Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1378/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-823/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə doğulmuş X2, xx.xx.2013-cü ildə doğulmuş X4, xx.xx.2021-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırılmasına dair ərizə verərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə və cavabdehin il ərzində 4 dəfə olmaqla işlədiyi yerdən aldığı ərzaq payı və pul şəklində mükafatın da bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə 2007-ci ildə faktiki evlənmişlər, nikahlarını isə 2010-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci ildə Zəhra, xx.xx.2013-cü ildə Yusif, xx.xx.2021-ci ildə isə Uğur adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Ayrıldıqları vaxtdan birgə nikahlarından doğulmuş uşaqları onun yanında qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(106)-571/2023 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin Cavabdeh alınaraq ona verilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh hal-hazırda uşaqlarına tələb edilən məbləğdə aliment ödəmək iqtidarındadır. Buna baxmayaraq, cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq ona kömək etmir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-823/2024 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) iddianın qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2 (106)-571/2023 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentlə, eyni zamanda hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması hər ay hər uşağa görə 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 38 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərərk, onun ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun işləməklə sabit qazancının olmasını, birgə yaşadıqları dövrdə götürülmüş kredit və alınmış məişət əşyasının dəyərinin də onun əmək haqqından tutulmasını bu ödənişlərdə iddiaçının iştirak etməməsini, iddiaçının özünün də pensiya almasını alimentin artırılması ilə bağlı əsasların olmamasını nəzərə almamış, təqdim etdiyim sübutlara qiymət verməmiş, nəticədə maddi və prosessual normaların pozulması ilə nəticələnən düzgün olmayan qətnamə qəbul edilmişdir. O, Cəlilabad rayon Dövlət X10nin 63 nömrəli YMB-də işləyir və əmək haqqı stabildir. Başqa heç bir ödənişli fəaliyyətlə məşğul ola bilmir. Bu isə qazancının qeyri-müntəzəm, dəyişkən olmadığı halda məhkəmə alimenti sabit pul məbləğində müəyyən etməsi ilə Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbini pozmasını göstərir. İddiaçı sonuncu övladının adı ilə “tik-tok” səhifəsində qeydiyyatdan keçmişdir. Həmin səhifədən çıxarışdan görünür ki, hansısa paylaşımla bağlı dəyəri 300 dollar olan jeton istifadə etmişdir. Bu isə onu göstərir ki, iddiaçı aliment adı altında aldığı pulları uşaqlara deyil, təyinatına uyğun olmayaraq sosial şəbəkə ilə bağlı xərcləyir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının “tik-tok” sosial şəbəkəsindəki xərclədiyi pullarla bağlı görüntülər qabağına çıxmasaydı, təyin edilən alimenti ödəyərdi. Lakin hazırkı halda onun qazancının başqa məqsədlər üçün istifadə edilməsi onun aliment ödəmək istəyini ortadan qaldırmışdır. Aylıq 748 manat əməkhaqqı alır və 340 manat + 50 manat olmaqla, ümumilikdə 390 manat məbləğində pul onun kartından aliment ödənişlərinə tutulur. Yenidən ailə qurmamışdır. İldə 3 dəfə hər dəfə 340 manat olmaqla mükafat alır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uşağa görə pensiya alır. Uşaq İİ qrup əlildir. Özünün əlavə 350 manat gəliri var. Cavabdeh alimenti vaxtında ödəyir. Onun adıçəkilən şəkildə “tik-tok” sosial şəbəkəsində hesabı yoxdur. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-823/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: Belə ki, işdə olan Cəlilabad rayon Muğan kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2021-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2 (106)- 571/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2008-ci ildə doğulmuş X2, xx.xx.2013-cü ildə doğulmuş X4, xx.xx.2021-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyi DYMX Cəlilabad Rayon Dövlət X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Qasımov X3 rayon X14 Hissəsinin 63 nömrəli YMB-də sürücü işləyir. Aylıq əmək haqqı 820.55 manat hesablanır. Əmək haqqından 340.04 manat aliment tutulur. İşdə olan “Elektron Məhkəmə İnformasiya” Sistemində əldə edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh mülkiyyətində ********** qeydiyyat nömrəli **********4-10301 reyestr nömrəli fərdi yaşayış evi mövcuddur. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ikidə bir hissəsi miqdarında aliment tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76-78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. AM-in 139.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, qəyyumluqda (himayədə) olan uşaqlar, onlara düşən pensiya, müavinət, aliment və s. sosial ödənişləri almaq hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016- cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub- qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub- olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub- olmamasını və s. məsələləri nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sadalanan hüquq normaları əsasında işin faktiki halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılmışdır. Bundan başqa, ötən müddətdə cavabdehin maliyyə vəziyyətində alimentin məbləğinə əhəmiyyətli dərəcədə təsir edən dəyişiklik baş vermişdir. Belə ki, cavabdeh hazırda uşaq üçün təyin olunmuş alimenti ödəməyə imkan verən məbləğdə əmək haqqı, eləcə də ildə 3 dəfə mükafat alır. Bu hal aliment məbləğinin artırılması üçün əsas sayıla bilər. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşaqlara təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır. Cavabdehin apellyasiya şikayətində bildirdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, heç bir əsas valideyni aliment ödəmək öhdəliyindən azad edə bilməz. Cavabdeh ödədiyi alimentin iddiaçı tərəfindən “tik-tok” sosial şəbəkəsində müxtəlif məqsədlər üçün xərcləndiyini bildirsə də, “tik-tok” sosial şəbəkəsində adıçəkilən hesabın məhz iddiaçıya məxsus olmasını sübut edə bilməmişdir. Həmin hesabın iddiaçıya məxsus olmasını cavabdeh sübut etmiş olsaydı belə, ödədiyi alimentin məhz həmin hesab vasitəsi ilə müxtəlif məqsədlər üçün xərcləndiyi qənaətinə gəlmək üçün hər hansı bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, yuxarıda qeyd edilənləri nəzərə alınmaqla mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyinəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 2(073)-823/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1378/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1378/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver