Məhkəmə qərarları › İş №2(106)-1373/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1373/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1373/2024 05.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-in cavabdeh X5 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: işəgötürənin əmlakına vurulmuş maddi ziyanın ödənilməsi X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh X4 iştirakları ilə, İddiaçı (MMC-nin) cavabdeh X5 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(073)-551/2024 saylı qətnaməsindən (hakim Qalib Paşayev) cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı MMC cavabdeh X5 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 15896.34 manat, mediasıya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 88 manat məbləğin cavabdeh X3 tutularaq cəmiyyətin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh X10 arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə keçmiş və «X9» haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "b” maddəsinə əsasən cavabdeh Əli Ağayevin əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, cavabdehin İddiaçı də çalışdığı xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixlərində aparılmış inventarizasiyalar nəticəsində cavabdeh Əli Ağayevin Cəmiyyətə müvafiq olaraq 2490.68 manat və 14221.58 manat məbləğində zərər vurması müəyyən edilmişdir. Yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmiş və yekun ziyan məbləği 15896.34 manat təşkil etmişdir. Borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Buna görə də iddiaçı cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh X10 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı MMC ilə aralarında əmək müqaviləsi bağlanmış, satıcıkassir vəzifəsinə işə qəbul olunmuş, daha sonra isə administrator vəzifəsinə keçmiş və iddiaçı cəmiyyətlə aralarında «X9» haqqında müqavilə imzalanmışdır. 2023-cü ilin yanvar ayında damarlarında olan problemlərlə əlaqədar cərrahiyyə əməliyyatı olunacağı barədə müdiriyyətə məlumat vermiş və təhvil- təhsil aparılmasını tələb etmişdir. Daha sonra o əməliyyat olunması ilə əlaqədar 31 yanvar 2023-cü il tarixdən iki ay müddətində işdə olmamış və o (cavabdeh) işdə olmadığı dövrdə mağazada yoxlama aparılmışdır. Halbuki, mağazada yoxlama aparılan zaman onun (cavabdehin) iştirakı təmin edilməli və onunla təhvil-təslim aparılmalı idi. Buna baxmayaraq, iddiaçı cəmiyyət onun iştirakını təmin etmədən mağazada yoxlama aparmış və əsassız olaraq onun hesabına ziyan hesablamışdır. xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "b” maddəsinə əsasən iddiaçı cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(073)-551/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 vurulmuş ziyana görə 15896.34 (on beş min səkkiz yüz doxsan altı manat otuz dörd qəpik) manat borcun, 60 (altmış) manat mediasiya xərcinin və 88 (səksən səkkiz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMCin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, 2023-cü ilin yanvar ayında damarlarında olan problemlə əlaqədar olaraq cərrahiyyə əməliyyatı olunacağı barədə müdiriyyətə məlumat verdib, təhvil-təslim aparılmasını tələb etmişdir. Lakin müdiriyyət onun xahişinə əməl etməmiş və o, işdə olduğu ərəfələrdə inventarizasiya aparılmamışdır. O, da inventarizasiyanın aparılması üçün bacardığı qədər gözləyib, daha sonra əməliyyat olunmaq üçün xəstəxanaya getmişdir. xx.xx.2023-cü il tarixdə cərrahiyyə əməliyyatı olunmuşdur. Həmin vaxtdan səhhətilə əlaqədar olaraq iki ay müddətində işə gələ bilməmişdir. İşə gələndə müəyyən etmişdir ki, o, işdə olmadığı vaxt mağazada inventarizasiya aparılmışdır. Göründüyü kimi İddiaçı MMC-nin əməkdaşları onun işdə olmadığı vaxt inventarizasiya keçirmişlər. Əgər inventarizasiya həqiqətən də düzgün və dəqiq aparılmışdısa, ya o, əməliyyat olmazdan əvvəl, ya da onun əməliyyatdan qayıtmasını gözləyib, onun iştirakı ilə inventarizasiya keçirilə bilərdi. Burdan belə nəticəyə gəlmək olar ki, İddiaçı MMC-nin əməkdaşları inventarizasiyanı onun iştirakı olmadan aparmaq niyyətində olmuşlar. Belə olan halda inventarizasiyanın nəticələri saxtalaşdırıla da bilər. Ümumiyyətlə bu qaydada inventarizasiyanın aparılması qaydalara ziddir. Həmçinin iki ay ərzində onun mağazada olmadığı vaxt mağazada olan mallara görə o, məsuliyyət daşıya bilməz. O, əməliyyata getməzdən əvvəl mağazada inventarizasiya aparılıb, onun işlədiyi müddət ərzində mal çatışmamazlığının olub-olmaması yoxlanılmalı idi. O da müdiriyyətdən bunu xahiş etmişdi. Lakin onun xahişinə əməl edilməmişdir. Bölgə müdiri Kamran Kərimov ona bildirmişdir ki, sən əməliyyata get, heç nəyə görə narahat olma, səni əvəz etmək üçün mən mağazaya başqa bir işçi göndərəcəyəm. O, mağazada olmadığı ərəfələrdə onu bölgə müdirinin tanışı olan Anar Hüseynov adlı tanımadığı şəxs əvəz etmişdir. Bütün bu baş vеrənlər onda bеlə bir fikir fоrmalaşdırmışdır ki, kimlərinsə səhlənkarlığı, təqsiri ucbatından İddiaçı MMC-nin anbarında mal əksikliyi оlmuş, müdiriyyətin məqsədi onun işə gələ bilməməyindən istifadə еtməklə mal əksikliyi nəticəsində vurulmuş zərərin onun tərəfindən vurulması görüntüsünü yaradaraq, əsl zərərvuranların kimliyini Şirkətin təsisçisindən gizlətmək оlmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən İddiaçı MMC-yə ziyan vurulubvurulmaması hallarını aydınlaşdırmamışdır. Həmçinin məhkəmə inventarizasiya nəticəsində əksik gələn malların həqiqətən də mağazaya təhvil verilib-verilmədiyini də aydınlaşdırmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdeh X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onun da iştirakı ilə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə inventarizasiya keçirilmiş, həmin vaxt sayımda iştirak etmiş və onun iddiaçıya 2490.68 manat əksikliyi yaranmışdır. Bundan sonra onun iştirakı ilə heç bir inventarizasiya keçirilməmişdir. Sonuncu inventarizasiya keçirildiyi xx.xx.2023-cü il tarixdən 1 ay öncədən o işdə olmamışdır. Belə ki, 2023-cü ilin yanvar ayının sonlarında rəhbərlikdən icazə alaraq əməliyyat olunması üçün Bakı şəhərinə getmiş və M.Ə.Əfəndiyev adına Xətai Tibb klinikasında xx.xx.2023-cü ildə cərrahi əməliyyat keçirmiş və xx.xx.2023-cü ilədək həmin klinikada olmuşdur. xx.xx.2023-cü ildə klinikadan kafi vəziyyətdə evə buraxılmış, lakin evdə nəzarət altında müalicəsi davam etdirilmişdir. Həmin müddətdə isə yəni, xx.xx.2023-cü ildə onun iştirakı olmadan qanunsuz inventarizasiya keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Həmin Məcəllənin 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edlilməsi əsaslarından biri kimi müəyyən etmişdir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X9 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, X11 İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 İddiaçı MMC-yə administrator vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli X9 haqqında müqavilədən görünür ki, X10 İddiaçı MMC-yə administrator vəzifəsinə keçmiş və onunla iddiaçı cəmiyyət arasında «X9» haqqında müqavilə imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli inventarizasiya siyahısından görünür ki, X4 İddiaçı MMC-yə əksikgəlməyə görə 2490.68 manat borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, X10 İddiaçı MMC-yə aid sənədləri imzalamaqdan və əskikgəlmənin (-2490.68 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli inventarizasiya siyahısından görünür ki, X4 İddiaçı MMC-yə əksikgəlməyə görə 14221.57 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, X10 İddiaçı MMC-yə aid sənədləri imzalamaqdan və əskikgəlmənin (-14221.57 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "b” maddəsinə əsasən İddiaçı MMC ilə X10 arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan iddiaçı cəmiyyət tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cəmiyyət tərəfindən X3 yaranmış 15896.34 manat borcun ödənilməsi tələb edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 İddiaçı MMC-yə 15896.34 (on beş min səkkiz yüz doxsan altı manat otuz dörd qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı cəmiyyət tərəfindən hazırkı iddianın verilməsi ilə əlaqədar 88 (səksən səkkiz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan mediasiya təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı cəmiyyət tərəfindən 60 (altmış) manat mediasiya xərci ödənilmidir. İşdə olan Bakı şəhəri, M.Ə.Əfəndiyev adına Xətai Tibb klinikasının Ambulator kitabçasından çıxarışdan görünür ki, X10 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həmin klinikada müalicədə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. İşin hallarından da, müəyyən edilir ki, cavabdeh İddiaçı MMC-də maddi məsul şəxs təyin edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin iştirakı ilə inventarizasiya keçirilmiş X4 İddiaçı MMC-yə əksikgəlməyə görə 2490.68 manat borcu yaranmışdır. Lakin iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehin iştirakı olmadan inventarizasiya keçirilmiş və X4 İddiaçı MMC-yə əksikgəlməyə görə 14221.57 manat borcu olması göstərilmişdir. Cavabdeh kollegiyanın iclasında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən 1 ay öncədən o işdə olmamışdır. Belə ki, 2023-cü ilin yanvar ayının sonlarında rəhbərlikdən icazə alaraq əməliyyat olunması üçün Bakı şəhərinə getmiş və M.Ə.Əfəndiyev adına Xətai Tibb klinikasında xx.xx.2023-cü ildə cərrahi əməliyyat keçirmiş və xx.xx.2023-cü ilədək həmin klinikada olmuş, xx.xx.2023-cü ildə klinikadan kafi vəziyyətdə evə buraxılmış, lakin evdə nəzarət altında müalicəsi davam etdirilmişdir. Həmin müddətdə isə yəni, xx.xx.2023cü ildə onun iştirakı olmadan qanunsuz inventarizasiya keçirilmişdir. Göründüyü kimi iddiaçıya vurulan maddi ziyan məbləği cavabdehin iştirakı ilə keçirilən inventarizasiya nəticəsində 2490.68 AZN hesablansa da, sonradan cavabdehin iştirakı olmadan keçirilmiş siyahıya almada ziyan məbləği 15896.34 manat müəyyən edilmişdir. Tərəflərin izahatlarından və eyni zamanda da, iş materiallarına əlavə edilmiş sənədlərdən də, inventarizasiyanın aparılması zamanı 2490.68 manat malların əksik olması müəyyən edilsə də, iddiaçı əsassız olaraq sonradan vurulmuş ziyan məbləğinin 15896.34 manat olmasını iddia etmiş lakin bununla bağlı öz tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda da, iddia tələbi tam olaraq əsaslı hesab edilib təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Cavabdeh X3 60 (altmış) manat mediasiya xərci və 88 (səksən səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillərin əsaslı olması ilə yanaşı, apellyasiya baxışı zamanı bir daha öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən dair yeni qətnamə qəbul edilməlidir. İddianın mübahisələndirilən hissədə qiyməti 2490.68 (iki min dörd yüz doxsan manat altmış səkkiz qəpik) manat olduğundan və bu məbləğ 5000 manatdan az olduğundan cavabdehin qətnamədən şikayət vermək hüququ yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(073)-551/2024 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh X3 vurulmuş ziyana görə 2490.68 (iki min dörd yüz doxsan manat altmış səkkiz qəpik) manat borc, 60 (altmış) manat mediasiya xərci və 88 (səksən səkkiz) manat dövlət rüsumu, cəmi 2638.68 (iki min altı yüz otuz səkkiz manat altmış səkkiz qəpik) manat tutularaq İddiaçı MMC-in hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar