qoyaraq aşağı faizlə pul götürmüş, özü də pulun üstünə faiz qoyaraq tanıdığı adamlara verərək qazanc əldə etmişdir. Cavabdehi tanıdığına görə, onun dolanması üçün şərait yaratmışdır. Cavabdeh 5 ildən artıq bir müddət onunla bir yerdə işləmiş, heç vaxt aralarında narazılıq olmamışdır. Buna görə də onunla ayrı-ayrı vaxtlarda borc müqaviləsi bağlayaraq 382.2 qram qızıl-zinət əşyalarını lombarda qoymaqla ümumilikdə 35397 manat pul götürmüşdür. Onun lombarda qoyduğu qızıllar qeyd edilən məbləği üstələməsə də, ona inandığı üçün heç bir etiraz etməmiş və onunla razılaşaraq borc olaraq 35397 manat pulu ona vermişdir. Cavabdeh bir müddət sonra onun yanına gələrək götürdüyü pula görə ödəniş edə bilməyəcəyini bildirmiş və lombarda qoyduğu qızılları ona qaytarmasını xahiş edib, qızılları satıb tezliklə borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Cavabdehlə aralarında olan etibara görə inanıb razılaşmış və 382.2 qram qızılı ona qaytarmışdır. Cavabdeh qızılları satandan sonra ona 6672 manat pul vermiş və bu barədə ondan götürdüyü qızılları satdığı şəxslərin adlarını qeyd etdiyi qeydi də ona təqdim etmişdir. Aradan bir müddət keçəndən sonra isə cavabdeh ondan götürüb ayrı-ayrı şəxslərə satdığı 382.2 qızıldan əldə etdiyi qalan 1655 manat pulu da ona vermişdir. Cavabdeh ona məxsus lombarda girov qoyduğu 382.2 qram qızıla görə ümümilikdə 8327 manat pul qaytarmış, qalan 27070 manatı isə tezliklə qaytaracağına söz versə də, hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb bu günə kimi verməmişdir. Buna görə Kürdəmir rayon polis Şöbəsinə müraciət etmiş, orada hər ikisinin izahatları alınandan sonra tələbin mülki xarakterli olması bildirilib, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh Əliheydar qızı iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı əvvələr tanımış və aralarında dostluq münasibəti olmuş və 4 ildən artıq bir müddətdə Məlahətin Kürdəmir rayonundakı lombardında onunla bir yerdə işləmişdir. İddiaçı məxsus olan lombardda işlədiyi müddətdə yaxın qonşuları və tanışlarından 382.2 qram qızıl əşyalarını alıb Məlahətə məxsus lombarda girov qoymuş və lombarda girov qoyduğu qızıllara görə Məlahətdən 4%-lə aldığı pulların üstünə əlavə olaraq 1% əlavə edib müraciət edən şəxslərə vermişdir. Girov qoyduğu qızıllara görə Məlahətə məxsus lombarddan ümumilikdə 27000 manat pul götürmüşdür. Sonradan həmin puldaq 5000 manat Məlahətə ödəmiş və ümumilikdə 22000 manat borcu qalmışdır. Həmin puldan 10000 manatını yaxın qonşuları və tanışlarına vermiş, qalan 11020 manatı isə özünə götürmüşdür. Sonradan girov qoyduğu qızıllara görə İddiaçı aldığı borcu qaytara bilmədiyinə görə, həmin qızılları Məlahətdən alıb ayrı-ayrı şəxslərə sataraq əldə etdiyi 6672 manat pulu və qızılları satdığı şəxslərin adlarını qeyd etdiyi qeydlə birlikdə Məlahətə vermişdir. Sonradan da Məlahətə əlavə olaraq 1655 manat olmaqla, ümumilikdə 8327 manat pul ödəmişdir. Hazırda onun İddiaçı heç bir borcu yoxdur. Kürdəmir Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(041)-1329/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh Əlihyedar qızından 27070 manat borcun və 197 manavt ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh Əliheydar qızı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi bir sıra maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, tam həcmdə ləğv olunmalıdır. Bunun aşağıdakı fikirləri ilə izahını verir. İşin halları ilə əlaqədar diqqətə çatdırır ki, İddiaçı Ağsu şəhəri, H.Əliyev prospekti, ev 30-da yaşayır və Kürdəmir şəhəri, H.Əliyev prospekti, “Köhnə Bazar”ın yanındakı ofisində “Lombard” fəaliyyəti ilə məşğul olur (VÖEN **********). O, İddiaçı 2017-ci ildən tanıyır və həmin ildən may 2022-ci il tarixə kimi onunla birgə işləmişdir, yəni əvvəlcə öz qızıllarını, sonradan isə yaxın qohum və tanışlarının qızıllarını lombarda qoyaraq, faiz ödəməklə pul götürür, pulun ödənişi başa çatdıqdan sonra isə qızılları geri alırdılar. Bu işlərdə lombardda İddiaçı yardımçı işçi kimi köməklik edirdi və əvəzində ödəniş üzrə hər 100 manata ödənilən 5-7 manatdan 1 manatı ona çatırdı. 2021-ci ilin sentyabr ayında tərəfindən lombarda qoyulmuş qızıllara görə aldığı pulun faiz dərəcəsi üzrə 5 faiz pulun ödənişində yaranmış problemlə əlaqədar İddiaçı bildirmişdi ki, lombarda qoyduğu qızılların satışını təmin etsin və satışdan əldə olunan pulun məbləği ilə borcu silsin. Özünə aid 266.3 qram qızıl-zinət əşyalarını 2017-2022-ci illərdə lombarda qoyaraq bu müddətdə İddiaçı 13320 manat nəğd pul götürmüş və həmin müddətdə tərəfindən iddiaçıya 3188 manat pul ödənilmişdir. 2022ci ilin may ayında iddiaçı ilə üzləşmə zamanı iddiaçının hesablamasına görə onun iddiaçıya 13320 manat borcunun olduğunu bildirmişdi. Razılaşmaya əsasən 2021-ci ilin sentyabr ayında qızıllarının satılaraq borcun bağlanmasını iddiaçıya təklif etmişdi. Bundan sonra iddiaçı ona məxsus 266.3 qram qızılın 158.2 qramını lom halında satışa çıxarmış və satışdan 9500 manat pul əldə olunmuşdu. Bundan sonra iddiaçıya girov 108 qram qızılı qalmış və ödənilməyən borcun məbləği isə 3820 manat təşkil etmişdi. Bundan sonra İddiaçı həmin qızılların satılmasını təklif etmişdi. Hesablamaya görə iddiaçıda girov kimi saxlanılan qızılın lom halında satış məbləği 13320 manat təşkil edirdi. Bu halda iddiaçı satışdan əldə etdiyi 4420 manatdan borc üzrə 3820 manatı götürməli idi və artıq qalan 600 manat pulu ona qaytarmalı idi. Bundan sonra İddiaçı bildirdi ki, güya ona 17000 manat borcu vardır. Bununla razılaşmadığı üçün Məlahət Güleliyeva bu barədə ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, ərizəsində bildirmişdir ki, güya onun 27070 manat borcu vardır. Bundan sonra Polis Şöbəsinə çağırılmış və izahatı alınmışdır. Daha sonra isə məhkəmədən bildiriş və ona əlavə edilmiş İddiaçı iddia ərizəsinin surətini almışdır. Məhkəmədə hazırlıq və 4 baxış iclası keçirilmiş və məlum qətnamə qəbul edilmişdir. Hər məhkəmə baxışı zamanı hakim iddiaçıdan 27070 manat borcun sübutuna dair dəlil və sübut tələb etməsinə baxmayaraq, iddiaçı tərəfindən bir sənəd məhkəməyə təqdim olunmadı. Axırıncı məhkəmə baxışında iddiaçı tərəfindən 15 ədəd girov bileti məhkəməyə təqdim olundu və bu girov biletləri üzrə iddiaçıdan götürdüyü pulun məbləği 9470 manat təşkil edir. Buradan aydın olur ki, iddiaçının pul tələbi üzrə məbləğ məhkəmədən əvvəl, yəni may 2022-ci il tarixdə İddiaçı girov şəkilində saxlanılan, ona məxsus 266.3 qram qızılın 158.2 qramının satışından əldə olunan 9500 manat pul iddiaçıya ödənilmiş və iddiaçıya borcu qalmamışdır. Əksinə hal-hazıra kimi iddiaçıda saxlanılan ona məxsus 108 qram qızıl onun tərəfindən qaytarılmamışdır. Şərhdən aydın olur ki, İddiaçı ona qarşı olan 27070 manat məbləğində pul tələbinə dair iddiasının heç bir hüquqi əsası yoxdur və Kürdəmir Rayon Məhkəməsinin məlum qətnaməsi prosessual və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiada İddiaçı qeyd edir ki, onun Məlahətə borcu yarandığından və ona etibarı olduğundan 382.2 qram qızılı ona mvermişdir ki, satıb borcunu tam şəkildə ödəsin. Bu tamamilə yalandır, borcu olan adama o qədər qızılı heç verərlər ki, satıb borcunu bağlasın. İddiaçı özü həmin qızılları satmışdır. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, məhkəməyə təqdim etmiş olduğu 26 ədəd girov biletlərində qeyd olunan əsas borcun ümumi məbləği 21720 manat təşkil etsə də, cavabdehə hər girov bileti üzrə verilən məbldəğlər aylıq 4% dərəcəsi ilə verilmişdir və 35397 manat ümumi məbləğ dedikdə, faizləri ilə birlikdə hesablanan borc məbləğini nəzərdə tutur. Bundan başqa qızılları cavabdehə satmaq üçün verdiyi iş materiallarında olan cavabdehin öz xətti ilə yazmış olduğu 6672 manat ödənişə dair qeydi ilə sübuta yetirilir. Həmin qeyddə cavabdeh qızılın adını və ona görə ödənilən pulların məbləğlərini qeyd edib. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş 25 ədəd girov biletlərindən görünür ki, iddiaçı 09 iyun 2019-cu il tarixindən başlayaraq 30 dekabr 2021-ci il tarixədək olan dövr ərzində ümumilikdə 21720 manat məbləğində kredit vermişdir(işin 100-cü vərəqi) . İş materiallarına əlavə edilmiş İddiaçı müraciəti əsasında aparılmış araşdırmanın nəticəsinə dair Kürdəmir rayon Polis Şöbəsinin arayışından müəyyən olunur ki, Ağsu şəhəri, H.Əliyev prospekuti, ev 130-da yaşayan İddiaçı 03 may 2022 ci il tarixdə Kürdəmir RPŞ-nə ərizə müraciət edərək Kürdəmir şəhərində özünəməxsus olan Lombardın olduğunu, Kürdəmir şəhər sakini Cavabdeh ilə təxminən 5 ildən artıq müddətdir ki iş gördüyünü, onun lombardına mütəmadi olaraq qızıl qoyub pul götürdüyünü, hal hazırda Könül adlı qadının ona nə faiz borcunu nədəki, əsas borcunu ödədiyini, Könülün lombarda qoyduğu qızıl əşyalarının sahiblərinin onun yanına gəldiyini, ondan qızıllarını tələb etdiyini, ona bu barədə köməklik olunmasını istəmişdir. Araşdırma zamanı İddiaçı etdiyi müraciətlə bağlı Kürdəmir RPŞ-də verdiyi izahtında ərizəsində göstərilən xüsusatları təsdqi etmiş, hal hazırda Könülün onun lombardına özünə və adını bildiyi İlhamə, Şəbnəm, Seyran və digər adını bilmədiyi şəxsərin ümümilikdə 382.2 qram qızılının olduğunu, həmin qızllarla borc müqaviləsini ayrı-ayrı vaxtlarda Cavabdeh bağladığını, hal-hazırda Könülün ona 35397 manat borcunun olduğunu, həmin borcdan 27070 manat kök borcu, 8327 manat faiz borcu olduğunu bildirmiş və onun pulunun Könül adlı qadından alınıb geri qaytarılmasına köməklik olunmasını istəmişdir. Həmçinin araşdırma zamanı Kürdəmir rayonu S.Ə.Şirvanı küçəsində yaşayan Cavabdeh Əliheydər qızı izahatında ümumilikdə İddiaçı 27120 manat borcunun olduğunu, həmin borcdan 10000 manatını qonşularına verdiyini, 11020 manatını isə özünə aid olduğunu, Məlahət adlı qadında 158.22 qram qızılının olduğunu, həmin qızılları girov qoyduğunu, qalan pulun isə Məlahətdən götürüb qonşularına və tanışlarına verdiyini, hal-hazırda həmin pullara dair qoyduğu girov qızılların Məlahətdə olduğunu, qonşuların və ona məxsus olan qızılların satılmasına etirazının olmadığını, hal hazırda Məlahətə olan faiz borcunun miqdarını bilmədiyini göstərmişdir. İddiaçı müraciətdə hər hansı bir inzibati xətanın tərkibi aşkar olunmamış, hər iki tərəflə profilaktiki söhbətlər aparılmış, müraciət müəllifinə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması ilə bağlı bir daha rəsmi cavab məktubu yazılmışdır(işin 6-cı vərəqi). İş materiallarında olan Cavabdeh Əliheydar qızının Kürdəmir Rayon Məhkəməsinə verdiyi ərizəsində qeyd olunur ki, polisə dəvət olunan zaman izahatında lombarddan 27000 manat pul çıxardığını və həmin tarixə qədər 5000 manat ödədiyini, ümumilikdə lombarda 22000 manat borcunun olduğunu göstərmişdir. Həmin 22000 manat borcun 10000 manat hissəsi qonşuların adına olmuş, polis əməkdaşının təklifindən sonra şəxslərin adına köçürülmüş və adından silinmişdir. Yerdə qalan 12000 manat borcun ödənilməsi üçün lombardda olan 382.2 qram qızıllar Məlahət xanımın iştirakı ilə satışa çıxarılaraq, ümumilikdə ayrı-ayrı şəxslərə satılaraq 8327 manat əldə olunmuşdur. Dəfələrlə qızılların satış hesabatını Məlahət xanımdan istəsədə, bu barədə ona heç-bir məlumat verməmişdir. Yerdə qalan vəsaitin ödənişinə dair sənədlər var. Xahiş edir ki, ekspertiza təyin olunsun, qızılların bazar dəyərindən hədsiz dərəcədə aşağı qiymətə satılma səbəbi araşdırılsın və artıq qalan vəsait özünə qaytarılsın. Mülki işin apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının 05 yanvar 2023-cü il tarixli 9/9157 saylı rəyinə əsasən məhkəmədə iddia qaldırılan 07 iyul 2022-ci il tarixinə 25 ədəd girov bileti üzrə yaranan əsas borc 18600 manat, faiz borcu isə 8858.73 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki hallarnın tam araşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla cavabdehin apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ; 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur, 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər, 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Mülki Məcəllənin ; 300.0.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu, girovun növlərindən biridir 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər, 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir, 302.3-cü maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir, 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir, 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur, 302.6-cı maddəsinə əsasən lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır, 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir, 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında olan həqiqi münasibətlərin, müqavilələrin həqiqi məzmununun müəyyən edilməsi məhkəmənin mübahisəyə hansı maddi hüquq normasının tətbiqi baxımından, həmçinin mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi Kürdəmir şəhərində lombard işlədir, cavabdehlə uzun müddət ərzində işgüzar münasibətləri olmuşdur, 25 ədəd girov bileti əsasında 09 iyun 2019-cu il tarixindən başlayaraq 30 dekabr 2021-ci il tarixədək olan dövr ərzində ümumilikdə 21720 manat məbləğində pulu faizi ilə qaytarılması şərti ilə cavabdehə vermişdir, pulun qaytarılması ümumilikdə 382.2 qram qızıl-zinət əşyalarının girov qoyulması ilə təmin edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarına görə girovla təmin edilmiş öhdəlik təmin olunmadıqda, lombard həmin əşyanı açıq hərracdan realizə edib tələblərini təmin etməli, artıq vəsait qaldıqda isə, girovqoyana qaytarmalıdır. Bununla da lombardın girovqoyana (borcluya) qarşı tələbləri ləğv edilir, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ tələblərin təmini üçün kifayət etmədikdə belə, bu şərt öz qüvvəsində qalır. Əmlakın açıq hərracdan satışı isə satışın şəffaf keçirilməsinə xidmət etməlidir. İş materiallarına əsasən iddiaçı cavabdeh etimadını qazandığından girov predmeti olan qızıl-zinət əşyalarını satmaq üçün cavabdehə verdiyini, lakin cavabdehin qızılları sataraq dəyərini tam olaraq ona ödəmədiyini bildirir. Kollegiya qeyd olunan dəlilə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən buna dair hər-hansı bir mötəbər sübut verilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan hal inkar olunmuş, əksinə qızılların iddiaçının özü tərəfindən satıldığı, satışına dair hesabatı dəfələrlə tələb etməsinə baxmayaraq, iddiaçının vermədiyi bildirilmişdir. Hətta fərz etsək ki, iddiaçı qızıl-zinət əşyalarını həqiqətən satmaq üçün cavabdehə vermişdir, çünki yüklülük sahibi olaraq iddiaçı yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilərdi, bu halda belə girov qoyulmuş əşyanın satışından götürülən məbləğ tələblərin təmini üçün kifayət etmədikdə, lombardın girovqoyana (borcluya) qarşı tələbləri ləğv edilir, yəni qalan borcu tələb edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazrki halda iddiaçının iddia tələbinin faktiki əsası(faktiki hallar) onun qanuni əsasının dizpozisiya şərtləri ilə uzlaşmır. Kollegiya hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar, həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmədiyindən, lombarda girov qoyulmuş qızılların satışından sonra qalan borcun ödənilməsinə dair tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq, qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə tərəflərin ödədikləri dövlət rüsumları özlərinə aid edilməli, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat İddiaçı tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(041)-1329/2022 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh Əliheydar qızına qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar