Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1380/2024 24.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X13 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X17 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-578/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Məhkəməsinin 15 sentyabr 2022-cu il tarixli 2(018)-1069/2022 saylı qətnaməsi ilə qət edilmiş hər uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altımış) manat alimentin miqdarını artıraraq, hər uşaq üçün 200 (iki yüz) manat muqla. cəmi 400 (dörd yüz) manat aliment müəyyən edilməsi və mediasiya şurası üçün ödədiyi 55 (əlli beş) manat rüsumu və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 15 sentyabr 2022-cu il tarixli 2(018)-1069/2022 saylı qətnaməsi ilə 29 aprel 2012-ci il təvəllüdlü X12 və 10 avqust 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 manat alimentin tutulması qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı bu günkü gün üçün həddindən artıq azdır. O, bu məbləğdə alimentlə uşaqları saxlaya bilmir. Çünki aliment müəyyən edilən vaxt həmin dövrün qiymətlərinə uyğun müəyyən olunmuşdur. Artıq həmin vaxtdan iki il keçir və bu müddət ərzində inflyasiya daha da artmış və hər şeyin qiyməti bahalaşmışdır. Astara Rayon Məhkəməsinin 15 sentyabr 2022-cu il tarixli 2(018)–1069/2022-saylı qətnaməsi ilə qət edilmiş hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altımış) manat alimentin miqdarını artıraraq, hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat aliment müəyyən edilməsi və mediasiya şurası üçün ödədiyi 55 (əlli beş) manat rüsumu və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-578/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(018)- 1069/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşınadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, iki uşağa görə 320 (üç yüz) sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, Cavabdeh ödənilmiş mediasiya xərci 55 (əlli beş) manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış məhkəmə alimentin miqdarını artırarkən qanunvericiliyin müvafiq tələblərini pozaraq, yalnız iddiaçının mənafeyini nəzərə almışdır. Belə ki, o, heç bir yerdə işləmir, himayəsində xəstə valideynləri vardır. Atası ürəyindən əməliyyat olunmuşdur, anası isə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə ikinci dəfə X7 ilə ailə qurmuş və həmin nikahdan xx.xx.2022-ci il tarixdə X8 doğulmuşdur. Övladı azyaşlı olduğundan, həyat yoldaşı işləmir. Göründüyü kimi, Astara Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(018)-1069/2022 saylı qətnaməsi ilə aliment təyin edildikdən sonra onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik baş verməmiş, əksinə maddi öhdəlikləri daha da artmışdır. Onun heç bir gəlir yeri yoxdur, eyni zamanda birgə nikahdan doğulmuş uşaqların saxlanılmaları, onların maddi tələbatlarının tam şəkildə ödənilməsi vəzifəsi bir valideyn kimi yalnız onun üzərinə qoyula bilməz. İddiaçı da uşaqların saxlanılmaları üçün onunla birlikdə eyni dərəcədə öhdəlik daşıyır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, yenidən ailə qurmuşdur və yeni nikahından bir övladı var. Anası və atası xəstədir, onlara özü baxır. Maddi vəziyyəti aşağıdır deyə aliment ödəmək imkanına malik deyildir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh övladları ilə maraqlanmır. Özü işləmir. Atası vəfat etmişdir və anası da evdar qadındır. Tək dolanışığını təyin edilən aliment hesabına təmin edir. Cavabdehin isə maddi imkanı yaxşıdır. Astara rayonunda və Bakıda evi, təsərrüfatı və “VİANA” markalı avtomobili var. Buna görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-578/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)- 1069/2022 saylı qətnaməsinə əsasən xx.xx.2012-ci X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(018)- 1081/2019 saylı qətnaməsi ilə qət edilmiş hər ay hər uşaq üçün 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altımış) manat sabit pul mənləğində müəyyən edilsin və həmin pul vəsaiti qətnamənin qanunu qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin sürətindən görünür ki, AA ******* X3 xx.xx.1991-ci il tarixdə anadan olub. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli №280 nömrəli arayışdan görünür ki, X1 rayonu Təngərüd kəndində yaşayır. İş materiallarında olan ilkin mediasiya sesiyasında (İMS) iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli MŞL-00313 № arayışdan görünür ki, iddiaçı və cavabdeh mediasiya prosesində iştirak etmiş və mediasiya prosesindən keçmişdirlər HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu baxımdan qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən olunarkən tərəflərdən hər birinin ailə və ya maddi vəziyyəti nəzərə alınmalı, məhkəmə tutulacaq alimentin miqdarının tərəflərin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında yenidən ailə qurması, yeni nikahından bir övladının olması, ana və atasının xəstə olması və maddi imkanının aşağı olmasını bildirsə də, kollegiya qeyd edir ki, sadalanan hallar valideyni uşaqları saxlamaq vəzifəsindən azad etmir. Eləcə də, yuxarıda qeyd edilən qanundan da göründüyü kimi ölkə üzrə bir uşağa görə 2024-cü il üçün yaşayış minimumu 235 manatdır. Birinci instansiya məhkəməsi cavabdehin qeyd etdiyi xüsusatları nəzərə alaraq bir uşaq üçün 160 manat, iki uşağa görə ümumilikdə 320 manat məbləğində aliment müəyyən edilməsini qanunauyğun və ağlabatan hesab etmişdir. Qeyd edilməlidir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən şəxsin gəlir və əmlak məlumatları barədə edilmiş çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində və ya sərəncamında heç bir daşınar və daşınmaz əmlakı yoxdur. Heç bir rəsmi iş yeri və sosial müavinət (pensiya, təqaüd, sosial yardım) almır. Belə olan halda, ilk öncə uşaqların üstün mənafeyi əsas götürülməlidir. Birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, yəni onların artıq böyüyərək tələbatlarının artmasını, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, iddiaçı ananın özünün də uşaqlarını saxlamaq vəzifəsinin olmasını və sair diqqətəlayiq halları nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair hazırkı iddiasının qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-578/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı və və artırılmış alimentin miqdarının hesablanması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 218, 372, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(018)-578/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın və artırılmış alimentin miqdarının hesablanması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1380/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1380/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver