Məhkəmə qərarları › İş №2(106)-1408/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1408/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1408/2024 17.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(072)-557/2023 saylı, qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış PKLMB-0673 saylı 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh illik 28% dərəcəsi tətbiq edilməklə, 24 ay müddətinə 15350 manat məbləğdə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh hər ay vaxtıvaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehin 22 avqust 2023-cü il tarixə banka 15350 manat məbləğində əsas kredit borcu, 263 manat məbləğində faiz borcu, 1580 manat məbləğində cərimə borcu və ümumilikdə 17193 manat məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən cavabdehdən 15350 manat məbləğində əsas kredit borcunun, 263 manat məbləğində faiz borcunun, 1580 manat məbləğində cərimə borcunun, ümumilikdə 17193 manat məbləğində kredit borcunun və iddia qaldırılması üçün ddiaçı tərəfindən ödənilmiş 141.58 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsini xahiş edilmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı "xxxx" ASC ilə bağlanmış PKLMB-0673 saylı 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə ona illik 28% dərəcəsi tətbiq edilməklə, 24 ay müddətinə 15350 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün bankın xeyrinə kredit borcunun ödənişini həyata keçirə bilməmişdir. Məhkəmə qarşısında söz verir ki, maddi imkanı daxilində qısa müddət ərzində banka olan kredit borcunu tam şəkildə ödəyəcəkdir. Eyni zamanda bildirir ki, hal-hazırda kredit müqaviləsinə əsasən hesablanmış dəbbə pulu borcunun məbləği yüksək olduğu üçün iddia tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dəbbə pulu məbləğinin azaldılaraq, iddiaçı "xxxx" ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il 2(072)-557/2023 saylı, qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia qismən təmin edilməsini Cavabdeh 15350 manat məbləğində əsas kredit borcu, 263 manat məbləğində faiz borcu, 150 manat məbləğində cərimə borcu, ümumilikdə 15763 manat məbləğində kredit borcu və 129.80 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsini qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən kredit şirkətindən krediti qızıl-zinət təhvil verərək götürmüşdür. Bununla bağlı “ProKredit” BOKT ilə aralarında bağlanmış müqavilədə də açıq-aydın görünür. Lakin nə iddia ərizəsində, nə də qətnamə çıxarılan zaman bu qeyd olunmamışdır. Bundan başqa, ödənilməmiş məbləğ ya qızıla yönləndirilməli, ya da qızıl ona təhvil verilməli idi. Lakin nə qızıla yönləndirilmə, nə də qızılın özünə təhvil verilməsi ilə bağlı heç nə yoxdur. Ümumiyyətlə, qızıl haqqında nə iddia ərizələrində, nə də məhkəmə zamanı bir söz deyilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(072)- 557/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İ Ş İ N H A L L A R İ: İşdə olan: "xxxx" ASC və Cavabdeh arasında bağlanmış PKLMB-0673 saylı 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 28% dərəcəsi tətbiq edilməklə, 24 ay müddətinə 15350 manat məbləğində kredit verilmişdir. 12 oktyabr 2021-ci il tarixli 100 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış PKLMB-0673 saylı 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 15350 manat məbləğində kredit köçürülmüşdür. 12 oktyabr 2021-ci il tarixli PKLMB-0673 saylı kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 15350 manat məbləğində kredit borcunu illik 28% dərəcəsi tətbiq edilməklə 24 ay müddətinə hər ay vaxtında bankın xeyrinə ödəməlidir. 22 avqust 2023-cü il tarixli 212 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 22 avqust 2023-cü il tarixə banka 15350 manat əsas kredit borcu, 263 manat faiz borcu, 1580 manat cərimə borcu və ümumilikdə 17193 manat məbləğində kredit borcu mövcuddur. 01 avqust 2023-cü il tarixli 189 saylı bildirişin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 13 fevral 2023-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 141.58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış PKLMB-0673 saylı 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 28% dərəcəsi tətbiq edilməklə 24 ay müddətinə 15350 manat məbləğində kredit verilmişdir. Müvafiq qaydada təsdiq edilmiş 100 saylı 12 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış adıçəkilən kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 15350 manat məbləğində kredit köçürülmüşdür. PKLMB-0673 saylı 12 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 15350 manat məbləğində kredit borcunu illik 28% dərəcəsi tətbiq edilməklə 24 ay müddətinə hər ay vaxtında bankın xeyrinə ödəməlidir. 22 avqust 2023-cü il tarixli 212 saylı maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 22 avqust 2023-cü il tarixə banka 15350 manat məbləğində əsas kredit borcu, 263 manat məbləğində faiz borcu, 1580 manat məbləğində cərimə borcu və ümumilikdə 17193 manat məbləğində kredit borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, həmin dövrdə qüvvədə olan MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləcə, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik hüquq (borc) münasibətləri yaranmışdır. Bu hal iş üzrə təqdim edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində kredit borcu üzrə tutmanın iddiaçıda girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməməsi və ya onların geri qaytarılmaması faktını mübahisələndirir. Kollegiya bununla bağlı diqqətə çatdırır ki, “İcra haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Habelə həmin qanunun 48-ci maddəsinin tələblərinə görə tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. Girov qoyulmuş əmlak girovsaxlayanda olduqda, o özünün tələbinə nisbətən üstün olan digər tələbləri həmin əmlakın dəyərindən çox olmayan həcmdə təmin etməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(072)- 557/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmamalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(072)-557/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar