Məhkəmə qərarları › İş №2(106)-1396/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1396/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1396/2023 21.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(049)-3801/2022 saylı qətnaməsindən (hakim N.Ağabəyov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4700 manat əsas borcun, 1000 manat həcmində əldən çıxmış faydanın, 30 manat məhkəmə rüsumunun, bütövlükdə 5730 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəllər qiyabi tanımışdır. Cavabdehin Cəlilabad şəhərində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində MAXE kimi qulluq etməsindən məlumatı olmuş və Zərdab rayonundan olduğunu bilmişdir. Cavabdeh xx.xx.2019-cu ildə ondan borc pul verməsini xahiş etmiş, o da cavabdehi tanıdığına və ona etibar etdiyinə görə borc verməyə razı olmuşdur. Cavabdehə 4700 manat borc pul vermiş və cavabdeh aldığı borcu əmək haqqını alaraq tez bir zamanda geri qaytaracağına dair söz vermişdir. Həmin vaxt cavabdeh ondan borc alması barədə qəbz yazaraq ona (iddiaçıya) vermişdir. Bir müddət keçdikdən sonra cavabdehdən borcunu qaytarmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 1000 (bir min) manat ziyan (əldən çıxmış fayda) dəymişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 4700 manat əsas borcun, 1000 manat həcmində əldən çıxmış faydanın və 77 manat dövlət rüsumunun, cəmi 5777 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(073)-312/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat borc pul və 77 (yetmiş yeddi) manat dövlət rüsumu alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1104/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2(073)-312/2022 saylı qətnaməsi ləğv edilmiş və mülki iş ərazi aidiyyəti üzrə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(049)-3801/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4700 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 63,50 manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi qətnaməsinin tam ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edən zaman cavabdehin hüquqlarının müdafiəsində maraqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçının təqdim etdiyi qəbz isə borc müqaviləsi deyil və cavabdehin xətti ilə yazılmamışdır. Bu da, onu deməyə əsas verir ki, qətnamə iddiaçının istəyinə uyğun tərtib edilmişdir. İddiaçı iddianı cavabdehin qeydiyyatda olduğu yer üzrə verməmişdir. Ümumiyyətlə iddiasına cavabdehin yaşayış yerini təsdiq edən hər hansısa sənəd əlavə edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qəbzi araşdırmamış və əsassız olaraq onu müqavilə kimi qəbul etmiş və qəbzə istinad edərək qətnamə tərtib etmişdir. Bundan əlavə məhkəmə faktiki olaraq Zərdab rayonu, Təzəkənd kəndində qeydiyyatda olduğunu müəyyən etsə də, işi baxılmamış saxlamamışdır. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, iddiaçı rəsmi təsdiq olunmamış qəbzi məhkəməyə təqdim edərək həmin əlyazmanın cavabdehə məxsus olduğunu bildirmişdir. Məlumat üçün qeyd edir ki, qəbzdə guya pulu almağı faktını öz yazı və imzası ilə təsdiq etmişdir. Lakin məhkəmə həmin yazı üzrə ekspertiza təyin etməmiş və yazının cavabdehə məxsus olduğunu müəyyənləşdirməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh tərəf hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdə qeyd olunur ki, «Mən Zərdab rayon sakini Cavabdeh Cəlilabad rayonu N saylı X5-Atıcı vəzifəsində işləyirəm. Yaxın tanışım Cəlilabad rayon Adınalı kənd sakini İddiaçı ilə yaxın münasibətim olduğu üçün mənə pul ehtiyacı olduğu üçün Natiqdən 4700 (dörd min yeddi yüz) manat borc pul aldım. İstədiyi vaxt pulunu geri qaytaracağam. Yazını öz xəttimlə yazdım, mənə heç bir təzyiq göstərilmədi». Göründüyü kimi tərəflər arasında borcla bağlı hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan borc olaraq 4700 manat almışdır. Cavabdeh həmin pulu iddiaçının istədiyi zaman qaytaracağını bildirmişdir. İddiaçı cavabdehdən 4700 manat əsas borcu, 1000 manat həcmində əldən çıxmış faydanı tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən - 4700 borc məbləğinə dair hissədə təmin etmişdir. Hazırda cavabdeh qətnaməni 4700 manat borc məbləğinin tutulmasına dair hissədə mübahisələndirir. Cavabdeh şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh şikayətində məhkəmənin iddiaçının hüquqlarının müdafiəsində maraqlı olmadığını, qəbzdəki imzanın onun tərəfindən icra edilmədiyini, məhkəmənin iş üzrə ekspertiza təyin etmədiyini bildirmişdir. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarınn müdafiəsində məhkəmənin maraqlı olmaması barədə cavabdeh məhkəməyə sübut təqdim etməmişdir. Qəbzdəki imzanın onun tərəfindən icra edilmədiyi, məhkəmənin iş üzrə ekspertiza təyin etmədiyi hallarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ilk dəfə Cəlilabad Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən zaman həmin şikayətdə iddiaçıya olan borcunu ödədiyini bildirmiş, bununla da, iddianı etiraf etmişdir (İ cild, səh 44). İddianın cavabdehin qeydiyyatda olduğu yer üzrə verilməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddia verilən vaxtda Cəlilabad rayonunda olan hərbi hissələrdən birində xidmətdə olmuş və X3 rayonunda yerləşən N saylı hərbi hissədə müvəqqəti qeydiyyata alınmışdır. Bu barədə onun iş materiallarında hərbi qulluqçunun vəsiqəsinin surəti əlavə edilmişdir. Bu hissədə də, şikayət əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 4700 manatdır, 5000 manatdan çox deyil. Buna görə də, hazırkı qətnamədən qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(049)-3801/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar