Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1376/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, katib Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(038)-501/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İşdə olan əlyazmada Canıyeva Günay 2-ci gün 3500, 4-5-ci gündə 2500 manat, yerdə qalan pulu ayın axırı verəcəyini, əgər verməsə lazım olan yerlərə aparılmasını qeyd etmişdir. Əl yazmada qızılların siyahısı, qramı və dəyəri göstərilmişdir. HK 1/8822 sayda qeydə alınmş material əsasında Abşeron Rayon Polis İdarəsinin İT-nin müstəntiqi Rəşad Cəfərovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarda araşdırma zamanı barəsində şikayət olunan Cavabdeh izahatından göstərilmişdir: “2023-cü ilin mart ayının sonlarında Kamalə adlı şəxs ona zəng vuraraq demişdir ki, telefon nömrəsini ona Sevinc verib o, Sevincin qudasıdır. Sevinc Kamaləyə demişdir ki, o qızıl alveri ilə məşğul olur, Kamalə demiş ki, əgər mal lazımdırsa o ikinci əl malları ona sata bilər. O, qızılın 01 qramının qiymətini ondan soruşmuş, Kamalə 01 qramı 95 manata satdığını demiş, o da Kamaləyə demişdir ki, bahadır. Kamalə demişdir ki, o aşağı qiymətə sata bilməz və onlar sağollaşmışlar. Təxminən 2023-cü ilin aprel ayının sonlarında Kamalə zəng vuraraq demişdir ki, ikinci əl mal var 85 manata satdığını təklif etmişdir. O, da Kamaləyə demişdir ki, təzə mal almışdır, əlində pulu yoxdur. Təxminən 2023-cü il may aylarinda Kamalə zəng vurub telefona qeyri-rəsmi nikahda olan Anar cavab verarək hemin telefonu o, işlətdiyini bildirmişdir. Bundan sonra ona Anarin bacısı Sevinc zəng vuraraq demişdir ki, nəyə görə Kamalədən mal götürmədin Kamalə gileylənib ki, gedib ondan mal almırsan. O, da Sevincə demişdir ki, Kamalə nisyə mal vermir, buna görə də almır. Bundan sonra Kamalə özü zəng vuraraq demişdir ki, gəl mal seç birinci götürdüyün maln pulunu verdikdən sonra ikincini götürərsən. Bundan sonra xx.xx.2023-cü il tarixda o qızı ilə birlikdə Kamalənin yasadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Gənclər şəhərciyində yerləşən evinə getmisdir. Hamin vaxt Kamalə ona 5800 manatlıq qızıl zinət əşyalarını nisyə vermişdir. O, Kamaləgildən evinə gələndən sonra Kamalə zəng vuraraq demişdir ki, malların pulunu səhv hesablayıb 6000 manatlıq mal verib o da onunla razilaşmışdır. Bundan sonra o Kamalənin göndərdiyi Röyalə adlı şəxsin bank hesab kartına 1580 manat pul göndərmişdir. Bundan sonra Kamaləyə demişdir ki, 1900 manat pulu yığılıb ondan toy komplekti istəyirlər. Kamalə də pulu onunla Moskva univermağının yaxınlığında görüşüb verdikdə o da, kopmlekti ona verəcəkdir. Kamalə də ona 2100 manatlıq komplekti vermiş, bir müddət sonra isə demişdir ki, o, qızıl komplekti 3000 manat hesablayacaq, pulunu verəndə 200 manat hörmət edəcəkdir. Kamalə ona demişdir ki, əvvəlki borcunu bağlasın. O da, Kamaləyə ödəmə terminal ilə müxtəlif vaxtlarda 1500, 1250, 2000 və 2300 manat pul göndərmişdir. Həmin ərəfədə o Kamalədən 4200 manatlıq nisyə mal götürmüşdür. Bundan başqa 300, 400 va 100 manat kartdankarta pul göndərmişdir. Onun hesabına görə Kamaləya 9150 manat pul qaytarmış və ona 2800 manat borcu qalmışdır. İşdə olan «WhatsApp» ani mesajlaşma mübadilə sistemindən əldə edilmiş səs yazılardan X6 ilə Cavabdeh arasında qızıl alqı-satqısına görə pul münasibətlərinin yaranması və sonuncunun götürdüyü qızıllara görə İddiaçı borclu olması, borcunu ödəmək üçün əlavə vaxt istəməsi müəyyən olunur. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş CD diskdəki səs yazısının tədqiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh telefon danışığı zamanı İddiaçı bildirmişdir: ayın 2-dən 3nə qədər olan müddətdə 6.500 (altı min beş yüz) manat məbləğində pulun ödəniləcəyini, qalan məbləğin qaytarılması üçün isə əlavə 3–4 gün vaxt istədiyini demişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 9000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsində cavabdehin adının Cavabdeh kimi oxunmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı X6 tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ortaq tanışı vasitəsilə münasibətləri yaranmış, G.Canıyevə satış məqsədilə qızıl-zinət əşyaları vermiş sonda cavabdeh 9000 manat miqdarında qızıl-zinət əşyalarının pulunu qaytarmamışdır. Münasitbətlərə aydınlıq gətirmək məqsədilə dəfələrlə cavabdehlə telefon danışıqları aparmış, görüşmüş, lakin heç bir nəticə əldə edilməmişdir. Bu səbəbdən polisə müraciət etmiş və araşdırma zamanı cavabdeh guya pul vəsaitini geri qaytardığını, yalnız 2800 manat pul vəsaitinin borclu qaldığını bildirmişdir. Lakin cavabdehin imza etdiyi qəbzlər, telefon danışıqları ilə cavabdehin özünü müdafiə üçün bu halları uydurduğu məlum olmuşdur. İddia ərizəsinə əlavə edilmiş qəbzlərlə sübut olunur ki, cavabdeh 3500, 2500 və yerdə qalan pulu isə qayın axırında ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin qəbzin məzmunundan münasibətlərin gərgin olduğu müəyyən edilir. Cavabdeh övladı vasitəsilə müxtəlif vaxtlarda ona 7050 manat məbləğində pulu qaytardığını iddia etsə də, buna dair qəbzləri təqdim etməmişdir. Həmçinin istintaqa təqdim edilmiş telefon danışıqları vasitəsilə də cavabdehin yalan danışdığı öz təsdiqini tapmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məhkəməyə xx.xx.2024-cü il tarixdə 1-C-6-127/2024 qeydiyyat nömrəsi ilə daxil olmuş teleqramdan görünür ki, Cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının başqa tarixə keçirilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli, 2(038)-501/2024 saylı qətnaməsi ilə (hakim Rəşad Məmmədov) iddianın təmin edilməsi, 9000 (doqquz min) manat Cavabdeh alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 600.1, 601.1, 567, 385.1, 442, 445.2.1, Mülki Prosessual Məcəlləsinin 9.3, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmiş və qeyd etmişdir ki, göstərilən hüquq normalarının tələbi baxımından sübut etmə yükü ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan pul məbləğlərinin verilməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının, həmin hal sübuta yetirildiyi təqdirdə isə pulun ödənilməsini təsdiq edən sübutları təqdim etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırki iş üzrə təqdim edilmiş əlyazma qəbz, cavabdehin HK 1/8822 saylı material üzrə alınmış izahatı, həmçinin iş materiallarına 1 ədəd DVD diskdə əlavə edilmiş səs yazılarla iddiaçı tərəfindən cavabdehə iddia ərizəsində göstərilən dəyərdə qızılların verilməsi öz təsdiqini tapsa da, cavabdehin həmin qızıllara görə ödənişlər etməsi və bunu təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, cavabdeh ortaq tanışları vasitəsilə iddiaçı ilə münasibətləri yaranmış, iddiaçı X6 9000 (doqquz min) manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə cavabdehə vermişdir. Cavabdehdə qızıl-zinət əşyalarını sataraq iddiaçıya 9050 (doqquz min əlli) manat məbləğində ödəniş etmişdir. Bunun təsdiqi olaraq iddiaçı X4 cavabdehə göndərdiyi səs yazıları vardır. Cavabdeh iddiaçıya ödəniş məbləğində artıq ödəniş etməsinə baxmayaraq iddiaçı əsassız yerə əlavə olaraq cavabdehdən pul tələb edir. İddiaçı məhkəmədən öncə bu barədə Abşeron rayon Polis idarəsinə müraciət etmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur, bu səbəbdən Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Əlavə olaraq qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam araşdırılmayaraq aidiyyat qaydalarına toxunulmamışdır. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq mənfəət, qazanc gəlir əldə etmək olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. . Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdeh ortaq tanışları vasitəsilə iddiaçı ilə münasibətləri yaranmış, iddiaçı X6 9000 (doqquz min) manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədilə cavabdehə vermişdir. Cavabdehdə qızıl-zinət əşyalarını sataraq iddiaçıya 9050 (doqquz min əlli) manat məbləğində ödəniş etmişdir. Bunun təsdiqi olaraq iddiaçı X4 cavabdehə göndərdiyi səs yazıları vardır. Cavabdeh iddiaçıya ödəniş məbləğində artıq ödəniş etməsinə baxmayaraq iddiaçı əsassız yerə əlavə olaraq cavabdehdən pul tələb edir. İddiaçı məhkəmədən öncə bu barədə Abşeron rayon Polis idarəsnə müraciət etmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur, bu səbəbdən Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı verdiyi izahatda iddiaçının özü də etiraf edir ki, cavabdeh borcu geri qaytarıb. İddiaçının səs yazısı da var. İddiaçı iddia ərizəsini verdiyi izahatda təkzib edir. Cavabdeh iddiaçıdan qızılzinət əşyaları alıb, sonra ödənişi edib. Yardımlı Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı X3 izahatında bildirmişdir ki, hüquq mühafizə orqanları tərəfindən dəfələrlə araşdırılma aparılmış cavabdehin izahatı alınmışdır. Cavadeh izahatlarının hər birində fərqli məbləğlərdə borcunun olduğunu bildirmişdir. İfadlərində ziddiyyət vardır. 550 manat, 650 manat, 750 manat kartıma pul atıb. Cavabdeh ümumilikdə 7900 manat ödəniş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil qətnamədən apellyasiya şikayəti verərək Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-501/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, Kollegiya qətnaməni bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qətnaməsini və tətbiq edilən hüquq normalarını araşdırmaqla belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olub, apellyasiya şikayətində göstərilən arqumentlər həmin qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki prosessual hüquqda sübutetmə prinsipi tərəflərin bərabər hüquqlu olması və rəqabət prinsipi ilə sıx bağlıdır. Tərəflər yalnız öz iddia və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməyə borcludurlar. Sübutetmə yükü prinsipi tərəflərin iddia və etirazlarının mənbəyini müəyyən etməklə, məhkəmənin subyektiv təxminlərə deyil, obyektiv dəlillərə əsaslanaraq qərar çıxarmasını təmin edir. Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdiyi sübutların hüquqi əhəmiyyətini qiymətləndirməkdir, lakin sübutların təqdim edilməməsi və ya qeyri-dəqiq olması hüquqi nəticələr doğurur. İş materiallarından göründüyü kimi, tərəflər arasında mübahisə qızıl-zinət əşyalarının nisyə satışından yaranmış pul öhdəliyinə dair olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567 və 600.1-ci maddələrinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilə nisyə xarakter daşıdığı hallarda, ödənişin müəyyən edilmiş vaxtda həyata keçirilməsi alıcının borc öhdəliyidir. İş materialları, xüsusilə iddiaçının təqdim etdiyi əlyazma qəbz, “WhatsApp” səs yazıları, həmçinin Abşeron Rayon Polis İdarəsinin İT-nin müstəntiqi Rəşad Cəfərovun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilən Cavabdeh izahatı təsdiq edir ki, cavabdeh İddiaçı müxtəlif vaxtlarda qızılzinət əşyaları almış, bu əşyaların ümumi dəyərinin 9150 manatını qaytardığını, 2800 manatının isə qaldığını öz izahatında etiraf etmişdir. (cəmi: 9150+2800=11950) İş materiallarında olan (iş mat. səh.85) Cavabdeh Abşeron Rayon Polis İdarəsində verdiyi izahatdan aydın olur ki, o, xx.xx.2023-cü ildə 6000 manatlıq, daha sonra 2100 manatlıq və 4200 manatlıq nisyə mal aldığını göstərmişdir. (6000+2100+4200=12300) İş materiallarında olan (iş mat. səh. 85) izahatdan görünür ki, Ağcabədi RPİ-nin İŞ-nə verdiyi izahatda Cavabdeh ziddiyyətli mövqe sərgiləmişdir. Belə ki, o, Kamaləyə 9.150 manat məbləğində pul qaytardığını bildirmiş, lakin müstəntiqin sualların cavablandırarkən “ola bilsin ki, mən səhv edirəm, mənim hesabıma görə Kamaləyə 9.150 manat borcum olmuşdur” deyə izah vermişdir. İddiaçı tərəfindən təqdim edilən izahatların isə sabit, ardıcıl və ziddiyyətsiz olması nəzərə alınmaqla, məhkəmə kollegiyası iddiaçının izahatını daha inandırıcı hesab edir. Bu hal cavabdehin mövqeyinin qeyri-sabit və bir-birini təkzib edən izahatlardan ibarət olduğunu göstərir. Bundan əlavə, iş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş CD diskdəki səs yazısının tədqiqi nəticəsində müəyyən edilir ki, Cavabdeh telefon danışığı zamanı İddiaçı ayın 2dən 3-nə qədər olan müddətdə 6.500 (altı min beş yüz) manat məbləğində pulun ödəniləcəyini, qalan məbləğin qaytarılması üçün isə əlavə 3–4 gün vaxt istədiyini bildirmişdir. Bu məzmunlu səs yazısı cavabdehin borcun mövcudluğunu və ödəniş öhdəliyini birbaşa etiraf etməsini göstərir. Həmin səs yazısı cavabdehin borcun müəyyən hissəsini ödəməyi etiraf etməsi ilə yanaşı, borcun tam ödənilmədiyini də təsdiq edir. Buna görə də, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “borcun tam ödənildiyi” arqumenti iş materiallarında əksini tapan bu sübutla təkzib olunur. Etiraf prosessual hüquqda xüsusi sübut forması kimi qəbul olunur və tərəfin öz əleyhinə ifadə etdiyi fakta münasibətidir. Lakin etirafın hüquqi qüvvə daşıması üçün o, şüurlu, ixtiyari və ziddiyyət təşkil etməyən olmalıdır. Cavabdeh izahatında borcun bir hissəsini qaytardığını etiraf etməsi, həmin ödənişi sübut etmə yükünü onun üzərinə qoyur. Etirafın sonradan təkzib edilməsi və ya ziddiyyətli ifadələrlə dəyişdirilməsi onun sübut dəyərini azaltmır, əksinə, tərəfin mövqeyinin qeyri-sabitliyini nümayiş etdirir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Əgər cavabdeh 9150 manat ödəniş etdiyini (eyni izahatda, 9150 manat borcunun qalmasını) etiraf etmişdirsə, bu halı sübut etməyə də o borcludur. Sadəcə etirafın özü yetərli deyil, çünki məhkəmə yalnız təsdiqedici dəlillər əsasında nəticəyə gələ bilər (MPM-nin 88-ci maddəsi). Cavabdeh tərəfindən bu ödənişləri təsdiq edən nə bank sənədləri, nə qəbzlər, nə də digər yazılı sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətində göstərdiyi iddialar — yəni ödənişin tam və ya artıq şəkildə həyata keçirildiyi barədə dəlillər sübutlarla təsdiqini tapmamışdır. Həmçinin apellyasiya şikayətində tərəflərin “sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etdikləri” və “işin kommersiya münasibətləri əsasında yaranması” barədə qeyd edilən arqumentlər də əsassızdır. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 26-cı bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. İş materiallarının tədqiqindən, eləcə də tərəflərin izahat və təqdim etdikləri sənədlərdən müəyyən olunur ki, nə İddiaçı, nə də Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33.3-cü maddəsində nəzərdə tutulduğu qaydada fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmayıblar və vergi uçotunda vergi ödəyicisi qismində qeydiyyatları yoxdur. Bundan əlavə göründüyü kimi, birinci hal, yəni mübahisə kommersiya hüquqi şəxsin (məsələn, MMC, ASC və s.) öz fəaliyyətinin həyata keçirilməsindən irəli gəlirsə, bu halda iş korporativ mübahisə sayılır. Bu məsələ yuxarıda qeyd olunmuş Plenum Qərarının 13-cü bəndində ətraflı izah edilir: korporativ mübahisələr — kommersiya subyektinin daxili idarəetməsi, pay bölgüsü, mənfəətin bölüşdürülməsi, qərarların etibarlılığı və s. ilə bağlı məsələlərdir. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Yəni, əgər eyni işdə həm sahibkarlar, həm də fiziki şəxs iştirak edirsə və onların tələbləri bir-birindən ayrılmaz vəziyyətdədirsə, bu iş birgə şəkildə kommersiya məhkəməsində baxıla bilər. Hal-hazırki işdə bu hal da müəyyən edilmir. Bundan kənarda, fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması qanunla yolverilməzdir. Sahibkar fəaliyyəti gəlir əldə etmək məqsədilə mütəmadi əsasda həyata keçirilən müstəqil fəaliyyət kimi tanınır. Lakin Kollegiya qeyd edir ki, iş materiallarında tərəflərin sahibkar kimi dövlət qeydiyyatında olmaları barədə heç bir sənəd yoxdur. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə edilmiş sorğular nəticəsində bu hal aşkarlanmamışdır. Bu səbəbdən, tərəflər arasında yaranmış münasibətlər Mülki Məcəllənin 14 və 385-ci maddələrinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər arasında olan mülki öhdəlik xarakteri daşıyır və sahibkarlıq münasibəti kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə edilmiş əlyazma qəbzlər, səs yazıları, iddiaçının təqdim etdiyi CD disk və cavabdehin özünün izahatında borcu etiraf etməsi halları birgə qiymətləndirildikdə, birinci instansiya məhkəməsinin nəticələri əsaslı və sübutlara uyğun olmuşdur. Nəticə etibarilə, cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən arqumentlər sübutlarla təsdiq edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilən hüquq normaları düzgün seçilmiş, maddi və prosessual hüquq normalarının pozulması halları müəyyən edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-501/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-501/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1376/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1376/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver