Məhkəmə qərarları › İş №2(106)-139/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-139/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-139/2025 21.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər X5 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(053)- 361/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: ASC «Xalq» Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, 21 may 2021-ci il tarixli, DKM/**********59021 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC «Xalq» Bankı qarşısında 2.672,39 manat məbləğində əsas borc, 630,11 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 348,57 manat məbləğində zərərin (əldən çıxmış faydanı) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 493,59 manat məbləğində penya, cəmi 4.144,66 manat məbləğində pul vəsaiti birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulması və iddia ərizəsinin verilməsinə görə 61,45 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DKM/**********59021 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 20 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DKM/**********59021/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən, Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2023-cü il tarixinə kredit xətti üzrə əsas borc məbləğini və əsas borc məbləğinə hesablanmuş faizləri tam şəkildə banka qaytarmamışdır. Belə ki, kreditləşmə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə Cavabdeh2 kreditor qarşısında gecikdirilmiş borcu 3.382,5 manat təşkil edir ki, bunun da 2.752,39 manat vaxtı keçmiş əsas borcdan, 630,11 manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Qeyd edilən tarixdən sonra borc alan tərəfindən ümumilikdə 80 manat məbləğində ödəniş həyata keçirilmiş, həmin ödənişlər isə əsas borc məbləğindən silinmişdir. Beləliklə, iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixinə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 3.302,5 manat təşkil edir ki, bunun da 2.672.39 manat vaxtı keçmiş əsas borcdan, 630,11 manatı əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faiz üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirlməsi ilə əlaqədar olaraq Banka Kredit müqavilasinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2024-cü il tarixinə bu məbləğ 493,59 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu il, eyni zamanda digər Cavabdeh1 ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2022-ci il tarixli, NC-001 №-li xəbərdarlığı və xx.xx.2022-ci il tarixli, NC-XOxx.xx.2022-003 №-li öhdəliklərin yernə yetirilməsi haqqmda təbbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəllasinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3. 399.4, 445 vǝ 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitami şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verǝn) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanması həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Digər tərəfdən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarmın şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 1 (bir) ildən artıq müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər (digər istehlak krediti növü) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 18% təşkil edir. İstehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumatı nəzərə alaraq, Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında həmin faiz dərəcəsini (18%) əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən xx.xx.2024-cü il tarixinədək olan dövr üçün bu məbləğ 348,57 manat təşkil edir. İddiaçının nümayəndəsi X4 məhkəməyə tələbin həcminin azaldılması ilə bağlı ərizə təqdim edərək iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən təxminən 5 aya yaxın müddət keçdiyini, qeyd edilən müddət ərzində borcalan tərəfindən qismən ödənişlərin həyata keçirildiyini, nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 53- cü maddəsinin tələblərini rəhbər tutaraq iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib, aşağıdakı məzmunda təqdim edildiyini bildirmişdir. 1) xx.xx.2021-ci il tarixli DKM/**********59021 №-li Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 2.672,39 (iki min altı yüz yetmiş iki manat 39 qəpik) manat məbləğində əsas borc, xx.xx.2023-cü il tarixinədək 630,11 (altı yüz otuz manat 11 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 499,56 (dörd yüz doxsan doqquz manat 56 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) ǝvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 234,42 (iki yüz otuz dörd manat 42 qəpik) manat məbləğində penya, cəmi 4.036,48 (dörd min otuz altı manat 48 qəpik) manat məbləğində pul vəsaiti birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(053)-361/2024 nömrəli qətnaməsi ilə (hakim Samir Quliyev) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2672 (iki min altı yüz yetmiş iki) manat 39 (otuz doqquz) qəpik məbləğində əsas borc, 630 (altı yüz otuz) manat 11 (on bir) qəpik məbləğində faiz borcu, 234 (iki yüz otuz dörd) manat 42 (qırx iki) qəpik məbləğində cərimə borcu, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 61 (altmış bir) manat 45 (qırx beş) qəpik tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlərdən kredit borcu və ona hesablanmış faizləri və penyanı tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə “…kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər». Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yuxarıda istinad olunan qərarında belə nəticəyə gəlmişdir ki, “Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır… Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır”. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasını, apellyasiya şikayətinin verilməsinə görə 30.73 (otuz manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 2.1-ci bəndində qeyd edilmişdir ki, kreditdən istifadəyə görə faizlər borcun tam ödənildiyi tarixədək hesablanır. Bu faizlər kreditor tərəfindən əldə edilibsə, onun gəlirinə (mənfəətinə), əldə edilməyibsə əldən çıxmış faydaya çevrilir. Bundan əlavə, iddiaçının kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər olan dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış məhkəməyə təqdim edilmişdir və iddia ərizəsində də qeyd edilmişdir ki, “Təqdim edilmiş arayışdan göründüyü kimi, bank (iddiaçı) tərəfindən istehlak məqsədləri üçün verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı həmin dövr üçün illik 18 faiz təşkil etmişdir. Qeyd olunana əsasən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edirlər.” İddiaçının əldən çıxmış faydanı hesablamaq üçün istifadə etdiyi yuxarıda göstərilən hesablama metodu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr2014-cü il tarixli qərarından irəli gəlir. Həmin qərara görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman Konstitusiya Məhkəməsi istinad edilən qərarda göstərir ki, kreditora ödənilməs gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsinitələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirməsi kifayətdir. Yəni, kreditor tərəfindən həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi yetərlidir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Bu halda da xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi vaxtdan (xx.xx.2023-cü il) xx.xx.2024-cü il tarixədək (iddia tələbinə dəyişiklik edilməsi barədə ərizənin təqdim edildiyi tarixədək) xeyli müddət keçmişdir və Konstitusiya məhkəməsinin yuxarıda istinad etdiyi qərarına uyğun olaraq Bank bu müddət ərzində əldən çıxmış faydanın tələb edilməsində tamamilə haqlıdır. X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ekspert tərəfindən bütün məbləğin əsas borcun artırılaraq faiz borcunun azaldılmasına yönəlmiş olmasına baxmayaraq, ekspert rəyi ilə razıdır. O, apellyasiya şikayətinin tam təmin edilməsini xahiş etmişdir. O əvvəlki məhkəmə iclasında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(053)-361/2024 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan: xx.xx.2021-ci il tarixli DKM/**********59021 №-li Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 20 % ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli DKM/**********59021/ZM №-li Zaminlik müqaviləsinə görə kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsi üçün iddiaçı ilə Cavabdeh1 arasında həmin müqavilə bağlanmışdır. kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2024-cü il tarixinə borc cədvəlindən görünür ki, Cavabdeh2 21 may 2021-ci il tarixli, DKM/**********59021 nömrəli kredit müqaviləsi üzrə banka 0,00 manat məbləğində əsas borcu, vaxtı keçmiş borcu 2.672,39 manat, hesablanmış adi faiz borcu 630,11 manat, cərimə faizləri üzrə borcu 493,59 manat, kredit müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2024) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 348,57 manat, cəmi borc 4.144,66 manat məbləğində ödəniş etməlidir. kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə xx.xx.2024-cü il tarixinə borc cədvəlindən görünür ki, Cavabdeh2 21 may 2021-ci il tarixli, DKM/**********59021 nömrəli kredit müqaviləsi üzrə banka 0,00 manat məbləğində əsas borcu, vaxtı keçmiş borcu 2.672,39 manat, hesablanmış adi faiz borcu 630,11 manat, cərimə faizləri üzrə borcu 234,42 manat, kredit müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2024) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 499,56 manat, cəmi borc 4.036,48 manat məbləğində ödəniş etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in həmin dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(106)-1429/2024 xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının 05 dekabr 2024-cü il tarixli 9/8896 nömrəli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 21 may 2021-ci il tarixli, DKM/**********59021 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 sualda qeyd edilən tarixlərə "xxxx" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 2.961,44 manat, faiz borcu üzrə 435,07 manat. xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 2.931,51 manat, faiz borcu üzrə 0,00 manat, 5% ilə hesablanmış faiz borcu üzrə 151,22 manat. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(053)-361/2024 saylı qətnaməsi xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 499,56 (dörd yüz doxsan doqquz manat 56 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) ǝvəzinin təmin olunmaması hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək əldən çıxmış fayda qismində xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə kimi illik 5% həcmində 151 manat 22 qəpik məbləğində pul vəsaiti cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada tutularaq ASC “Xalq” bankın xeyrinə ödənilməlidir. MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Habelə 05 dekabr 2024-cü il tarixli 9/8896 saylı ekspert rəyinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Habelə MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 2(053)-361/2024 saylı qətnaməsi xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 499,56 (dörd yüz doxsan doqquz manat 56 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) ǝvəzinin təmin olunmaması hissədə ləğv edilsin, həmin hissədə iddia qismən təmin edilərək əldən çıxmış fayda qismində xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixinə kimi illik 5% həcmində 151 manat 22 qəpik məbləğində pul vəsaiti cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada tutularaq ASC “Xalq” bankın xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı ASC “Xalq” bankın xeyrinə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2024-cü il tarixli 9/8896 saylı ekspert rəyinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar