Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1386/2023 21.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(050)-1440/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 250 manat müəyyən edilməklə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan narazılıqlara görə ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)- 2068/2020 saylı qətnaməsi ilə xx.xx.2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 110 manat məbləğində aliment cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İşləmir, gəliri yoxdur. Həmin aliment məbləği uşağın təlabatının ödənilməsinə kifayət etmir. Cavabdeh pensiya alır, bundan başqa mövsümü meyvə satışı ilə məşğul olmaqla gəlir əldə edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, iddiaçı onun qızıdır. Qızı Cəmilə ikinci dəfə ailə həyatı qurmuşdur. Nəvəsi xx.xx.2009-cu il təvəllüdlü Hüseyn Cəfərov ona öyrəşdiyindən qızı ərə getdikdən sonra onunla birlikdə yaşayır. İcra Hakimiyyətinin qərarı ilə uşaq onun qəyyumluğuna verilmişdir. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə 2008-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Həmin evlilikdən xx.xx.2009-cu il təvəllüdlü X6 adlı övladı var. Sonradan ayrılmışlar. 2010-cu ildə X5 ilə evlənmişdir. Həmin evlilikdən övladı yoxdur. İİ dərəcəli əlildir. Həyat yoldaşı ilə birlikdə kirayədə qalırlar. Hər ay aldığı 327 manat pensiyadan 100 manat kirayə haqqı, 110 manat da ailment ödəyir. Qalan pulu yemək və dava-dərman alır. Əlavə gəliri yoxdur. Sonda Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(050)-1440/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020ci il tarixli, 2(050)-2068/2020 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altımış) manat sabit pul məbləğində müəyyən edilmiş və həmin məbləğin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya xərci qismində ödənilmiş 55 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(050)-1440/2023 saylı qətnaməsinin ləğv olunaraq, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi təyin olunmuş alimenti artırarkən cavabdehin xəstə olmasını, dərmanlarla yaşamasını, heç bir yerdə işləməməsini, heç bir yerdən gəlirinin olmamasını nəzərə almamış və cavabdehin ziyanına qətnamə qəbul etmişdir. Cavabdehin fəaliyyət qabiliyyəti yoxdur, dərmanla yaşayır. Hazırda da, xəstəlikdən əzab çəkir. Ona görə də, cavabdehə təyin olunmuş alimentin miqdarının azaldılması məqsədəmüvafiq hesab edilməlidir. Birinci instansiya məhkəməsinə cavabdeh sübutları təqdim etsə də, birinci instansiya məhkəməsi sübutları qəbul etməməklə, onu hüquqlarından məhrum etmişdir. Onun xəstə olması birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqları saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Məhkəmə uşağın saxlanmasını cavabdehin üzərinə qoymuş və uşağı saxlamaq üçün digər valideynin müəyyən məsuliyyətdən kənar qoymuşdur. Halbuki iddiaçı yeni ailə qurub, uşağı anasının yanında qoyub Bakı şəhərində yaşayır. İşə baxan hakim işin bu halını ümumiyyətlə araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçının nümayəndəsi (anası) Nümayəndə apellyasiya şikayətinin əsassız hesab etmişdir. Göstərmişdir ki, cavabdeh apellyasiya şikaayətində qeyd edir ki, güya o heç bir yerdə işləmir. Bildirdi ki, cavabdeh Masallı bazarında müxtəlif növ mürəbbələr və çərəzlərin satışı ilə məşğul olur (foto şəkilləri məhkəməyə təqdim etmişdir), həmçinin əlilliyinə görə də 328 manat müavinət alır. Buna görə də apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh tərəf hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunan aliment məbləği hissədə, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Masallı Rayon Məhkəməsinin 19 sentyabr 2012-ci il tarixli, 2(050)-112/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 atalığın müəyyən olunması tələbi təmin edilmiş, Cavabdeh 21 aprel 2009-cu ildə vətəndaş X3 doğulmuş X2 atası olması müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-2068/2020 saylı qətnaməsindən görünür ki, 21 aprel 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilən 80 manat aliment miqdarı artırılaraq 110 manat müəyyən olunmuş və Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, Cavabdeh müddətsiz İİ dərəcəli əlilldir. Elektron sistemdən çıxarılmış sosial arayışdan görünür ki, Cavabdeh əlilliyə görə 327.21 manat pensiya alır. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi adı çəkilən qərarlarla və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Göründüyü kimi sonuncu aliment məbləği Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-2068/2020 saylı qətnaməsilə müəyyən edilmiş və həmin tarixdən iddia ərizəsi verilən tarixə qədər 2 il 6 aydan çox müddət keçmişdir. Qeyd edilən 2 il 6 ay ərzində isə uşaqların tələbatları artmışdır. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Buna əsasən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, doğru qənaətə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsinin təyin olunmuş alimenti artırarkən cavabdehin xəstə olmasını, dərmanlarla yaşamasını, heç bir yerdə işləməməsini, heç bir yerdən gəlirinin olmamasını, xəstəlikdən əzab çəkdiyi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehdən 2020-ci ildə aliment tutulduğu vaxtla, hazırkı vaxtda onun pensiyasında artım olmuşdur. Onun əlil olması, onu uşağını saxlamaq vəzifəsindən azad etmir. Belə ki, Masallı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(050)-2068/2020 saylı qətnaməsi ilə alimentin məbləği artırılan zaman müəyyən edilmişdir ki, cavabdeh 121.60 manat 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. Hazırda Elektron sistemdən çıxarılmış sosial arayışdan görünür ki, Cavabdeh əlilliyə görə 327.21 manat pensiya alır. Eyni zamanda cavabdeh şikayətində bildirmişdir ki, məhkəmə uşağın saxlanmasını cavabdehin üzərinə qoymuş və uşağı saxlamaq üçün digər valideynin müəyyən məsuliyyətdən kənar qoymuşdur. Halbuki iddiaçı yeni ailə qurub, uşağı anasının yanında qoyub Bakı şəhərində yaşayır. İşə baxan hakim işin bu halını ümumiyyətlə araşdırmamışdır. Cavabdeh apellyasiya şikayətində yuxarıdakı halları qeyd etsə də, buna dair məhkəməyə hər hansı sübutu, yəni iddiaçının uşağına baxmadığını, ana qayğısından məhrum olduğuna dair şikayətinə müvafiq sübutları əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırki iş üzrə alimentin artırılması hissədə iddianın qiyməti (160-110=50; 50x12=600) 600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(050)-1440/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1386/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1386/2023
21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver