Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1397/2024 12.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Açar sözlər: borc tələbi, sübut edilmir. X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(020)-44/2024 saylı qətnaməsindən (hakim Ramiz Nurullayev) iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, xx.xx.1990-cı ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh borc aldığı puldan qaytarmadığı 6400 (altı min dörd yüz) manatın və dövlət rüsumu kimi ödədiyi 84 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu Dünyamalılar kənd sakini, hərbiçi kimi əvvəllər tanıdığı Cavabdeh 2019-cu ilin oktyabr ayının 18-də təcili ehtiyacı olduğu üçün ondan 12000 (on iki min) manat borc pul götürərək, öz xətti ilə qəbz yazaraq imzalamışdır. Həmin borcu bir ay müddətinə qaytaracağı barədə söz vermişdir. Həmin borcdan 2021-ci ilin aprel ayınadək hissə-hissə olmaqla 5600 manat pul qaytarmışdır, sonradan qalan pulu qaytarmaqdan boyun qaçırmışdır. O, məcburiyyət qarşısında qalaraq cavabdehin xidmət etdiyi N saylı hərbi hissənin yerləşdiyi Xocavənd Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin cavabdehin qeydiyyat yeri Beyləqan rayonu olduğuna görə o, ərizənin baxılmamış saxlanılması barədə ərizə yazaraq, sənədləri geri götürmüşdür. Lakin hal-hazırki vaxtadək cavabdeh borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki borclu Astanov üzərinə götürdüyü ohdəliyi yerinə yetirməmişdir. Odur ki, Cavabdeh borc aldığı puldan qaytarmadığı 6400 (altı min dörd yüz) manatın və dövlət rüsumu kimi ödədiyi 84 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddanı qəbul etməmiş və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X1 Rayon Məhkəməsində ona qarşı pul tələbi olaraq idda qaldırmışdır. O, Əzizov Vəliyəddindən xx.xx.2019 cu il tarixdə 2000 manat sələm olaraq pul almışdır. Bir il ərzində 15 %-dən yəni ayda 300 manat olmaqla cəmi 3600 manat sələm olaraq və pulun əsas hissəsi 2000 manatı, cəmi idda ərizəsində özü qeyd etdiyi kimi 5600 pulu qaytarıb ödəmişdır. Pulu ödədikdən sonra Vəliyəddinə yazıb verdiyi qəbzi ondan istəmiş, lakin Vəliyəddin həmin qəbzin onda olmadığını, gətirib qaytaracaqını bildirmişdir. Sonradan Vəliyəddin qəbzin hec bir mənasının olmadığını, onsuzda onun pulu qaytardığını ona demişdir. Ondan sonra dəfələrlə tələb etsədə, Vəliyəddindən qəbzi ala bilməmişdir. Üzərindən bir müddət keçdikdən, yəni təxminən 1 il sonra Əzizov Vəliyəddinə yazıb verdiyi kağızdakı "2000" rəqəminin qarşısına "1" artıraraq "12000" kimi düzəltmiş və qəbz deyilən bir kağızı saxtalaşdırmış və ona qarşı Xocəvənd Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin vaxtı onun tələbinə əsasən ekspertiza təyin edilmiş, onun xətt və imza nümunələri götürülərək ekspertizaya təqdim edilmişdir. Ekspertizanın rəyi ilə həqiqətən də “1” rəqəminin sonradan yazıldığı müəyyən olunmuşdur. Vəliyəddin bunu görüb iddianın baxılmamış saxlanılması ilə bağlı Xocəvənd Rayon Məhkəməsinə ərizə vermiş və məhkəmənin qərarı ilə iddia baxılmamış saxlanmışdır. Bundan sonra o, əsassız olaraq Beyləqan Rayon Məhkəməsinə hazırkı iddia ilə müraciət etmişdir. Onun vəsatətinə əsasən yenidən ekspertiza təyin edilmiş və ekspertizanın rəyi ilə “1” rəqəminin həmin rəqəmlərin qarşısına sonradan əlavə edildiyi məlum olmuşdur. X8 hec bir borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(020)-44/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, öz üzərinə düşən vəzifəni yerinə yetirmiş, pulu cavabdehə vermişdir, lakin cavabdeh həmin pulun bir hissəsini qaytarsa da, qalan hissəsini qaytarmamışdır. Beyləqan Rayon Məhkəməsi bu normaya düzgün istinad etsə də, gəldiyi nəticə işin halına uyğun deyildir. İddiaçı mülki qanunvericiliyin bu tələbinə əməl etmiş, borc məbləğini cavabdeh öz xətti ilə tərtib etmiş, imzalamışdır. Həmin qəbzdə hər hansı bir dəyişiklik edilməmişdir. Cavabdeh bu gün iddia etdiyi 1 rəqəminin sonradan yazılmasını, hesab edir ki, o bunu qəsdən öz yazı vərdişinə uyğun olmayan formada icra etməklə, gələcəkdə öhdəliyin icrasından qəsdən boyun qaçırmaq məqsədi güdmüşdür. Beyləqan Rayon Məhkəməsi gəldiyi nəticə üzrə bütün faktiki halları araşdırmamışdır. Belə ki, cavabdeh özü də etiraf edir ki, o, iddiaçıya 5600 manat pulu ödəmişdir. Məhkəmə nəyə görə 2000 manat aldığı halda 5600 manat pul ödəməsini, aldığı pulun məbləğindən çox pul ödədikdən sonra belə həmin ödənişi dayandırmamasını, bununla bağlı ona heç bir təhlükənin olmadığı halda ödəməni 5600 manata qədər davam etdirilməsinin səbəbi aydınlaşdırılmamış qalmışdır ki, bu hal məhkəmənin gəldiyi nəticəyə təsir edən haldır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh vaxtıilə qəbz yazarkən “2000” manat ədədinin qarşısına qəsdən gələcəkdə borc öhdəliyindən yayınmaq üçün “1” ədədini öz yazı vərdişinə uyğun olmayan tərzdə yazmışdır. Həmin qəbz iddiaçıda qalmışdır. Lakin iddiaçı cavabdehin “1” ədədini öz yazı vərdişinə uyğun olmayan tərzdə yazmasından xəbəri olmamışdır. Hazırda cavabdeh Xocavənd Rayon Prokurorluğuna şikayət ərizəsi yazaraq 2000 manatdan artıq ödəmiş olduğu 3600 manat pulu (5600-2000=3600 manat) iddiaçıdan tələb edir. Həmçinin bildirmişdir ki, onların səs, WhatsApp kimi yanakı sübutları yoxdur. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdehə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcələnin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcələnin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşə əlavə olunmuş 1 ədəd kağızda olan qəbizdən görünür ki “Cavabdeh X2 borc olaraq 12000 götürdüm, bir aya qaytarmağa söz verirəm. Aslanov imza xx.xx.2019” sözləri yazılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktaybr 2021-ci il tarixli 4/1316 nömrəli rəyindən görünür ki Xocavənd Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadına əsasən iş üzrə təyin olunmuş məhkəmə-xətşunaslıq ekspertizası mülki işin 7-ci vərəqində olan Cavabdeh ilə X5 adlarında 18 oktyabr 2019-cu il tarixli qəbzdə “1” rəqəmindən başqa yazıları və “Astanov.imza” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmasını, lakin “1” rəqəminin Cavabdehn oğlu və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin ikinci bəndində göstərilən səbəbə görə müəyyən etmək mümkun olmadığı barədə rəy verilmişdir. Birinci instansiya məhkəməsində İddiaçı hazırkı mülki iş üzrə əvvəlki məhkəmə iclasında vəsatət verərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 06 dekabr 2023-cü il tarixli 2(02)-1692/2023 saylə qəradadı ilə iş üzrə İddiaçı vəsatəti təmin edilmiş və məhkəmənin həmin tarixli qərardadı ilə məhkəməxətşunaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, xx.xx.2019-cu il tarixli qəbzin 3-cü sətrində olan “12000” rəqəmlərindəki “1” rəqəmi həmin rəqəmlərin qarşısına sonradan əlavə edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə borc olaraq 2000 manat pul verməsini cavabdeh özü də etiraf etmişdir. Lakin iddiaçının cavabdehə 12000 manat borc verməsi ilə bağlı hər hansı bir yazılı sənəd təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi qəbzdəki "1” rəqəminin sonradan həmin qəbzə əlavə edilməsi ekspertiza rəyi ilə müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində də, cavabdeh tərəfindən iddiaçıya 5600 manat pulun ödənildiyini bildirmişdir. Qeyd edilənlərə əsasən də, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya borcu olmadığı qənaətinə gələrək, iddianı təmin etməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnaməni əsassız hesab edir. İddiaçının şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçı mülki qanunvericiliyin bu tələbinə əməl etmiş, borc məbləğini cavabdeh öz xətti ilə tərtib etmiş, imzalamışdır. Həmin qəbzdə hər hansı bir dəyişiklik edilməmişdir. Cavabdeh bu gün iddia etdiyi 1 rəqəminin sonradan yazılmasını, hesab edir ki, o bunu qəsdən öz yazı vərdişinə uyğun olmayan formada icra etməklə, gələcəkdə öhdəliyin icrasından qəsdən boyun qaçırmaq məqsədi güdmüşdür. Beyləqan Rayon Məhkəməsi gəldiyi nəticə üzrə bütün faktiki halları araşdırmamışdır. Belə ki, cavabdeh özüdə etiraf edir ki, o, iddiaçıya 5600 manat pulu ödəmişdir. Məhkəmə nəyə görə 2000 manat aldığı halda 5600 manat pul ödəməsini, aldığı pulun məbləğindən çox pul ödədikdən sonra belə həmin ödənişi dayandırmamasını, bununla bağlı ona heç bir təhlükənin olmadığı halda ödəməni 5600 manata qədər davam etdirilməsinin səbəbi aydınlaşdırılmamış qalmışdır ki, bu hal məhkəmənin gəldiyi nəticəyə təsir edən haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, cavabdeh özü də, birinci instansiya məhkəməsində 2000 manat pulu aylıq 15 faiz olmaqla ödəmək şərtilə iddiaçıdan aldığını etiraf etmişdir. Belə olan halda da, cavabdehin iddiaçıya hər ay 15 faiz olmaqla, 1 il müddətində borc ödədiyi təqdirdə 5600 manat məbləğini iddiaçıya ödəməsi ağlabatan görünür. İddiaçının bildirdiyinə görə, cavabdeh qəsdən özü yazı vərdişlərindən düzgün istifadə etməyərək, 1 rəqəmini qəbzə əlavə etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Belə olan halda, iddiaçı qəbzi cavabdehdən alarkən, onunla razılaşmaya, yeni qəbz yazılmasını tələb edə bilərdi. Kollegiya iddiaçının diqqətinə çatdırır ki, hazırkı iş üzrə iddianı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan çox olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilər. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.1.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(020)-44/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1397/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1397/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver