Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1397/2023 25.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlhamoğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat əsas borc pulun, ödənilmiş dövlət rüsumunun əvəzi olan 60 manat pulun, MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaşamaq üçün fərdi yaşayış evi olmadığından Sabirabad şəhərində mənzil almaq qərarına gəlmişdir. Sabirabad MİS-də işləyən Elman adlı şəxs ona bildirmişdir ki, Zaur adlı şəxs mənzil satır. O, bu məqsədlə hazırki iş üzrə Cavabdeh mobil telefon nömrəsini əldə etmiş və onunla əlaqə saxlamışdır. 2020-ci ilin aprel ayının əvvəllərində Sabirabad şəhəri, Pambıq zavodu qəsəbəsi 5 saylı evin Zaurun deməsinə görə ona məxsus olan 4 və 5 nömrəli mənzillərinə baxmışlar. Mənzillər bir birinə bitişik və hər mənzil bir otaqlı olmuşdur. Mənzilləri ayrılıqda almaq mümkün olmadığından mənzilləri almaq üçün 16000 manata razılaşmışlar. Yəni 4 nömrəli mənzili 10 min manata, 5 nömrəli mənzili isə 6 min manata almalı idi. Zaur ona mənzillərin sənədlərinin qaydasında olmasını və sənədləşdirmə zamanı heç bir problem olmayacağını bildmrişdir. O, Zaura 8000 manat ilkin olaraq və 8000 manat isə mənzil sənədləşdirildikdən sonra verəcəyini bildirmiş, Zaur isə ilkin olaraq 10000 manat pul istədiyini, anasının xəstə olmasını və təcili əməliyyat olunmasını bildirmişdir. Bundan sonra onlar 10000 manat ilkin və qalan 6000 manatı isə 2 aya ödəmək şərtilə razılaşmışlar. Zaur bundan sonra 10000 manatın 2000 manat hissəsini ondan beh olaraq istəmiş və evin açarlarını ona verəcəyini bildirmişdir. O, 2000 manatı Zaura vermiş və evin açarlarını almışdır. Bundan sonra o, evi təmir etdirmiş və evin təmirinə 3120 manat xərc çəkmişdir. Lakin sonradan o, evi sənədləşdirmək üçün Sabirabad “ASAN xidmət” mərkəzinə gələn zaman Zaur ondan 8000 manatı və onun şəxsiyyət vəsiqəsini almış və ona maşında gözləməsini, sənədləşdirmə hazır olan kimi onu çağıracağını bildirmişdir. Bir müddət sonra Zaur geri gələrək sənədləşdirmənin evdə qeydiyyatda olan şəxslər olmadığı üçün mümkün olmadığını bildirmişdir. Bundan əlavə Zaur evdə olanların qeydiyyatdan çıxarılması barədə məhkəməyə müraciət edəcəyini və ondan sonra evi onun adına sənədləşdirəcəyini bildirmişdir. Mənzili təmir etdirməyinə baxmayaraq mənzil onun adına qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, Cavabdeh məxsus mənzillərin alınması ilə bağlı pul vəsaitini evində kirayədə yaşadığı Samir Bağırov vasitəsi ilə Cavabdeh ödəmiş, Samir pulu Zaura verdikdən sonra onları telefon vasitəsi ilə danışdırmış, Zaur Samirin pulu ona verdiyini təsdiq etmişdir. Sonradan alqı-satqı alınmadığına görə o, Zaurdan pulunu tələb etməyə başlayanda Zaur pulu Samirə verdiyini bildirmiş, bununla da pulunu qaytarmaqdan imtina etmişdir. Əgər Zaur pulu Samirə vermiş olsa idi, ən azı o da telefon vasitəsi ilə ona pulunu Samirə verdiyini bildirə, bundan sonra o da bu barədə Samirdən maraqlana bilərdi. Bununla belə o, Zaur pulu Samirə verdiyini bildirdikdən sonra Samirdən bu barədə maraqlanmış, samir Zaurun ona pul vermədiyini bildirmişdir. Bundan sonra o, Zaur tərəfindən aldadıldığını başa düşmüşdür. Hazırda o, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, qeyd olunan 10000 manat məbləğində pulu 2000 və 8000 manat olmaqla Samir Bağırovdan beh kimi almışdır. Samir pulu ona iddiaçının pulu kimi 2020-ci ildə əlbəəl vermişdir. Evin 16000 manata onlara satılması barədə aralarında razılaşma olmuşdur. Samirlə Vüsalə borclu qalacaqlarını bildirdikdə bu halın notarial qaydada rəsmiləşdirilməsini tələb etmiş və onlar notariusa gedərək o, pulun 6000 manat hissəsini banka depozit olaraq qoymuşdur. Samirin deməsinə görə əmisinin yeznəsi olan Behbud adlı şəxs qeyd olunan 6000 manat pulu çıxarıb ona verməli idi. Bundan sonra müqavilələri rəsmi forma alacaqdı. O, müqaviləni Samirlə bağlayacağını bildirdikdə Samir sənədlərinin olmadığını bildirmiş və Behbudla bağlamağı onlara təklif etmişdir. O, evində olan şəxslərin qeydiyyatdan çıxarılması üçün iddiaçıdan vaxt almışdır. Lakin alındıra bilməmişdir. Müqavilə bağlandıqdan sonra isə Behbud 6000 manat məbləğində pulu çıxararaq ona verməmişdir. Bu hal Behbud barəsində olan cinayət işi üzrə öz təsdiqini tapmışdır. Onda qalan 4000 manat pulu isə Samir ondan tələb etmişdir. 3 gün sonra qardaşı ona zəng edərək problem yaranmaması üçün pulun qaytarılmasını ona bildirmişdir. Bundan sonra o, Samirə zəng edərək Saatlı rayonu Qırağlı kəndində görüşmüşlər və 3800 manat Samirə pul vermiş, qalan 200 manatı verəcəyini bildirmişdir. Qalıq qalmış pulu 1 həftə sonra Samirə geri qaytarmışdır. O, pulu Samirdən aldığı üçün Samirə qaytarmışdır. Lakin pulun Vüsalənin olduğunu bilmişdir. Çünki həqiqətən də Samir ortada vasitəçilik etmiş olsa da belə o, evini Vüsalə adlı xanıma satdığını, ödənişi Vüsalə xanımın həyata keçirdiyini bilirdi. X6 xanımın pulunu ona çatdıran zaman onları telefonla danışdırmış, Vüsalə xanım ondan pulun ona çatıb-çatmadığını soruşmuş, o, çatdığını bildirmişdir. Vüsalə xanımın pulunu Samirə qaytaranda da Samir Vüsalə xanımın pulunu tələb etdiyini bildirib təklif etmiş, bundan sonra o, pulu Samirə ödəmişdir. Lakin Samirə verdiyi pulun Vüsalə xanıma çatdırılıb-çatdırılmaması ilə maraqlanmamışdır. O, tələb edilən pulu Samirə tam ödədiyi üçün iddiaya etiraz edir və iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Hesab edir ki, Vüsalə xanım pulunu ala bilməmişdirsə Samirə qarşı iddia qaldırmalı idi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: S.Allahverdiyev), iddianın təmin edilməsi, Cavabdeh 4000 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzində 60 manat, hüquqi yardımın əvəzində 50 məbləğində pul vəsaiti olmaqla, cəmi 4110 (dörd min bir yüz on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 1091-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Kazımov X3 Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyasına teleqram ünvanlayaraq valideyni xəstə olduğununa görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin xəstəlik ilə əlaqədar hər hansı bir sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası icraatın tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Sabirabad Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Saatlı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)- 498/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh mübahisəli mənzilin təmir xərclərinə çəkilmiş 3120 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X1 Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktından görünür ki, cinayət işi Sabirabad şəhər sakini İddiaçı Cavabdeh ilə sonuncuya məxsus iki ədəd mənzilin 16000 manata alqı-satqısı barədə danışıb razılaşmaları, bu məqsədlə ona iki dəfəyə 10000 manat pul verməsi, borclu qaldığı 6000 manatla bağlı isə tanışı X2 arasında borc müqaviləsi bağlanılması, sonuncunun isə sonradan həmin məbləği götürüb qaytarmaması barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə başlanmışdır. İttiham aktında olan Cavabdeh izahatından da görünür ki, o, hazırki izahatına uyğun izahat vermiş, həmin zaman da izahatında İddiaçı məxsus 3800 manat pulu Samir Bağırova verdiyini, Samir Bağırovun həmin pulu İddiaçı veribvermədiyini bilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan mənzili hazırki iş üzrə İddiaçı 16000 manata satmaq barədə İddiaçı ilə razılaşmış, İddiaçı pulun 10000 hissəsini ilkin olaraq Cavabdeh vermiş, lakin qeyd olunan məbləğdə pulun 6000 manat hissəsi B.H.Əliyevin dələduzluq əməli nəticəsində B.H.Əliyev tərəfindən mənimsənilmiş və bu barədə məhkəmənin müvafiq hökmü qanuni qüvvəsini almışdır. 10000 manat pulun qalan 4000 manat hissəsi İddiaçı tərəfindən Samir Bağırov adlı şəxsin vasitəsi ilə Cavabdeh verilmiş, bu halı Cavabdeh da mübahisələndirməmişdir. Cavabdeh həmin pulu Samir Bağırovdan qəbul edərkən pulun İddiaçı məxsus olmasını, onun ev almaq niyyətində olduğu bilmişdir. Belə ki, pul vəsasiti Cavabdeh verildikdən sonra Samir Bağırov adlı şəxsin telefonu vasitəsi ilə İddiaçı Cavabdeh danışaraq pulun ona verilibverilmədiyini maraqlanmış, Cavabdeh pulu qəbul etdiyini ona bildirmişdir. Tərəflər arasında alqı-satqı münasibəti alınmadıqdan sonra İddiaçı Cavabdeh ödəmiş olduğu pulunu geri istəmiş, Cavabdeh isə həmin pulu Samir Bağırova qaytardığını bildirsə də, bu barədə hər hansı sübuta istinad edə bilməmiş, nə də pulu qaytardıqdan sonra İddiaçı etdiyi kimi İddiaçı ilə əlaqə saxlayaraq pulun ona çatdırılıb-çatdırılmadığını maraqlanmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, tərəflər arasında hər hansı müqavilə münasibəti yaranmadan cavabdeh iddiaçıya məxsus pul vəsaitini əldə etmiş, həmin pul vəsaitini iddiaçıya qaytarmamışdır. O, həmin pulu əldə etməsini qəbul etsə də, pulun qaytarılmasına dair hər hansı sübuta istinad edə bilməmişdir. Həmçinin cavabdeh həm birinci instansiya məhkəməsi icraatında həmdə apellyasiya şikayətinin dəlillərində pulu Samirə qaytardığını qeyd etsə də, bu halı təsdiq edən sübut nə birinci nə də apellyasiya məhkəməsi icraatı zamanı təqdim edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əməl etməklə qanuni və ədalətli qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar Sabirabad Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Sabirabad Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4000 manat, yəni beş min manatdan az olduğundan qəbul olunan qətnamədən qanunvericiliyin tələbinə görə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)718/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1397/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1397/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver