Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1399/2025 22.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1117/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1117/2025 saylı qətnaməsi ilə (sədrlik edən hakim Elmir İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 8499 manat əsas, 705,11 manat faiz və 20,86 manat cərimə borcu olmaqla, ümumilikdə, 9224,97 manat və ödənilmiş 111,43 manat dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(064)-1117/2025 saylı qətnaməsinin faiz və rüsum borcunun tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir və apellyasiya şikayəti verilən zaman həmin formaya riayət edilməsi tələb olunur. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”, “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər”, “Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” eləcə də digər hissələrə apellyasiya şikayətində tələb olunan formada və məzmunda yer verilməmişdir. MPM-in 2 nömrəli Əlavəsində göstərilmiş bir sıra qrafalar, məsələn, 2, 3, 6, 7, 8, 9, 10, 11 və 12-ci qrafalar tamamilə apellasiya şikayətindən çıxarılmışdır. Cavabdeh yenidən apellyasiya şikayəti vermək istədikdə apellyasiya şikayətini MPM-in 361ci maddəsinin tələblərinə uyğun olaraq MPM-in 2 saylı Əlavəsində göstərilmiş formada və məzmunda tərtib etməsi tövsiyə olunur. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Füzuli Rayon Məhkəməsinin 2(064)-1117/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.