Məhkəmə qərarları › İş №2(106)-1386/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1386/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1386/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Mirzəyev Cavabdeh iştirakı ilə, İddiaçı Mirzəyeva (Abdullayeva) Dilşad Asif qızının cavabdeh Mirzəyev Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(073)-469/2024 saylı qətnaməsindən cavabdeh Mirzəyev Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı Mirzəyeva (Abdullayeva) Dilşad Asif qızı cavabdeh Mirzəyev Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi ilə Mirzəyev Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 2011-ci ilin noyabr ayında faktiki olaraq evlənmiş, nikahlarını isə 13 fevral 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından üç uşaqları doğulmuş, lakin uşaqlardan ikisi vəfat etmişdir. Onlardan biri 14 sentyabr 2012-ci ildə doğulmuş Mirzəyeva Aysun Cavabdeh qızıdır. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında narazılıqlar yaranmağa başlamışdır. Aralarında olan narazılıqlara görə cavabdehlə 2018-ci ilin avqust ayında ayrılmışdır. Daha sonra, Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(073)-3101/2018 saylı qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehdən hər ay bir uşaq üçün 154 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Artıq cavabdehlə münasibətləri uzun müddətdir ki, tamamilə kəsilmişdir. Lakin həmin qətnamə ilə cavabdehdən tutulan alimentin miqdarı uşağın normal saxlanılması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun tələbatları artır və buna görə də əlavə xərc tələb olunur. Bundan əlavə, iddiaçı hazırda heç bir yerdə işləmir və uşağın maddi cəhətdən saxlanılmasında çətinlik çəkir. Cavabdehin maddi imkanı yaxşıdır və uşağına tələb edilən alimenti ödəmək iqtidarındadır. Buna baxmayaraq, cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa uşağının maddi cəhətdən saxlanılmasında iddiaçıya köməklik etmir. Ona görə də iddiaçı məcbur qalıb alimentin artırılması tələbi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı hazırkı tələbini işsiz olmasını, uşağın azyaşlı olmaqla iddiaçın himayəsində olmasını, onun sağlamlığı və normal həyat tərzi keçirməsini, cavabdehin maddi vəziyyətini və aylıq qazancının qeyri-müntəzəm olmasını, 2024-cü ildə ölkə üzrə uşaqlara görə yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq irəli sürür. Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(073)-469/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elxan Əmirəliyev) iddia qismən təmin edilmiş, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)- 1517/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 154 manat alimentin miqdarının artırılaraq hər ay 230 manat müəyyən edilməsi, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Mirzəyev Cavabdeh hər ay 230 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Mirzəyev Cavabdeh 47,60 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Mirzəyev Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(073)-469/2024 saylı qətnaməsinin “14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Mirzəyev Cavabdeh hər ay 230 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi” hissəsində dəyişdirilərək, həmin hissənin “14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Mirzəyev Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı alimentin artırılması barədə iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən hər ay sabit pul məbləğində tutulan 154 manat alimentin artırılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(073)-469/2024 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay 230 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh iddiaçı ilə 2011-ci ildə faktiki olaraq evlənmiş, nikahlarını isə 13 fevral 2012-ci il tarixində rəsmiləşdirmişlər. Onların birgə nikahdan üç uşağı doğulmuş, onlardan ikisi vəfat etmişdir. Həmin uşaqlardan biri də 14 sentyabr 2012ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızıdır. Onlar bir müddət normal yaşasalar da, sonradan ailə münasibətləri pozulmuşdur. Nəticədə ailə kimi bir yerdə yaşamaları mümkün olmamış və ayrılmışlar. Daha sonra, Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən Aysun adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən artırılmış alimentin miqdarı ilə tam razı deyil. Belə ki, məhkəmə tərəfindən alimentin miqdarı artırılarkən onun maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmamışdır. Cavabdehin ikinci nikahdan üç uşağı var. Bundan əlavə, himayəsində yaşlı və xəstə atası vardır ki, həm uşaqların, həm də atasının bütün maddi ehtiyaclarını cavabdeh ödəyir. Məhkəmə qətnamə qəbul edərkən iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci və 78-ci maddələrinə və ən əsas da “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa (2024-cü il üçün nəzərdə tutulmuş yaşayış minimumu) əsaslanmışdır. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76 və 78-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin “Yaşayış minimumu haqqında” Qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. X4 Məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin (hazırki iş üzrə mənim) vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşağın saxlanılması və onun maddi tələbatlarının təmin edilməsi cavabdehlə yanaşı iddiaçının da mübahisəsiz və şərtsiz vəzifəsidir. Cavabdeh hazırda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyi halda iddiaçı nədənsə üzərinə düşən valideynlik vəzifəsini yerinə yetirmək istəmir. Cavabdeh alimentin məbləğinə münasibətdə qeyd etmək istəyir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. O, heç bir yerdə işləmir, gəlir yeri yoxdur və işsiz kimi qeydiyyatdadır. Alimentin qətnamədə göstərilən miqdarı cavabdehi maddi cəhətdən çox çətin vəziyyətə sala bilər. O, alimenti ödəməkdən imtina etmir, lakin alimenti hər ay yalnız 160 manat miqdarında ödəyə bilər. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə ədalətli olmayan qətnamə qəbul edilmişdir. Qeyd olunan hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqları bərpa edilməmiş, məhkəməyə təqdim etdiyi dəlil və sübutlar nəzərə alınmamış və qərəzli olaraq yalnız iddiaçı tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənilmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. İddiaçı Mirzəyeva (Abdullayeva) Dilşad Asif qızı cavabdehin apellyasiya şikayətinə yazılı qaydada etiraz etmiş, etirazında cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 2024-cü il üzrə hər ay 235 manat həddində müəyyən edilmişdir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanılması üçün zəruri olan minimal məbləği ehtiva edir. Cavabdehin iddiaçıya bugünədək kifayət qədər aliment borcu yaranmışdır. Cavabdeh fərdi sahibkarlıqla məşğul olur, yəni məhkəmə qətnaməsində göstərilən məbləği ödəmək üçün kifayət qədər imkanı var. Lakin o, qərəzli olaraq alimenti ödəməkdən imtina edir. Uşaq artıq 13 yaşının içərisindədir. Onun geyimi, təhsili, sağlam qidalanması və sair tələbatları üçün hər ay 500 manatdan artıq xərc tələb olunur və iddiaçı həmin xərcləri ödəməkdə çətinlik çəkir. İddiaçı heç bir yerdə işləmir, valideynlərinin köməkliyi ilə uşağını saxlayır və özü hazırda dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Mirzəyev Cavabdeh çıxış edərək bildirdi ki, onun iddiaçı ilə nikahından doğulmuş Aysun adlı qızının saxlanılması üçün Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 230 manat sabit pul məbləğində alimentin miqdarı kifayət qədər yüksəkdir və onun həmin məbləği ödəmək imkanı yoxdur. Həmçinin, onun Ülviyyət Əliyeva ilə nikahından 3 uşağı da doğulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı onun bacısıdır və onun cavabdehlə nikahından doğulmuş Aysun artıq 13 yaşının içərisindədir. Uşaq böyüdükcə onun saxlanılması üçün zəruri olan xərclər də artır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 230 manat aliment məbləği də uşağın saxlanılmasına kifayət etmir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni qismən – artırılmış sabit pul məbləğində alimentin miqdarına aid hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi artırılmış alimentin məbləğinə dair hissədə dəyişdirilməlidir. İşdəki Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən 16 oktyabr 2023-cü ildə verilmiş 1828/12 nömrəli arayışdan görünür ki, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının atası Mirzəyev Cavabdeh, anası X2r. İşdəki Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən 16 sentyabr 2023-cü ildə verilmiş 1822/12 nömrəli arayışdan görünür ki, Mirzəyev Cavabdeh və İddiaçı nikahı Cəlilabad Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və 19 fevral 2019-cu ildə 23 nömrəli akt qeydi ilə Cəlilabad rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Nikah pozulduqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 3101/2018 saylı, 19 dekabr 2018-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmiş, cavabdeh Mirzəyev Cavabdeh 19 noyabr 2018-ci ildən başlayaraq 11 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşdəki AZ-İV 360295 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 oktyabr 2019-cu il təvəllüdlü Mirzəyeva Zəhra Cavabdeh qızının atası Mirzəyev Cavabdeh, anası X3r. İşdəki AZ-İV 498853 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 sentyabr 2020-ci il təvəllüdlü Mirzəyev Ümüd Cavabdeh oğlunun atası Mirzəyev Cavabdeh, anası X3r. İşdəki AZ-İV 748905 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 iyun 2022-ci il təvəllüdlü Mirzəyev Zeynal Cavabdeh oğlunun atası Mirzəyev Cavabdeh, anası X3r. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən 22 yanvar 2024-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, Mirzəyev Cavabdeh Dövlət Məşğulluq Xidmətində işaxtaran kimi qeydiyyata alınmışdır. İşdəki Mirzəyev Cavabdeh barəsində məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə sorğulanması nəticəsində müəyyən olunmuşdur ki, o, hal-hazırda rəsmi olaraq işləmir və 100 manat pensiya alır. Eyni zamanda, onun mülkiyyətində **********37 və **********38 reyestr nömrəli torpaq sahələrinin olduğu müəyyən olunur. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehin birgə nikahından 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızı doğulmuşdur. Tərəflərin nikahı Cəlilabad Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi ilə cavabdehdən 19 noyabr 2018-ci ildən başlayaraq 11 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin aliment məbləğinin uşağın saxlanılmasına kifayət etmədiyini bildirən iddiaçı “alimentin artırılması tələbinə dair” hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi ilə Mirzəyev Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(073)-469/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş 154 manat alimentin miqdarının artırılaraq hər ay 230 manat müəyyən edilməsi, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Mirzəyev Cavabdeh hər ay 230 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini artırılmış alimentin məbləğinə dair hissədə mübahisələndirmiş, aliment məbləğinin dəyişdirilərək, 160 manat məbləğində təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsi artırılmış alimentin məbləğini 230 manat müəyyən edərkən gəldiyi nəticəni belə izah etmişdir ki, iddia tələbi tam təmin edilə bilməz, çünki müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. İddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Hazırda cavabdehdən hər ay 230 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq bildirir ki, hazırda Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılmasına zərurət mövcud olsa da, artırılmış alimentin məbləği tərəflərin hər birinin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi cavabdehdən hər ay 230 manat sabit pul məbləğində alimentin tutulmasının tərəflərin həqiqi vəziyyətinə uyğun olduğunu bildirsə də, iş materialları ilə bu cür uyğunluq öz təsdiqini tapmır. Belə ki, cavabdehin iddiaçı ilə birgə nikahından doğulmuş və hazırda aliment ödəmək öhdəliyinin olduğu 14 sentyabr 2012-ci il təvəllüdlü Aysun Mirzəyevadan başqa, həm də Ülviyyət Əliyeva ilə nikahından olan 19 oktyabr 2019-cu il təvəllüdlü Zəhra Mirzəyeva, 30 sentyabr 2020-ci il təvəllüdlü Ümüd Mirzəyev və 03 iyun 2022-ci il təvəllüdlü Zeynal Mirzəyev adlı üç uşağı da var. Bundan başqa, cavabdeh hal-hazırda rəsmi olaraq işləmir və 100 manat pensiya alır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılmalı olsa da, artırılmış alimentin məbləği müəyyənləşdirilərkən cavabdehin rəsmi olaraq işləməməsi, 100 manat pensiya alması, Aysun Mirzəyevadan başqa, üç uşağının da olması kimi hallar da nəzərə alınmalıdır. Həmin halları nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən artırılmış alimentin məbləğinin 230 manat müəyyən edilməsi düzgün və ədalətli olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarında həm də göstərilir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, aliment ödəməli olan valideynin (cavabdehin) heç bir yerdə işləməməsi onu aliment ödəmək vəzifəsindən azad etmir və aliment məbləği uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına xidmət etməlidir. Cavabdeh apellyasiya şikayətində artırılmış alimentin məbləğinin 160 manat təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası həmin məbləğin uşağın artan xərclərinin qarşılanmasına yetməyəcəyini və uşağın təminat səviyyəsinin maksimal saxlanılmasına şərait yaratmayacağını bildirir. Belə ki, uşağın böyüdükcə xərclərinin artması aliment məbləğinin artırılması üçün əsas hesab edilir. Məhkəmə kollegiyası uşağın maddi tələbatlarının artmasını onun himayəsində olduğu iddiaçının maddi vəziyyətinə təsir etməsi kimi qiymətləndirir və bildirir ki, bu cür təsir səbəbindən aliment məbləğinin dəyişdirilməyəcəyi halda uşağın üstün mənafeləri pozulmuş olacaq və onun minimum tələbatlarının ödənilməsinə imkan verməyəcəkdir. Həmçinin, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsi ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Bu zaman həm də nəzərə alınmalıdır ki, uşağın saxlanılması yalnız cavabdehin deyil, valideynlərin ümumi vəzifəsidir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi artırılmış alimentin məbləğinə dair hissədə dəyişdirilməli, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş alimentin artırılmış məbləği 200 manat sabit pul məbləğində müəyyən edilməli, 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz və o, çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Mirzəyev Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(073)-469/2024 saylı qətnaməsi artırılmış alimentin məbləğinə dair hissədə dəyişdirilsin. 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(106)-1517/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün təyin edilmiş alimentin artırılmış məbləği 200 manat sabit pul məbləğində müəyyən edilsin. 14 sentyabr 2012-ci il təvəllüdlü Mirzəyeva Aysun Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Mirzəyev Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Mirzəyeva (Abdullayeva) Dilşad Asif qızına verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Artırılmış alimentin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar