Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1404/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2(018)-1431/2024 saylı qətnaməsindən (hakim İ.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli BRCB4107774B299 saylı kredit müqaviləsinə əsasən 1499,88 manat əsas borc, 352,96 manat faiz borcu olmaqla cəmi 1852.84 manat borcun və 38,53 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4107774B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 59 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1499,88 manat əsas, 352.96 manat faiz, cəmi 1852.84 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Mülki Prosessual Məcəllənin 284.5-ci maddəsinin tələblərinə müvafiq olaraq cavabdehə rəsmi bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2(018)-1431/2024 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB4107774B299 saylı kredit müqaviləsinə əsasən 1499,88 manat əsas borc, 352,96 manat faiz borcu olmaqla cəmi 1852,84 manat məbləğdə borcun və 38,53 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, 2(018)-1431/2024 saylı qətnaməsi qanunsuz və əsassızdır. Ona görə də həmin qətnamə iddianın təmin olunduğu hissəsində ləğv, rədd edilməlidir. Çünki bankın hesabladığı faiz borcu ilə razı deyil. Səbəb odur ki, ödəniş qabiliyyətini itirəndən sonra banka məktub ünvanlayaraq faiz borcunun dayandırılmasını bildirmişdi. Amma bank sadəcə borc məbləğini şişirtmək üçün təxminən bir ilə yaxın müddəti uzadaraq faiz məbləğini artırdı. Bu hal əsassız varlanmadır ki, bank borclunun maddi vəziyyətindən istifadə edərək işi məhkəmə və ya icra qeydi əsasında icra şöbəsinə göndərməyərək borc məbləğini şişirdir. İlk növbədə qeyd edir ki, hüquqları və azadlıqları, məhkəmə müdafiəsi və şəxsin məhkəmədə dinlənilmək hüquqları kobud şəkildə pozularaq məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə çəkişmə prinsipinə riayət etməmiş və qəbul etdiyi qərarla bağlı tərəflərin təqdim edəcəyi sübutları nəzərə almamışdır. Cavabdeh olaraq öhdəsinə düşən borcu vaxtında qaytara bilmədiyinə əsasən məktub ünvanlasa da, buna baxmayaraq məhkəmə iştirakı olmadan və bankın təqdim etdiyi sənədlər əsasında iddianı əsassız olaraq təmin etmişdir. Hətta xüsusi bilik tələb olunan halda ekspertiza belə təyin etməyərək iddiaçının tələb etdiyi qismən də olsa məbləği təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Məhkəmə düzgün olmayan normaya əsaslanmaqla maddi hüquq normasının pozuntusuna yol verərək əsassız qətnamə qəbul etmişdir. Xüsusi olaraq məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, birinci instansiyası məhkəməsi cavabdehi prosesinə cəlb etməmiş, apellyasiya insansiyası məhkəməsi isə bu halı nəzərə alıb işi yenidən birinci instansiya məhkəməsinə göndərməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdı. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: MPM-in 394-1.4-cü maddəsinə müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2025-ci il tarixli 2(106)-1404/2025 saylı qərardadı ilə qətnamədən verilən apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi Elsəvər Əkbərov məhkəməyə elektron kabinet üzərindən ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunması və qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, tərəflərindən məhkəməyə müraciət edilmiş və iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Apellyasiya şikayətinə məhkəmədə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Cavabdehin qeyd etdikləri demək olar ki, söz toplusudur, ləğv üçün əsas deyil. Belə ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı tərəfin haqlı iddiasına səbəb olmuşdur. Cavabdehə dəfələrlə zəng ediilmiş və borcu barədə bildirilmişdir. Hesab edirlər ki, cavabdeh bu cür şikayəti verməklə işi müəyyən müddət uzatmaq məqsədi güdür. Müqavilə var, müqavilənin şərtləri var. Müqavilənin şərtlərini hər iki tərəf vaxtında icra etməlidir. Apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəməyə müraciət edilən zaman cəmi 352.96 manat faiz hesablanmışdır. Bu isə vaxtıda ödənişlər edilmədiiyinə görə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Hesab edirlər ki, qətnamə tam əsaslı və qanunidir. Cavabdeh məhkəmə məhkəməyə elektron kabinet üzərindən məlumat ünvanlayaraq bildirmişdir ki, Astara Rayon Məhkəməsində məhkəmə iclaslarında iştirak etməmişdir. Onun iştirakı olmadan məhkəmə iclasları keçirilib. Məhkəmə borcun müəyyən olunmasından ötrü işi ekspertizaya göndərməmişdir. İş ekspertizaya göndərilsəydi bankın göndərdiyi birinci pritenziya məktubuna qədər olan borcu hesablamalı idi. Amma ki, bank işi məhkəməyə verənə qədər faizləri hesablamış və maliyyə arayışına əsasən işi məhkəməyə göndəribdir. Buna görə də 2(106)-1404/2025 nömrəli iş Astara Rayon Məhkəməsinə geri qaytarılmalı və prossesual davranışların edilməsi üçün məhkəmə işə yenidən baxmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə apellyasiya şikayətinə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur. xx.xx.2023-cü il tarixli BRCB4107774B299 saylı kredit xətti müqaviləsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqavilə əsasında ona xx.xx.2026-ci il tarixədək, illik 30% dərəcəsi ilə 1500 manat məbləğində kredit limiti müəyyən edilmiş və həmin müqaviləyə görə Bank Müştəriyə “Birbank Cashback” ödəniş kartı vermiş, həmin Karta bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırılmışdır. İddiaçı ASC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə göndərilən bildirişin məzmunundan görünür ki, aralarında bağlanmış müqavilə üzrə sonuncunun banka xx.xx.2024-cü il tarixinə 1499,88 manat əsas borc, 352,96 manat faiz borcu olmaqla cəmi 1852,84 manat məbləğində borcunun yarandığı bildirilməklə, borcun tam ödənilməsi tələb edilmiş, əks halda müqavilə şərtlərinə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB4107774B299 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 1499,88 manat əsas borc, 352,96 manat faiz borcu olmaqla, cəmi 1852,84 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 38,53 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, məzmun etibarı ilə faiz borcunun düzgün hesablananmamasını bildirir, bu zaman bildirişin, yəni müqavilənin birtərəfli ləğv olunduğu tarixdən sonrakı dövr üçün də faizlərin hesablanmasının davam etməsinə istinad edir. Lakin apellyasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiqini tapmır, belə ki, iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli bildirişdə qeyd etdiyi məbləğdə əsas borc və faiz borcunun tutulmasını istəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda iddianın qiyməti 1852,84 manat təşkil etməklə, 5000 manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli e-2(018)-1431/2024 saylı qətnaməsi dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2(106)-1404/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1404/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver