Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1381/2024 02.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması tələbi” barədə kiçik iddiasına dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin e-2(072)-222/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə nağd kredit üzrə banka ödənilməmiş 2210,01 manat əsas borc və vəfat etdiyi tarixə 0,02 manat faiz borcu olmaqla, cəmi 2210,03 manat borcun, kredit xətti üzrə banka ödənilməmiş 102 manat əsas borc və 1,6 manat faiz borcu olmaqla, cəmi 103,6 manat borcun, ödənilmiş 43,14 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X4 arasında 24 dekabr 2020-ci il tarixli, BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən X3 illik 18 faizlə 24 ay müddətinə 3000 manat kredit verilmiş və illik 24 faizlə 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 177772 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 12 mart 2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən verilmiş 344 nömrəli məktubdan görünür ki, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh 15 sentyabr 2021-ci il tarixində 2V-199 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Xırdalan filialı tərəfindən təqdim edilmiş 23 fevral 2024-cü il tarixli maliyyə arayışına əsasən X2 23 fevral 2024-cü ilədək nağd kredit üzrə banka ödənilməmiş 2210,01 manat əsas borcu və vəfat etdiyi tarixə 0,02 manat faiz borcu olmaqla, cəmi 2210,03 manat borcu, kredit xətti üzrə banka ödənilməmiş 102 manat əsas borcu və 1,6 manat faiz borcu olmaqla, cəmi 103,6 manat borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə 18 dekabr 2023-cü il tarixində 6-2-22/2-35158/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(072)-222/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Tərlan Nüsrətov) iddia təmin edilmiş, Cavabdeh (miras qoyan X2 miras əmlakından miras payı həcmində) BPM**********96 saylı, 24 dekabr 2020ci il tarixli kredit müqaviləsinə əsasən 2210,01 manat məbləğində əsas kredit borcu, 0,02 manat məbləğində faiz borcu, ümumilikdə 2210,03 manat məbləğində kredit borcunun, BPM**********96 saylı, 24 dekabr 2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 102 manat məbləğində əsas kredit borcu, 1,60 manat məbləğində faiz borcu, ümumilikdə 103,60 manat məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 43,54 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəbrayıl Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(072)-222/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə onun hüquqlarını pozmuşdur. Ona görə də sözügedən qətnamədən apellyasiya şikayəti verir. Hesab edir ki, həmin qətnamə əsassız olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci, 472-ci, eləcə də, 1146-cı, 1255-ci və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Lakin miras açıldığı açılan gün cavabdehə çatası miras payı müəyyən edilməmişdir. Cavabdeh hər hansı əmlakdan miras payı almamışdır. Odur ki, ondan hər hansı bir məbləğin tutulması yolverilməzdir. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Lakin o, mərhum atası Əlpənah Qurbanovun hər hansı bir əmlakından pay almamışdır. Vərəsəlik şəhadətnaməsi açılsa da, atasının hər hansı bir əmlakı mirası olmadığı üçün pay almadığından bank qarşısında heç bir öhdəliyi yaranmır. Onun bank qarşısında hər hansı öhdəliyi yoxdur. Öhdəliyi olmadığı üçün bank tərəfindən ondan hansısa məbləğin tələb edilməsi yersizdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. Hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. İş ümumiyyətlə düzgün araşdırılmamış və tələsik qətnamə çıxarılmışdır. Məhkəmə sadələşdirilmiş icraata baxmamışdan əvvəl cavabdehin fikrini, yazılı mülahizəsini almalı idi. Bundan başqa, məhkəmə cavabdehin atasının hansı miras əmlakından pay almasını aydınlaşdırmalı idi. Onun mərhum atasının heç bir miras əmlakı olmamış və cavabdeh də hər hansı bir mirası vərəsəlik qaydasında qəbul etməmişdir. Ümumiyyətlə, mərhum atasına kredit verilərkən kredit sığortalanmışdır. Lakin məhkəmə bunu araşdırmamış və hansı əsasa görə sığortanın mərhum atasının kreditini ödəməməsini aydınlaşdırmamışdır. Ümumiyyətlə, vərəsəlik şəhadətnaməsi verilən vərəsəlik işini öyrənməmiş məhkəmə qətnamə çıxarmışdır. Cavabdehin iştirakı təmin edilməmiş və onun iştirakı ilə çəkişmə prinsipinə əməl edilməklə məhkəmə araşdırması aparılmamışdır. Kredit müqaviləsində və qətnamədə göstərilən həcmdə miras əmlak qəbul etmədiyi halda qeyd olunan məbləğin ondan tutulması əsassız və qanunsuzdur. Mərhum atasının vəfat edərkən hər hansı bir əmlakı olmamış, onun mülkiyyətinə keçmiş heç bir əmlak müəyyən edilmir. Bu müəyyən edilmədiyi halda məhkəmənin hansı əsasla ondan pulu tutması cavabdehə məlum deyil. Ümumiyyətlə, araşdırma düzgün aparılmamış və qərəzli araşdırma aparılmaqla əsassız qətnamə çıxarılmışdır. Məhkəmə qəbul edilmiş mirasın nədən ibarət olmasını, əgər olmuşsa, miras əmlakdan hansı məbləğdə və hissədə pay almasını araşdırmamışdır. “E-Mehkeme” sistemində kifayət qədər sorğulara cavabın dəqiq öyrənilməsi mümkündür. Bununla bağlı artıq texniki imkanlar inkişaf etmişdir. Lakin nədənsə məhkəmə cavabdehin mülkiyyətində əmlakın olub-olmamasını, ümumiyyətlə, mərhum atasına hansı əmlakın məxsus olmasını araşdırmamışdır. Məhkəmə onu dəvət etməməklə hüquqlarını pozmuşdur. Mirasın nədən ibarət olması məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Burada atasının əmək haqqından söhbət gedir. Bu miras əmlak deyil. Miras əmlak olsa belə, 1534 manat təşkil edir ki, məhkəmə buna da əhəmiyyət verməmişdir. Tələbi tam təmin etməklə hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia sübut edilməmiş və iddianın təmin olunmasında hansısa mötəbər sübuta istinad edilməmişdir. Ümumiyyətlə, işdə olan sübutlarla iddia təmin edilə bilməzdi. Miras əmlakın nədən ibarət olması aydınlaşdırılmalı idi. Bununla bağlı işdə sübut yoxdur. Məhkəmə işində hansı həcmdə mirasın qəbul edilməsi barədə sübutlar yoxdur. Vərəsəlik işi düzgün öyrənilməmiş, mərhum atasının mülkiyyətində hansısa əmlakın olubolmaması aydınlaşdırılmamışdır. Ümumiyyətlə, ondan hansısa miras qalması barədə işdə sübutlar yoxdur. İşdə iddianın rədd olunması ilə bağlı əsaslar mövcuddur. Cavabdehin hansısa miras əmlakı qəbul etməsi ilə bağlı sübut olmadığından tələb təmin edilə bilməz. Lakin nədənsə məhkəmə sonda iddianın təmin edilməsi qənaətinə gəlmişdir. İddiaçı iddianı sübut edə bilməmişdir. Məhkəmə yalnız vərəsəlik şəhadətnaməsinə istinad etsə də, miras əmlakın nədən ibarət olmasını qeyd etməmişdir ki, bununla da tələb təmin edilə bilməzdi. Ən azından cavabdehin hansı həcmdə miras əmlakı qəbul etməsi və borcun hansı məbləğinə görə məsuliyyət daşıdığı aydınlaşdırılmamışdır. İşdə olan sübutlar apellyasiya məhkəməsində yenidən aydınlaşdırılmalıdır. Eyni zamanda, notariat işi tələb olunaraq öyrənilməli və tədqiq edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2(106)-1381/2024 saylı qərardadı ilə Cəbrayıl Rayon Məhkəməsinin e-2(072)-222/2024 saylı, 25 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmış və məhkəmənin baxış iclası 02 oktyabr 2024-cü il tarixə, saat 11:15-ə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, ona mərhum atası Əlpənah Qurbanovdan hər hansı miras əmlak qalmamışdır. Verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə isə atasının əmək haqqı məbləği ilə bağlı olmuş və həmin pulu da atasının dəfn xərclərinə sərf etmişdir. Atasından telefon, geyim əşyaları kimi bəzi xırda əşyalar da qalmış olsa da, onlar hazırda istifadəyə yararsızdır. Atasının hər hansı daşınmaz əmlakı da olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə verərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini və Cəbrayıl Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə borc alan X4 arasında 24 dekabr 2020ci il tarixli, BPM**********96 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1.1.1-ci bəndinə uyğun olaraq X3 həmin tarixdə illik 18 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Eləcə də, işdəki bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmanın surətindən də göründüyü kimi, bank tərəfindən X3 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarının 19-cu vərəqində olan 23 fevral 2024-cü ilədək olan maliyyə arayışından görünür ki, X2 "xxxx" ASC-yə açılmış kredit xətti üzrə ödənilməmiş 102 manat əsas, 1,6 manat faiz borcu, cəmi 103,6 manat borcu qalmışdır. İş materiallarının 20-ci vərəqində olan 23 fevral 2024-cü ilədək olan maliyyə arayışından görünür ki. X4 "xxxx" ASC-yə verilmiş kredit üzrə 789,99 manat əsas və 108,9 manat faiz borcu ödəmiş, onun banka ödənilməmiş 2210,01 manat əsas və 0,02 manat faiz borcu, cəmi 2210,03 manat borcu qalmışdır. İşdəki AZ-İİ 177772 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 12 mart 2021-ci ildə ölmüşdür. İşdə surəti olan 15 sentyabr 2021-ci il tarixli, reyestrdə 2V-199 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 mart 2021ci ildə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Dəmir Yolları İnfrastruktur Departamentinin Elektrik Təchizatı Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, 83 nömrəli məktubuna əsasən 01 yanvar 1959-cu il tarixdə doğulmuş və 12 mart 2021-ci il tarixdə vəfat etmiş mərhum X2 işlədiyi dövrdə əmək haqqısı 206,12 manat, istifadə etmədiyi məzuniyyət günlərinə görə 309,09 manat və orta əmək haqqının üç misli 1073,25 manat təşkil edir. Tutulmalar çıxıldıqdan sonra yekun olaraq 1534,54 manat pul vəsaitindən ibarətdir. İşdəki 23 fevral 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 43,14 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" ASC ilə mərhum X4 arasında bağlanmış müqavilə üzrə ona kredit verilmiş və kredit xətti açılmışdır. Sonuncunun isə banka kredit müqaviləsi üzrə ödənilməmiş 2210,01 manat əsas və 0,02 manat faiz borcu, cəmi 2210,03 manat; kredit xətti üzrə isə ödənilməmiş 102 manat əsas, 1,6 manat faiz borcu, cəmi 103,6 manat borcu qalmışdır. Borc alan Əlpənah Qurbanov 12 mart 2021-ci ildə vəfat etmiş, onun vəfatından sonra oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında 15 sentyabr 2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi verilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərindən biri kimi qeyd edir ki, atasından ona hər hansı bir miras əmlak qalmamış, o, atasından qalan hər hansı bir əmlakdan pay almamışdır. Lakin iş materiallarında mövcud olan 15 sentyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə birbaşa olaraq sübut edir ki, cavabdeh mərhum atasının tam vərəsəsi kimi 1534,54 manat əmək haqqı və digər haqları əldə etmişdir. Ona görə də apellyasiya şikayətinin həmin dəlili əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci və 739.2-ci maddələrinin tərəflər arasında kredit münasibətlərin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən müddəalar onu göstərir ki, cavabdeh mərhum atasından miras qalmış əmlakı qəbul etdiyindən və bununla bağlı ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, o, mərhum atasının öhdəliklərinə görə onun kreditoru qarşısında məsuliyyət daşıyır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, miras əmlakın nədən ibarət olması aydınlaşdırılmalı idi. Bununla bağlı işdə sübut yoxdur. Məhkəmə işində hansı həcmdə mirasın qəbul edilməsi barədə sübutlar yoxdur. Vərəsəlik işi düzgün öyrənilməmiş, mərhum atasının mülkiyyətində hansısa əmlakın olub-olmaması aydınlaşdırılmamışdır. Ümumiyyətlə, ondan hansısa miras qalması barədə işdə sübutlar yoxdur. Cavabdehin hansı həcmdə miras əmlakı qəbul etməsi və borcun hansı məbləğinə görə məsuliyyət daşıdığı aydınlaşdırılmamışdır. Göründüyü kimi, cavabdehin qeyd edilən dəlilləri onu ifadə etməyə yönəlmişdir ki, tələb olunan kredit borcu həcmində ona atasından hər hansı bir miras əmlak qalmamışdır və onun atasından tələb olunan məbləğ həcmində mirasın qalıb-qalmaması barədə işdə sübutlar yoxdur. Halbuki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, qanunverici MM-in 1307-ci maddəsində miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin (hazırkı halda cavabdehin) üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum Əlpənah Qurbanovdan qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmir. Bu baxımdan da mərhum atasının borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh həmin halı təsdiq edən hər hansı sübut təqdim etməmiş, sübutetmə yükünü iddiaçı tərəfin üzərinə atmışdır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, Cəbrayıl Rayon Məhkəməsi 25 aprel 2024-cü il tarixli, e-2(072)-222/2024 saylı qətnaməsində Cavabdeh atasının kredit öhdəliyinə görə pulun tutulması həcmini onun miras qoyan X2 miras əmlakından miras payı həcmində müəyyənləşdirmişdir. Bununla da cavabdehə hüquqi imkan yaradılmışdır ki, qətnamənin icrası mərhələsində də atasından qalmış miras əmlakdan ona çatan miras payının həcminə dair müvafiq sübutlar təqdim edə bilsin. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi tam təmin edildiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsinin verilməsinə görə ödənilmiş 43,14 manat dövlət rüsumuna və 0,40 manat xidmət haqqına dair hissədə də düzgün nəticəyə gəlmişdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(072)-222/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1381/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1381/2024
02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver