Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-138/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(020)-636/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 (üç min beş yüz) manat və vəkilə hüquqi yardım üçün ödənilmiş 420 (dörd yüz iyirmi) manat, cəmi 3920 (üç min doqquz yüz iyirmi) manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 18 aprel 2023-cü il tarixli Borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 3 ay müddətində qaytarmaq şərti ilə 3500 manat borc pul vermişdir. Borc müqaviləsi iddiaçı ilə cavabdehin öz aralarında yazılı formada tərtib olunaraq imzalanmışdır. 18 aprel 2023-cü il tarixli Borc müqaviləsinin İİ-ci bəndinə görə borc alan borc verəndən aldığı 3500 manat pulu 3 ay müddətində tam qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, xx.xx.2023-cü il tarixli Borc müqaviləsinə əsasən kreditordan aldığı 3500 manat pul vəsaitini bu vaxta kimi qaytarmamışdır. Dəfələrlə iddiaçı cavabdehdən pulunun ödənilməsini tələb etsə də, cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, iddiaçının pul vəsaitini geri qaytarmaqdan yayınmışdır. İddiaçı tərəfindən istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinin adi SMS xidmətindən və “Whatsapp” mobil tətbiqindən cavabdehin şəxsi istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə mətnli SMS-yazı və “Whatsapp” mesajı göndərərək 3500 manat pulun ödənilməsi tələb olunmuş, əks-təqdirdə cavabdehə qarşı məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, cavabdeh yenə də 3500 manat borcunu iddiaçıya ödəməmişdir. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Beyləqan Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(020)-636/2024 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilməsi Cavabdeh əsas borca görə 3500 (üç min beş yüz) manat, vəkilə hüquqi yardım üçün ödənilmiş 420 (dörd yüz iyirmi) manat olmaqla cəmi 3920 (üç min doqquz yüz iyirmi) manat pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıdan pul almasına dair hər hansı əlyazma olan sənədi yazmadığını və həmin əlyazmalı sənədə imza etməməsini yoxlamamışdır. Müqavilə şərtlərini təfsir edərkən bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədər ki, danışıqlar və yazışmalar tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Beyləqan Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(020)-636/2024 saylı qətnaməsinin qəbul edildiyi zamanı qanunun bu tələbinə əməl olunmamışdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Lakin qətnamənin qəbul edildiyi zamanı cavabdeh iddiaçıdan pul almadığını, iddianı qəbul etmədiyini və şikayətinin verilməsinə baxmayaraq, son haqq-hesabının bu günə kimi verilməməsinə məhkəmə tərəfindən heç bir əhəmiyyət verilməmişdir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadənin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Cavabdeh 2020-ci ildən sonra iddiaçı ilə yox, onun oğlu Elçin ilə işləmişdir. Adına mağazaya görə yazılmış cərimənin də ödənilməsini iddiaçının oğlundan tələb etmişdir. Son haqq-hesabları da iddiaçının oğlu tərəfindən ödənilmədiyindən ondan şikayət etmişdir. Bu isə o deməkdir ki, son haqq-hesabı verməyən iddiaçı və ya onun oğlu şikayətin edilməsinə görə onun adından hər hansı bir sənədə imza etməklə saxta borc müqaviləsinin tərtib edilməsinə nail olaraq pul tələb etməyə başlamışlar. Bu isə müqavilə azadlığının olmadığını açıq-aydın göstərir. Axı o məhkəmə zamanı borc pul almadığını və iddianı qəbul etmədiyini bildirmişdir. İddiaçı ilə 2020-ci il tarixindən etibarən hər hansı bir əlaqələrinin olmaması, onun 2010-cu ildən 2020-ci il tarixədək olan dövr üzrə iddiaçı ilə işlədiyi üçün məzuniyyət pullarının verilməməsinə görə iddiaçıdan bütün instansiyalara çoxsaylı şikayətlərinin olduğu və ondan hər hansı bir məbləğdə borc pul almadığı halda işin materiallarına əlavə edilmiş 18 aprel 2023-cü il tarixli borc müqaviləsinin saxta olaraq tərtib olunmasına və onun əvəzindən imza etməklə sübutların saxlaşdırılması, borc müqaviləsinin kimin tərəfindən tərtib edilməsi və 8 ay ərzində ondan pulun tələb edilməməsi halları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamışdır. İddiaçı apellyasiya şikayətinə etiraz verərək iddia ərizəsini müdafiə etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsinə Beyləqan Rayon Məhkəməsində baxılan zaman cavabdeh ona borcu olduğunu qəbul etməmiş, lakin xx.xx.2023-cü il tarixli borc müqaviləsini imzaladığını, həmin müqavildəki imzanın ona məxsus olduğunu bildirərək məhkəmədə verdiyi izahatında göstərmişdir ki, guya o, 1 ildə Bakı şəhərində 8 market açmış, həmin marketlərdən birini onun adına yazdırmış, bütün imzalar ona aiddir. 2020-ci ildən sonra guya onun işlərini oğlu davam etdirmiş, dəfələrlə oğlundan da cərimənin üzərindən götürülməsini tələb etmişdir. 2021-ci ildə cərimə onun üzərindən götürülmüş, 2023-cü ilin iyun ayında ona imza etdirərək son haqq-hesabını verəcəyini demiş, müqavilədəki imza ona məxsusdur, lakin o, imzanı da bilmədən çəkmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində cavabdeh xx.xx.2023-cü il tarixli borc müqaviləsinə bilmədən imza etdiyini, lakin müqaviləni təsir və təzyiq altında imza etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iş materiallarında olan imzalar cavabdehə məxsus deyil. Odur ki, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Habelə məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə cavabdeh 2024-cü ilə qədər eyni müəssisədə işləmişlər. 2020-ci ildən sonra cavabdeh anbardar vəzifəsində çalışmışdır. İddiaçının həmin pulu verməsini təsdiq edən hər hansı bir sübutu yoxdur. İddiaçı və cavabdeh arasında müqavilə olsa da, müqavilə bağlandıqdan sonra həmin pul vəsaitinin verilməsini təsdiq edən heç bir mötəbər sübut yoxdur. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, uzun müddət anbardar vəzifəsində işləmiş və ona müxtəlif vaxtlarda müxtəlif sənədlər gətirmişlər, lakin nəyə imza atdığını heç özü də bilməmişdir. Hazırda sözügedən sənədi imzalamamışdır. Həmin yazılar onun xəttinə oxşasa da, lakin ona məxsus deyildir və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında həmin müəssisədə anbardar vəzifəsində çalışmışdır. Vəzifə funksiylarından irəli gələrək çox sayda sənədlərə imza çəkmişdir. Qeyd edir ki, ***-***-**-** nömrəsi ilə “Watsapp”-dan qeydiyyatdan keçmişdir. Eyni zamanda bildirir ki, “Watsapp” istifadə etməyi bacarır. İddiaçının ona pul vəsaitinin ödənilməsi ilə bağlı “Watsapp” vasitəsilə mesaj yazsa da, o, həmin mesajı görmüş, lakin cavab verməmişdir. İddiaçının qanunsuz hərkətləri ilə bağlı hüquq mühafizə orqanlarına maəlumat vermiş, həmin şikayətlərdən sonra mesaj yazaraq pulun ödənilməsini tələb etmişdir. Əlavə edir ki, iddiaçının Kürdəmir və Bakı şəhərində mağazaları vardır. O, məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(020)-636/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: Belə ki, iş materiallarına əlavə edilmiş 18 aprel 2023-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3 ay müddətində qaytarmaq şərti ilə 3500 manat məbləğdə borc pul vermişdir. Həmin müqavilənin İİ bəndinə görə borc alan-cavabdeh borc verəniddiaçıdan aldığı 3500 manat məbləğdə pul vəsaitini 3 ay müddətində tam qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş “MPAY” ödəniş terminalının xx.xx.2024-cü il tarixli 990 nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna 420 manat vəkil xidmət haqqı ödənilmişdir. İşə əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müxtəlif vaxtlarda 2 dəfə bildiriş göndərmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə müvafiq olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər hazırkı qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. 23 noyabr 2024-cü il tarixli № 3-16-16/2-4/1675 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 33-cü vərəqində olan 18 aprel 2023cü il tarixli “Borc müqaviləsi”nin arxa tərəfində “Borc alan” qrafasında “Mübariz. Əhmədov.S. oğlu” yazıları və həmin yazıların aşağı hissəsində “(imza)” qrafasındakı imza - Cavabdeh tərəfindən icra edilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Kollegiya iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya şikayətinin təmin edilməsi və Beyləqan rayon məhkəməsinin 21 may 2024-cü il tarixli 2(020)-636/2024 saylı qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Hazırda borc sənədinin iddiaçıda olması da cavabdeh tərəfindən borcun ödənilməməsi qənaətinə gəlməyə əsas verir. Cavabdeh iddiaçıdan borc almadığını, həmin müqaviləyə bilmədən imza etdiyini göstərsə də, məhkəmə onun həmin izahatını əsaslı hesab etmir. Onun həmin izahatı özünü müdafiə xarakteri daşıyır və iş materialları ilə təkzib edilir. Habelə borc müqaviləsindəki imzanın hər hansı bir təsir altında imza etməsi də müəyyən edilməmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilənlərlə yanaşı, adıçəkilən borcun mövcudluğunu iş materiallarına əsasən “Watsapp” mesajı vasitəsilə bu barədə cavabdehə məlumatın verilməsi və cavabdehin bunu inkar etməməsi də təsdiq edir. Nəzərə alınmalıdır ki, “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli № 3-16- 16/2-4/1675 nömrəli ekspert rəyinə görə 124 manat məbləğində pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14, 76, 77, 89, 372, 376, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 2(020)-636/2024 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2024-cü il tarixli № 3-16-16/2-4/1675 nömrəli ekspert rəyinə görə 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-138/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-138/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver