Məhkəmə qərarları › İş №2(106)-1395/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1395/2025

08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1395/2025 08.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-1045/2025 saylı, 01 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 sentyabr 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700( yeddi yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasında əlilliyinin bərpası üçün sənəd düzəldən zaman tanış olmuşdur. Cavabdeh ona əlilliyin bərpası işləri ilə uzun zamandır məşğul olduğunu və onun əlilliyini bərpa edə biləcəyini bildirmişdir. Ona inan iddiaçı, 12 noyabr 2022-ci il tarixdə Cavabdeh istifadəsində olan (070) 385-66- 40 saylı mobil nömrəsinə zəng vuraraq, onunla Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən Kür-Araz şadlıq sarayının qarşısında görüşmüdür. Həmin vaxt cavabdeh ondan 700 manat pul istəmiş, iddiaçı da, ona inandığı üçün 700 manat pulu dərhal ona vermişdir. İstədiyi pulu alandan sonra cavabdeh onu Bakı şəhərində yerləşən xəstəxanalara apararaq iddiaçının pul vəsaiti hesabına onu müxtəlif müayinələrdən keçirmiş və ona bildirmişdir ki, 1 aydan sonra onun əlillik statusu bərpa olacaqdır. 1 ay keçməsinə baxmayaraq əlilliyinin bərpa olmadığını görən iddiaçı Cavabdeh ünvanına gedərək verdiyi 700 manat məbləğində pulu geri istədikdə, cavabdeh ona başının qarışıq olduğunu bildirərək ondan aldığı pulu geri qaytaracağına söz vermişdir. Ona verdiyi sözü tutmayaraq ondan aldığı pulu geri qaytarmadığını görən iddiaçı Sabirabad rayon Polis şöbəsinə şikayət etmişdir. Sabirabad rayon Polis şöbəsindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-13-103/2-25765/2023 saylı məktuba əsasən, İddiaçı, Cavabdeh tələb etdiyi 700 manat məbləğində pulun mülki iddia olduğu əsas gətirilərək Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bütün bunları nəzərə alaraq iddiaçı, Sabirabad Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək göstərdi ki, o, əlilliyinin bərpası ilə bağlı vermiş olduğu 700 manat puldan əlavə cavabdehə 400-500 manat məbləğdə kənd təsərrüfatı məhsulları da pay vermişdir. Bununla bağlı cavabdehdən qəbz almadığını, pulu yoldaşı Şahid yanında, Kür-Araz şadlıq sarayının qarşısında onun maşında əyləşdikdən sonra verdiyini bildirən iddiaçı, cavabdehin pulu və payı kimə verdiyini bilməmişdir. O, cavabdehdən pulunu geri tələb etmək üçün cəhdlər etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu geri ödəməkdən yayınmış, bir müddətdən sonra isə onu tapmaq mümkün olmamışdır. Məhkəməyə də gec müraciət etməsinin səbəbi məhz bu olmuşdur. Sonradan Cavabdeh bu kimi əməllərinə görə məhkum olunduğunu öyrənmiş ümumiyyətlə, məhkəməyə şikayət edənə qədər onun cavadehin məhkum olunduğundan xəbəri olmamışdır. Bütün qeyd olunanları nəzərə alaraq Məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun qudasının yaxın qohumudur. Əlilliyin bərpası ilə əlaqədar Bakıya getmək istədiyini bildirmiş, o, iddiaçıdan hər hansı iş müqabilində pul almadığnı, sadəcə olaraq Bakı şəhərinə gedən zaman, İddiaçı da özü ilə birlikdə aparıb xəstəxanada həkimlə tanış etmişdir. Özü əvvəllər Sabirabad Rayon Xəstəxanasında Mülki Müdafiə Qərargahında işləmiş və həmin həkimi də o səbəbdən tanımışdır. İddiaçının həkimə hər hansı pay və ya pul verməsindən xəbəri olmamış, Kür-Araz şadlıq sarayının qarşısında İddiaçı 700 manat pul almadığını, ümumiyyətlə ona hər hansı bir işin görülməsi ilə əlaqədar pul ödənilmədiyini əsas gətirərək iddia ərizəsinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı onun həyat yoldaşıdır. O, Sabirabad Mərkəzi Rayon Xəstəxanasında işləyir. Cavabdeh vətəndaşlara müəyyən pul qarşılığında pensiya düzəltdiyindən xəbəri olmuş, həyat yoldaşı, Cavabdehla əlilliyin bərpası məsələsi ilə əlaqədar görüşməyə gedəndə, həyat yoldaşı ilə birlikdə o da Kür-Araz şadlıq sarayının qarşısına gəlmiş, Cavabdeh maşınına əyləşmişlər. Cavabdeh görəcəyi işin müqabilində ilkin olaraq onlardan 700 manat pul almışdır. Lakin bu günə qədər cavabdeh, İddiaçı aldığı pulu geri qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1045/2025 saylı, 01 iyul 2025-ci il tarixli (Hakim: Azər İsmayılov) ilə, iddianın təmin edilməsi, Cavabdeh 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Kərimov X2 Rayon Məhkəməsinin 2(056)-1045/2025 saylı, 01 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1045/2025 saylı, 01 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1045/2025 saylı, 01 iyul 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)-1045/2025 saylı, 01 iyul 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-ci maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2-ci maddəsinə əsasən Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2-ci maddəsinə əsasən əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1095-ci Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Sabirabad rayon Polis şöbəsindən verilmiş məktubdan görünür ki, iddiaçının rayon prokurorluğuna vermiş olduğu şikayət əsasında araşdırma aparılmış və Cavabdeh 700 manat pul tələbinin mülki iddia olduğu və bununla əlaqədar olaraq Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüqunun olması ona izah edilmişdir. İşdə olan ********** saylı qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, Cavabdeh ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasında əlilliyinin bərpası üçün sənəd düzəldən zaman tanış olmuşdur. Cavabdeh ona əlilliyin bərpası işləri ilə uzun zamandır məşğul olduğunu və onun əlilliyini bərpa edə biləcəyini bildirmişdir. Ona inan iddiaçı, 12 noyabr 2022-ci il tarixdə Cavabdeh istifadəsində olan (070) 385-66- 40 saylı mobil nömrəsinə zəng vuraraq, onunla Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən Kür-Araz şadlıq sarayının qarşısında görüşmüdür. Həmin vaxt cavabdeh ondan 700 manat pul istəmiş, iddiaçı da, ona inandığı üçün 700 manat pulu dərhal ona vermişdir. İstədiyi pulu alandan sonra cavabdeh onu Bakı şəhərində yerləşən xəstəxanalara apararaq iddiaçının pul vəsaiti hesabına onu müxtəlif müayinələrdən keçirmiş və ona bildirmişdir ki, 1 aydan sonra onun əlillik statusu bərpa olacaqdır. 1 ay keçməsinə baxmayaraq əlilliyinin bərpa olmadığını görən iddiaçı Cavabdeh ünvanına gedərək verdiyi 700 manat məbləğində pulu geri istədikdə, cavabdeh ona başının qarışıq olduğunu bildirərək ondan aldığı pulu geri qaytaracağına söz vermişdir. Ona verdiyi sözü tutmayaraq ondan aldığı pulu geri qaytarmadığını görən iddiaçı Sabirabad rayon Polis şöbəsinə şikayət etmişdir. Sabirabad rayon Polis şöbəsindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-13-103/2-25765/2023 saylı məktuba əsasən, İddiaçı, Cavabdeh tələb etdiyi 700 manat məbləğində pulun mülki iddia olduğu əsas gətirilərək Sabirabad Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bütün bunları nəzərə alaraq iddiaçı, Sabirabad Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, İddiaçı onun qudasının yaxın qohumudur. Əlilliyin bərpası ilə əlaqədar Bakıya getmək istədiyini bildirmiş, o, iddiaçıdan hər hansı iş müqabilində pul almadığnı, sadəcə olaraq Bakı şəhərinə gedən zaman, İddiaçı da özü ilə birlikdə aparıb xəstəxanada həkimlə tanış etmişdir. Özü əvvəllər Sabirabad Rayon Xəstəxanasında Mülki Müdafiə Qərargahında işləmiş və həmin həkimi də o səbəbdən tanımışdır. İddiaçının həkimə hər hansı pay və ya pul verməsindən xəbəri olmamış, Kür-Araz şadlıq sarayının qarşısında İddiaçı 700 manat pul almadığını, ümumiyyətlə ona hər hansı bir işin görülməsi ilə əlaqədar pul ödənilmədiyini əsas gətirərək iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası mövcud hüquq münasibətinə tətbiq edilən maddi hüquq normalarını təhlil edərək belə qənaətə gəlir ki, iddiaçı əliliyinin bərpa edilməsi məqsədi ilə sənədləşmə işlərinin aparılması üçün Cavabdeh 700 manat pul vermiş, lakin cavabdeh öhdəliyini icra etməmiş, nəticədə o, qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçıya məxsus əmlak hesabına, yəni qaytarılması gözlənilən və müəyyən məqsədə verilən pul vəsaitini qaytarmayaraq əsassız varlanmışdır və buna istinad edən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını, yeni cavabdeh tərəfindən qaytarılmayan 700 manat pul vəsaitini geri tələb etməkdə haqlı olmuşdur. Azərbaycan respublikası mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin 700 manat məbləğində pulu iddiaçıdan alması, daha sonra həmin pulu qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində Sabirabad rayon Mərkəzi Xəstəxanasında Mülki Müdafiə Qərargahında işləyən zaman iddiaçının ona yaxınlaşaraq ona əvvəllər təyin edilmiş əlilliyin bərpasına görə kömək etməyini istəmiş, İddiaçı qudasının qohumu olduğundan ona istiqamət vermiş, bildirmişdir ki, Respublika Xəstəxanasında İlqar İsgəndərov adlı həkimə yaxınlaşar. O, da həmin həkimə müraciət etmiş, həmin həkim isə onu tanımadığı digər həkimə onu istiqamətləndirmişdir. İşin sonrakı gedişindən xəbəri yoxdur. 700 manatdan xəbəri olmamışdır. Kollegiya qeyd edir ki, cavabdeh məhz elə özü də iddiaçı ilə onun əlilliyinin düzəldilməsi ilə bağlı ünsiyyətdə olduğunu, onu müəyyən şəxslərin yanına yönəltdiyini bildirmişdir. Cavabdeh 700 manatdan xəbəri olmadığını bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir. Əksinə məhkəmə iclasında dindirilən Şahid da Kür-Araz şadlıq sarayının qarşısında iddiaçı ilə cavabdehin görüşdüyünü, Cavabdeh maşınına əyləşdiklərini və Cavabdeh görəcəyi işin müqabilində ilkin olaraq onlardan 700 manat pul aldığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma apararaq müəyyən etmiş olur ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfin gətirdiyi dəlilləri iddia tələbinin təmin olunmasına yönələn hərəkət kimi qiymətləndirməklə haqlı və düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh 700 (yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul alınaraq İddiaçı ödənilsin” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Sabirabad Rayon Məhkəməsinin 2(056)-1045/2025 saylı, 01 iyul 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Belə olan halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 700 manat, yəni beş min mantdan az təşkil etdiyindən qəbul olunmuş qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1045/2025 saylı, 01 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar